10.12.2018 07:25
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Türkiyə, Rusiya, Azərbaycan və İran İKT sahəsində birgə layihə həyata keçirəcək
 
06.12.2018
Actualite-news.com, Fransa
 

  Türkiyə-Azərbaycan-Rusiya-İran əməkdaşlığı
 
06.12.2018
Yeni Akit, Türkiyə
 

  Azərbaycan xalçaları: insanı hipnoz edən nümunələr, zərif çalarlar - FOTO
 
05.12.2018
The Korea Herald, Cənubi Koreya
 

  Qarabağ münaqişəsinin həllində vasitəçilik edən fövqəldövlətlərin Bakıda yaratdığı məyusluq
 
05.12.2018
IRNA, İran
 

  “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməyə hazırdır”
 
04.12.2018
EurActiv, Aİ
 

 
 
“Ekspo 2025”. Xəzər dənizinin incisi olan Bakının namizədliyi

 
 



Scenari Internazionali, İtaliya
19.11.2018


Müəllif: Məmməd Əhmədzadə (Azərbaycanın İtaliyadakı səfiri)

Beynəlxalq Sərgilər Bürosunun noyabrın 23-də Parisdə keçiriləcək 164-cü Assambleyasında “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi edəcək şəhərin adı açıqlanacaq. Onun uğrunda 3 şəhər mübarizə aparır: Bakı (Azərbaycan), Osaka (Yaponiya) və Yekaterinburq (Rusiya).

Yekun qərar ərəfəsində “Scenari Internazionali” İtaliya ictimaiyyətinə namizədlərin potensialını nümayiş etdirmək üçün onların İtaliyadakı diplomatik nümayəndələrinin fikirlərini təqdim edir. Bu gün diqqətinizə Azərbaycanın İtaliyadakı səfiri cənab Məmməd Əhmədzadənin qələmə aldığı məqaləni təqdim edirik.

Son illərə nəzər salsaq, Bakının “Ekspo 2025”ə ev sahibliyi etmək iddiasının heç də təəccüblü olmadığını görərik. Ölkəm, eləcə də onun paytaxtı son illərdə bir sıra əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu illər ərzində biz bacarıq və təcrübələrimizi inkişaf etdirmişik və bu amil sözsüz ki, paytaxtımızda “Ekspo 2025” sərgisinin də təşkilinə imkan verir.

İlk olaraq, indiyədək Azərbaycanda keçirilmiş miqyaslı tədbirlərin bəzilərini nəzərinizə çatdırmaq istərdim: 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ilin məşhur birinci Avropa Oyunları, daha sonra İslam Həmrəyliyi Oyunları, Şahmat olimpiadaları, Şahmat üzrə dünya çempionatı, həmçinin 2016-ci ildən etibarən mütəmadi olaraq Bakıda keçirilən və ən həyəcanlı yarışlardan olan Formula 1…

Bakı həmçinin çox sayda dünya əhəmiyyətli siyasi, iqtisadi, mədəni tədbirə də ev sahibliyi edib. Onların arasında Beynəlxalq Humanitar Forumun, Mədəniyyətlərarası Dialoq üzrə Dünya Formu kimi ənənəvi tədbirlərin adını çəkmək olar.

Bundan başqa, gələcəkdə Yeniyetmələrin Avropa Oyunları, UEFA Avropa Liqasının finalı və 2020-ci il futbol üzrə Avropa Çempionatının (UEFA Euro 2020) 4 oyununun ölkəmizdə keçirilməsi nəzərdə tutulur. Bütün bunlar ölkəmin beynəlxalq tədbirlərin təşkilatçılığından topladığı təcrübəyə, bir təşkilatçı kimi, Azərbaycanın namizədliyinə işıq salır.

Bu yerdə hər şeydən öncə əsas məqsədimizi vurğulamaq istərdim: insan kapitalını inkişaf etdirmək və daha yaxşı gələcək qurmaq! Bu, ölkəmin böyük sevgi ilə bağlı olduğu məsələdir. Özündən sonra böyük bir irs qoymuş, bu il 100 illiyi qeyd olunan Azərbaycan Xalq Cümhuriyyəti 1918-1920-ci illərdə cəmi 23 ay yaşasa da, 1991-ci ildə ölkə müstəqilliyini bərpa edə bilib. O andan əsasən siyasi, iqtisadi və stabilliklə bağlı problemləri həll etməklə, davamlı inkişafa nail olmuş, makroiktisadi sabitliyə zəmanət verən yol qət etmişik.

Azərbaycan son on ildə kifayət qədər sürətli iqtisadi inkişaf dinamikası nümayiş etdirib. Bu müddət ərzində ümumdaxili məhsul 3,2 dəfə artıb, ölkə adambaşına düşən sərmayənin həcminə görə dünya səviyyəsində əsas yerlərdən birini tutub. Həmin dpvrdə milli iqtisadiyyata 250 milyard dollardan çox vəsait yatırılıb ki, bunun da yarısını xarici sərmayələr təşkil edir. Yoxsulluq səviyyəsi 49%-dən 5,4%-ə enib, işsizliyin səviyyəsi cəmi 5% təşkil edir. Azərbaycan əhalisnin sayı hər il təxminən 100 000 nəfər artır.

Bu illər ərzində Bakı gələcək nəsillər üçün də sərmayə yatırmağa başlayıb. Çünki biz gənc ölkəyik – Bakıda əhalinin 65%-dən çoxunun yaşı 40-dan azdır.

Azərbaycan hökuməti təqaüdlərin artmasına, gənclərin xaricdə təhsilə almasına böyük vəsait ayırır. Bu gün ölkədə savadlılıq dərəcəsi 99% təşkil edir. Hökumətin bu siyasəti sayəsində gənclərimiz dünyanın ən yaxşı universitetlərində təhsil almaq imkanı qazanır. Son 15 ildə ölkə boyu 3000-dən çox məktəb, 600 xəstəxana və 50 idman obyekti inşa edilib.

Beləliklə, Ümumdünya sərgisinin təşkilinə iddia əsassız deyil. Bu, gənc nəsil arasında yaradıcılığa, yaşama əlavə impuls olacaq.

Azərbaycan sabit, davamlı inkişaf edən iqtisadiyyata malikdir. O, həm də Şərqlə Qərb arasında ideal körpü rolunu oynayır. Ölkədə çox müasir nəqliyyat infrastrukturu şəbəkəsi yaradılılıb. Buraya son illər ərzində tikilmiş 6 beynəlxalq hava limanı, ölkə ərazisinin böyük bir hissəsindən keçən və həmsərhəd ölkələri birləşdirən dəmir yolları, 15000 kilometrədək avtomobil yolu, eləcə də böyük sayda gəminin üzdüyü Xəzər dənizi hövzəsinin ən böyük ticarət limanı daxildir. Bu işlər Bakı Beynəlxalq Dəniz Limanının istifadəyə verilməsilə nəticələnib. Bu gün “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri məhz Azərbaycan ərazisindən keçir. Məhz Azərbaycan bu nəqliyyat layihələrinin hamısında iştirak edən yeganə ölkədir.

Azərbaycanın sabit və davamlı inkişafı onu arasında İtaliyanın da olduğu Qərb iqtisadiyyatı üçün də etibarlı tərəfdaşa çevirib. Azərbaycan prezidenti İlham Əliyevin İtaliyaya hələ 2004-cü ildə etdiyi səfər zamanı iki ölkə arasında Strateji tərəfdaşlığa dair bəyannamə imzalanıb. Sonradan davam edən qarşılıqlı rəsmi səfərlər bu əlaqələrin əhəmiyyətini bir daha təsdiqləyib. Məsələn, iyul ayında İtaliya prezidenti Sercio Matarella Azərbaycana rəsmi səfər edib, sentyabrda isə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliyada olub. Oktyabrda isə İtaliya Senatının sədri Mariya Elizabetta Alberti Kazellati Azərbaycana gəlmişdi.

Bütün bu sadalananlar, iqtisadi güc və sabitlik Azərbaycanın Ümumdünya sərgisinə də uğurla ev sahibliyi edəcəyinə zəmanət verir. Bu gün Azərbaycan “Ekspo 2025”ə ev sahibliyi etməyə iddialılar arasında inkişaf etməkdə olan yeganə ölkədir. İndiyədək 14 belə sərginin yalnız 2-si inkişaf etməkdə olan ölkələrdə təşkil edilib. Bu yerdə xatırladaq ki, Bakı 2000-ci ildən inkişaf etməkdə olan digər ölkələrə humanitar yardım məqsədilə 1,5 milyard dollardan artıq vəsait xərcləyib.

Artıq qeyd etdiyim kimi, ölkənin coğrafi baxımdan körpü rolu oynaması da bizim iddiamıza əlavə dəyər qatır. Bu gün Azərbaycan bütün dəyərləri bir araya toplaya bilmə bacarığına malikdir. Məsələn, onun memarlığında müasirliklə qədimliyin ahğngi müşahidə olunur. Azərbaycan beynəlxalq səviyyədə multikulturalizm və tolerantlıq modeli kimi tanınır. Azərbaycanın iki ildən bir keçirilən Venesiya sərgisində və 2015-ci ildə Milanda təşkil edilmiş “Ekspo”da öz pavilyonu ilə iştirak etdiyini xatırlatmaq istərdim…

Bütün sadalananlarla yanaşı, “Ekspo 2025” Bakıda keçirilərsə, o, coğrafi baxımdan Şərqi Avropada təşkil olunacaq        ilk sərgi və bütün dünya üçün əlçatan olacaq: bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanı gündəlik dünya üzrə təxminən 50 reys həyata keçirir. 2025-ci ilə onların sayı 100-ə çatacaq.

Bir sözlə, Bakı “Ekspo 2025” Ümumdünya Sərgisinin keçirilməsi üçün mükəmməl məkandır. Sərginin şəhərin şərqində 295 hektarlıq ərazidə təşkil olunması nəzərdə tutulur. Ərazi şəhərin mərkəzindən cəmi 30, hava limanından isə 10 dəqiqəlik məsafədə yerləşir. Orada nəqliyyat şəbəkəsinin yaradılması, ərazinin dünyanın ən innovativ şəhər parkına çevrilməsi planlaşdırılır. Onun xarici görünüşü də qeyri-adidir: yuxarıdan baxdıqda mərkəz səkkizguşəli ulduz formasında görünəcək. Bu, Azərbaycanın milli rəmzidir.

Azərbaycan müxtəlif sahələrdə davamlılığa xüsusi diqqət ayırır. Azərbaycanın 2015-ci ildə Milanda təşkil edilmiş “Ekspo”dan sonra oradakı pavilyonunu Bakıda, Xəzər dənizi sahilində qurması təsadüf deyildi. Başqa sözlə, “Ekspo 2025”in təşkili Bakıya həvalə olunarsa, onun keçiriləcəyi yer sakinlər və qonaqlar üçün daimi mirasa çevriləcək. Yəni həmin ərazinin təbiət parkına, Azərbaycan pavilyonunun isə daimi sərgiyə çevrilməsi nəzərdə tutulur. İstirahət məkanına çevriləcək bu ərazi ekosistemin mühafizəsini təmin edəcək. Orada təxminən 250000  ağacın əkilməsi planlaşdırılır. Bütün bunlar isə həm də yeni iş yerlərinin yaranmasına, şəhərin ərazisinin genişlənməsinə şərait yaradacaq.

Azərbaycanda keçiriləcək “Ekspo 2025” həm də beynəlxalq səviyyəli mirasa çevriləcək: bu çərçivədə Dünya İnsan Kapitalı Gününün təsis olunması planlaşdırılır.

Sonda qeyd edim ki, “Ekspo 2025”ə ev sahibliyi etməklə, dünyanın müxtəlif yerlərindən insanları müasir, mədəni baxımından olduqca zəngin bir ölkəyə gətirmək məqsədi güdürük. Bir mövcud fikri daha da dərinləşdirmək istəyirik: insan bacarığından dünyanı yaşamaq üçün ən yaxşı məkana çevirmək məqsədilə istifadə oluna bilər.

Bu, çox cəsarətli çağırış kimi görünsə də, biz onu səbrsizliklə gözləyirik!

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Scenari Internazionali


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az