19.10.2019 10:53
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| “Heç yana gedən deyilik, Ermənistanla danışıqlar aparmaq lazımdır”
 
18.10.2019
İzvestiya, Rusiya
 

  Avropa Şurası yəhudi irsinin qorunması qərarını Azərbaycanın rəhbərliyilə qəbul etdi
 
16.10.2019
JEWISH JOURNAL, ABŞ
 

  Ermənistana “öz Banderası” nəyə gərəkdir?
 
15.10.2019
ROSBALT, Rusiya
 

  Moskvadan Bakıya riskli təklif
 
15.10.2019
Lragir.am, Ermənistan
 

  MÜSAHİBƏ| Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qondarma dostluq xartiyaları haqda
 
10.10.2019
Turquie News, Fransa
 

 
 
VİDEO| Mersi, Baku!

 
 



ONT, Belarus
28.11.2018


Ötən həftə Belarusun öz qonaqpərvərliyini nümaiş etdirməsi üçün səbəblər çox oldu. Minskin qonaqları təkcə uşaqlar arasında “Eurovision” müsabiqəsinin iştirakçıları deyildi. Paytaxtımız Şərqdən gələn daha bir əziz qonağı qəbul etdiBelarusa rəsmi səfərlə Azərbaycan prezidenti İlham Əliyev gəlmişdi. Danışıqların yekunları və bundan heç də az vacib olmayan etimad mühiti haqda siyasi şərhçimiz Aleksandr Zlobinlə söhbət edəcəyik.

- Axşamınız xeyir, Aleksandr. Belarusla Azərbaycanı çox vaxt yaxın tərəfdaş adlandırırlar. Baxmayaraq ki, arada 2 min kilometrdən çox məsafə var. Demək, söhbət məsafədə deyil?

- Axşamınız xeyir, Yuri. Tamamilə doğrudur. Söhbət ölkələr, xalqlar və prezidentlər arasındakı münasibətlərdədir.

Belarusla Azərbaycan rəsmi olaraq strateji tərəfdaşlardır. Bu o deməkdir ki, tərəflər bütün istiqamətlərdə əməkdaşlıq etməyə, texnologiyaları paylaşmağa, bir sözlə, bir-birini dəstəkləməyə hazırdır. Bu səfər isə bir daha göstərdi ki, prezidentlərin dostluğu iqtisadi əməkdaşlığa güclü təkan verir və bu, başqaları üçün örnəkdir.

Aleksandr Lukaşenko öz dostunu bax belə qarşıladı – bu, “şərhsiz” ifadəsinin tam yerinə düşdüyü bir səhnədir. Bu isə onların isti və səmimi sağollaşması.

Biz hadisələrin xronologiyasını bilərəkdən pozmuşuq. Əlbəttə, bu iki hadisə arasında ciddi və məhsuldar danışıqlar da var. Nəticələr haqda ayrıca süjetdə söhbət açacağıq. Hələliksə bütün bunların sadəcə, diplomatik nəzakət xatirinə baş vermədiyini sübut edən bir neçə fakta nəzər salaq.

Aleksandr Lukaşenko İlham Əliyevi “hər zaman arxalana biləcəyin əsl dost” adlandırır. Hələ 2011-ci ildə, Belarus üçün çətin bir dövrdə Azərbaycan ölkəmizin neftayırma zavodlarına xammal verib. Rusiya ilə kəskin enerji mübahisələri zamanı da məhz Azərbaycan ekspress kredit ayırmaqla Belarusa dəstək vermişdi. Təbii ki, Minsk borcunu tezliklə qaytarıb. Lakin Azərbaycanın bu hərəkəti münasibətlərimizin tarixinə əbədi yazılıb.

Azərbaycanda da bizim hər zaman dəstək verməyə hazır olmağımızı yüksək qiymətləndirirlər. Aleksandr Lukaşenkonun Heydər Əliyev ordeni ilə mükafatlandırılması da bundan xəbər verir.

Maraqlıdır ki, nazirlər də dövlət başçılarından nümunə götürür. Prezidentlərin təkbətək görüşdükləri vaxt biz nümayəndə heyətlərinin geniş tərkibdə danışıqları necə gözlədiklərinə şahidlik etdik. Adətən belə hallarda belaruslar belaruslarla, qonaqlar isə öz aralarında söhbət edir. Bu dəfə isə hamının maraqlar üzrə qruplara bölündüyü aydın görünürdü. Məsələn, fövqəladə hallar nazirləri öz mövzularını müzakirə edirdi və məlum oldu ki, Vladimir Vaşşenko ilə Kəmaləddin Heydərov yaxından tanışdırlar. Bu, onlara işlərində də kömək edir.

Vladimir Vaşşenko (Belarusun fövqəladə hallar naziri): “Biz cənab nazirlə 7 ildən çoxdur ki, tanışıq və çoxdan əməkdaşlıq edirik. Bizim yaxşı münasibətlərimiz var. Çox minnətdarıq ki, onlar bizim təhsil potensialımızdan istifadə edirlər”.

Yaxınlıqda isə xarici işlər nazirləri söhbət edir. Əhvalları yaxşıdır. Onlar da çoxdanın tanışlarıdır.

Elmar Məmmədyarov (Azərbaycanın xarici işlər naziri): “Şəxsi münasibətlərin səviyyəsi ən əsası etimad mühiti yaratmağa imkan verir. Beynəlxalq münasibətlərdə isə etimad mühiti çox vacibdir. Biz Aleksandr Qriqoryeviçlə İlham Heydər oğlu arasında olan münasibətlərdən çıxış edərək, təkcə buna uyğunlaşmırıq, özümüz də bir-birimizi yaxşı anlayır və etibar edirik. Bu, çox rahatdır”.

Müxbir: “Bəs bir-birinizdə telefon nömrələriniz var?”.

Vladimir Makey (Belarusun xarici işlər naziri): “Əlbəttə. Biz mütəmadi olaraq müxtəlif məsələlərlə bağlı məlumat mübadiləsi edirik. Demək olar ki, hər gün əlaqədə ola bilərik. Biz daim ünsiyyətdəyik”.

Elmar Məmmədyarov (Azərbaycanın xarici işlər naziri): “Sizə kiçik bir sirr açım. Hətta bizim xanımlarımız da dostluq edir”.

Müxbir: “Çox sag olun. Başqa sualım yoxdur”.

Beləliklə, Minsklə Bakı arasında münasibətlər doğrudan da isti və yaxındır. Doğrudur, “ara qızışıb” desək, yanlış olar. Ancaq “prezidentlər ticarət və kooperasiya əlaqələrini qızışdırmağa çalışır” desək, tam yerinə düşər.

Süjetimizə isə bir fincan qaynar Azərbaycan qəhvəsindən başlayırıq. Bizi qəhvəyə cənab Əliyev qonaq edib. Düzdür, prezident deyil, ancaq o da, çox maraqlı həmsöhbətdir. 

- Aleksandr, siz məni lap maraqlandırdınız. Gəlin baxaq.

Heydər Əliyev (bərpaçı-rəssam): “Həmişə yadda saxlamaq lazımdır ki, qəhvə qaynar, tünd və öpüş kimi şirin olmalıdır”.

Bu qaydaya Heydər Əliyev hətta tarixi vətənindən 2 min kilometr uzaqda belə, əməl edir. Əslində isə Azərbaycan çay ölkəsidir. Sovet dövrünün ağır çəkili siyasətçisinin adaşı çayı kəklikotu ilə dəmləyir. Deyir ki, bu çay mədə üçün əsl məlhəmdir. O bu vərdişi 1984-cü ildə özü ilə Belarusa gətirib.

Polesye meşələri arasında yerləşən və doğma Bakı qədər qədim olan Pinsk şəhərində Əliyev öz həyat yoldaşı ilə tanış olub.

Heydər Əliyev (bərpaçı-rəssam): “Dostluğumuzdan məmnunam. Bu, doğrudan da yaxşıdır. Ən yaxşısı dostluq etməkdir. Birlikdə biz daha çox şeyə qadirik. Bu gün xoşqəlbli insanlara az-az rast gəlirsən. Burada isə bu qonaqpərvərlik var”.

Türk nəslinin davamçısı Belarusda yaşadığı 35 ildə çox işlə məşğul olub. Bəli, dünyada azərbaycanlıları məhz türk adlandırırlar. Bu gün Heydər əcdadlarının ənənələrini davam etdirir. Alov və metalla ustalıqla işləyən rəssam sənət əsərlərini bərpa etməklə məşğlurdur. 19-cu əsrin ortalarına aid bax bu sərkərdə tezliklə Milli İncəsənət Muzeyinin zallarına qayıdacaq.

Ümumiyyətlə, alov Azərbaycanın və onun paytaxtının rəmzlərindən biridir. Gördüyünüz “Alov qüllələri”dir. Onlar deyir ki, ölkə yüksəlişə doğru gedir, lakin bu rifahın əsasını ayaqların altında axtarmaq lazımdır. Deyilənə görə, Abşeron yarımadasına ilk insanları məhz alov cəlb edib. Yanar neft əsl tapıntı idi. Ölkə iqtisadiyyatı da bu sərvətin sayəsində sürətlə inkişaf edib. Nəticədə bu gün Azərbaycan hər şeyin ən yenisinə və ən müasirinə malikdir.

Burada Belarusun yüksək texnologiyalar parkının işini diqqətlə izləyirlər. Məsələn, bu informasiya texnologiyaları şirkəti bu yaxınlarda Azərbaycanı özü üçün kəşf edib və yerli maliyyəçilərə internet bankinq üçün ən yaxşı şərtlər təklif edib.

Oleq-Kondratenko (IT şirkətinin direktoru): “Azərbaycanda biz müraciətimizə isti qarşılıq aldıq. Yəni cavab daha geniş əməkdaşlığa və şirkətlərimizin daha dərin inteqrasiyasına ümid etməyə imkan verir. Odur ki, birgə biznesin yaradılması imkanlarını nəzərdən keçiririk”.

Azərbaycanda asanlıqla Belarus izi tapmaq mümkündür. Xüsusən, əgər bir yerdə dayanmasan. Məsələn, Bakı və Sumqayıt şəhərlərini Belarusda yığılmış “Şadler” elektrik sürət qatarları birləşdirir. Yollarda bizim MAZ avtomobilləri, tarlalarda dəmir “Belarus”lar. Gəncədə müştərək avtomobil yığımını isə prezidentlər nümunəvi iş adlandırırlar. Artıq burada 10 mindən artıq MTZ traktoru yığılıb. İndi isə irəli getməyin və yeni bazarlar kəşf etməyin vaxtıdır. Yaxın zamanlarda Belarus-Azərbaycan birgə istehsalat xətti Türkiyədə də işə düşəcək.

Xanlar Fətiyev (Gəncə Avtomobil Zavodu Müşahidə Şurasının sədri): “Türkiyədə bütün modifikasiyalardan olan 50 min traktor satılır. Nə üçün biz Belarusdan olan dostlarımızla bu bazarda birgə iştirak etməyək?”. 

Bu il hər iki ölkə üçün əlamətdardır. Minsklə Bakı diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edir və artıq onların aktivində ticarət sahəsində əldə olunmuş yaxşı nəticələr var. Bu gün iki ölkə arasında ticarət dövriyyəsinin həcmi üçqat artaraq, 300 milyon dolları keçib. Lakin bu rəqəm daha böyük ola bilər.

Aleksandr Lukaşenko Azərbaycana elektrobusların, liftlərin və taxılyığan kombaynların göndərilməsini, onların bu ölkədə yığılmasını perspektivli sayır.

Aleksandr Lukaşenko (Belarus prezidenti): “Biz vaxtilə öz kombaynlarımızın istehsalı barədə qərar qəbul etməyə məcbur olduq və yanılmadıq. Biz bu texnikanın sizdə birgə istehsalını yaratmağa və hətta Azərbaycandan daha çox üçüncü ölkələr üçün işləməyə hazırıq. Bundan əlavə, aqrar sahədə əlaqələri genişləndirmək, ərzaq məhsullarının qarşılıqlı satışını artırmaq lazımdır”.

İlham Əliyev isə söhbətə yekun vuraraq bildirib ki, iki ölkənin bütün istiqamətlərdə ortaq maraqları var. Neft kimyası – Azərbaycan sərmayələrini Qrodno Azot Zavodunun modernləşdirilməsinə cəlb etmək olar, əczaçılıq – Azərbaycanda birgə dərman istehsalının yaradılması üçün işlər görülür, təhsil – azərbaycanlı tələbələr Belarus ali məktəblərində dərs alır. Hələ inşaat, nəqliyyat və logistika da var.

İlham Əliyev (Azərbaycan prezidenti): “Azərbaycan həm də “Şərq-Qərb” nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Düşünürəm ki, bu iki mühüm nəqliyyat marşrutu üzrə ölkələrin fəaliyyətinin əlaqələndirilməsi əməkdaşlıq üçün tamamilə yeni şərait yaradacaq, on minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaq, ölkələrimiz arasında yük axınını xeyli artıracaq”.

Danışıqların sonunda kifayət qədər sanballı sənədlər zərfi imzalanıb – kənd təsərrüfatı, əmək və sosial müdafiə nazirlikləri, həmçinin güc strukturları əməkdaşlıq haqqında razılığa gəliblər.

Rəsmi səfər zamanı İlham Əliyev vaxt tapıb Azərbaycan Ticarət Evinə də baş çəkib. Yaxın vaxtlarda onun Belarusun vilayət mərkəzlərində də filialları açılacaq. Odur ki, tezliklə çoxları ətirli Azərbaycan çayını dada biləcək.

Heydər Əliyev bu qarşılıqlı anlaşma içkisini özünün Minskdəki dostlarına yalnız stəkanda süzür – lap Belarusla Azərbaycan arasındakı münasibətlər kimi şəffav stəkanda.

Heydər Əliyev (bərpaçı-rəssam): “Belarus mənim xoşumə gəlir. Bu, müqəddəs torpaqdır. Mən burada yaşayır, buranın çörəyini yeyirəm. Mənim uşaqlarım da buradadır. Odur ki, bura da mənim üçün doğma torpaqdır”.

* * *

Qarşılıqlı anlaşma içkisi – yaxşi ifadədir. Hərçənd ürəyini hansı məhsula qoysan, o, öz qiymətini tapacaq.

Biz bu süjetdə Belarus mallarının Azərbaycanda satışı mövzusuna bilərkdən toxunmadıq. Amma bu haqda heç nə deməmək də doğru olmazdı və biz Azərbaycan televiziyasındakı dostlarımızdan xahiş etdik ki, Xəzərin sahillərində yerləşən “Belarus” mağazalarından birinə baş çəksinlər. Dostlar da sağolsun, sözümüzü yerə salmadılar.

Onların təəsüratları ilə tanış olaq.

Aygül Həmidova (müxbir): ““Belarus” mağazalar şəbəkəsi yüksək keyfiyyətli Belarus məhsullarının geniş çeşidini təklif edir. Burada alıcılar şirniyyat, alkoqollu içkilər, ət və süd məhsulları əldə edə bilər”.

Mağazaya təchizatın necə həyata keçirildiyini və keyfiyyətə nəzarət sisteminin necə çalışdığını görmək, mal çeşidi ilə tanış olmaq və müştərilərin fikrini öyrənmək üçün “Belarus” mağazalarından birinə baş çəkdik. Mağazanın ticarət zalı geniş və işıqlıdır, rəflərdə bütün məhsullardan var, alıcılar isə xüsusi səbətlərdən istifadə edə bilər.

Leyla Əliyeva (alıcı): “Mən bu gözəl dükanın daimi müştərisiyəm. Bu şəbəkənin bir neçə mağazası var, mən yaşadığım yerə yaxın olanına gedirəm. Burada təmiz Belarus məhsulları satılır. Bilirəm ki, hər şey təmizdir. Daha çox xama və şirniyyat alıram. Onlar çox keyfiyyətlidir. Özü də əlavə qatqısız”.

Ramiz Hümbətov (alıcı): “Mən üç ildir ki, Azərbaycandakı “Belarus” mağazalarının müştərisiyəm. Əsasən ət və süd məhsulları alıram. Onların keyfiyyəti yüksəkdir. Bizdə Belarus mallarına tələbat çoxdur və düşünürəm ki, bu şəbəkə genişlənərsə, Azərbaycan alıcıları bundan yalnız razı qalar”.

Mağazanın etnik Belarus üslübunda işlənmiş dizaynı da xoş təsir bağışlayır. İşçilərin geyimi də bu üslubdadır.

Dmitri Samulenkov (Bakıdakı “Belarus” mağazalar şəbəkəsinin direktoru): “Bu gün Azərbaycanda 6 mağazamız çalışır. Onlardan 5-i Bakıda 1-i isə Naxçıvandadır. Belarusun 25-ə yaxın istehsalçısı ilə müqavilələrimiz var. Çörəkdən tutmuş şirniyyata, una, makaron məmulatlarına qədər hər şey gətiririk”.

Mağazalarda satılan malların üzərinə xüsusi stikerlər yapışdırılıb. Burada istehsalçının adı, məhsulun tərkbi və yararlılıq müddəti göstərilib. Hamısı da Azərbaycan dilində.

* * *

Ümid edirəm ki, münasibətlərə belə nəzər saldıqdan sonra Belarusla Azərbaycanın nə üçün yaxın dost olduqlarını izah edə bildim.

 

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ONT

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az