18.11.2018 17:13
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Bakı Paşinyanın bəyanatlarının mahiyyətini anlamağa çalışır

 
 



Nezavisimaya qazeta, Rusiya
27.09.2018


Müəllif: Yuri Roks

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zoqrab Mnatsakanyan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyası çərçivəsində bir araya gəliblər. ATƏT-in Minsk qrupu həmsədrlərinin də iştirak etdiyi görüşdə nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə ediblər.

Bu görüş ərəfəsində istər tanınmamış respublika ilə təmas xəttində, istərsə də Azərbaycanın Ermənistanla sərhədində, o cümlədən Naxçıvan Muxtar Respublikası istiqamətində gərginlik olub.

Bu, Məmmədyarovla Ermənistanın XİN başçısı vəzifəsində Edvard Nalbandyanı əvəzləmiş Mnatsakanyanın ilk rəsmi görüşüdür. Bundan əvvəl onlar iyulun 11-də Brüsseldə tanışlıq görüşü keçirmişdilər.

Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı danışıqlar prosesi artıq neçə ildir ki, “yerində sayır”. Dialoqa 3 əsas məqam ətrafında aparılır: Dağlıq Qarabağ ətrafında yerləşən və Ermənistanın təhlükəsizlik zolağı adlandırdığı rayonların Azərbaycana qaytarılması, qaçqınların doğma yurdlarına dönməsi və Dağlıq Qarabağın statusu.

Birinci iki məsələ ilə bağlı güzəştlərin əldə olunması çətin də olsa, mümkün görünürsə, status məsələsində tərəflərin mövqeyi kökündən fərqlənir. Ermənistan tanınmamış respublikanın gələcəyini heç bir halda Azərbaycanın tərkibində görmür. Bakı isə münaqişənin yeganə ədalətli həlli yolunu muxtariyyət üzərində öz qanuni hakimiyyətinin bərpasında görür.

Məhz bu səbəbdən Bakı Ermənistandakı “məxməri inqilab”a və nəticədə Nikol Paşinyanın hakimiyyətə gəlişinə müəyyən nikbinliklə yanaşırdı. Məsələ ondadır ki, yeni baş nazir Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın siyasi tərəfdaşı olmasa da, Qarabağ məsələsində müəyyən mənada onunla həmfikridir. Bu qənaətə əbəs yerə gəlinməyib. 2008-ci ildə onlar doğrudan da müttəfiq olaraq, Serj Sarqsyanın prezident elan olunduğu seçkinin nəticəsinə etiraz edirdilər. Məlum olduğu kimi, həmin etirazlar hüquq-mühafizə orqanları tərəfindən güclə yatırılıb və bu zaman 10 nəfər həlak olub.

Ter-Petrosyan ölkədə bir neçə ay əvvəl baş vermiş “məxməri inqilab”ı da dəstəkləyib və ondan sonra Paşinyanla görüşüb. Görünür, indiki baş nazirlə keçmiş prezidentin baxışlarının yaxın olduğu barədə “nəzəriyyə”ni də məhz bu amillər ortaya çıxarıb. Xatırlayırsınızsa, 1998-ci ildə Ter-Petrosyan Azərbaycana güzəştə getməyə hazır olduğu bir vaxtda istefaya məcbur edilmişdi.

Lakin məsələnin əslində nə yerdə olduğu Nikol Paşinyanın Dağlıq Qarabağ təmsilçilərinin danışıqlarda birbaşa iştirakını tələb etməsilə üzə çıxıb. Hətta baş nazir çıxışlarından birində “qarabağlılar adından danışıq aparmağa nə hüquqi, nə də mənəvi haqqı olduğunu” söyləyib. Bu, Bakını daha da qəzəblərdirib və indi onlar belə bir sualla çıxış edir: görəsən bu, vaxt uzatmağa çalışan Ermənistan rəhbərliyinin yeni hoqqası deyil ki? Dağlıq Qarabağda, Ermənistanın Tavuş rayonu ilə sərhəddə, həmçinin Naxçıvanla sərhəddə gərginlik də elə bundan sonra baş verib.

Bakını maraqlandıran daha bir məqam isə Paşinyanın tanınmamış respublikanın danışıqlar masası arxasına gətirilməsi zərurəti barədə dediklərinin reallığa nə qədər uyğun gəlib-gəlmədiyidir. Yeri gəlmişkən, tanınmamış respublikada da neçə illərdir buna israr edirlər. Azərbaycan tərəfi anlayır ki, Ermənistanda baş vermiş inqilab onun liderini müəyyən vaxta qədər populist bəyanatlar verməyə sövq edir və Paşinyan öz fəaliyyətinə Bakının da ümid etdiyi hansısa güzəştlərdən başlasaydı, onun populyarlığından əsər-əlamət qalmazdı. Üstəlik, bu, inqilab liderinin çəkə biləcəyi ən kiçik ziyan olardı.

Yerevan meri seçkisində təmsil etdiyi siyasi qüvvənin qələbə qazanması ilə Paşinyanın hakimiyyəti daha da güclənib. Qarşıdan parlament seçkisi gəlir və onun da baş nazir üçün zəfərlə nəticələnəcəyi gözlənilir. Görünür, Paşinyan son olaraq öz komandasını məhz həmin seçkildən sonra formalaşdıracaq və o zaman hakim komandada təkcə inqilabçılar deyil, işinin peşəkarları da yer alacaq.

Azərbaycan tərəfi üçün vacib olanı isə erməni liderin Qarabağ probleminə yanaşmasıdır: məsələn, onun tanınmamış respublika adından danışıq apara bilməyəcəyi haqda dedikləri sadəcə populist bəyanatdır, yoxsa real yanaşma?

Hələlik, şübhə doğurmayan yalnız Paşinyanın güzəştlər barədə bəyanatıdır. Qarabağ problemini güzəştlər yolu ilə həll etmək lazımdır. Bəs Azərbaycan bu güzəştlərə nə qədər hazırdır? Çıxışlarından birində Paşinyan demişdi ki, əgər Bakı güzəştlərə hazırdırsa, “onda biz də hazırıq, yox hazır deyilsə, Ermənistandan da güzəşt tələb etməsin”. Bu bəyanat onu Ermənistanın əvvəlki rəhbərlərindən o qədər də fərqləndirmir.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Nezavisimaya qazeta


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az