18.11.2018 17:13
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
İlham Əliyev: “Con Boltonun Azərbaycana səfərini yüksək qiymətləndirirəm”

 
 



ANAJ, İran
30.10.2018


ABŞ prezidenti Donaldın Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib ki, Bakıya səfərinin məqsədlərindən biri də Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı mövqeyini öyrənmək olub.

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Bakıya səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

“Azərbaycanla münasibətlər ABŞ üçün prioritetdir. Siyasi, iqtisadi, təhlükəsizlik, eləcə də digər sahələrdə bu əlaqələrin əhəmiyyəti daha da artıb”, - deyə Bolton Azərbaycan prezidentilə görüşdə bildirib. Azərbaycanın dünyanın son dərəcə strateji bölgəsində yerləşdiyinə diqqət çəkən Bolton görüşdən əvvəl demişdi: “Biz iki ölkə arasındakı münasibətlərin mövcud vəziyyəti, beynəlxalq sülhə və təhlükəsizliyə təhdidlər haqda müzakirələr aparmaq niyyətindəyik. Birləşmiş Ştatlar Azərbaycanla enerji, iqtisadiyyat, terrorçuluq və insan alverilə mübarizə sahələrində əməkdaşlıqda maraqlıdır”.

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın əsas problemi olduğunu yaxşı başa düşür. Səfərimin məqsədlərindən biri də Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyilə tanış olmaqdır”, - deyə C.Bolton qeyd edib.

Azərbaycanla ABŞ arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan İlham Əliyev də Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət çəkib: “ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ Dağlıq Qarabağ münaqişənin həlli yollarının axtarışında mühüm rol oynayır. Ermənistan BMT Təhlükəsizlik Şurasının bu problemə dair qətnamələrinə əhəmiyyət vermir və status-kvonun saxlanılmasına çalışır. Bu isə qəbuledilməzdir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və ümid edirik ki, Minsk qrupu həmsədrlərinin bu sahədə fəaliyyəti praktiki nəticələrə gətirib çıxaracaq”.

Ölkəsinin Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirak etdiyini və bu yaxınlarda oradakı hərbçilərinin sayını 120-yə çatdırdığını xatırladan Əliyevin sözlərinə görə, Azərbaycan bu əməliyyatlara həmçinin önəmli maddi-texniki və logistik dəstək verir.

“Bundan başqa, bir çox Amerika şirkəti illərdir ki, Azərbaycanın enerji və qeyri-enerji sektorunda investor və podratçı kimi uğurla fəaliyyət göstərir”, - deyə dövlət başçısı vurğulayıb. Ümumiyyətlə, ölkəsinin enerji sahəsində ABŞ ilə yüksək səviyyədə əməkdaşlıq etdiyini, bunun da öz növbəsində, regional inkişafa töhfə verdiyini vurğulayan İlham Əliyev fikrini belə davam etdirib: “Belə layihələr arasında “Cənubi Qaz Dəhlizi” qaz nəqli layihəsi böyük əhəmiyyət daşıyır. 40 milyard dollarlıq bu layihə tamamlanma ərəfəsindədir və o, Avropanın enerji təhlükəsizliyinin, regional sabitliyin təmin edilməsində önəmli rol oynayacaq”.

“Con Boltonun Azərbaycana səfərini yüksək qiymətləndirirəm və əminəm ki, bu səfər iki ölkə arasındakı əlaqələrin, əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək”, - deyə Azərbaycan prezidenti bildirib.

Görüşdə Azərbaycanla ABŞ arasında müxtəlif sahələrdə strateji əməkdaşlığın səviyyəsi müzakirə olunub, bu əlaqələrin uğurla davam edəcəyinə əminlik ifadə edilib.

Con Bolton Bakıya qısa səfəri zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb. Görüşdə Məmmədyarov ölkəsinin ABŞ ilə bir sıra sahələrdə əlaqələrinin əhəmiyyətini, xüsusilə terrorçuluqla mübarizə çərçivəsində yaxın əməkdaşlıq etdiklərini dilə gətirib. O, ABŞ-a Azərbaycanda həyata keçirilən layihələrə dəstəyinə görə minnətdarlığını da bildirib.

Con Bolton da müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq, ABŞ-ın Azərbaycanla əlaqələrinin strateji əhəmiyyət daşıdığını söyləyib. O, Azərbaycanın Əfqanıstanda həyata keçirilən əməliyyatlarda, bu ölkədə terrorçuluğa qarşı mübarizədə iştirakının əhəmiyyətini vurğulayıb, buna görə Bakıya təşəkkürünü bildirib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib. Azərbaycanın xarici işlər naziri mövcud vəziyyəti qəbuledilməz adlandıraraq deyib: “Dağlıq Qarabağda davamlı sülhə nail olmaq üçün ilk növbədə Ermənistan qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalı, öz evlərini tərk etmək məcburiyyətində qalmış bütün insanlar yurd-yuvasına qayıtmalıdır”.

Məlumata görə, görüşdə tərəflər Azərbaycanın enerji, nəqliyyat və tranzit sahələrində həyata keçirdiyi layihələr, xüsusən də Bakı-Tiflis-Qars və “Cənub Qaz Dəhlizi” layihələrini də müzakirə edib.

Bolton görüşlərdən sonra keçirdiyi brifinqdə deyib: “Dağlıq Qarabağ münaqişəsinin həlli regionda sülhün bərqərar edilməsində, eləcə də beynəlxalq səviyyədə səmərəli ola bilər. Yəni Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ABŞ üçün də strateji əhəmiyyət daşıyır. Ermənistana səfərim zamanı məsələ ilə bağlı onların da mövqeyilə tanış olacağam. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ münaqişənin sülh yolu ilə həllinə sadiqdir”.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ANAJ


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az