10.12.2018 07:26
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Türkiyə, Rusiya, Azərbaycan və İran İKT sahəsində birgə layihə həyata keçirəcək
 
06.12.2018
Actualite-news.com, Fransa
 

  Türkiyə-Azərbaycan-Rusiya-İran əməkdaşlığı
 
06.12.2018
Yeni Akit, Türkiyə
 

  Azərbaycan xalçaları: insanı hipnoz edən nümunələr, zərif çalarlar - FOTO
 
05.12.2018
The Korea Herald, Cənubi Koreya
 

  Qarabağ münaqişəsinin həllində vasitəçilik edən fövqəldövlətlərin Bakıda yaratdığı məyusluq
 
05.12.2018
IRNA, İran
 

  “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməyə hazırdır”
 
04.12.2018
EurActiv, Aİ
 

 
 
“Fransa Dağlıq Qarabağı dövlət kimi tanımır”

 
 



AgoraVox, Fransa
21.11.2018


Müəllif: Alən Rumestand

Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidenti, deputat Bertran Sorun müsahibəsi.

- Cənab Sor, sizin Azərbaycana marağınız nədən qaynaqlanır?

- Burada iki vacib məqam var: ilk növbədə bu, çox az tanışlığım bir ölkəni, mənə tamamilə yad olan bir Avropa regionunu yaxından öyrənmək istəyimdən irəli gəldi. Beləliklə, mən vəzifəmə uyğun olaraq, Azərbaycanla mübadilələr aparmaq qərarına gəlmişəm. Azərbaycanın Fransadakı səfirilə münasibətlərimizi yüksək qiymətləndirirəm. O, ölkəsinin Fransa ilə çox sıx münasibətlərdə olduğunu nümayiş etdirir.

Bununla yanaşı, bəzən Fransa mətbuatında haqsız olaraq mənfi təqdim olunan Azərbaycanı dəstəkləmək istəyirəm.

- Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində parlamentlərarası dostluq qrupu hansı rolu oynaya bilər?

- Fransa ATƏT-in Minsk qrupunun həmsədridir. Bu mənada o, Ermənistanla Azərbaycan arasında əlaqələrin yumşaldılması, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində yaxından iştirak edir. Eyni zamanda, Paris bu problemin həllində daha əhəmiyyətli rol oynamaq istəyir.

Qarabağ problemi diplomatiya, müzakirələr yolu ilə nizamlanmalıdır və bu prosesdə Fransa əsas tərəfdaşlardan biri olmalıdır. Ölkəmiz bu missiyasını davam etdirmək niyyətindədir.

Mənim bu haqda mövqeyim aydındır. Hesab edirəm ki, “Dağlıq Qarabağ Respublikası” deyilən bir qurum mövcud deyil və onun heç bir dəyəri yoxdur. Bununla bağlı Fransanın da mövqeyi birmənalı və aydındır.

- Bəs bəzi fransız merlərin Dağlıq Qarabağ regionuna səfərləri, Fransa şəhərlərilə bu bölgənin şəhərləri arasında imzalanan “dostluq xartiyaları” haqda nə düşünürsünüz? Onlar qanunidirmi?

 - Bunlar bəzi yerli bələdiyyələr tərəfindən həyata keçirilən tədbirlərdir. Bu “dostluq xartiyaları”nın Fransa dövləti üçün heç bir əhəmiyyəti yoxdur. Odur ki, onlara şərh belə, vermək istəmirəm. Fransa hökuməti bununla bağlı mövqeyini dəfələrlə ifadə edib və qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımadığını bildirib.

- Bakıda keçirilmiş və sizin də iştirak etdiyiniz VI Humanitar Forum haqda təəssüratınız necədir?

- Forum yüksək səviyyədə təşkil edilmişdi. İştirakçıların və çıxışçıların qəbuluna böyük diqqət göstərilirdi. Azərbaycan bu forum vasitəsilə beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməyə qadir olduğunu dünyaya nümayiş etdirib. Xüsusilə təhlükəsizlik tədbirləri çox yüksək səviyyədə idi.

Gördüklərimdən sonra Azərbaycanın 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etmək iddiasının əsaslı olduğunu anladım.

- Fransa mətbuatında Azərbaycan haqda yayılan yanlış informasiyalara münasibətiniz necədir?

- Yazıları oxuyan, reportajları izləyən tamaşaçını onların kimlər tərəfindən hazırlandığı maraqlandırmır. Əgər yazı Azərbaycanı sevməyən şəxs tərəfindən yazılırsa, aydındır ki, o, bu ölkənin xeyrinə olmayacaq. Şəxsən mən Azərbaycana səfərim zamanı orada demokratiyanın hansı səviyyədə olduğunu görmüşəm. Bu ölkədə qadınlar istədikləri kimi geyinir, insanlar Fransadakı kimi, azad şəkildə seçdiyi həyatı yaşayır.

Paytaxt Bakıda, həmçinin üzümçülük sahələrini görməyə gedərkən rast gəldiyim insanları müşahidə etdikdən sonra anladım ki, burada azad fikirli insanlar yaşayır. Onların etiqad azadlığı və sair təmin olunub.

Mən Azərbaycan tarixini də oxumuşam: Avropada qadınlara səsvermə hüququnun ilk tanındığı ölkə məhz Azərbaycandır. Bu, çox vacib faktdır. Odur ki, Azərbaycanda mövcud olan demokratik, dünyəvi dəyərlər daha yaxşı dəyərləndirilməlidir. Şəxsən mən Azərbaycanın layiq olduğu imicdə təqdim olunması üçün görüləcək tədbirlərə qoşulmağa hazıram.

- Sizcə Fransada yaşayan ermənilər Azərbaycanın imicinə zərbə vurulmasında nə dərəcədə iştirak edir?

- Düşünürəm ki, Fransada bəzi media orqanlarına təsir etmək iqtidarında olan yaxşı təşkilatlanmış erməni diasporu mövcuddur. 

- Fransa ilə Azərbaycan arasında əməkdaşlığın hansı sahələrdə daha perspektivli olduğunu düşünürsünüz?

- Mən daha çox təhsil haqda düşünürəm. Azərbaycanda olarkən Təhsil Nazirliyinin əməkdaşı görüşdüm. O, ölkəsində bəzi sahələr üzrə diplomların sertifikatlaşdırılması formasını inkişaf etdirmək arzusunu dilə gətirdi. Fransada bu sahə çoxdan inkişaf edib və biz bu modeli Azərbaycana tətbiq edə bilərik.

Azərbaycan, həmçinin böyük turizm imkanlarına malikdir. Bu, əsl təbii zənginliyə, rəngarəng təbiət mənzərələrinə malik ölkədir. Onlarda lazımi infrastruktur da mövcuddur. Azərbaycanın turizm sahəsində daha da inkişaf etməsi üçün iki ölkə arasında əməkdaşlıq haqqında düşünmək olar. Bakıda intensiv aviareyslərin həyata keçirildiyi çox gözəl hava limanı var. Beləliklə, o, çox yüksək qiymətləndirilən  turizm istiqaməti ola bilər. Çünki Azərbaycan yüksək keyfiyyətli yol infrastrukturuna da sahibdir. Üstəlik, çox gözəl otel infrastrukturu...

Bu ölkədə həm də mədəniyyətlərin, dinlərin qovuşduğunun, başqalarına qarşı açıqlıq, inteqrasiya əzmini gördüm.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: AgoraVox


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az