20.10.2018 20:10
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Müstəqilliyin bərpasından ötən 27 il və nailiyyətlər
 
19.10.2018
Əl-Riyad, Səudiyyə Ərəbistanı
 

  Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?
 
19.10.2018
THE DAILY CALLER, ABŞ
 

  Azərbaycanla Pakistan arasında ticarət və biznes potensialı
 
19.10.2018
Daily Times, Pakistan
 

  Azərbaycan Müstəqillik gününü qeyd edir
 
18.10.2018
Actualite-news.com, Fransa
 

  Azərbaycanın Müstəqillik günü
 
18.10.2018
AVIAMOST.ae, BƏƏ
 

 
 
Xəzər dənizi: yeni strateji zona

 
 



Eurolatio, Fransa
01.10.2018


Müəllif: Vusalə Əliyeva

Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci il avqustun 12-də əldə edilmiş razılaşmadan sonra hansı gözlənilməz hadisələr baş verə bilər?

XX əsrdə baş vermiş geosiyasi təlatümlər coğrafiyanı dünyanı yenidən “çəkməyə” vadar etdi. Bizim adət etdiyimiz planetar bölünmə yerini iki nəhəng güc arasındakı mübarizəyə – ABŞ ilə SSRİ-nin “soyuq müharibə”sinə, həmçinin “üçüncü dünya”nın transformasiyası nəticəsində yaranan Asiya, yaxud Avrasiyaya verməklə, bir qədər zəifədi. Yeni sənayeləşmiş ölkələrin meydana gəlməsi xüsusilə Asiya fenomeninə çevrildi.

Xəzər dənizi: bir az geosiyasətdən danışaq

Təxminən 400 min kvadratmetr sahəsi olan Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsidi. Əlverişli geosiyasi mövqeyə malik olmaqla yanaşı, o, həm də böyük həcmdə karbohidrogen ehtiyatlarına və dünyanın ən yaxşı kürüsünə sahibdir. Hesablamalara görə, Xəzərin neft ehtiyatı 50 milyard barel, qaz ehtiyatları isə 300 trilyon kubmetrdir.

XIX əsrdə Qafqazın və Mərkəzi Asiyanın Rusiya tərəfindən işğal edilməsindən sonra Xəzər rus-fars dənizinə çevrilmişdi. O zaman Hindistanadək gedib çıxmış Birləşmiş Krallıq isə həm özünü göstərməyə, həm də Rusiyanın isti dənizlərə doğru irəliləməsinin qarşısını almağa çalışırdı. Başqa sözlə, Rusiya və Britaniya imperiyaları arasında Hindistanda, həmçinin Mərkəzi Asiyada nəzarəti ələ keçirmək uğrunda “böyük oyun” gedirdi...

Xəzər dənizinin statusunun hüquqi bazası isə 1921-ci ildə imzalanmış Sovet-İran müqaviləsilə təsbit olunmuşdu. 1940-cı ildə imzalanmış ikinci saziş Xəzəri “Sovet-rus dənizi” kimi qiymətləndirir, bu müqaviləni təsdiqləyirdi. Lakin SSRİ-nin dağılması ilə Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi üç yeni Xəzəryanı dövlətin yaranması bölgədə vəziyyəti dəyişdi.

Qafqazla Orta Asiya: qaçılmaz tərəfdaşlıq?

25 il davam edən müzakirələrin sonunda, nəhayət, Xəzər dənizinin gömrük rüsumları, maliyyə şərtləri, sosial tənzimləmə və s. təmin edən statusu müəyyənləşib. İndi, həm də Xəzər dənizinin iki sahilində ticarət azaddır.

Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun (IPSE) prezidenti Emmanüel Düpüi deyir ki, bu, sahilyanı ölkələrin hər birinin dənizin resurslarından balanslı şəkildə istifadə etməsi üçün gözəl vasitədir. Bununla yanaşı, razılaşmada hər bir ölkə üçün 2 növ uğur xüsusi qeyd edilə bilər: bəzi ölkələr bundan əsl iqtisadi səmərə əldə edəcək, digər dövlətlər üçün məsələnin diplomatik və siyasi tərəfi iqtisadiyyatdan üstündür.

“Əgər biz bu sazişə dəniz dibinin sektorlara bölünməsi prinsipindən baxsaq görərik ki, Qazaxıstanla Azərbaycan bundan ən çox faydalanan ölkələr olacaq. Çünki onların payına düşən sektorlar neft və qazla daha zəngindir”, - deyə Rusiya Elmlər Akademiyasının Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin analitik qrupunun rəhbəri Stanislav Pritçin bildirir.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov öz növbəsində dənizin hüquqi statusunun müəyyənləşdirilməsində ölkəsinin rolunu qeyd edir. Onun fikdincə, Azərbaycan Xəzəryanı ölkələrlə ikitərəfli və çoxtərəfli, qarşılıqlı etimada, dostluğa, xoş niyyətə və əməkdaşlığa əsaslanan münasibətlər qurmaqla, 12 avqust razılaşmasının əldə edilməsində əhəmiyyətli rol oynayıb: “Xəzərin hüquqi statusuna dair Konvensiyanın ilk konseptual layihəsi məhz Azərbaycan tərəfindən hazırlanıb və tərəflərə təqdim edilib. Bu amil həmin dövrdə danışıqlar predmetinin müəyyən edilməsində müstəsna rol oynayıb. Bundan əlavə, dənizdə tərəflərin əməkdaşlığının əsasını təşkil edən fundamental prinsiplər üzrə razılaşma 2010-cu il noyabrın 18-də Bakıda keçirilmiş Xəzəryanı dövlətlərin üçüncü Zirvə toplantısında əldə olunub”.

Rusiya – siyasi qalib

IPSE prezidenti Emmanüel Düpüi hesab edir ki, bu sazişlə Rusiya onilliklərdən bəri mövcud olan, problemləri həll etmək üçün güzəştə gedən beynəlxalq diplomatik aktor imicini möhkəmləndirib. Kreml qonşularına güzəştə gedib və bununla da hər şeydən əvvəl, bölgədə sabitliyin təşəbbüskarı olduğunu nümayiş etdirmək imkanı qazanıb. Məsələ ondadır ki, Gürcüstan (2008), Ukrayna (2014) və Suriyadakı (2011-2018) böhranlardan sonra Moskvanın bu imicinə zərbə dəymişdi.

Bundan başqa, Moskva bu müqavilənin imzalanmasına nail olmaqla, yeni İpək Yolu vasitəsilə Mərkəzi Asiyada nüfunzunu getdikcə artıran Pekin qarşısında da regional liderliyi öz üzərinə götürüb.

İran – ən çox itirən tərəf?

Vaxilə Xəzər fars hakimiyyətinə məxsus daxili göl olub. Lakin XIX əsrdə Rusiya imperiyasına qarşı çoxsaylı məğlubiyyətlər İranın dünyanın ən böyük qapalı dənizi üzərində dominantlığı itirməsinə səbəb olub. İndi, onun bu mövqeyi daha da zəifləyib. Son müqavilə ilə İran Xəzər dənizindən ən kiçik pay alan ölkə olub.

Bununla yanaşı, heç də hər şeyin itirildiyini söyləmək olmaz. Konvensiyanın imzalanması ABŞ-ın İrana yeni sanksiyalar tətbiq etdiyi ciddi təzyiq dövrünə təsadüf edib. Bu şəraitdə İran hökumətinin regional əlaqələri gücləndirməyə ehtiyacı var idi. Onun 12 avqust Zirvə görüşündən əldə etdiyi əsas nəticə də məhz budur. Bu saziş İran üçün gələcəkdə Azərbaycanla bir neçə layihənin həyata keçirilməsi baxımından yaxşı imkandır.

Yeni strateji zona və Avropa

İmzalanmış Konvensiya Xəzər dənizinin resurslarından istifadəni tənzimləməklöə yanaşı, həm də Xəzər sularında “suverenliyə, ərazi bütövlüyünə hörməti..., silaha əl atmamağı, güc tətbiq etməməyi” nəzərdə tutur. Sənədə əsasən, hər hansı kənar dövlət Xəzər dənizində hərbi baza və donanmaya malik ola bilməz. Bu, o deməkdir ki, gələcəkdə Xəzərə nə ABŞ, nə NATO gəmisi gələ bilər.

Sazişin imzalanması mərasimində Rusiya prezidenti Vladimir Putin bölgədə “sülhü təmin etmək” üçün Xəzər dənizi hövzəsi ölkələri arasında daha böyük hərbi əməkdaşlığa çağırış edib. Onun təklifini alqışlayan İran prezidenti Həsən Ruhani isə Xəzər dənizinin yalnız Xəzəryanı ölkələrə aid olduğunu bildirib.

Bu arada, Xəzər dənizi hövzəsində yerləşən 5 ölkə arasında regional sazişin imzalanması müsbət qiymətləndirilsə də, onun Avropa dövlətlərinin maraqlarını təmin edəcəyini demək mümkün deyil. Emmanüel Düpüinin fikrincə, Xəzər dənizinin statusu əsl subregional inteqrasiya baxışının simvolik nümunəsidir. O hesab edir ki, Şanxay Əməkdaşlıq Təşkilatının genişləndiyi bir vaxtda İran demək olar ki, bu təşkilatının 9-cu üzvünə çevrilməkdədir. Yeni İpək Yolunun Çinin bütün gücünü nümayiş etdirdiyi bir məqamda, bu, Rusiyanın da maraqlarını təmin edir.

Beləliklə, dünya səviyyəsində yeni strateji zona yaranmaqdadır. Bu yeni konfiqurasiya İranla Rusiya və Türkiyə ilə Rusiya arasında diplomatik yaxınlaşmanı təmin edir. Beynəlxalq əlaqələrin yeni forması isə Ankara ilə Moskvanın diqqəti Atlantik okeanından çox Asiyaya yönəltdiyini göstərir.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Eurolatio


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az