18.04.2019 22:21
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan prezidenti deyir ki, “Bir kəmər-bir yol” təşəbbüsü regional sabitlik üçün vacibdir
 
18.04.2019
Xinhua, Çin
 

  Moskva Qarabağ prosesində liderliyini göstərdi: Lavrov niyə fəallaşıb?
 
18.04.2019
1in.am, Ermənistan
 

  Bakı ilə Yerevan Qarabağ danışıqlarını davam etdirməklə bağlı razılığa gəlib
 
17.04.2019
IRNA, İran
 

  Ermənistanla Azərbaycan sülh danışıqlarını davam etdirir
 
17.04.2019
Nouvelles d’ARMÉNIE, Fransa
 

  Dağlıq Qarabağ münaqişəsinin həllində Avropanın liderliyinə ehtiyac var
 
17.04.2019
Eurasia Review, ABŞ
 

 
 
“Svetlanov 2018” Beynəlxalq dirijorlar müsabiqəsinin yarımfinalçısı Fuad İbrahimov

 
 



France musique, Fransa
10.09.2018


Müəllif: Natali Moller

Sentyabrın 4-dən “Radio France”ın əsas binası “Yevgeni Svetlanov 2018” Beynəlxalq dirijorlar müsabiqəsinin avazı ilə lərzəyə gəlir. İki günlük yarışdan sonra yarımfinalda iştirak edəcək 8 namizəd müəyyənləşib. Onlardan biri olan azərbaycanlı Fuad İbrahimov ilə müsahibəni təqdim edirik.

Fuad İbrahimov Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar yarımfinalında iştirak edəcək şəxslərdən biridir. O, təhsilinə 15 yaşında olarkən Bakı Musiqi Akademiyasında başlayıb və 2002-ci ilədək Azərbaycan Dövlət Simfonik Orkestrində alt (viola) ifaçısı olub. 2006-c ildə Köln Ali Musiqi Məktəbində Mixael Luigin dirijorluq sinfinə daxil olan İbrahimov 2011-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.

2014-cü ildən Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Yeni Münhen Filarmoniyasının və Bakı Kamera Orkestrinin baş dirijorudur.

- Dirijor peşəsinə necə yiyələnmisiniz?

- Müxtəlif orkestrlərdə viola ifaçısı kimi çalışmışam. O zaman dirijorlara baxdıqda düşünürdüm ki, onların bu və ya digər hərəkətlərini daha yaxşı edə bilərəm. Hər zaman mövcud vəziyyəti təhlil edirdim. Lakin o anda orkestr idarə etməyi düşünmürdüm. Çünki onun çətin peşə olduğunu bilirdim. Hər kəs dirijor ola bilməz.

Günlərin birində Almaniyanın Köln şəhərində bir dirijor müəlliminin yanına getdim. Ona bu peşəyə heyran olduğumu, eyni zamanda, bu peşəyə yiyələnmək üçün bəzi tələblərə əməl etməyin vacibliyini anladığımı söylədim. Artıq onun fikrini gözləyirdim. Müəllim mənə geniş repertuar təqdim edərək, hazırlaşmam üçün 1 ay vaxt verdi. İşimi gördükdə isə mənə “Sən dəlisən!” dedi. İlk anda müəllimin nə demək istədiyini anlamadım. Fikrini belə izah etdi ki, “dirijor dəli olmalıdır və səndə bundan bir az var”. Müəllim məni sinfinə qəbul edə biləcəyini söylədi və beləliklə, ən böyük arzum həyata keçdi.

- “Svetlanov müsabiqəsi”nin əsas çətinliyi nədir?

- Burada əsas çətinlik musiqini korlamamaqdır. Çünki qarşınızda musiqidən zövq almaq istəyən qəlblər dayanır. Onların nə istədiyini, əsərdən nə hiss etdiklərini anlamalı və onu korlamamalısan – əsas çətinlik məhz budur. Bununla yanaşı, musiqiyə bir az da gözəllik, maraq qatmaq üçün yol tapmalısan.

- Müsabiqədə təqdim olunan repertuarlar arasında sizə digərlərindən daha çox təsir edəni varmı?

- Kəşf etdiyim və öyrəndiyim bütün yaradıcılıqlar mənim üçün sevimli olur. Bu müsabiqə sayəsində Svetlanovun yaradıcılığını kəşf etdiyim üçün çox xoşbəxtəm... Əvvəllər onun musiqilərini yaxşı bilmirdim. İndisə, onun yaradıcılığına vurğunam.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: France musique


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az