18.11.2018 17:15
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Paşinyan Xocalı qətliamının günahkarlarını cəzalandıracaqmı?

 
 



Moderndiplomacy, Aİ
26.10.2018


Müəllif: Cavid Vəliyev

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 16-da vəzifəsindən istefa verib. Bununla o, dekabrın 10-na təyin edilmiş növbədənkənar parlament seçkisinə yol açıb. Bu, Paşinyanın manevri kimi qiymətləndirilir. Məsələ ondadır ki, Paşinyan baş nazir postuna parlamentdə çoxluq əldə edərək qayıtmaq niyyətindədir. Çünki bu zaman o, Ermənistanın siyasi həyatında daha hakim mövqedə olacaq.

Xalqın dəstəyi Paşinyanın baş nazir seçilməsində vacib amil olub. Lakin o, ölkəni siyasi cəhətdən tam nəzarətdə saxlaya bilmirdi. Çünki parlamentdə çoxluq təşkil edən respublikaçı deputatlar onun hökumətilə mübarizə aparırdı.

Paşinyanın 5 aylıq fəaliyyəti dövründə əsas hədəfləri Ermənistanın “Dağlıq Qarabağ klanı”nın nüfuzunu azaltmaq olub. Məlum olduğu kimi, bu klan uzun illərdir istər Respublikaçılar Partiyasında, istərsə də ölkənin siyasi həyatında hakim mövqedədir. Onlar son 20 ildə ölkənin siyasi, hərbi, biznes sahəsi daxil olmaqla, bir çox sahədə üstün statusda olmasına rəğmən, səhv siyasəti nəticəsində xalqın inamını itirib. Məhz bu üzdən bu ilin aprelində baş vermiş inqilab təkcə Serj Sarqsyana qarşı deyil, həm də ölkənin gələcəyini sual altında qoymuş “Dağlıq Qarabağ klanı”na qarşı idi. Paşinyan da bu klanın nüfuzunu sürətlə itirdiyini gördüyündən, onunla mübarizə aparmaq qərarına gəlmişdi.

Beləliklə, Paşinyan hakimiyətə “Dağlıq Qarabağ klanı”nın ən vacib nümayəndələrindən olan Serj Sarqsyanı devirməklə gəlib. Az sonra klanın daha bir vacib nümayəndəsi Samvel Babayan Ermənistana qeyri-qanuni olaraq “İqla” raketlərini təradük etməkdə təqsirləndirilərək, həbs olunub. Üstəlik, Ermənistana 1998-2008-ci illərdə rəhbərlik etmiş Robert Koçaryan da korrupsiya və rüşvətxorluqla mübarizə çərçivəsində saxlanılıb. Paşinyan hesab edir ki, Ermənistanın imdiki ağır durumunun əsas günahkarları məhz bu şəxslərdir.

Ermənistandakı prosesləri diqqətlə izləyən şəxslər bilir ki, həqiqətən də, vətəndaşların küskünlüyünün əsas səbəbi “Dağlıq Qarabağ klanı”nın hakimiyyəti qəsb etməsidir. Məhz onların siyasəti nəticəsində Ermənistan ermənilərilə Dağlıq Qarabağ erməniləri arasında ciddi problemlər yaranıb.

Burada vacib məqam ondan ibarətdir ki, sözügedən klan yalnız bərbad daxili siyasətilə yadda qalmayıb. Onlar həm də qonşu ölkələrlə düşmənçilik etməklə, Ermənistanı təcrid duruma salıb.

Xatırladaq ki, “Dağlıq Qarabağ klanı” Serj Sarqsyan və Robert Koçaryanın simasında 1998-ci ildə Levon-Ter Petrosyanı istefaya məcbur etməklə hakimiyyətə gəlmişdi. O dövrdə Levon Ter-Petrosyan hesab edirdi ki, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Ermənistanın perspektivli gələcəyi olmayacaq.

Bu klan isə son 20 ildə millətçi və populist yanaşması ilə münaqişənin həllinə yönəlmiş müsbət mesaj verən siyasətçiləri marginallaşdırıb. Nəticədə erməni cəmiyyətini sülh razılaşmasına hazırlayacaq bütün yollar qapanıb.

Sarqsyan və Koçaryanın rəhbərlik etdiyi klan Dağlıq Qarabağ müharibəsi zamanı regionun azərbaycanlı əhalisinə qarşı soyqırımda da fəal iştirak edib. 1988-1994-cü illərdə məhz onların regionda yaşayan mülki əhaliyə qarşı həyata keçirdiyi qətliamlar və soyqırımlar sülh perspektivinə böyük zərbə vurub, xalqlar arasında nifrət və düşmənçilik yaradıb.

Ermənistanın eks-prezidenti Serj Sarqsyan britaniyalı jurnalist Tomas de Valla müsahibəsində Dağlıq Qarabağ regionunun mülki əhalisinə qarşı törətdikləri cinayətləri açıq açığına etiraf edib: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki... ermənilər mülki əhaliyə əl qaldırmaz. Biz bu stereotipi qıra bildik”.

“Ermənilər mülki əhaliyə qarşı nədən qətliam törədib?” sualına amerikalı ekspert Svante Kornel belə cavab verir: “Erməni tərəfinin 2 əsas hədəfi olub: birincisi, mülki əhalini öz torpaqlarından nə vaxtsa geri qayıtmamaq şərtilə qovmaq; ikincisi, mükli əhalinin Ermənistanın işğalına müqavimətini qırmaq”.

Nəticədə Dağlıq Qarabağın və ona bitişik 7 rayonun əhalisi bu vəhşiliklərdən qorxaraq, doğma yurdunu tərk edib.

“Memorial” hüquq müdafiə təşkilatı 1992-ci ildə baş vermiş Xocalı soyqırımından dərhal sonra yaydığı hesabatda fevralın 26-na keçən gecə 613 mülki vətəndaşın qətlə yetirildiyi bu cinayətdə ermənilərin silahlı “Qarabağ klanı”nı günahlandırıb. Həmin dövrdə bu hadisələri işıqlandıran xarici mətbuat da eyni mövqedə olub.

1997-ci ildə BMT-nin İnsan Hüquqları Şurasının prezidenti Holi Kartnerin Ermənistan Xarici İşlər Nazirliyinə göndərdiyi rəsmi məktub da bunu təsiqləyir. Məktubda deyilir ki, “Xocalıda öldürülmüş mülki əhaliyə görə Qarabağ erməniləri məsuliyyət daşıyır”.

Bu gün ABŞ-ın 15 ştatı, 7 ölkənin parlamenti, 1 beynəlxalq təşkilat Xocalı soyqırımını tanıyır.

Beləliklə, Xocalı qətliamının günahkarlarının kim olduğu heç kəsə sirr deyil. Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimində bildirib ki, “Xocalı soyqırımını törədənlər indiyədək cəzasını almayıb. Hər birimiz çalışmalıyıq ki, bu soyqırımı törətmiş şəxslər cəzalandırılsın”. Savelyev əlbəttə ki, haqlıdır. İkinci Dünya müharibəsindən sonra yəhudi xalqına qarşı soyqırım törətmiş şəxslərin cəzalandırılması üçün Nürnberq prosesi təsis olunmuşdu. Srebrenitsada vəhşilik tərətmiş şəxslərə qarşı da analoji addımlar atılıb. Təəssüf ki, 26 il keçməsinə rəğmən, Xocalı soyqırımının günahkarları indiyədək cəzasını almayıb.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Moderndiplomacy


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az