18.04.2021 16:11
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTOREPORTAJ| Azərbaycanda Ermənistanı “dəli edəcək” muzey açılıb
 
15.04.2021
Yeni Akit, Türkiyə
 

  Cənubi Qafqazda postmüharibə dövrü: sülh, problemlər və perspektivlər
 
14.04.2021
MODERN DIPLOMACY, Aİ
 

  FOTO| “Ermənilər cəbhədəki məğlubiyyətin əvəzini mülki şəxslərdən çıxmağa şalışıb”
 
12.04.2021
SABAH, Türkiyə
 

  MÜSAHİBƏ| Yaz Alkoqol Festivalının sədası
 
12.04.2021
BJNEWS, Çin
 

  Erməni işğalı: Qarabağda mədəni irsin məhvi
 
11.04.2021
MONDAFRIQUE, Fransa
 

 
 
MÜSAHİBƏ| Azərbaycanın XİN başçısı: “Azərbaycan-İsrail tərəfdaşlığı güclü, çoxşaxəlidir”

 
 



ISRAEL HAYOM, İsrail
06.04.2021


Müəllif: Din Şmuel Elmas

İsraillə Azərbaycan arasında əlaqələr yəhudi dövlətinin ən unikal nailiyyətlərindən biridir. Onun əhalisinin əksəriyyəti şiə olan ölkə ilə sıx əlaqələri var. Üstəlik, Azərbaycan İsraili ən vacib müttəfiqlərindən və strateji tərəfdaşlarından biri kimi qəbul edir.

İki dövlət arasında dərin dostluq əlaqələrinin miqyası 2020-ci ildəki Dağlıq Qarabağ müharibəsi zamanı bir daha aydın olub. Bu müharibədə Azərbaycan qismən də İsrail silahlarının köməyi ilə böyük qələbə qazanıb.

Bundan başqa, daha bir maraqlı məqam Azərbaycan cənubdan İranla həmsərhəd olmasıdır. Bakı istər İran, istərsə də İsraillə uğurlu münasibətlər qura bilib.

Bu gün Azərbaycan diplomatiyasına 47 yaşlı xarici işlər naziri Ceyhun Bayramov uğurla rəhbərlik edir. O, bunadək ölkəsinin təhsil naziri olub.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Israel Hayom” nəşrinə eksklüziv müsahibə verib. O, ölkəsinin İsraillə xüsusi əlaqələrindən danışıb. C.Bayramov İsrailin Bakıya istər Dağlıq Qarabağ müharibəsi zamanı, istərsə də ondan sonra göstərdiyi dəstəyə görə yəhudi dövlətinə və baş nazir Benyamin Netanyahuya təşəkkürünü bildirib. O, Bakının İsraillə İran arasında vasitəçilik edə biləcəyini də deyib.

“Azərbaycanla İsrail arasında möhkəm ikitərəfli və dostluq münasibətləri var. İsrail Azərbaycanın müstəqilliyini ilk tanımış dövlətlərdən biridir. Biz bunu yüksək qiymətləndiririk. Əməkdaşlığımız sıx, qarşılıqlı faydalıdır. Bu, siyasi, iqtisadi, hərbi və digər sahələri əhatə edir”, - deyə Bayramov bildirib.

- İsrail dövlətini Azərbaycanın strateji tərəfdaşı kimi görürsünüzmü?

- Azərbaycan-İsrail tərəfdaşlığı güclü, hərtərəfli və çoxölçülüdür. Ölkələrimiz arasındakı münasibətlərin inkişaf səviyyəsindən məmnunuq. Əməkdaşlığımızı inkişaf etdirmək üçün artıq 10-dan çox sənəd imzalanıb, daha 20 müxtəlif layihəyə isə baxılır. Bu sənədlər əlaqələrimizin inkişafı üçün yaxşı bir çərçivədir.

- Baş nazir Benyamin Netanyahunun İsrail ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsindəki rolu barədə nə düşünürsünüz?

- Xalqlarımızın liderləri arasındakı şəxsi münasibətlər dövlətlərarası tərəfdaşlığın inkişafında mühüm rol oynayır. Baş nazir Benyamin Netanyahu son dəfə Azərbaycana 2016-cı ilin sonlarında gəlmişdi. Bu səfər çox məhsuldar olub. Bu münasibətlə mühüm sənədlər imzalanıb. Bunların arasında, digər sənədlərlə yanaşı, birgə iqtisadi komissiyanın yaradılması barədə razılaşma var idi.

- Sizcə İkinci Dağlıq Qarabağ müharibəsindəki nailiyyətlər ölkələrimiz arasındakı əlaqələri gücləndiribmi?

- 2020-ci il Vətən müharibəsi zamanı Azərbaycan İsrail cəmiyyətinin səmimi dəstəyini alırdı. İsrailin Ermənistan tərəfindən müharibə bölgəsindən çox uzaqda yerləşən Gəncə şəhərinə 33 azərbaycanlı mülki şəxsin həyatına son qoyan vəhşi raket hücumları qurbanlarına göstərdiyi humanitar yardımını yüksək qiymətləndiririk.

Azərbaycan əsilli yəhudilər Ermənistanın təcavüzünə öz etirazlarını bildirib və Azərbaycanla həmrəylik nümayiş etdirmək üçün mitinqlər təşkil ediblər.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən yüksək texnoloji və yüksək dəqiqlikli silahlardan, o cümlədən İsrail istehsalı olan silahlardan, xüsusən də pilotsuz uçuş aparatlarından məharətlə istifadə edilməsi hərbi qələbənin əldə olunmasında mühüm rol oynadı. Əminəm ki, Vətən müharibəsindən sonra ikitərəfli əlaqələrimiz müxtəlif sahələrdə daha da möhkəmlənəcək və dərinləşəcək.

- İsrail Dağlıq Qarabağın bərpasında iştirak edəcəkmi və iştirak edəcəksə, hansı sahələrdə?

- Ərazi bütövlüyümüzü bərpa etdikdən sonra postmüharibə dövrünə qədəm qoymuşuq. İndi əsas prioritetlər azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasıdır. Reabilitasiya prosesində dost ölkələrin və tərəfdaşların iştirakını alqışlayırıq. Əlbəttə ki, İsrail şirkətləri də qoşula bilər. İş yükü çoxdur. Buraya minaların təmizlənməsi, infrastrukturun qurulması və “ağıllı şəhər və kəndlər”in yaradılması daxildir, lakin bunlarla məhdudlaşmır.

- Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələri tərəfindən yandırılmış və dağıdılmış Azərbaycan şəhər və kəndləri, muzeyləri, kitabxanaları, məscidləri və kilsələri haqqında çox eşitmişəm. Ermənistanın etinadsız münasibəti nəticəsində Dağlıq Qarabağdakı infrastrukturun vəziyyəti nə qədər pisdir?

- Yüzlərlə şəhər və kəndi özündə birləşdirən Azərbaycanın azad edilmiş ərazilərindəki dağıntı həcmini təsvir etmək çətindir. Demək olar ki, bütün mədəniyyət abidələri və dini məkanlar, xəstəxanalar, məktəblər və yaşayış binaları talan olunub, sonra yerlə yeksan edilib. Bir zamanlar on minlərlə azərbaycanlının yaşadığı ərazilər bu gün “ruhlar şəhərləri”nə çevrilib. Bir çox halda sadəcə bayraq qaldırmaq üçün bir dənə də olsun bina tapılmadı. Bütün azad edilmiş ərazilər minalar və partlamamış hərbi sursatlarla ciddi şəkildə çirklənmişdi. Ətraf mühitə də böyük ziyan vurulub. Bütün meşələrin 20%-i məqsədyönlü şəkildə məhv edilib. On illərdir davam edən işğal zamanı Ermənistan yüz minlərlə azərbaycanlı məcburi köçkünün öz yurdlarına qayıtmasının qarşısını almaq üçün hər şey etdi. Ancaq biz bu əraziləri yenidən qurmağa və bərpa etməyə qərarlıyıq. Dinc həyat azad edilmiş ərazilərə tam gücü ilə qaytarılacaq.

- Ermənistanın Azərbaycanın İkinci Dağlıq Qarabağ müharibəsində günahsız insanlara ziyan vurması iddialarına münasibətiniz necədir?

- Müharibə zamanı və sonrakı dövrdə Azərbaycan hər zaman 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla, beynəlxalq humanitar hüquq normalarına və prinsiplərinə ciddi şəkildə əməl edib və edir. Hərbi əməliyyatların ilk günündə Azərbaycan hərbi komandanlığı hərbi qulluqçulara Cenevrə Konvensiyalarına riayət etmə zərurəti ilə bağlı xüsusi təlimat verib. Ordumuz heç bir zaman vətəndaşı hesab etdiyimiz mülki insanları məqsədyönlü şəkildə hədəfə almayıb. Bundan əlavə, ordumuz İsrail istehsalı da daxil olmaqla, müharibə zamanı dəyən zərəri əhəmiyyətli dərəcədə azaltmağa imkan verən yüksək dəqiqlikli silahlarla təchiz olunub. Bununla yanaşı, düşmən yaşayış yerlərində tez-tez ağır artilleriya və raket sistemlərini yerləşdirirdi. Erməni qüvvələri bu silahlardan əhalinin sıx yerləşdiyi Azərbaycan ərazilərini atəşə tutmaq üçün fəal şəkildə istifadə etdilər. Azərbaycanın Tərtər şəhəri xüsusilə ciddi dağıntıya məruz qaldı və xarici jurnalistlər tərəfindən hətta “Stalinqrad” adlandırıldı. Erməni komandirlər tez-tez hərbi qərargah kimi məktəb və uşaq bağçalarından istifadə edirdilər. Bütün bu faktlar Ermənistan tərəfindən reportaj hazırlayan xarici jurnalistlər tərəfindən qeydə alınıb. Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin raket və artilleriya hücumları nəticəsində 101 azərbaycanlı mülki həyatını itirib, 500-ə yaxın insan yaralanıb. Mülki şəxslər arasında ölüm halları Azərbaycan Ombudsmanının hesabatlarında bütün təfərrüatları və şərtləri ilə sənədləşdirilib. Əlbəttə ki, istər azərbaycanlı, istərsə də erməni olsun, insan itkisinə görə təəssüflənirik, amma vurğulamaq lazımdır ki, Ermənistanın təqdim etdiyi rəsmi məlumatlara görə belə, hərbi əməliyyatlar zamanı erməni mülki qurbanlarının sayı həyatını itirən azərbaycanlı mülki vətəndaşların sayından iki dəfə azdır.

- Qafqaz bölgəsindəki bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan yəhudi icması ilə çox güclü əlaqəsi olan dövlət kimi tanınır. Bu tarixi uğurun sirri nədir?

- Azərbaycan beynəlxalq multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Əsrlər boyu yəhudilər və azərbaycanlılar burada sülh və dostluq şəraitində yaşayıblar. Bu yaxşı ənənəni bu gün də davam etdirməkdən qürur duyuruq. Yəhudi icması cəmiyyətimizin çox fəal bir hissəsidir. Azərbaycanda 7 sinaqoq var, onlardan 5-i Bakıdadır. Yəhudi məktəblərimiz və mədəniyyət mərkəzlərimiz də var. Xalqlarımız arasındakı sıx münasibətlər və insanlar arasındakı aktiv əlaqələr ikitərəfli əlaqələrimizin vacib hissəsidir. Azərbaycanın yəhudi icması və əsasən Azərbaycandan olan yəhudilərdən ibarət İsraildəki Azərbaycan diasporası əlaqələrimizin inkişafında çox fəal rol oynayırlar.

- Azərbaycanın İsraillə İran arasında vasitəçilik etmək imkanına sahib olduğuna inanırsınızmı?

- Yaxın Şərq bölgəsində hadisələrin necə cərəyan etdiyini diqqətlə izləyirik. Biz hər zaman sülh və təhlükəsizliyin bərqərar olmasına çağırırıq. Əminik ki, bu, bütün bölgənin inkişafına və çiçəklənməsinə kömək edəcək. Hər zaman regional və qlobal səviyyədə təhlükəsizlik və əməkdaşlığa töhfə verməyə hazırıq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ISRAEL HAYOM

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az