18.11.2018 17:14
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Şəki: Azərbaycanın İpək Yolundakı karvanlar və xanlar şəhəri - FOTOREPORTAJ

 
 



CNN, ABŞ
02.08.2018


Müəllif: Morin O`Hare

Azərbaycan neftilə şöhrət tapmazdan əvvəl, ipək və ədviyyatlar ölkəsi olub. Avropa ilə Asiyanın kəsişdiyi məkanda, Xəzər dənizinin sahilində, Qafqaz dağlarının ətəyində yerləşən bu ölkə o vaxt da qədim ticarət marşrutlarının şəbəkəsi sayılan, Şərqlə Qərbi birləşdirən İpək Yolunun mühüm hissəsi idi.

İpək Yolunun Azərbaycanın şimal-qərbindən keçən hissəsində yerləşən Şəki şəhəri XIX əsrin əvvəlində dünyanın ipək istehsalı mərkəzi olub. Çay daşları ilə döşənmiş küçələri, orta əsr memarlığı ilə seçilən Şəki bu gün Azərbaycanın ən mənzərəli şəhərlərindəndir. Bu şəhər ölkənin cənubundan fərqli olaraq, çox sərindir.

Yol boyu yerləşən karvansaralar

Qədim zamanlarda tacirlər Tiflisə və ya Bakıya səyahət edərkən Qafqaz dağlarının ətəyində, sıx meşələrin arasında yerləşən Şəkidə dayanırmış. Onlar Şəkidəki 5 karvansaradan birində gecələyirmiş. Elə o vaxt da İpək Yolu boyu çoxlu mehmanxana varmış.

Azərbaycana bu gün də gələn turistlər XVIII əsrə aid, orijinal üslubda tikilmiş “Yuxarı Karvansara” otelində qala bilər. 2017-ci ildə Azərbaycana 2,7 milyon turist gəlib. Bu, rekorddur.

Şəhərin Mirzə Fətəli Axundov küçəsində, qədim Şəki qalasının yaxınlığında yerləşən otelin darvazası orijinal ağacdan hazırlanıb. Otelin həyətində tağlar hələ də qalmaqdadır. Qədim dövrdə dəvələri bu tağlara bağlayırmışlar. İndi, onların ətrafında ağaclar əkilib, skamyalar yerləşdirilib.

Otelin birinci mərtəbəsindəki nömrələrin qiyməti münasibdir. Düzdür, mebellər və elektron cihazlar Sovet dönəmindən qalmadır. Burada bir gecə üçün qiymət 30 manatdan (təxminən 18 dollar) başlayır. Bu, “tarixə səyahət” üçün böyük rəqəm deyil.

Kiçik pəncərəsi olan nömrələrin tavanları kərpincdəndir. Yay fəslində bu oteldə kondisonerə ehtiyac olmur. Amma qışda hava bir qədər soyuq ola bilər.

Şəkidə dəbdəbəli otellər də var. Karvansarada qalan qonaqlar isə səhər-axşam buranın geniş həyətində gəzişmək imkanı qazanır. Karvansarada böyük restoranı və möhtəşəm ab-havanın hökm sürdüyü çay evi də var. Çay evi daşdan tikilmiş binada yerləşir.

Şəki Xan sarayı

Bİr qədər aralıda şəhərin ən görməli turistik məkanı – Şəki Xan sarayı yerləşir. O, Şəki xanlarının yay iqamətgahı olub. Onlar 1743-1819-cu illərdə Qafqazın bu hissəsini idarə ediblər.

XVIII əsrdə tikilmiş bu ikimərtəbəli bina öz zəngin interyeri və eksteryerilə fərqlənir. Bu ideal və simmetrik şedevrin tikintisində rus ağacı, fransız şüşəsi, Osmanlı keramikası və İran güzgüsündən istifadə edilib.

Şəki Xan sarayının fasadının böyük hissəsi taxta şəbəkəyə yerləşdirilmiş rəngli şüşələrlə örtülüb. Bu şəbəkələrin hazırlanmasında mismar və ya yapışqandan istifadə edilməyib. Ümumiyyətlə, şəbəkə sənəti nümunələrinə bütün Şəki boyu rast gəlmək mümkündür.

Sarayın içərisində çiçəklər, fauna, döyüş və ov səhnələri təsvirləri olan kompleks freskalarla bəzədilmiş 6 otaq var.

Şəki xanlığı XIX əsrin əvvəllərində Rusiyanın işğalı nəticəsində süquta uğrasa da, böyük diqqətlə tikilmiş saray və onun ətrafındakı bağlar qorunub saxlanılıb. Bu məkan əsrlər boyu buranı ziyarət edən şəxslərin heyrətinə səbəb olub.

Bu gün Şəkiyə ingilis dilində turlar təşkil olunur.

Şəki ticarət şəhərinin kosmopolit ruhuna uyğun olaraq, dini müxtəliflik tarixinə də malikdir. Bu bölgədə çoxlu kilsə və məscid var.

Şəhərin şimalından bir neçə kilometr məsafədə yerləşən Kiş kəndində tikintisi eramızın I əsrində başa çatmış, son dövrlərə qədər alban kilsəsi kimi fəaliyyət göstərmiş ən qədim məbədlərdən biri yerləşir.

Şəki küçələrində suvenir dükanları da çoxdur. Burada keramika məmulatları, samovarlar və şəhərin brendi olan ipəkdən hazırlanmış şərflər satılır.

Ətdən hazırlanan piti yeməyi yerli mətbəxin əsas təamıdır. O, çörəklə yeyilir. Şəkər və qozdan hazırlanan halva isə şirniyyatdır. “Əliəhməd Şirniyyat Evi” Şəki halvası daha da mükəmməlləşdirib.

Bir zamanlar İpək Yolunun üzərində yerləşmiş şəhərin ıtrafı bu gün də tacirlərlə doludur. Bu gün Şəkinin yollarında sovet dövrünün “jiqulilər”ilə bərabər, müasir avtomobillər də şütüyür. Yol kənarında dayanmış satıcılar onlara gil təndirdə bişirilmiş çörək və qutab satır. Qutab – hava kimi yüngül xəmirdən və göyərtidən hazırlanır. Onun üzərinə sumax da əlavə olunur. Ac turistlər yol kənarında yerləşən kafelərdə dayanır, yemək yeyir və təzə çay içir.

2017-ci ildə viza rejimi sadələşdirmiş Azərbaycana səfər indiyədək olmadığı qədər asanlaşıb.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: CNN


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az