10.12.2018 07:27
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Türkiyə, Rusiya, Azərbaycan və İran İKT sahəsində birgə layihə həyata keçirəcək
 
06.12.2018
Actualite-news.com, Fransa
 

  Türkiyə-Azərbaycan-Rusiya-İran əməkdaşlığı
 
06.12.2018
Yeni Akit, Türkiyə
 

  Azərbaycan xalçaları: insanı hipnoz edən nümunələr, zərif çalarlar - FOTO
 
05.12.2018
The Korea Herald, Cənubi Koreya
 

  “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməyə hazırdır”
 
04.12.2018
EurActiv, Aİ
 

  Azərbaycan səfiri Benbu şəhərinə səfəri zamanı Milli İncəsənət Mərkəzində olub
 
04.12.2018
China.com, Çin
 

 
 
Qarabağ münaqişəsinin həllində vasitəçilik edən fövqəldövlətlərin Bakıda yaratdığı məyusluq

 
 



IRNA, İran
05.12.2018


“Dağlıq Qarabağ bölgəsinin başçısı” Bako Saakyanın ardıcıl olaraq Fransa, ABŞ və Rusiyaya səfər etməsi fövqəldövlətlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyində dəyişiklik kimi qiymətləndirilir. Burada Azərbaycanın maraqları nəzərə alınmayıb və bu, Bakının etirazına səbəb olub.

IRNA agentliyinin məlumatına görə, Saakyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri olan Paris, Vaşinqton və Moskvaya səfəri Bakının kəskin etirazına yol açıb. Azərbaycan Dağlıq Qarabağı özünün ayrılmaz hissəsi sayır və “Dağlıq Qarabağ bölgəsi rəsmiləri”nin qəbul olunmasını işğalın təsdiqlənməsi, beynəlxalq normalara zidd addım hesab edir.

Bununla yanaşı, Azərbaycan xarici dövlət vətəndaşlarının və rəsmilərinin Bakının icazəsi olmadan Dağlıq Qarabağ regionuna səfər etməsini də qanunsuzluq, beynəlxalq hüququn normalarının pozulması sayır.

Bakının beynəlxalq vasitəçilərə etirazı

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbəri Saakyan sözügedən səfərlərinə Fransadan başlayıb, daha sonra ABŞ və Rusiyada olub. Azərbaycan Xarici İşlər Nazirliyi hər 3 halda xüsusi bəyanat yayaraq, Saakyanı qəbul etmiş ölkələrə kəskin etirazını bildirib. Hər üç ölkəni beynəlxalq hüququn prinsiplərini pozmaqda ittiham edən Bakı bildirir ki, qeyri-qanuni rejimin nümayəndəsinin Minsk qrupunun həmsədri olan ölkələrə səfəri Dağlıq Qarabağ münaqişəsi zonasında gözlənilməz nəticələrə yol aça bilər və bu halda bütün məsuliyyət rəsmi Yerevanın üzərinə düşəcək.

Xatırladaq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb və 1992-ci ildə hərbi toqquşmalara çevrilib. Münaqişə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

1994-cü ilin mayında münaqişə tərəfləri arasında atəşkəs elan edilib. Lakin problemin dinc yolla nizamlanmasında vasitəçi olan, ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupunun səyləri indiyədək nəticəsiz qalır.

Dağlıq Qarabağ münaqişəsinin həllində əsas maneə böyük dövlətlərdir

Bu gün Azərbaycanda bir sıra dairələr böyük dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlbini problemin həllinə əsas maneə sayır. Onlar hesab edir ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər problemin həllinə yox, Cənubi Qafqaz bölgəsində maraqlarının təmin olunmasına çalışır.

Bu siyasi dairələr ABŞ, Rusiya və Fransanın Saakyanın səfərinə icazə verməsini beynəlxalq vasitəçilərin ikili standartlardan çıxış etməsi, separatçılığı dəstəkləməsi kimi dəyərləndirir.

“Dağlıq Qarabağ rəsmiləri”nin danışıqlara qoşulması

Azərbaycanlı politoloq Elxan Şahinoğlu hesab edir ki, Saakyanın vasitəçi ölkələrə səfəri təsadüf deyil. Onun fikrincə, vasitəçilər Dağlıq Qarabağ separatçılarını Azərbaycana müzakirə tərəfi kimi qəbul etdirməyə çalışır.

ATƏT-in Minsk qrupunun amerikalı, fransalı və rusiyalı həmsədrlərinin bölgəyə bu yaxınlarda etdikləri səfər çərçivəsində Xankəndidə Bako Saakyanla da görüşdüklərini xatırladan Şahinoğlu deyib: “Ola bilsin ki, həmin görüşdə onun ABŞ, Fransa və Rusiyaya səfəri haqda da fikir mübadiləsi aparılıb. Saakyanın Parisə, Vaşinqtona və Moskvaya səfəri zamanı “DQR”in münaqişə tərəfi kimi danışıqlara qoşulması məsələsinin müzakirə olunduğu istisna deyil”.

Qeyd edək ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda separatçıların iştirakına qəti etiraz edir və müzakirələrdə Ermənistanı yeganə tərəf sayır.

“Görünür, Minsk qrupunun həmsədrləri Azərbaycana Ermənistanın illərdir nail olmağa çalışdığı mexanizmi qəbul etdirməyə, “DQR” nümayəndələrini danışıqlar masasına əyləşdirməyə və Bakı ilə üz-üzə qoymağa çalışır”, - deyə politoloq qeyd edib: “Ermənistanın hazırkı rəhbəri Nikol Paşinyan da bu mövqedədir və onun tətbiqinə çalışır”.

Azərbaycan KİV-i yazır ki, Saakyan bu səfərləri çərçivəsində Dağlıq Qarabağ bölgəsinin ehtiyaclarının ödənməsi üçün Amerikada və Fransadadakı erməni lobbisindən böyük həcmdə maliyyə yardımı almağa çalışıb: “ABŞ, Fransa və Rusiya bu bölgəyə maliyyə yardımının cəlb edilməsinə şərait yaradaraq, əslində, separatçılığı təşviq edir, beləliklə də beynəlxalq qanunlara hörmətsizlik nümayiş etdirir”.

Pərdəarxası

Şübhəsiz ki, Saakyanın Minsk qrupunun həmsədri olan üç ölkəyə səfərini təsadüf saymaq olmaz. Azərbaycanın siyasi dairələri bu səfərin pərdəarxasını araşdırır, səfərə icazə verilməsinin məqsədlərini müəyyən etməyə çalışır. Görünür, böyük güclər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni yanaşmadan çıxış edir və onu Azərbaycan tərəfinə qəbul etdirməyə cəhd göstərir.

Bakının Qərblə bağlı ümidsizliyi

Azərbaycan müstəqilliyinin ilk illərindən ölkənin problemlərinin həlli, xüsusilə əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Qərbə böyük ümidlər bəsləyirdi. Lakin illər keçdikcə Azərbaycan xalqı və rəsmi dairələri Qərb ölkələrinin ikili standartlardan çıxış etdiyinin şahidi olub. Onlar Qərbin Azərbaycanın problemlərinin həllinə nə qədər etinasız yanaşdığını görüb. Azərbaycan cəmiyyətinin bu məyusluğu ölkənin Qərbyönümlü müxalif partiya və təşkilatlarına münasibətə də təsir göstərib və hazırda bu partiyalar sanki təcrid vəziyyətinə düşüb.

Azərbaycan prezidenti İlham Əliyev bir müddət əvvəl Avropa Şurasını ölkəsinə qarşı ikili standartlardan çıxış etməkdə təqsirləndirmişdi: “Biz illərdir Avropa Şurasının üzvüyük. Lakin bu üzvlüyə son versək, buna fikir verən də olmayacaq və həyatımızda heç nə dəyişməyəcək. Azərbaycan 2001-ci ildən Şuranın üzvüdür. Bu dövrdə ölkəmizin qanunları Avropa standartlarına tam uyğunlaşdırılıb. Lakin təəssüflər olsun ki Azərbaycan cəmiyyətinin Avropa Şurasına münasibəti müsbət deyil”.

“Azərbaycan Avropa Şurasına üzv olarkən bu qurumun Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım edəcəyini gözləyirdi. Lakin bu ümidlər özünü doğrultmadı və doğrultmayacaq da”, - deyə İ.Əliyev qeyd edib.

Azərbaycanın digər rəsmiləri də çıxışlarında Qərbə qarşı məyusluğunu gizlətmir. Məsələn, Azərbaycan prezidentinin köməkçisi bir müddət əvvəl Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi iki qətnaməyə etiraz edərək deyib: “Belə qərəzli sənədlərin qəbulu tələb edir ki, Azərbaycan Avropa Şurası ilə əlaqələrinə yenidən baxsın”.

Heç bir dövlətin tanımadığı qondarma “Dağlıq Qarabağ Respublikası” nümayəndələrinin qəbulu isə Bakının Qərblə bağlı ümidsizliyini daha da artırıb.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az