16.02.2019 04:18
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycana səfər
 
14.02.2019
THE NEWS, Pakistan
 

  İran-Azərbaycan: yaxın qonşular və regional müttəfiqlər
 
13.02.2019
IRNA, İran
 

  “Azərbaycan ABŞ-dan “təyyarələr və satellitlər” kateqoriyasına aid 197 milyon dollarlıq mal alıb”
 
12.02.2019
Aysor.am, Ermənistan
 

  Azərbaycanın Cibutidəki səfiri Elman Abdullayev ilə - MÜSAHİBƏ
 
12.02.2019
La Nation, Cibuti
 

  Paşinyanla Əliyev Moskvanın məqsədini anlamağa çalışırlar
 
11.02.2019
1in.am, Ermənistan
 

 
 
Azərbaycanın heyrətamiz mətbəxi - FOTO

 
 



Viet Nam News, Vyetnam
20.11.2018


Müəllif: Huonq Lien

Azərbaycana niyə səfər etmək lazımdır? Dostlarıma bu Cənubi Qafqaz ölkəsinə səfər edəcəyimi dedikdə onlar mənə bu sualı verdilər. Açıq desəm, 1 ay əvvəllədək Azərbaycan haqda məlumatım az idi. Amma mən hər zaman yeni ölkələr kəşf etməyə can atıram. Odur ki, Azərbaycana səfər etmək təklifi aldıqda heç tərəddüd etmədim.

Bu ölkəni ziyarət etdiyim üçün peşman deyiləm. Azərbaycan məni zəngin tarixi, mədəniyyəti, xüsusilə, mətbəxilə valeh etdi.

Bələdçimizin izah etdiyi kimi, Azərbaycan əsrlər boyu Avropa ilə Asiyanın kəsişməsində yerləşib. Bu üzdən də onun yeməklərinə Hindistan, Çin, Türkiyə, İran, Yaxın Şərq və Aralıq dənizi regionunun mətbəxi öz təsirini göstərib.

Azərbaycan mədəniyyəti bir çox mədəniyyətlə qovuşsa da, fərqli, unikal mətbəxi mövcudluğunu qoruyub saxlayır. Azərbaycanlılar üçün mətbəx milli mədəniyyətin vacib parçasıdır. Yəni, orada mətbəxin kökləri ölkənin tarixinə, mədəniyyətinə, milli dəyərlərinə bağlıdır.

Azərbaycana qısa səfərimdə bir neçə ləziz yeməyi daddım. Məni ən çox heyrətləndirən 4 ləziz qidanı xüsusilə ayırıram: plov, mürəbbə ilə çay, nar salatı, lavaşana.

Plov

Plov Azərbaycanın milli yeməklərindən biridir. Ona çox vaxt quru meyvələr əlavə edilir. Bu əlavələr Azərbaycan plovunun ən möhtəşəm hissəsidir. Plovda ədviyyatla quru meyvələr sanki bir-birinə qovuşur. Nəticədə yemək ekzotik, şirin dadır.

Plovun üzərində çox vaxt ət, əsasən də qoyun əti olur. Bakıdakı restoranlardan birində “Xan plovu” da yedim. Bu plov növündə düyü yumru lavaş parçalarının içərisinə yığılır. Ümumiyyətlə isə burada nazik lavaşların yanında əsasən, kabablar verilir.

“Xan plovu” masaya gətirildikdən sonra 4 hissəyə bölünür. Bu, möhtəşəm mənzərədir.

Mürəbbə ilə çay

Çox güman ki, Azərbaycan mətbəxinin ən gözəl təamlarından biri mürəbbə ilə çaydır. Burada nahardan sonra çox vaxt çay təklif edirlər. O, Azərbaycanda ən məşhur içkidir.

Çay Azərbaycana ilk dəfə qədim İpək Yolu ilə gətirilib. Amma yerli əhali çayın yanına mürəbbə əlavə edib. Meyvə mürəbbəyə çevrilməsi üçün şəkərlə birgə bişirilir. Amma bu zaman onlar parçalanmır.

Azərbaycanda çayı armudu stəkanda içirlər. O, çox isti və tünd olur. Çayın yanında süfrəyə limon dilimləri, qənd, həmçinin mürəbbə gətirilir. Bundan əlavə, azərbaycanlılar çox vaxt çaya şəkər qatmır, əvəzində, qənd atır.

Ölkədə çay mədəniyyəti o qədər güclüdür ki, bütün bölgələrdə çayxana var. Burada çay evləri adətən kişilərin toplandığı məkanıdır. Bu məkanlarda kişilər fasiləsiz çay içir, nərd oynayır, qəlyan çəkir...

Nar salatı

Nar yerli mətbəxin vacib tərkib hissələrindən biridir. Kub şəklində hazırlanan nar salatının altına kahı qoyulur. Onun tərkibində kartof və mayonez də olur. Azərbaycan xalqı ölkədə yetişən narla qürur duyur. Burada ondan şərab, sous və s. də hazırlanır.

Lavaşana

Lavaşana indiyədək daddığım ən qəribə təamdır. O, rəngli diskə bənzəyir. Salafana bükülmüş bu turşular paltar kimi ipdən asılır. Külək əsən zaman tərpənən bu rəngli disklər gözəl, romantik səhnə yaradır.

Lavaşana qurudulmuş meyvələrdən hazırlanır. Meyvələr suya qoyulur, çəyirdəkləri çıxardılır, daha sonra bişirilir. Sonda dadlı yapışqan təamın hazır olması üçün o, günəşin altında qurudulur.

Lavaşana həm şirindi, həm duzlu, həm də turş. Onu dadan zaman heyrətlənmişdim. Əlbəttə ki, dostlarımla Azərbaycanın bu unikal nemətini bölüşmək üçün Vyetnama çox sayda lavaşana gətirmişəm.

Onu Bakı ətrafında, yol qıraqlarında, həmçinin marketlərdə satırlar. Amma əksər dükanda onu tapmaq çətindir. Çünki lavaşana unikal qidadır.

Ümumiyyətlə, Qafqaz regionunun müxtəlif yerlərində müxtəlif tərəvəzlərin turşuya qoyulması bir ənənədir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Viet Nam News


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az