18.11.2018 17:10
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Pakistan-Azərbaycan: birlik və qardaşlığın tarixi

 
 



Parliament Times, Pakistan
06.11.2018


Müəllif: Zaman Bayva

Pakistan, Azərbaycan və Türkiyə strateji tərəfdaşlardır. Bu üç ölkə arasında diplomatik münasibətlər qarşılıqlı hörmətə, eyni zamanda ortaq tarixi, dini və siyasi cəhətlərə əsaslanır. Onların arasında diplomatik münasibətlərin qurulmasından bu yana bu ölkələrin hökumətləri, siyasi rəhbərləri mövcud dostluq və qardaşlıq bağlarının daha da inkişafına, möhkəmləndirilməsinə çalışıb.

Azərbaycanla Pakistan arasında əlaqələr, ikitərəfli münasibətlər sürətlə inkişaf edir. Bu yaxınlarda iki ölkənin yüksək rütbəli rəsmiləri qarşılıqlı olaraq Bakıya və İslamabada səfər edib. Pakistan Senatının sədri Məhəmməd Sadiq Səncari Azərbaycanda ölkə parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasa qatılıb. M.S.Səncari Azərbaycan prezidenti İlham Əliyevi bu münasibətlə təbrik də edib. 

Oktyabrın sonlarında isə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev İslamabadda olub. O, səfər çərçivəsində Pakistanın hərbi və siyasi liderlərilə görüşüb. Bu yüksək səviyyəli qarşılıqlı səfərlər iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açıb.

Amma bu səfərlər Pakistanda bəzi insanları narahat edir. Bu, şəxsi səbəblərlə bağlıdır. Bu üzdən onlar bu əlaqələri sabotaj etmək üçün fəaliyyətə keçib. Məsələn, İslamabadda dərc olunan ən nüfuzlu qəzetlərdən birində faktların təhrif edildiyi məqalə ilə tanış olmuşam. Həmin məqalədə Pakistanın Ermənistanla diplomatik əlaqələri haqda yeni mövqe ortaya qoyulub. Görünür bu məqalənin müəllifi yaxşı məlumatlandırılmayıb, obyektiv deyil və Ermənistanyönümlüdür. O, İslamabadla Bakı arasındakı əlaqələrə kölgə salmağa çalışır.

Müəllif yazır ki, guya Pakistan Ermənistanın müstəqilliyini Türkiyəyə görə tanımır. Bu, tamamilə yalandır. O, Azərbaycan xalqının Pakistanı necə sevdiyini və ona necə hörmət etdiyini bilmir. Azərbaycanlılar Pakistan uğrunda döyüşməyə belə, hazırdır. O başa düşmür ki, əsasən Qərb ölkələrinin dəstəklədiyi erməni lobbisi iki müsəlman qardaş ölkə arasındakı əlaqələrə xələl gətirmək istəyir. Erməni lobbisi Azərbaycan, Pakistan və Türkiyə kimi müsəlmanlar ölkələri arasındakı birliyi, güclü əlaqələri məhv etməyə çalışır. Müəllif onu da bilmir ki, Bakı İslam Əməkdaşlıq Təşkilatının Kəşmir məsələsi üzrə Kontakt Qrupunun 4 üzvündən biridir. Bu qrupda Ankara da yer alır. Beləliklə, Azərbaycanla Türkiyə Kəşmir məsələsində Pakistanı dəstəkləyir, üstəlik hər il bu mövqelərini yüksək səviyyədə təkrar edir.

Bu üç ölkə arasında müxtəlif sahələrdə, xüsusilə, hərbi sahədə güclü əlaqələr var. Bu yaxınlarda Azərbaycan, Pakistan və Türkiyənin xarici işlər nazirlərinin görüşü də nəzərdə tutulub.

Ermənistan Azərbaycan ərazisinin 20%-dən çoxunu işğal edib. Halbuki, Dağlıq Qarabağ Azərbaycanın qədim və tarixi ərazisidir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal altında saxlaması Cənubi Qafqaz regionunda bu gün də sülhə və təhlükəsizliyə təhdiddir. Bu, Cənubi Qafqazda ciddi gərginlik mənbəyidir.

Azərbaycanın Dağlıq Qarabağ üzərində hüququ BMT Təhlükəsizlik Şurası tərəfindən də təsdiq olunub. Bu haqda 4 qətnamə qəbul edilib: 822, 853, 874 və 884. Bu qətnamələrdə Azərbaycana güc tətbiqi, onun ərazilərinin işğalı qınanır. Sənədlərdə bu ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyi də vurğulanır, Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz ərazisi olduğu bir daha qeyd edilir. Bundan başqa, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bu qətnamələrdə işğalçı qüvvələrin işğal edilmiş ərazilərdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması tələb olunur.

Azərbaycan Ermənistana qarşı heç vaxt təcavüzkar siyasət yürütməyib. Əksinə, Ermənistan silahlı qüvvələri Xocalı şəhərində köməksiz azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, soyqırım törədib.

Pakistan Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanı bu səbəbdən hələ də müstəqil dövlət kimi tanımır. Pakistan parlamenti, Senatı və xarici məsələlər üzrə daimi komitəsi Azərbaycan xalqı və hökumətilə həmrəy olduğunu dəfələrlə nümayiş etdirib. Pakistan Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını, həmçinin Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törətdiyi soyqırımı qınayıb. Türkiyə, Səudiyyə Ərəbistanı və bəzi digər müsəlman ölkələri də məhz Azərbaycan ərazilərini işğal etdiyi üçün təcavüzkar Ermənistanla diplomatik əlaqələr qurmur.

Pakistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tam dəstəkləyir. O, BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərini dərhal, tamamilə və qeyd-şərtsiz tərk etməsilə bağlı qətnamələrinin yerinə yetirilməsini tələb edir. İslamabad beynəlxalq ictimaiyyəti və təşkilatları da Ermənistanı bu qətnamələrin icrasına vadar etməyə çağırır. Bu ölkə həmçinin, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll etmək istiqamətində göstərdiyi səyləri dəstəkləyir.

Təəssüf ki, pakistanlı yazar real faktlara əsaslanmayan məqaləsilə Pakistanın Azərbaycan və Türkiyə kimi strateji tərəfdaşları ilə ikitərəfli əlaqələrini pozmağa çalışır. 

Pakistan, Azərbaycan və Türkiyə arasında əlaqələr “ümumi çiçəklənmə” konsepsiyasına, ciddi maliyyə diplomatiyasına əsaslanır. Bu ölkələr arasında münasibətlər sosial-iqtisadi əlaqələr, daha yaxşı siyasi münasibətlər və hərbi əməkdaşlığın gücləndirilməsi nəticəsində möhkəmlənib. İslamabad Bakını və Ankarını geosiyasətin və geostrategiyanın dəyişkən olduğu dünyada təhlükəsizlik sahəsində etibarlı tərəfdaş hesab edir. Bu ölkələr arasında üçtərəfli əməkdaşlıq regional sülh və harmoniya, təhlükəsizlik baxımından böyük addımdır. Bu əməkdaşlıq hər üç ölkə üçün “strateji yastıq” rolunu oynayacaq.

Beləliklə, erməni lobbisi Azərbaycanla Pakistan arasındakı əməkdaşlığı, qardaşlıq münasibətlərini pozmaq üçün bütün gücündən istifadə edir. Pakistanın Ermənistanın müstəqilliyini tanıması bizə nə verə bilər ki? Mənfi imic və Bakı ilə münasibətlərin pisləşməsindən başqa heç nə! Pakistan Ermənistanın müstəqilliyini tanıyarsa, Azərbaycan və Türkiyə kimi qardaş ölkələri, həmçinin Pakistanın pis və yaxşı günlərində onun yanında olan 80 milyon türkün, 50 milyon azərbaycanlının hörmətini itirəcək.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Parliament Times


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az