20.10.2018 20:11
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Müstəqilliyin bərpasından ötən 27 il və nailiyyətlər
 
19.10.2018
Əl-Riyad, Səudiyyə Ərəbistanı
 

  Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?
 
19.10.2018
THE DAILY CALLER, ABŞ
 

  Azərbaycanla Pakistan arasında ticarət və biznes potensialı
 
19.10.2018
Daily Times, Pakistan
 

  Azərbaycan Müstəqillik gününü qeyd edir
 
18.10.2018
Actualite-news.com, Fransa
 

  Azərbaycanın Müstəqillik günü
 
18.10.2018
AVIAMOST.ae, BƏƏ
 

 
 
Azərbaycan - Qafqaz dağlarının qoynuna sığınmış kurortlar diyarı - FOTO

 
 



Əş-Şarq əl-Avsat, Böyük Britaniya
08.10.2018


Müəllif: Taha Əbdülvahid

Azərbaycan təkcə Qafqaz dağlarından Xəzər dənizinədək uzanan dövlətin adı deyil. O, həm də tarixi-mədəni irsilə seçilən bir coğrafi məkanın adıdır. Beş min ilə yaxın tarixi olan bu irs Azərbaycanı bu gün nadir turizm şedevrinə çevirir. Orada qədim saraylar və qalalarla yanaşı, Xəzər dənizi boyu uzanan gözəl sahil var. Yalnız Azərbaycanda insan, sözün əsl mənasında, neftdə çimə bilər. Yalnız burada mineral su bulaqları ilə yanaşı, “qara qızıl”dan müalicə və profilaktika məqsədilə istifadə edən kurortlar fəaliyyət göstərir.

Azərbaycan keçmiş sovet respublikalarından biridir. Coğrafi cəhətdən Zaqafqaziyanın şərq hissəsində yerləşir. Bəziləri onu Yaxın Şərqin bir hissəsi sayırsa, digərləri Şərqi Avropaya aid edir. Azərbaycan quruda Rusiya, Türkiyə, Gürcüstan, İran və Ermənistanla həmsərhəddir. Əksəriyyət bu fikirdədir ki, Azərbaycan coğrafi baxımdan Avropaya və ya Asiyaya aid olsa da, əslində unikal kimliyini qoruyub saxlayır. Qədim Bakı ötən illərin xəzinələrindən xəbər verirsə, yeni Bakı Mərkəzi Avropanın ən gözəl şəhərlərindən heç də geri qalmır.

Bakı Azərbaycanın qəlbidir

Çoxlu tarixi məkanlara, uzun əsrlərdən bəri formalaşmış mədəni rəngarəngliyə malik bu şəhər son illərdə özünün intibah dövrünü yaşayır. Bakı ən gözəl memarlıq örtüyünə bürünüb, maraqlı turizm istiqamətinə çevrilib. Şəhər hər kəsi keçmişin xəzinə və rəvayətlərilə yanaşı, indinin hekayətlərini, intibahını kəşf etməyə həvəsləndirir.

Paytaxt Bakı Azərbaycanın döyünən ürəyidir. Bir çox qədim şəhərlər kimi, o da öz antik mərkəzi ilə tanınır. İçərişəhər adlanan bu hissə əslində, qədim Bakı şəhəridir. Onun tarixi miladi təqvimilə VII əsrə gedib çıxır. Şəhərin işğalçılardan qorunmaq üçün tikilmiş divarları buna dəlalət edir. Həmin divarların üzərində müdafiə qüllələr var.

Qədim şəhərin ən məşhur məkanlarından biri Qız qalasıdır. Qala divarlarına yaxın yerləşən bu abidə Xəzər dənizinə baxır. Qədimdə Qız qalasının miladi təqvimilə VI əsrdə tikildiyi düşünülürdü. Lakin tədqiqatlar nəticəsində onun tarixinin daha qədim olduğu üzə çıxıb. Qala VI əsrdə şəhər divarları ilə birləşdirilib. İndi, o, Bakının rəmzidir. Qız qalasının şəkli Azərbaycanın milli valyutanın üzərində əks olunub.

İçərişəhərin görməli yerlərindən biri də Şirvanşahlar sarayıdır. Müasir Azərbaycanda Şirvan bir regionun adıdır. İslam dövründə isə ölkə bu adla tanınıb. Bu, cənubdan Bakı, şimaldan isə Dağıstandakı Dərbənd arasında, Xəzər dənizi sahilində yerləşən regionun adı olub. Azərbaycanın bir sıra şəhəri, o cümlədən Bakı oraya daxil idi.

Bakı qədimdən ticarət yollarının kəsişməsində yerləşib. Şəhərin qədim hissəsində bir çox müsafirxana, yaxud,  bəzi ərəb şəhərlərində adlandırıldığı kimi, karvansaralar var. Vaxtilə onlar yol keçən karvanların istirahəti, bir neçə gün burada qalması üçün tikilib. Tacirlər bu müddət ərzində özlərilə gətirdikləri malları satar, yerli tacirlərdən əşyalar alardılar. Karvansara şəhərin ən məşhur qonaq qəbul edən yerləri olub.

İçərişəhərdəki karvansarada qədim hamamlar da bugünədək qalmaqdadır. Ərazidə şəhər sakinlərinin bu gün də istifadə etdiyi tarixi yaşayış binaları da var.

Buradan tapılan bəzi əşyalar göstərir ki, insan burada hələ tunc dövründən (e.ə. 3000-1200 il) məskunlaşıb. UNESCO İçərişəhəri və oradakı bir sıra tarixi abidəni Dünya İrsi siyahısına daxil edib. Azərbaycan hökumətisə bu yerə “tarixi qoruq” statusu verib.

Qədim İçərişəhərdə gəzintidən zövq aldıqdan sonra müasir Bakını dolaşmaq olar. Şəhərin sovet dövrü memarlığının nümunələrini özündə əks etdirən gözəl küçələrilə yanaşı, son 20 ildə bu sahədə baş vermiş inkişaf turistləri heyran edir. Bu gün Bakıda çox sayda otel, restoran və s. var. Onlar hər sosial qrupa uyğun qiymətlə xidmət göstərir. Bəzi iş adamları qoruq ərazisində yerləşən tarixi binalardan belə, otel və ya restoran kimi istifadə edir. Onların tarixin ruhunu qoruyub saxlayan daxili dizaynı olduğu kimi saxlanır.

Neft vannası

Azərbaycanda Bakı ilə yanaşı, unikal turizm imkanlarına malik başqa şəhərlərlər də var. Onlarda Naftalan şəhərini qeyd etmək olar. O, dünyada unikal turizm göstəricilərinə malik Gəncə şəhərinin yaxınlığında yerləşir. Şəhər dünyanın başqa heç bir yerində olmayan xidmət təqdim edir. Bu, neftlə bağlı xidmətdir. Yeri gəlmişkən, Azərbaycan həm də neft ölkəsi kimi tanınır.

Bəli, Naftalan neftin xüsusi növüdür. Regionun “Qara qızıl çeşməsi sağlamlığın açarıdır” şüarı altında fəaliyyət göstərən müalicəvi kurortları çox məşhurdur.

Burada neft vannası qəbul etməzdən əvvəl Naftalan regionu barədə qısa məlumat almaq yerinə düşər. Tarixi mənbələrə görə, bu məkanda yaşayış miladi təqvimilə XII əsrdən başlayıb. Maraqlıdır ki, Marko Polo əsərlərində buranın da adını çəkib, xüsusilə burada çıxan neftin özəlliyindən bəhs edib. O vaxtlar Çin və Hindistanın bazarlarında belə, bu neft növü haqda məlumat olub. Azərbaycanın ticarət brendi olan bu neft, Yaxın Şərq bazarlarında da satılır.

Naftalanda çoxlu müalicəvi kurort fəaliyyət göstərir. Onların ən böyüyü Kiçik Qafqaz dağlarının şərq hissəsində, dəniz səviyyəsindən 400 metr yüksəklikdə olduqca gözəl məkanda yerləşir. Yaxınlıqdan Naftalan çayı axır.

Şəhər hələ ötən əsrin əvvəlindən turizm istiqaməti kimi tanınıb. Neftlə müalicə kurortlarının açılması ilə isə burada turizm daha da inkişaf edib. Bu sahədə çalışanlar deyir ki, burada istifadə edilən neft 70-dən çox xəstəliyin, o cümlədən oynaq, əzələ, sinir, dəri, qan-damar, ginekoloji xəstəliklərin müalicəsinə kömək edir. Malik olduğu xüsusiyyətlərinə görə Naftalan nefti iltihabı sağaldır, ağrıları kəsir, qan dövranını yaxşılaşdırır. Müalicə pasiyentin 37 dərəcə hərarəti olan neftlə dolu vanna qəbul etməsilə aparılır. Dəridəki məsamələrdən orqanizmə daxil olan neft onu tər vasitəsilə tərk edir. Bu zaman o, özü ilə bir çox zərərli, xəstəlik törədən maddəni də orqanizmdən çıxarır.

Buraya gəlmiş turistlər münasib otel və ya orada qalacağı müddətdə qidalanacağı restoran tapmaqda əziyyət çəkmir. Şəhərin əsas infrastrukturu elə otellər və istirahət mərkəzləridir.

Lənkəran - Azərbaycanın incisi

Bir neçə gün neft vannası qəbul etdikdən sonra başqa aləmə – dağların və sıx meşələrin qoynuna, dəniz sahilinə yollanmaq faydalı olar. Buradakı abidələr orada yaşamış insanların qədimdən bu günlərədək keçirdikləri həyat tərzi haqda aydın fikir yaradır. Lənkəran şəhəri Azərbaycanın cənubunda yerləşir.

Lənkəranda insan miladdan öncə X əsrdən məskunlaşıb. Əsrlər boyu bu bölgə coğrafi mövqeyinə, Xəzər dənizi sahilindəki ticarət limanı olduğuna görə ticarətin mərkəzi sayılıb. Bu gün o, daha çox füsunkar təbiətilə seçilir. Sıx meşələrlə örtülmüş dağ yamacında yerləşən Lənkəranın təbii landşaftında müalicə üçün, immunitetin gücləndirilməsi üçün istifadə olunan mineral su bulaqları da var. Lənkəranın məşhur plantasiyalarından yığılmış çaydan bir stəkan içdikdə isə buraya səfərdən daha çox zövq alırsan.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əş-Şarq əl-Avsat


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az