18.11.2018 17:14
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Süni intellektli humanoid Sofiya – ümumdünya turnesi çərçivəsində ilk viza alan robot

 
 



Mail Online, Böyük Britaniya
02.11.2018


Müəllif: Harri Petit

Süni intellektli humanoid robot Sofiya öz yaradıcısı – Honkonqda fəaliyyət göstərən “Hanson Robotics” şirkətinin adından ümumdünya turnesinə çıxıb. Nəticədə o, ilk viza alan robot olub. Ona Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən əvvəl Bakının Beynəlxalq Hava Limanında elektron viza verilib.

Süni intellektli humanoid Azərbaycanda texnologiya mövzusunda keçirilmiş konfransda iştirak edib. O, tədbirin əsas mühazirəçi olub.

İlk dəfə 2 il əvvəl peyda olmuş Sofiya superağıllı robotdur. Həmin vaxt real üz cizgiləri olan Sofiya gözünü yuma, müxtəlif tərəflərə baxa və danışa bilirdi. Onun səlis danışığı, mürəkkəb üz cizgiləri var. Bu üzdən də süni intellektlə məşğul olan bəzi ekspertlər hesab edir ki, Sofiya sadəcə olaraq “məharətli marionet”dir.

“Cənab prezident, sizinlə görüşdüyümçün şadam. Azərbaycan məni valeh etdi”, - deyə Azərbaycanın dövlət başçısı İlham Əliyevlə ölkənin cənubunda yerləşən İmişli şəhərində görüşən Sofiya bildirib: “Mən Bakının nadir memarlıq üslubunu, müasir binalarını və texnoloji nailiyyətlərini gördüm”.

İlham Əliyevlə robot Sofiya ölkənin elektron hökumət platforması olan “ASAN xidmət”in yeni mərkəzinin açılış mərasimində iştirak edib. Bir müddət öncə bu Agentlik ölkədə elektron hökumət sahəsində bütün təşəbbüsləri öz üzərinə götürüb. Robot Sofiya Bakıya çatan kimi, ona “ASAN xidmət” tərəfindən viza verilib.

“İş qrafikinizin sıxlığına baxmayaraq, ölkəmizə səfəriniz bizi çox məmnun edir”, - deyə İ.Əliyev bildirib: “Biz sizinlə birlikdə burada yeni “ASAN xidmət” mərkəzinin açılışını edirik. Bu da innovasiyadır və bu, bizim müasir ölkəni qurmaq bacarığımızı və niyyətimizi əks etdirir”.

“Hanson Robotics” şirkəti bu humanoidi Odri Hepbern obrazında yaradıb. Ona ötən il Səudiyyə Ərəbistanında keçirilmiş tədbirdə müəyyən hüquqlar da verilib. Odur ki, Sofiya həm də hüquqlar əldə etmiş ilk robotdur.

Sofiyanın dərin təsir bağışlayan xüsusiyyətləri olsa da, şüuru yoxdur. Süni intellekt sahəsi üzrə mütəxəssilərin onun hərəkətlərini və danışığını hansı səviyyədə idarə etdiyi məlum deyil.

Robot Sofiya kimdir?

2016-cı ildə “Hanson Robotics” şirkəti tərəfindən yaradılmış Sofiya danışa, gülə, hətta zarafat edə bilir. 2017-ci ilin oktyabrında ona Səudiyyə Ərəbistanı vətəndaşlığı verilib. Bununla o, vətəndaşlıq alan ilk robot kimi tarixə düşüb.

“Hanson Robotics” şirkəti iddia edir ki, bir neçə ildən sonra şüurlu robotlar da yaradıla bilər.

Hətta Sofiya belə, təsdiq edir ki, “əgər söhbət süni intellektdən gedirsə, üstünlüklər hər zaman nöqsanları üstələyir”.

Sofiyanın sözlərinə görə, robotlar sayəsində qocalar tək qalmayacaq, autizm xəstəliyinə tutulmuş uşaqların isə sonsuz səbrə malik müəllimləri olacaq. Amma bu ilin yanvarında “Facebook”un süni intellekt sahəsi üzrə ən yaxşı mütəxəssisi Sofiya və onun yaradıcılarını ictimaiyyəti aldatmaqda ittiham edib.

Yan Le Kun bununla bağlı “Facebook” səhifəsində sərt status yazıb. Onun iddiasına görə, Sofiya “məharətli marionet”dir və göründüyü qədər ağıllı deyil: “Bu marioneti ağıllı göstərərək bir çox insanı aldadırlar. Bu, belə deyil. O hiss etmir, onun fikri yoxdur. Bu robot nə danışdığını belə, bilmir... Sofiya sadəcə olaraq marionetdir”.

Bu humanoid Honkonqda fəaliyyət göstərən “Hanson Robotics” şirkətinin rəhbəri, robot sahəsi üzrə aparıcı mütəxəssis Devid Henson tərəfindən yaradılıb. D.Henson deyir ki, 2045-ci ilə qədər humanoidlər insanlarla bərabər vətəndaşlıq hüquqlarına malik olacaq: “Bununla yanaşı, robotlar həm insanlarla, həm də digər robotlarla evlənəcək”.

O, öz araşdırmasında yazır ki, artıq 2029-cu ilə qədər süni intellektli humanoidin ağlı 1 yaşlı uşağın intellekti qədər olacaq. Bu, humanoidlərin 2031-ci ildə hərbi və fövqəladə xidmətdə işləməsinə, 10 ildən sonra isə bütün hüquqları əldə etməsinə yol açacaq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Mail Online


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az