18.11.2018 17:13
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Bakı regional incəsənət mərkəzinə çevrilməyə can atır - FOTOREPORTAJ

 
 



Forbes, ABŞ
01.08.2018


Müəllif: Stefan Rabimov

Azərbaycanın paytaxtı Bakı bir zamanlar kosmopolit ruhu, incəsənət və mədəniyyətdəki müxtəlifliyilə məşhur olub. Sovet İttifaqının dağılmasından sonra isə Azərbaycan iqtisadiyyatının bərpasına ehtiyac yaranıb. Bu, onun mədəniyyət sahəsindəki prioritetlərini də dəyişmişdi. Həmin dövrdə dövlət müasir və eksperimental incəsənətə az dəstək verirdi. Bakıda tikinti bumunun yeni başlaması vəziyyəti bir qədər də qəlizləşdirirdi. Gənc rəssamlar “art-studio”lardan çıxmaq məcburiyyətində qalmışdı...

Amma bu, yalnız Azərbaycana xas məsələ deyil. Bu günün özündə, San-Fransiskodan Sinqapura qədər bütün gənc rəssamlar eyni təzyiqlərlə üzləşir. Lakin Azərbaycan rəhbərliyi gənclərə, istedadlı şəxslərə yardım edəcəyini bildirirdi.

Azərbaycanda anlayırlar ki, yaradıcı potensialdan hələ də tam istifadə edilmir. Bununla yanaşı, ölkə özünəməxsus mədəni dirçəliş dövrü yaşayır. Azərbaycan incəsənəti, musiqi sahəsi genişlənməkdə, yenilənməkdədir. Bu, incəsənət və musiqi biliklərinin artması, hökumətin qalereyalara, “art-studio”lara, incənət əsərlərinin satıldığı dükanlara birbaşa investisiyaları nəticəsində mümkün olub. Ölkəyə turist axınının artdığı dövrdə belə dükanların açılması vaxtında atılmış addımdır.

Bu dəyişiklər ölkədə yaradıcılığa yeni baxış tələb edir. Sizi bu yeni məkanla tanış etmək məqsədilə, Bakının incəsənət sahəsinə bələdçilik edəcək, incəsənətin yeni, əsas istiqamətləri, həmçinin “underground” incəsənət və dizayn növləri haqda məlumat verəcəyəm.

Azərbaycana səfər edən turistlər Heydər Əliyev Aeroportuna çatar-çatmaz, heyranedici incəsənət və memarlıq nümunələrini görməyə başlayır. Elə hava limanınn özündə ağacdan hazırlanmış nəhəng qabıqları görə bilərsiniz. Onlar baramanı xatırladır. Dəblə tikilmiş Heydər Əliyev Aeroportu həm müasir, həm də ənənəvi üslubda dizayn edilib. Burada kafelər, dükanlar və s. var.

Bakını avtomobildə gedən zaman isə Zaha Hadidin memarı olduğu heyranedici Heydər Əliyev Mərkəzini gözdən qaçırmaq mümkün deyil. Bu möhtəşəm struktur fərqləndirici memarlıq xüsusiyyəti, iti küncləri olmayan axıcı dalğavari üslubu ilə seçilir. Onun həm daxili, həm də ki xarici ağlasığmaz dərəcədə fotogenikdir. Mərkəzdə şəkil çəkmək üçün çox məkan var. Onun mərkəzi hissəsisə fotoqraflar üçün əsl cənnətdir.

Heydər Əliyev Mərkəzində bir-birini əvəz edən sərgilər qonaqlara yerli və beynəlxalq incəsənətlə, mədəniyyətlə tanış olmaq imkanı verir. Qonaqlar geniş pilləkənlərlə yuxarı mərtəbələrə də qalxa bilər. Bu zaman binanın məftunedici geniş interyerini seyr edə, həmçinin sərgilərlə tanış ola bilərsiniz.

“Alov qüllələri” Bakının digər memarlıq incisidir. Bu qüllələr şəhərin ən böyük tikilisidir. Alov formasında tikilmiş 3 bina daim parlayır. Azərbaycan “Alov qüllələri”ni qədim atəşpərəst əcdadlarından ilhamlanaraq ərsəyə gətirib. Bu binalar ölkənin keçmişilə yanaşı, həm də müasir Azərbaycanın güclü gələcəyinin rəmzidir.

“Alov qülləri”ndə yerləşən “Fairmont Baku” oteli qonaqlara müasir memarlıqdan, şəhərin heyranedici mənzərəsi və dəbdəbənin sehrli qarışığından zövq almaq imkanı verir. Otelin muzeyində böyük kolleksiya var. Orada yerli və beynəlxalq rəssamların, heykəltaraşların işləri sərgilənir. Bu kolleksiyanı binanın daxili interyeri tamamlayır, hətta daha da zənginləşdirir.

Muzeydəki əsərlər arasında Faiq Əhmədin əl işi olan “Təmkinlilik” adlı xalça diqqətimi daha çox cəlb edir. Klassik formada başlayan xalçanın sonu mavi fonda əriyir...

Müasir incənət dünyasında Azərbaycanın yüksələn ulduzu olan Faiq Əhməd ənənəvi Azərbaycan xalçalarının vizual xüsusiyyətlərini araşdırır. Onun abstrakt nümunələri ölkənin regionları ilə bağlıdır. Bu regionlarda xalçalar ənənəvi materiallardan və ənənəvi xalçaçılıq texnologiyasından istifadə edilməklə toxunur. Onun yeni yanaşması isə Azərbaycan xalçalarına hədsiz gözəllik verir.

“Fairmont Baku” otelindən kənarda qonaqları mədəniyyətlə, tarixlə zəngin şəhər, həmçinin dini müxtəliflik heyran edir. Bakının incəsənətini, musiqisini araşdırmazdan əvvəl şəhərin görməli məkanlarının yerləşdiyi İçərişəhərə yollanırıq. Buranı piyada gəzirik. İçərişəhər dar küçələrin olduğunu sehrli labirintdir. O, 12-ci əsrdə tikilmiş qədim qala divarları ilə əhatə olunub. UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş İçərişəhərdə qədim məscidlər, qədim dövrdə tacirlərin istirahət etdiyi möhtəşəm karvansaraylar var. Onun girintili-çıxıntılı məftunedici küçələrində rəsm qalereyalarına, əl işlərinin satıldığı dükanlara da rast gələcəksiniz.

Sovet dövrü ilə müasir dövrün incəsənətinin, musiqisinin fərqini aradan qaldırmağa çalışan musiqiçilərlə görüşmək istəyirik. Bunun üçün Bakının məşhur kollecəinə – Asəf Zeynallı adına Musiqi Kollecinə yollanırıq. Kollecə məşhur tarzən Nazim Kazımov rəhbərlik edir. Bu, ölkənin ənənəvi musiqiyə hörmətini əks etdirir. Kazımovun çox sayda istedadlı tələbəsi var. Onlar nəinki regionda, həm də dünyada tanınır. Məsələn, məşhur muğam ifaçısı, bütün dünyada tanınan Alim Qasımov onun tələbələrindən biridir. A.Qasımov bir çox beynəlxalq mükafata layiq görülüb. “New York Times” onu “həyatda olan ən böyük ifaçılardan biri” hesab edir.

Kollecə baş çəkən qonaqlar burada tələbələrin ifalarını da dinləyə bilər. Bu tələbələr müxtəlif festivallarda, bütün şəhər boyu təşkil edilən tədbirlərdə çıxış edirlər. Onların klassik və ənənəvi musiqi alətlərində ifa təcrübələri az deyil. Kollecin tələbələri piano, tar, kamança, dəf və s. alətlərdə Niyazi və Hacıbəyli kimi yerli, Astor Pyaççolla, Sen-Sans, Çaykovski və s. kimi beynəlxalq bəstəkarların əsərlərini ifa edirlər.

İndi isə YARAT mərkəzindəyəm. Bu mərkəzdə yerli və xarici rəssamlar üçün studiya var. YARAT-da müasir sənəti irəliyə çəkən, rəssamlıq sahəsində bir çox təcrübə aparan, fərdi və birgə layihələr həyata keçirən gənc rəssamlarla görüşürəm.

Mərkəzdəki studiyalardan birinin qapısını döyürəm. Burada dinamik “Naşkatze” dueti – Əli Həsənov və Fərhad Fərzəliyevlə görüşürəm. Onlar 2015-ci ildən musiqi və rəsm layihələrində əməkdaşlıq edir. “Naşkatze” dueti Azərbaycanda təşkil olunan festivallarında elektron və eksperimental alətlərdə ifa edir. Bu yaxınlarda duet elektron musiqilə bağlı albom da çıxarıb. Bu, Azərbaycanda ilk elektron musiqi albomudur.

“Bu, eksperimental, panqafqaz xüsusiyyətə malik albomdur. O, milli musiqinin inkişafına dəstək olacaq və Azərbaycanın milli irsinin dünyada tanıdılmasına töhfə verəcək”, - deyə Azərbaycanın neo-folklorunu araşdıran, onu müasir incəsənət kontekstində təfsir edən F.Fərzəliyev bildirir. Onun üçün bu, ilk belə layihədir. Lakin Fərzəliyevin duet ortağı Həsənov üçün bu, ilk belə təcrübə deyil. Rəssam, musiqiçi və kinorejissor olan Həsənov son onillikdə çox sayda unikal incəsənət layihəsi üzərində çalışıb. Bununla yanaşı, o, bir çox başqa janrlarla da fəal məşğul olur: vizual və performans incəsənəti, video və səs sahəsi...

Cütlük mənimlə müasir incəsənətin inkişafı, Azərbaycan musiqisilə bağlı fikirlərini bölüşür: “Sovet İttifaqının dağılmasından, onun yaratdığı məhdudiyyətlərin aradan qalxmasından sonra, yəni 1990-cı illərdə bizdə “underground” musiqisi güclü idi. 2000-ci illərdə ölkə iqtisadiyyatının sürətlə inkişaf etməyə başlaması ilə isə musiqiçilər və rəssamlar fəaliyyət göstərmək üçün məkan axtarmağa başlamışdı. 2015-ci ildəki iqtisadi böhrandan və milli valyutanın devalvasiyasından sonra obyeklərin icarəsi ucuşdı. Bu, bir çox obyektlərin gənclər, həmçinin təcrübəli rəssamlar üçün əlçatan olmasına imkan verdi. Nəticədə müasir incəsənət və musiqi dirçəlməyə başladı. Hazırda Azərbaycanda bu sahələr ciddi inkişafdadır”.

Onlarla söhbətimi bitirib digər studiyaya yollanıram.

YARAT-ın digər “sakin”i, ikinci nəsl rəssam Orxan Hüseynov deyəsən afişa – monoxrom pleksiqlas layihə üzərində çalışır. Rəssamlıq sahəsində tarixçi olan, keramika dizaynı üzrə ixtisaslaşmış Hüseynov güclü rəssamdır. O, videolar da hazırlayır. Hüseynovun bütün əsərləri Azərbaycan tarixinə, Azərbaycan ənənələrinə əsaslanır. Gündəlik həyat da bu əsərlərin bir parçasıdır.

Hüseynov Dubayda, Şərqi və Qərbi Avropada keçirilmiş sərgilərdə iştirak edib. O, 2013-2014-cü illərdə müasir incəsənətlə bağlı “Venice Biennale” sərgisində də iştirak edib. Hüseynov hesab edir ki, onun rəssamlıq fəaliyyəti ictimaiyyətin incəsənət sahəsindəki zövqünün formalaşmasına yardım göstərir. Onun sözlərinə görə, insanlar arasında incəsənətə maraq gündən-günə artır.

Orxan Hüseynov YARAT-ın yaradıcıları – Aida Mahmudova və Fərid Rəsulovla birgə “CHELEBI” brendini yaradıb. Bu brend əl işləri, dəbli keramika, tekstil məmulatları və akssesuarlar istehsal edir. Onun məhsulları həm yerli, həm də xarici müştərilərin diqqətini çəkir.

Rəssamlarla söhbətləşdikdən sonra ilhamlanır və YARAT mərkəzi haqda daha çox məlumat əldə etmək istəyirəm. YARAT-ın bədii direktoru, baş kuratoru Suad Qarayeva-Maleki məni Sovet dövründə Hərbi-dəniz qüvvələrinin binası olmuş mərkəzlə tanış edir. Mərkəz yenidən qurulub və YARAT-ın əsas sərgi məkanına çevrilib. Suad Qarayeva-Maleki missiyaları və layihələri haqda danışır: “YARAT-ın əsası 2011-ci ildə qoyulub. Bir qrup bakılı rəssam məhz həmin dövrdə ölkədə gənclərin görmək istədiyi müasir incəsənət nümunələrinin olmadığını anlayıb. Nəticədə onlar yarıdağınıq binalarda, keçmiş fabriklərdə sərgilər təşkil etməyə başlayıb, incəsənət festivalı keçirib. Onlar hər həftənin cümə günü Bakının müxtəlif hissələrinə yeni heykəllər qoyur, rəsmlər çəkir və ya tamaşalar nümayiş etdirirdi. Çox keçmədən bu layihələr çox məşhurlaşdı. Bununla da şəhərin, gənclərin, yaşlıların dəyişikliyə hazır olduğu göründü”.

Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti əhalinin mədəni istirahət edə bilməsi üçün Bulvar ərazisini daha da inkişaf etdirməyə başlayır. Hərbi-dəniz qüvvələrinin binası isə YARAT-a verilir. Beləliklə, qeyri-kommersiya təşkilatı olan YARAT-ın əsası qoyulur. Suad Qarayeva-Maleki bu təşkilatda çalışmaq və sərgilərin kuratoru olmaq məqsədilə Londondan Bakıya köçür.

“Hər şey bir anda dəyişdi”, - deyə Suad Qarayeva-Maleki bildirir. Onun sözlərinə görə, YARAT-ın əsası qoyulduqdan az sonra mərkəz təşkilatlanma, proqramlaşma baxımından, o cümlədən institusional mənada sürətlə inkişaf edib.

Rəssamların evinə çevrilmiş, müxtəlif sərgilər təşkil edən YARAT istər yerli, istərsə də beynəlxalq və regional rəssamlara diqqət göstərir. Onun sərgiləri hər hansı obrazla bağlı olur. Məsələn, həm Mikelancelo Pistolettonun “Et bunu” sərgisi, həm də Aida Mahmudovanın “Təsəvvür edilməyən perspektivlər” sərgisi vəhdət təşkil edən materiallara həsr olunub. Bu sərgilər insanları düşünməyə vadar edir. Hər iki sərgiyə internetdə yüksək qiymət verilib.

YARAT “Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə” adlı sərgi də keçirib. Azərbaycanın aparıcı rəssamlarının əsərlərinin nümayiş edildiyi bu sərgi “XX-XXI əsrlər Azərbaycan rəngkarlığı Muzeyi”ndə təşkil olunub. O, Azərbaycanın XX əsr aparıcı rəssamlarının əsərlərinin bir arada nümayişinə imkan verib. Onlar Azərbaycanın sovet dövrünün rəssamları kimi tanınır. Hələ 1960-cı illərdə özünüifadə azadlığından istifadə edən bu rəssamlar sosialist realizmdən kənara çıxa, fərdi üslublarını yarada biliblər. Onlar açıq tonlardan, folklor elementlərdən istifadə edib, cəsarət ortaya qoyublar. Bu rəssamların bütün əsərlərində Sovet Azərbaycanının reallığı, həmçinin rəssamları ilhamlandıran ideyalar və arzular əks olunub.

Müxtəlif rəssamları birləşdirən ümumi mövzular, onların əsərləri müstəqil Azərbaycanda meydana gələn yeni müasir incəsənətin və musiqinin inkişafında böyük rol oynayır. Bakılı rəssamlar vətənləri və bütün dünya üçün yeni, yaradıcı irsi böyük cəsarətlə ərsəyə gətirib.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Forbes


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az