20.10.2018 20:09
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Müstəqilliyin bərpasından ötən 27 il və nailiyyətlər
 
19.10.2018
Əl-Riyad, Səudiyyə Ərəbistanı
 

  Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?
 
19.10.2018
THE DAILY CALLER, ABŞ
 

  Azərbaycanla Pakistan arasında ticarət və biznes potensialı
 
19.10.2018
Daily Times, Pakistan
 

  Azərbaycan Müstəqillik gününü qeyd edir
 
18.10.2018
Actualite-news.com, Fransa
 

  Azərbaycanın Müstəqillik günü
 
18.10.2018
AVIAMOST.ae, BƏƏ
 

 
 
Xəzərin neft-qaz yataqlarının işlənilməsində Bakı-Moskva əməkdaşlığı

 
 



IRNA, İran
10.10.2018


Azərbaycan və Rusiya prezidentləri son bir ayda qarşılıqlı səfərlər etməklə, iki dəfə görüşüblər. İki ölkə başçısının danışıqlarının əsas istiqamətini Xəzər dənizinin neft-qaz yataqlarının işlənilməsi təşkil edib.

IRNA agentliyinin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya sentyabrın əvvəlində etdiyi səfər zamanı iki ölkə arasında Xəzərin neft-qaz yataqlarında birgə fəaliyyətə dair bir neçə saziş imzalanıb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Rusiyanın “Rosneft” şirkəti arasında imzalanmış sazişə əsasən, bu qurumlar Xəzər dənizində – Abşeron yarımadasının şimalında Azərbaycana məxsus “Qoşadağ” yatağının işlənilməsində əməkdaşlıq edəcək.

Onlar Abşeron yarımadasının şimalında, dənizinin dayaz sulu hissəsində neft-qaz ehtiyatlarının müəyyənləşdirilməsi istiqamətində də birgə tədqiqat aparacaqlar. Bununla yanaşı, Xəzərin neft-qaz sənayesində Rusiya avadanlıqları və texnikasından istifadə olunması da iki ölkə arasında əldə olunmuş razılıqlardandır.

Putinin Bakı səfəri

Rusiya prezidenti Vladimir Putin öz növbəsində, sentyabrın 28-də Bakıda olub. Bu zaman iki ölkənin Xəzərin neft-qaz yataqlarının işlənilməsi sahəsində əməkdaşlığının vacibliyini bir daha vurğulanıb. Bakıda keçirilən Azərbaycan-Rusiya IX iqtisadi forumunda çıxış edən Vladimir Putin deyib: “Rusiya ilə Azərbaycan Xəzər bölgəsində fəal müştərək layihələr həyata keçirəcəklər. Bu layihələr ilk növbədə nəqliyyat, neft-qaz hasilatı, ekologiya və bioloji resurslarla bağlıdır”.

V.Putinin sözlərinə görə, hazırda Rusiyanın enerji şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Bununla yanaşı, “Rosneft”lə SOCAR yaxın gələcəkdə neft-qaz hasilatı layihəsinin icrası istiqamətində birgə fəaliyyətə başlayacaq.

“Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiya qarşılıqlı və faydalı əməkdaşlıq üçün yeni imkanlar yaradıb”, - deyə Rusiya prezidenti qeyd edib.

Putin bildirib ki, Rusiyanın yalnız “Lukoil”şirkəti indiyədək Azərbaycanın enerji layihələrinə 4 milyard dollaradək investisiya yatırıb. 20 ildən artıqdır Azərbaycanda fəaliyyətdə olan “Lukoil” bu ölkədə neft sahəsində çalışan ilk Rusiya şirkətidir.

“Lukoil” şirkətinin Azərbaycandakı fəaliyyəti

“Lukoil” Rusiyanın ikinci böyük neft şirkətidir. Onun baş ofisi Moskvada yerləşir. Şirkətin səhmlərinin çoxu onun prezidenti Vahid Ələkbərova məxsusdur. “Lukoil” dünyanın 40-dan çox ölkəsində, o cümlədən İranda neft-qaz sahəsində geniş fəaliyyət göstərir.

“Lukoil” şirkəti 1991-ci ildə keçmiş SSRİ-nin neft naziri tərəfindən üç dövlət neft şirkətinin birləşdirilməsilə yaradılıb. Ələkbərov o zaman SSRİ neft nazirinin birinci müavini idi. Bu gün o, şirkətin prezidentidir.

V.Ələkbərov 1950-ci ildə Azərbaycan paytaxtı Bakıda dünyaya gəlib. Atası İran azərbaycanlısıdır. “Forbes” jurnalının son reytinqində Ələkbərov 13,9 milyard dollar varidatı ilə Rusiyanın səkkizinci ən varlı adamı kimi göstərilib. Dünyanın ən varlı şəxslərinin siyahısında o, 50-ci yerdə qərarlaşıb.

Şirkət Azərbaycana 1994-cü ildə gəlib və elə həmin il ölkənin Xəzər dənizindəki ən böyük neft yataqlarından olan “Azəri-Çıraq-Günəşli”nin işlənilməsi layihəsinə qoşulub. “Lukoil” Azərbaycanın Xəzərin cənub-qərbindəki “Şahdəniz” qaz yatağının işlənilməsində iştirak edir. “Şahdəniz” böyük beynəlxalq sərmayənin cəlb olunduğu nəhəng yataqlardandır. Xəzərin Azərbaycan hissəsində yerləşən bu yataq təxminən 860 kvadrat kilometr sahəyə malikdir. Bakıdan 100 kilometr aralıda, dənizin 700 metr dərinliyində olan yatağın ümumi qaz ehtiyatı 1,2 trilyon kubmetr təşkil edir.

Onun birgə işlənməsinə dair 40 illik (+ 12 il) müqavilə 1996-cı ildə imzalanıb. 2001-ci ildə yatağın işlənməsinə başlanıb və oradan ilk qaz 2006-ci ildə əldə edilib.

“Lukoil” “Şahdəniz” yatağında 10%-lik paya sahibdir

“Şahdəniz” qaz yatağında “Lukoil” (10%) da daxil olmaqla, (28,83 %), TPAO (19%), “Petronas” (15,5%), SOCAR (10%), NICO (10%), SGC (6,67%) şirkətlərindən ibarət konsorsium çalışır. Onun işlənməsinin birinci fazası çərçivəsində hasil edilməkdə olan qaz Bakı-Tbilisi-Ərzurum boru xətti vasitəsilə istehlakçılara çatdırılır.

“Şahdəniz” yatağının işlənməsinin ikinci fazasına 2013-cü ildə başlanıb və bu mərhələdə hasil olunacaq “mavi yanacağ”ın Avropanın enerji təchizatına yönəldilməsi nəzərdə tutulur.

2015-ci ildə “Lukoil” Bakıda bir bank konsorsiumu ilə yatağın işlənməsinin ikinci fazası üçün 12 il müddətinə 1 milyard dollarlıq kredit müqaviləsi imzalayıb.

“Ümid” və “Babək” yataqlarının işlənilməsilə bağlı danışıqlar

“Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov bildirib ki, onlar SOCAR-la Xəzər dənizindəki “Ümid” və “Babək” qaz yataqlarının işlənilməsilə bağlı müzakirə aparırlar. Bu yataqlar da Xəzər dənizinin Azərbaycana aid hissəsində, Bakının 75 kilometrliyində yerləşir.

“Ümid” yatağında hələ SSRİ dövründə aparılmış kəşfiyyat işləri orada məhsuldar laylar aşkar etməmişdi. Lakin 2009-cu ildə müasir avadanlıqlar vasitəsilə həyata keçirilmiş kəşfiyyat-qazıntıları əməliyyatı nəticəsində yerin 6500 metr dərinliyində təbii qaz aşkarlanıb. Bu gün “Ümid” yatağının 200 milyard kubmetr təbii qaz və 40 milyon tonadək qaz kondensat ehtiyatına malik olduğu məlumdur.

Azərbaycanlı ekspertlər hesab edir ki, “Babək” yatağı da “Ümid”in yaxınlığında yerləşdiyindən, mühüm qaz ehtiyatlarına malikdir.

Bakı-Novorossiysk boru kəməri vasitəsilə neft nəqli

Azərbaycanla Rusiya arasında Xəzər dənizində enerji əməkdaşlığının tarixi Azərbaycanın nəhəng “Azəri-Çıraq-Günəşli” neft layihəsinin həyata keçirilməsilə bağlıdır. 1994-cü ilin sentyabrında yeni çüstəqillik qazanmış Azərbaycan dünyanın məşhur şirkətlərilə ilk neft müqaviləsi olaraq, “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsinə dair müqavilə imzalayıb. İşə başlanması üçün “British Petroleum” şirkətinin podratçılığı ilə xarici şirkətlərdən ibarət konsorsium formalaşdırıb. Rusiya bu neft layihəsində yaxından iştirak etməsə də, az sonra, yəni 1996-cı ildə Moskva ilə Bakı Azərbaycan neftinin dəniz yataqlarından Bakı- Novorossiysk boru kəmərilə nəqlinə dair saziş imzalayıblar. Saziş ildə 3 milyon barelədək Azərbaycan neftinin 1347 kilometrlik boru xəttilə Rusiya ərazisindən keçməklə, Qara dənizdəki Novorossiysk limanına çatdırılmasını, oradan isə dünya bazarlarına ixracını nəzərdə tutur. Bu işin operatoru Rusiyanın “Transneft” şirkətidir.

Bir sözlə, Azərbaycanın Xəzər dənizində neft-qaz sahəsində fəaliyyətini transmilli neft şirkətləri ilə əməkdaşlıq şəklində genişləndirməsilə, Rusiya da bu prosesə qoşulub. Lakin onların bu əməkdaşlığı son 20 ildə sadalanan layihələrdən kənara çıxmayıb. Bu gün isə Bakı ilə Moskva Xəzərdə yeni yataqların işlənilməsində birgə fəaliyyəti genişləndirmək qərarına gəliblər.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az