10.12.2018 07:28
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Türkiyə, Rusiya, Azərbaycan və İran İKT sahəsində birgə layihə həyata keçirəcək
 
06.12.2018
Actualite-news.com, Fransa
 

  Türkiyə-Azərbaycan-Rusiya-İran əməkdaşlığı
 
06.12.2018
Yeni Akit, Türkiyə
 

  Azərbaycan xalçaları: insanı hipnoz edən nümunələr, zərif çalarlar - FOTO
 
05.12.2018
The Korea Herald, Cənubi Koreya
 

  Qarabağ münaqişəsinin həllində vasitəçilik edən fövqəldövlətlərin Bakıda yaratdığı məyusluq
 
05.12.2018
IRNA, İran
 

  “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməyə hazırdır”
 
04.12.2018
EurActiv, Aİ
 

 
 
Azərbaycandakı alov məbədində sanskrit və pəncab dillərində yazılar var - FOTO

 
 



THE HINDU, Hindistan
27.11.2018


Müəllif: Divya Kumar

Güman ki, Xəzər dənizinin sahilində yerləşən, əhalisinin əksəriyyəti müsəlman olan postsovet ölkəsi Azərbaycanın qəlbində “Šri Ganešāya namah” (Müdriklik tanrısı Qaneşə həmd olsun - WM) ifadəsini görəcəyiniz ağlınıza gəlməz. Amma Suraxanı kəndi yaxınlığında yerləşən “Atəşgah” alov məbədinin girişindəki daş arkanın üzərində ilk gözə dəyən ifadə məhz budur.

Bu məbəddə devanaqari əlifbası ilə 5 cərgə yazı yazılıb. Bu ifadələrdən bəziləri hinduizmdəki alov tanrısına ithaf olunub. Beşguşəli məbəddəki otaqların giriş hissəsində isə sanskrit və ya pəncab dillərində yazılar var. Onları bu regiona təxminən 500 il əvvəl səfər etmiş hindistanlı səyyahlar yazıb.

Demək, “Atəşgah” Hindistanla Avropa arasında mədəniyyətlərarası mübadilə, qloballaşma tarixinin bir parçası olub. Bu əlaqələrin tarixi 16-cı əsrədək uzanır.

Ümumiyyətlə, Azərbaycan Avropa ilə Asiyanın birləşdirən qədim İpək Yolunun bir hissəsi olub. Hesab olunur ki, hindistanlı tacirlər Azərbaycanın Abşeron yarımadasındakı “alovlanan torpaqlar” və “əbədi alov” haqqında əfsanələri eşidərək, ora səfər ediblər. Yeri gəlmişkən, Azərbaycanı çox vaxt “Odlar yurdu” adlandırırlar. Beləliklə, 16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində hindistanlı tacirlər və zəvvarlar buraya gəlib “Atəşgah” məbədini tikiblər. Onlar bu məbəddə müqəddəs alova, həmçinin Qaneş və Şiva kimi tanrılara dua ediblər.

Məbəddəki alov

“Atəşgah” məbədini ziyarətimiz zamanı güclü külək əsirdi. Ətrafımız toz-torpaq idi. Suraxanı kəndi “küləklər şəhəri” adı ilə tanınan Bakıdan 20 kilometrliyində yerləşir. Amma güclü küləyə baxmayaraq, məbədin mərkəzi hissəsindəki müqəddəs alov sönmür.

İki dairəvi platformanın üzərindəki alov oraya çəkilmiş qaz xətti sayəsində yanır. Amma yüz illər, hətta min illər ərzində o, təbii şəkildə yanıb. Azərbaycan zəngin qaz ehtiyatlarına malik ölkədir. Burada yerin altından torpağın səthinə qalxan qaz hava ilə təmasa girər-girməz alovlanır.

“Atəşgah”ın zərdüştlük mənşəyi

Azərbaycanın bütün tarixi boyu alova ibadət edən şəxslər bu “əbədi alovlar”a sitayiş edib. Azərbaycana hələ 7-ci əsrdə səfər etmiş səyyahlar belə, yazılarında “Atəşgah”ın adını çəkib. Tarixçilər hesab edir ki, bu məbəd hindistanlıların buraya gəlişindən çox uzun müddət əvvəl zərdüştlər tərəfindən tikilib.

1969-cu ildə bu məbəd bərpa edilən zaman yerin altından onun qədim strukturunun bir hissəsi tapılıb. Qeyd edək ki, “Atəşgah” fars sözüdür və “alovun evi” deməkdir. Hesab edilir ki, bu məbədin ilkin quruluşu hazırkı ərazisinin hüdüdlarından kənarda yerləşə bilərdi. Amma “Atəşgah”ın ilkin quruluşu ilə bağlı qalıqlar çox güman ki, 19-cu əsrdəki neft-qaz qazıntıları zamanı məhv edilib. Məbəddə “əbədi alov” dövrü məhz neft-qaz qazıntıları nəticəsində başa çatmışdı. Bu üzdən o, 1969-cu ildən etibarən qaz xətti sayəsində alovlanır. 19-cu əsrdən etibarən isə buraya zəvvarların səfəri dayanıb. Tarixçilər hesab edir ki, həmin dövrdə hindistanlı zəvvarlar Suraxanıdakı neft mədənlərindən uzaqlaşdırılıb.

Ziyarət məkanı

Xoşbəxtlikdən, 500 illik məbəd hələ də qalır və öz multikultural keçmişini qoruyub saxlayır. Məbədin əsas altarı Hindistan memarlığı strukturuna aid deyil. Bura ənənəvi zərdüşt alov altarına bənzəyir. Məbəddəki yazılardan biri də fars dilindədir.

Ümumiyyətlə, zərdüştlük Azərbaycana güclü təsir göstərib. Ölkədə bu dinin qədim kökləri var. Qədimdə bu ərazilər iranlı sülalələr tərəfindən idarə olunub. Hətta Azərbaycanda zərdüştlərin yeni il bayramı – Novruz bu gün də əsas bayramıdır.

Tarixi mənbələrə əsasən, 19-cu əsrdə bir zamanlar zərdüştlərin məbədi olmuş, daha sonra Hindistan məbədinə çevrilmiş “Atəşgah”ı  Bombeydə yaşamış parsilər də ziyarət edib.

“Atəşgah” 1969-cu ildə bərpa edilib. 1975-ci ildə kompleks muzeyə çevrilib. 1998-ci ildə isə “Atəşgah” UNESCO-nun Ümumdünya irsi siyahısına salınması üçün namizəd siyahısına salınıb.

Bu gün beşguşəli məbəddə yerləşən hər bir otaq burada yaşamış zəvvarların və asketlərin hekayəsindən xəbər verir. Onlar bu otaqlarda çətin sınaqlardan keçib, ağır zəncirlər taxıb, özlərini hər şeydən məhrum ediblər. Bu otaqların birində “Om Gam Ganapataye Nama” dini nəğməsi oxunub. Digər otaqda isə Nataracanın bürüncdən hazırlanmış abidəsi var. Başqa otaqdakı keramik qablar vasitəsilə isə qədim zamanların dini ayinləri yerinə yetirilib.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE HINDU


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az