18.11.2018 17:11
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Azərbaycan – yeni İpək Yolunda vacib bənd

 
 



CHINA DAILY, Çin
23.10.2018


Müəllif: Seymur Məmmədov (“EurAsiaAz” beynəlxalq ekseprt klubunun direktoru, Azərbaycanda fəaliyyət göstərən Vzglyad.az xəbər agentliyinin baş redaktoru)

2013-cü ilin mayında “Bir kəmər-bir yol” təşəbbüsü irəli sürülərkən həm Qərbdə, həm də Şərqdə bir çox ölkə bu layihəyə ehtiyatla yanaşırdı. Lakin “İpək Yolu İqtisadi Kəməri” və “21-ci əsr Dəniz İpək Yolu”nun keçdiyi ölkələrdə böyük nəqliyyat və logistika layihələrinin həyata keçirilməsi nəticəsində ona tərəddüdlə yanaşan bir çox dövlət Çinin təşəbbüsünü alqışlamağa başladı. Artıq əksər ölkələr bu təşəbbüsün nəinki təhlükəli olmadığı, hətta xilas yolu olduğu qənaətindədir.

Təşəbbüsü irəli sürmüş Çin sədri Si Cinpin dialoqda və əməkdaşlıqda maraqlıdır. Onun düçündüyü əməkdaşlıqda ziddiyyətə yer yoxdur. Əksinə, müttəfiqdən də çox dostluq münasibətlərinə yer verilir. Bu, xarici siyasətdəki “bizimlə olmayan bizə qarşıdır” prinsipini də rədd edir. Buna baxmayaraq, bu köhnəlmiş geosiyasi manevr bəzi ölkələr üçün hələ də aktualdır.

Pekin daxili işlərinə qarışmayan ölkələrlə müxtəlif səviyyələrdə əməkdaşlıq münasibətlərini qoruyur. Çin fundamental maraqları qəbul edir, ölkələrin suverenliyinə, ən həssas məsələ – onların ərazi bütövlüyünə hörmət edir. Ölkələr arasındakı ərazi mübahisələrinə qarışmayan Çix belə problemlərin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüquqa əsasən həllini dəstəkləyir. O, xarici siyasətindəki bu prinsipi Azərbaycan, Gürcüstan və Ermənistanın daxil olduğu Cənubi Qafqaz regionuna da tətbiq edir. Məhz bu yanaşma bizi bir daha “İpək Yolu İqtisadi Kəməri”nə cəlb edir.

Bu gün “Bir kəmər-bir yol” təşəbbüsü təkcə Avropa, Rusiya, Mərkəzi Asiya, Cənub-Şərqi Asiya regionunda deyil, həm də Cənubi Qafqazda uğurla irəliləyir. Avropa, həmçinin Rusiya və Çin üçün Cənubi Qafqazda vacib ölkə olan Azərbaycan da “İpək Yolu İqtisadi Kəməri” layihəsində iştirak edir. 2015-ci ilin aprelində o, Asiya İnfrastruktur İnvestisiya Bankının yaradıcılarından biri olub. Həmin ilin iyulundan isə Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının rəsmi tərəfdaşıdır.

Azərbaycan prezidenti İlham Əliyevin Çinə 2015-ci ilin dekabrında etdiyi səfər zamanı tərəflər “İpək Yolu İqtisadi Kəməri”nin birgə reallaşdırılması ilə bağlı Anlaşma Memorandumu imzalayıb.

Bəs Azərbaycan “İpək Yolu İqtisadi Kəməri”nə nə təklif edə bilər? Bu ölkənin “Bir kəmər-bir yol” layihəsi çərçivəsində Çinə təklif edəcəyi nələr var?

Azərbaycanın təklif etdiyi birinci layihə Bakı-Tbilisi-Qars dəmir yoludur. 2017-ci il oktyabrın 30-da işə düşmüş bu dəmir yolu qədim İpək Yolu üzərində Transavropa ilə Transasiya dəmir yolu şəbəkəsinin birləşdirilməsi məqsədilə tikilib.

Digər tərəfdən, Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələri üçün də cəlbedicidir. Çünki o, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa, həmçinin dünya bazarlarına çıxışı asanlaşdırır. Bundan əlavə, Çin məhsulları bu dəmir yolu vasitəsilə Avropaya daha asan çıxış əldə edir. Çində istehsal artdığına görə Pekin Avropaya ixrac olunan məhsulların miqdarını artırmaqda maraqlıdır. Bu üzdən o, alternativ marşrutlar axtarır. Bakı-Tbilisi-Qars dəmir yolu belə marşrutlardan ola bilər.

Azərbaycanın təklif etdiyi ikinci layihə Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. Prezident Əliyevin sərəncamına əsasən, Ələtdəki Beynəlxalq Limanın ərazisində Azad Ticarət Zonası da yaradılır. Layihə ölkənin beynəlxalq nəqliyyat mərkəzinə çevrilməsində mühüm rol oynayacaq.

Çin də Azərbaycanın regionun vacib nəqliyyat və logistika mərkəzinə çevrildiyini görür. Sadalanan layihələr öz növbəsində, “Bir kəmər-bir yol” təşəbbüsünün inkişafına töhfə verə bilər.

Ümumiyyətlə, Bakı Pekinlə əməkdaşlığı yüksək qiymətləndirir. O, Çinlə iqtisadi-ticari əməkdaşlığı dərinləşdirməkdə maraqladır. Çünki Çin Azərbaycana məhsul ixrac edən əsas tədarükçülərdəndir. Bundan əlavə, Çin şirkətlərinin Azərbaycana təxminən 800 milyon dollar investisiya qoyması da iki ölkə arasında əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu göstərir.

Çinlə Azərbaycan arasında əməkdaşlığın uğurlu olduğunu rəqəmlər də göstərir. Məsələn, 1992-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi cəmi 1,5 milyon dollar olubsa, 2017-ci ildə bu göstərici 800 dəfədən çox artaraq 1,3 milyard dollara çatıb. Azərbaycanın Çinə ixracı da ötən dövrdə 63,75% artaraq 443,8 milyon dollar təşkil edib. Çinin Azərbaycana ixracında isə 21,4%-lik artım var. İndi, onun həcmi 854,5 milyon dollardır.

Ötən il Azərbaycan Çinə kimyəvi məhsullar, yanacaq və plastik məhsullar ixrac edib. Çindən Azərbaycana isə elektrik məhsulları, mexaniki avadanlıqlar və onların ehtiyat hissələri, nəqliyyat vasitələri, bu sahə ilə bağlı ehtiyat hissələri, paltarlar, keramik məhsullar və ev əşyaları idxal olunub.

Beləliklə, iki ölkə arasındakı ticarət əlaqələrində müsbət dinamika var. Bununla yanaşı, bu il imzalanmış razılaşmaya əsasən, Çinə daha çox Azərbaycan məhsulu ixrac olunacaq. Üstılik, Azərbaycan Şərab Evinin açılışı olub. Bütün bunlar iki ölkə arasında ticarət əlaqələrinin artacağını göstərir. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 616 milyon dollardan çox olub.

Bir sözlə, Azərbaycanla Çin arasında məsafə uzaq olsa da, əlaqələrin parlaq gələcəyi var. Birincisi, hər iki ölkə təkcə ikitərəfli səviyyədə deyil, həm də çoxtərəfli əməkdaşlıqda maraqlıdır. İkincisi, Azərbaycan Çin üçün təkcə “Bir kəmər-bir yol” təşəbbüsü çərçivəsində deyil, həm də enerji əməkdaşlığı baxımdan cəlbedici ölkədir. Üçüncüsü, Bakının beynəlxalq aləmdə nüfuzu davamlı olaraq artmaqdadır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: CHINA DAILY


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az