18.03.2019 19:40
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
 
15.03.2019
Kommersant, Rusiya
 

  Essyenin yeni ünvanı Azərbaycandır
 
15.03.2019
Milliyet, Türkiyə
 

  Pakayin: “Tehranla Bakı strateji əlaqələr haqda düşünür”
 
15.03.2019
ISNA, İran
 

  Belarusun Azərbaycana satdığı “Polonez” tipli komplekslər Ermənistanın hər nöqtəsini vurmağa qadirdir
 
14.03.2019
168hours, Ermənistan
 

  Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan yevangelist liderlərə qucaq açdı - VİDEO
 
12.03.2019
CBN NEWS, ABŞ
 

 
 
Bakı incəsənət istiqaməti kimi - FOTOREPORTAJ

 
 



INDEPENDENT, Böyük Britaniya
24.11.2018


Müəllif: Stefani d’Ark Teylor

İnsan ona bəxş edilənləri artırması üçün şüur və yaradıcılıq gücü ilə mükafatlandırılıb. Bu fikirlər Anton Çexovun “Vanya Dayı” əsərindəndir. Anton Çexovun bu sözləri Kyotoda fəaliyyət göstərən “Chiten Theatre”ın aktyoru tərəfindən yapon dilində səsləndirilir. Amma o, eyni zamanda proyektor vasitəsilə ingilis və Azərbaycan dillərində divarda da nümayiş etdirilir.

Çexovun sözləri orijinaldan, yəni ruscadan tərcümə edilib. Səhnədə salafana bükülmüş balaca piano da var. Bir aktyor 6 düyümlük ayaqqabı geyib, digərisə onun başı üzərində dayanıb. Bu tamaşa Azərbaycanın paytaxtı Bakıda keçirilən M.A.P festivalının bir parçasıdır.

Bir zamanlar Xəzər dənizinin Hərbi-Dəniz Qüvvələrinə məxsus olmuş binada bu gün YARAT Müasir İncəsənət Məkanı yerləşir.

Qafqaz regionu xalçaları, zəngin nefti, Gürcüstanın paytaxtı olan dəbli Tbilisi ilə tanınır. Belə tamaşalar bu regiona xas deyil. Amma Azərbaycan zəngin neft sərvətlərdən istifadə edərək Bakını beynəlxalq incəsənət və memarlıq mərkəzinə, Xəzərin Dubayına çevirməyə çalışır. Bu, yerli mədəniyyəti dirçəldəcək, ölkəyə turist axınını artıracaq.

Bu işə reklamı yaxşı qurulmuş incəsənət və musiqi festivalları, həmçinin parlaq memarlıq nümunələri də töhfə verəcək. Bu işlər hökumətlə yanaşı, müxtəlif sponsorlar tərəfindən də maliyyələşdirilir. Bir sözlə, Azərbaycan bu layihələr vasitəsilə incəsənət sahəsini inkişaf etdirməyə can atır.

M.A.P festivalı ilk dəfə 2017-ci ildə keçirilib. Builki festival iştirakçılarının sayı 2 dəfə artıqdır. Bu dəfə festivalda müxtəlif ölkələri təmsil edən rəssamların və şirkətlərin 13 sərgisi, 16 tamaşası təşkil olunub. YARAT M.A.P festivalının başlama tarixini – noyabrın 9-nu təsadüfən seçməyib. Belə ki, M.A.P. festivalı, rəssam Pedro Qomes-Eqanyanın 9 noyabrda başlayan “Sleypner” adlı sərgisi ilə üst-üstə düşür. 

Norveçdə fəaliyyət göstərən Kolumbiya əsilli rəssam Qomes-Eqanya öz işini Azərbaycana, YARAT Müasir İncəsənət Məkanına gətirib. Bu rəssamı YARAT-ın bədii direktoru, baş kuratoru Suad Qarayeva-Malekinin vizyonu ilhamlandırıb. Qomes-Eqanyanın sözlərinə görə, o, Maleki ilə görüşməzdən əvvəl Bakıya yollanmağı düşünmürmüş.

YARAT-ı Sent-Martin İncəsənət və Dizayn Kollecinin məzunu, Azərbaycanın birinci vitse-prezidentinin bacısı qızı olan Aida Mahmudova 2011-ci ildə təsis edib. Əvvəlcə onun kollektivi yalnız yerli rəssamlardan ibarət olub. Suad Qarayeva-Malekinin sözlərinə görə, 2011-ci ildən bəri YARAT güclü strukturu və maliyyəsi olan qeyri-hökumət təşkilatına çevrilib. O deyir ki, hökumətin YARAT-a dəstəyi əsas sərgi məkanı ilə məhdudlaşır. M.A.P-ın builki festivalı ilə bağlı teatr tamaşaları da burada keçirilib.

Azərbaycan hökuməti incəsənətlə bağlı bir çox təşəbbüsü dəstəkləyir. Məsələn, Bakı Caz Mərkəzi, Azərbaycan Xalça Muzeyi və Zaha Hadidin memarı olduğu Heydər Əliyev Mərkəzi. Xalça Muzeyini avstriyalı memar Frans Yanç dizayn edib. Muzeyin binası bükülmüş xalça formasındadır.

“Azərbaycan hökuməti ictimai incəsənəti dəstəkləyir. Onlar bütün şəhəri bəzəyir”, - deyə Suad Qarayeva-Maleki qeyd edir.

Bəs Bakının incəsənət səhnəsi mahiyyətdən daha çox üsluba fikir verir? Güman ki, belədir: Qomez-Eqanya Bakını “təzadlar şəhəri” kimi xarakterizə edir. Onun sözlərinə görə, bu şəhərdə keçirilən rəsm tədbirlərinin iştirakçıları işin məğzinə az diqqət yetirir. Heydər Əliyev Mərkəzi, həmçinin “Alov qülləri”nin də xarici görünüşü daha çox nəzərə çarpır. Yəni onların xarici görünüşü daxilini bir qədər üstələyir.

Bu gün Dubay şübhəsiz ki, Yaxın Şərqin incəsənət paytaxtıdır. Amma o, cəmi 30 il əvvəl sadəcə, səhra idi. Azərbaycan isə 20 ildən artıqdır Sovet İttifaqının dağılmasından və “Perestroyka”nın fəsadlarından özünə gəlməyə çalışır.

“Azərbaycan 20 il ərzində sağ qalmaq uğrunda mübarizə aparıb. Sovet İttifaqının dağılmasından sonra ölkədə bir neçə dövlət çevrilişi də olub. Bu, dəhşətli idi. Rəssamlar işlərindən uzaq düşmüşdü. Çünki onlar öz ailələrini dolandırmaq üçün hər şeyə hazır idilər”, - deyə Suad Qarayeva-Maleki vurğulayır.

YARAT-ın missiyalarından biri ölkədə fəaliyyətini dayandırmış rəssamlara kömək etmək, gənc azərbaycanlı rəssamlara öz yolunu tapmaqda yardım göstərməkdir. Bu gün YARAT-ın rəssamlarının yarısı azərbaycanlıdır. Bakıda, İçərişəhərdə yerləşən ARTIM Layihə Məkanı – kiçik qalereya gənc nəslə uyğundur. Bu ay ARTIM Layihə Məkanında 26 yaşlı gənc rəssam Aqil Abdullayevin “Çəhrayı gələcəyin utancaq oğlanı” adlı sərgisi keçirilir. Bu sərgidə sosial media dövründə insanların kimliyinə, onlar arasındakı fərqə diqqət yetirilir.

“İncənəsət şəhər brendinin yaradılması üçün hər zaman vasitə ola bilər. Amma bunun nə üçün lazım olduğunu yaxşı anlamaq lazımdır. Burada maraqlı vizyona malik insanlar var. Onlar auditoriyanı cəlb edən, təcrübələrini artıran mürəkkəb işlər nümayiş etdirir”, - deyə Qomes-Eqanya bildirir.

Bakıda ziyarət etməli olduğunuz 6 incəsənət məkanı:

YARAT Müasir İncəsənət Məkanı

Sovet dövründə Hərbi-Dəniz Qüvvələrinin binası olmuş nəhəng mərkəzdə bu gün incəsənətlə bağlı müxtəlif avadanlıqlar, emalatxanalar var. Burada teatr tamaşaları da səhnələşdirilir.

YARAT Rəngkarlıq Muzeyi

YARAT Müasir İncəsənət Məkanının yaxınlığında yerləşən bu muzeydə XX əsrin ortalarında, Sovet dövründə fəaliyyət göstərmiş azərbaycanlı rəssamların cəlbedici əsərləri nümayiş etdirilir.

ARTIM Layihə Məkanı

YARAT-ın idarə etdiyi bu rahat məkanda gənc azərbaycanlı rəssamların eksperimental və digər işləri nümayiş etdirilir.

Heydər Əliyev Mərkəzi

Zaha Hadidinin şedevri olan bu möhtəşəm mərkəz “Instagram” istifadəçiləri arasında da məşhurdur.  

YAY Qalereyası

YARAT-ın idarə etdiyi, İçərişəhərdə yerləşən bu mərkəzdə müasir azərbaycanlı fotoqrafların ölkənin müasirliyilə bağlı işləri nümayiş etdirilir.

Azərbaycan Xalça Muzeyi

Bu muzey YARAT Müasir İncəsənət Məkanının yaxınlığında yerləşir. Düşündüyünüz kimi, bu muzeydə neft buruqlarının təsvir olunduğu möhtəşəm xalçalar var. Onun binası da xalça formasındadır.

Azərbaycana səyahət

Londondan Bakıya “Türk Hava Yolları”na məxsus təyyarə ilə səfər mümkündür. Biletin qiyməti 330 funt sterliqdir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: INDEPENDENT


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az