18.11.2018 17:10
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Palçıq vulkanlarının paytaxtı - FOTOREPORTAJ

 
 



CNN, ABŞ
02.09.2018


Müəllif: Morin O`Hare

Boz-ağ rəngli yer səthi üfüqə doğru uzanır... Sanki palçıqlıqda və qayada daşlaşmış merenqadır... Güclü külək bu fövqəltəbii təpələri “qamçılayır”. Torpa çatlaq-çatlaq, lay-laydır...

Yox, bura Mars deyil. Bura palçıq vulkanlarının paytaxtı olan Azərbaycandır.

Neftlə zəngin region

Avropa ilə Asiyanın kəsişməsində yerləşən neftlə zəngin bu ölkədə 400-dən çox palçıq vulkanı var. Bununla yanaşı, çox sayda yeni palçıq vulkanları da aşkar edilir.

10 il əvvəl paytaxt Bakının yaxınlığında yerləşən Abşeron yarımadasında 12 min hektarlıq Dövlət Təbiət Qoruğu yaradılıb. 2018-ci ilin iyulunda isə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin alimləri “CNN Travel” üçün bu ərazidə tur təşkil edib.

Enişli-yoxuşlu bu yollarda avtomobillə gəzinti Azərbaycanla qonşu olan Yaxın Şərqdəki qum təpələrilə zəngin safarilərdə avtomobil sürməyə bənzəyir. Heyranedici görməli yerlərsə hələ qabaqdadır.

Turumuza Dəvəboynu vulkanından başlayırıq. Onun ətrafı qup-quru torpaqdır. Kraterdəki maye halında olan gil – palçıq isə yavaş-yavaş qaynayır. Təpələr sakit görünə bilər. Amma bu “qozbel”, “sürünən”ə bənzəyən landşaftın altı sanki nəfəs alır...

Tektonik plitələrin toqquşduğu məkan

Palçıq vulkanları adətən subduksiya zonasında, yəni tektonik plitələrin toqquşduğu bölgələrdə aşkar olunur. Tektonik bölgələrin toqquşduğu ərazilərdə bəzən zəlzələ, sunami, güclü vulkan püskürməsi belə, baş verir. Burada isə yerin altındakı qaz yuxarı qalxan zaman metan, su və neft qarışığı olan palçıqlı mayeni yerin səthinə püskürür.

Palçıq vulkanları ölçüsünə görə digər vulkanlardan balaca olur. Əvəzində, onlar qəribə “heykəl”lər yaradaraq, yerin relyefini dəyişir. Burada relyef bu vulkanlardan səthə püskürülən gil qayalarla formalaşır.

Qoruğun direktoru Ceyhun Paşayev bu qəribə formaları uşağın çəkdiyi rəsmlərə bənzədir.

Qəribə gözəllik

“Palçıq vulkanlarının olduğu ərazidə karbohidrogen resusrlar var. Gördüyünüz kimi, Azərbaycanda palçıq vulkanı çoxdur. Demək, ölkə böyük həcmdə neft resursuna malikdir”, - deyə C.Paşayev bildirir.

Abşeron yarımadasının quru torpağı ölkənin şimalındakı dağlıq bölgələrdəki kimi yumşaq, bitkilərlə zəngin deyil. Amma bu ərazinin də özünəməxsus və qəribə gözəlliyi var.

Abşeron yarımadası Azərbaycanın təbii resusrlarla ən zəngin bölgəsidir. Burada həm neft, həm də palçıq brekçiyası var. Onlardan kimya sənayesi və tikinti sahəsində istifadə edilir.

C.Paşayevin sözlərinə görə, sement istehsalında istifadə edilən 50 mineralın 20-nə palçıq vulkanlarında rast gəlinir: “Bu qoruğun yaradılmasınadək insanlar ev tikintisi üçün buradan palçıq daşıyırdı”.

Növbəti palçıq vulkanının olduğu əraziyə gedirik. Paşayev bizə üfüqdə görünən, ətrafında palçıq vulkanının olduğu böyük təpədəki nəhəng zavodu göstərir: “Bura Qaradağdır. Bakının ən zəngin hissəsidir. Ev tikintisi üçün daşların təxminən 90%-i burada istehsal olunur. Bir daşın qiyməti keyfiyyətindən asılı olaraq 50 sentlə 1,77 dollar arasında dəyişir”.

Palçıq vannası

Adi vulkanlardan fərqli olaraq, palçıq vulkanlarının maqması və ya lavası yoxdur. Bu üzdən də maye halında olan palçıq isti deyil. Onun hərarəti adətən 22-23 dərəcə olur. Bu vulkan növü sabit temperaturda olduğundan, bəzi palçıq vulkanlarında vanna da qəbul etmək olar. Vulkanik gil bəzən dəri xəstəliklərinin, həmçinin revmatizm və sinir sistemilə bağlı xəstəliklərin müalicəsində istifadə edilir.

C.Paşayev deyir ki, Sovet dönəmində palçıq vulkanından bəzən gips belə, hazırlanıb. Ondan sınmış sümüklərin müalicəsində istifadə olunurmuş: “Palçıq vulkanını dəriyə sürtməklə, gözəl nəticələr əldə etmək olur. Çapığınız varsa, bu zaman da palçıq vulkanı işə yarayır. Əgər kosmetoloq çapığı sağalda bilmirsə, ən yaxşı vasitə palçıq vulkanıdır. O, çapığı sağaldacaq”.

Radioaktivlik

Lakin bütün palçıq vulkanları müalicədə xarakterli deyil. “Palçıq vulkanı yerin dərinliyindən çıxır. Bəzi vulkanlarda radioaktiv maddələr var və onunla zarafat olmaz”, - deyə C.Paşayev vurğulayır.

Paşayevin komandası palçıq vulkanlarındakı radioaktivliyin səviyyəsini daim nəzarətdə saxlayır. Hər il onların təhlükəsizliyilə bağlı müşahidələr aparılır.

Ümumiyyətlə, yeraltı dünya minilliklər ərzində insanları valeh edib. Palçıq vulkanlarının qəribə, anlaşılmaz xarakteri də Azərbaycan xalqını çoxdan cəlb edib. Bakı “küləklər şəhəri” adı ilə məşhur olsa da, Azərbaycan “Odlar yurdu” adı ilə tanınır. Neftlə zəngin bu ölkədə bəzi hissələrdə yer səthinə sızan qaz durmadan yanır. Məsələn, Yanardağ. Hesab edilir ki, alova ibadət olunduğu qədim zərdüştlük dininin bu fenomenlə sıx əlaqəsi var.

Bakıdan 15 kilometr məsafədəki Lökbatan vulkanı 2001-ci ildə püskürüb. Onun alovu təxminən 50 fitə qədər qalxırmış.  

Mistik palçıq vulkanı

“Palçıq vulkanları mistikdir. Bir neçə il əvvəl səs arxivlərinin toplanılması ilə məşğul olan danimarkalı alim qoruğa səfər etmişdi. O, palçıq vulkanının səsini dinləmək üçün pianoya bənzəyən böyük səs qurğusu gətirmişdi”, - deyə C.Paşayev bildirir. O zaman Paşayev eşitdiklərindən şoka düşüb: “And içirəm ki, buranın cəhənnəm olduğunu düşündüm. Sanki insanların səsini eşidirdim. Təsəvvür edin ki, minlərlə insan dərinliklərdən “bizə kömək edin” deyə qışqırır”.

Abşeronun peyzajı fövqəltəbii görünüşə malikdir. Bura Marsdan fərqlənmir. Marsda da palçıq vulkanları aşkar edilib. Bu, bir zamanlar Marsda suyun, müvafiq olaraq həyatın olduğunu deməyə əsas verir.

“Milyonlarla ilan”

“Palçıq vulkanlarının 6 növü var: fəal, fəal olmayan, neftdən meydana gələn, su altında yaranan, ada palçıq vulkanı və dağılmış palçıq vulkanı”, - deyə qoruğun direktoru izah edir.

Azərbaycanda su altında 140 palçıq vulkanı var. 6 ada palçıq vulkanı da qoruğa mənsubdur. Alim Anar Bağırovun sözlərinə görə, onlar bu adaları tədqiq edə bilmir. Səbəb komandanın lazımi resurslara malik olmamasıdır.

C.Paşayev ada vulkanlarının birindəki qəribə mənzərədən danışır: “Həmin ada vulkanı qaynamır. Amma yüz metrdən adanın silkələndiyini görə bilərsiniz. Yaxınlaşan zaman orada qarşınıza milyonlarla ilan çıxacaq. Təsəvvür edirsiniz? Milyonlarla ilan!”.

A.Bağırov da deyir ki, həmin ada dəniz ilanları ilə dolu olduğundan, orada “ayağınızı qoymağa yer tapmayacaqsınız”.

Palçıq vulkanının dərinliyində nə var?

Pilpili Qaradağ son dayanacağımızdır. Mühafizəçinin yanından ötərək, dik yolla ən dramatik vulkana doğru gedirik. Bu palçıq vulkanının hamar səthi yandırıcı iyul günəşinin şüaları altında parlayır. Onun səthində böyük köpüklər yaranır və partlayır. Ümumiyyətlə, palçıq vulkanlarının püskürməsi bir-birindən fərqlənir. Bəziləri sakit püskürür. Onlardan aram-aram, dayanmadan maye palçıq axır. Bəzilərisə güclü püskürür. Bu zaman minlərlə kubmetr material anidən səthə çıxır.

C.Paşayevin sözlərinə görə, Azərbaycanda müxtəlif ölçülərdə və görünüşlərdə palçıq vulkanları var: “Ölkəmizdə bütün növdə, bütün formalarda palçıq vulkanı mövcuddur”.

Azərbaycandakı palçıq vulkanlarında biri “Ginnesin Rekordlar Kitabı”nda dünyanın ən böyük palçıq vulkanı kimi göstərilir. Onun diametri təxminən 1 kilometr, hündürlüyü isə bir neçə yüz metrdir.

Pilpili Qaradağ Aya bənzəyən dəyişkən landşaftı, 40 dərəcyə çatan yay istisi ilə tükürpədici əzəmətə malikdir. Amma əsl sirlər, möcüzələr ayağımızın altında olan dəyişkən laylardadır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: CNN


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az