18.11.2018 17:11
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Tolerant müsəlman ölkəsində Yerusəlim sədaları

 
 



THE JERUSALEM POST, İsrail
29.08.2018


Müəllif: İris Qorlet

Yerusəlim Simfonik Orkestri Qəbələ Beynəlxalq Musiqi Festivalında ikinci dəfə çıxış edib. Dirijor Dmitri Yablonski ilə pianoçu Fərhad Bədəlbəylinin təsis etdikləri bu festival Azərbaycanda klassik musiqilə bağlı ən mühüm hadisələrdən biridir.

Yerusəlim Simfonik Orkestri 2009-cu ilin yayından etibarən hər il Qəbələdə keçirilən musiqi festivalında ikinci çıxışı zamanı da klassik musiqi həvəskarları tərəfindən səmimi qarşılanıb. “Orkestr bu tədbir çərçivəsində 4 konsert verib. Azərbaycan auditoriyası orkestrimizin çıxışını böyük maraqla qarşılayır. Xüsusilə gənclər zalı tam doldurmuşdu”, - deyə Yerusəlim Simfonik Orkestrinin baş direktoru Yair Ştern bildirib.

Bu musiqi festivalı əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanla İsrail arasında çox gözəl münasibətlərin olduğunu təsdiqləyir. Müsəlman ölkəsi olan Azərbaycanın əhalisinin əksəriyyəti şiədir.

Azərbaycanla bu ölkədə yaşayan yəhudi icmaları arasında tarixi əlaqələr hər zaman yaxşı olub. Bu ölkədə yəhudi icmaları 2500 ildir yaşayır. Azərbaycan yəhudilərinin iddiasına görə, yəhudilər eramızdan əvvəl 720-ci ildə Assuriya kralı III Tiqlat-Pileserin İsrail çarlığını darmadağın etməsinədək həmin ərazidə yaşayıblar.

Azərbaycanda yaşayan yəhudilərdə kohenlərin (qədim yəhudi rahiblər – W.M) olmaması dağ yəhudilərinin mənşəyi haqda bu fərziyyənin təsdiqi kimi səsləndirilir. Çünki kohenlər assuriyalılar tərəfindən qovulmamış Levi tayfasında, həmçinin İsraildə yaşamış 10 tayfada yer alıblar.

Müasir alimlərsə hesab edir ki, Qafqazda və Azərbaycanda yaşayan dağ yəhudiləri farsdilli yəhudilərin törəməsidir. Onlar vaxtilə İran imperiyasının ətrafında yerləşən ölkələrə səpələnib.

Bir çox yəhudi icması dağ zirvəsi kimi ucqar ərazilərdə məskunlaşıb. Yəhudilərə qarşı düşmənçiliyin olduğu dövrlərdə onların ucqar ərazilərdə məskunlaşması böyük fayda verib. Azərbaycanın dağ yəhudiləri icmasının üzvləri minilliklər boyu fars dilinin xüsusi forması sayılan cuuri dilində danışıblar. Cuuri fars dilinə ivritcədən elementlərin daxil edilməsi nəticəsində meydana gəlib. Odur ki, bu dilin digər yəhudi icmalarına aidiyyəti ya çox cüzi olub, ya da ümumiyyətlə olmayıb.

1920-ci ildə Qızıl ordunun Azərbaycanı işğal etməsindən sonra ölkə SSRİ-nin tərkibinə daxil olub və nəticədə burada vəziyyət dəyişib. Həmin dövrdə bolşeviklərin məşhur Azərbaycan neftinə böyük ehtiyacı vardı. Azərbaycan düz, 70 il sovet rejiminin nəzarətində qalıb. Nəhayət, 1991-ci ildə Sovet İttifaqının dağılması ilə o, dövlət müstəqilliyini bərpa edib. Lakin həmin dövrdə Qafqazdakı Avropa yəhudilərinin əksəriyyəti İsrailə köçüb.

Hazırda Azərbaycanın yəhudi icmasının əksəriyyəti ölkənin paytaxtı Bakıda yaşayır. Bakıda Azərbaycan yəhudilərinin ən böyük icması olan dağ yəhudiləri və XIX əsrin sonlarından başlayaraq İkinci Dünya müharibəsinin sonuna qədər Azərbaycana köçmüş aşkenazilər yaşayır. Aşkenazilər bu ölkəyə qaçqın kimi köçüblər. Bununla yanaşı, XX əsrin əvvəlindən etibarən Bakıda gürcü yəhudilərinin kiçik icması da formalaşıb.

Hazırda Bakıda “Xabad-Or-Avner” icması da fəaliyyət göstərir. Bu icma ölkəyə səfər edən bütün yəhudilərə və sionist gənclər hərəkatlarının fəallarına böyük sevinclə koşer yeməyi təklif edir.

Müasir Azərbaycanın şimalında yerləşən Quba rayonundakı Qırmızı qəsəbə İsrail hüdudlarından kənarda ən böyük yəhudi məskənidir. XIII əsrdə dağ yəhudiləri tərəfindən salınmış bu qəsəbə əvvəllər “Yəhudi qəsəbəsi” adlanıb. Sovet dövründə isə ona Qırmızı qəsəbə adı verilib. Hazırda burada 4500-dən çox yəhudi yaşayır. Vaxtilə bu qəsəbədə 18 minə qədər dağ yəhudisi yaşayıb və 18 sinaqoq mövcud olub. Lakin 1938-ci ildə Stalin dağ yəhudiləri icmasının liderlərini Sibirə sürgün edib və bütün sinaqoqların bağlanması əmrini verib. Həmin sinaqoqlardan yalnız biri indiyədək fəaliyyətini davam etdirir. Bu gün Qırmızı qəsəbədə 2 sinaqoq, “Xabad-Or-Avner” tərəfindən idarə edilən yəhudi məktəbi fəaliyyət göstərir.

“Yerli ənənələrə görə, adətən Moskva və Nyu-York şəhərlərində biznes fəaliyyəti ilə məşğul olan Azərbaycan dağ yəhudiləri, həmçinin onların İsraildə yaşayan qohumları 9 Ava – yəhudi xalqının milli hüzn günündə Qırmızı qəsəbəyə gəlirlər”, - deyə Yerusəlimdəki Van Leer İnstitutunun elmi işçisi doktor Xen Baram bildirir.

Azərbaycanın Oğuz şəhərində də əvvəllər tat dilində danışan dağ yəhudiləri yaşayıb. Bu gün orada 2 sinaqoq var. Vaxtilə Vartaşen adını daşımış Oğuzda hazırda kiçik yəhudi icması yaşayır. O, yəhudi bayramlarını qeyd edir, bayram günlərində Rusiyadan gələn yəhudi qonaqlarını qarşılayır.

“Azərbaycan prezidenti İlham Əliyev bu sinaqoqların qorunub saxlanılmasına dəstək verir”, - deyə doktor Xen Baram vurğulayır.

Oğuzda vaxtilə ermənilər də yaşayıb. Yəhudi icmasının ermənilərlə yaxşı əlaqələri olub. Lakin Dağlıq Qarabağ münaqişəsinin başlaması ilə ermənilər Oğuzdan köçüblər. Münaqişə isə indiyədək həll edilməyib.

“Azərbaycan israillilər üçün çox möhtəşəm ölkədir”, - deyə yəhudi əsilli azərbaycanlı Arye Qut bildirir. Onun sözlərinə görə, İsraillə Azərbaycan arasında sıx əlaqələr var: “Bizim illik qarşılıqlı iqtisadi- ticari əlaqələrimiz 5,5 milyard dollar təşkil edir. İki ölkənin hərbi və kəşfiyyat sahəsində də sıx əlaqələri var”.

Doktor Xen Baram isə Azərbaycanın indiki rəhbərliyinin dini dözümlülük və plüralizmi ön plana çəkdiyini söyləyir: “Yəhudilərlə müsəlmanlar arasındakı yaxşı münasibətlər bu işə öz töhfəsini verir”.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE JERUSALEM POST


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az