10.12.2018 07:28
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Türkiyə, Rusiya, Azərbaycan və İran İKT sahəsində birgə layihə həyata keçirəcək
 
06.12.2018
Actualite-news.com, Fransa
 

  Türkiyə-Azərbaycan-Rusiya-İran əməkdaşlığı
 
06.12.2018
Yeni Akit, Türkiyə
 

  Qarabağ münaqişəsinin həllində vasitəçilik edən fövqəldövlətlərin Bakıda yaratdığı məyusluq
 
05.12.2018
IRNA, İran
 

  “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməyə hazırdır”
 
04.12.2018
EurActiv, Aİ
 

  Azərbaycan səfiri Benbu şəhərinə səfəri zamanı Milli İncəsənət Mərkəzində olub
 
04.12.2018
China.com, Çin
 

 
 
Azərbaycan xalçaları: insanı hipnoz edən nümunələr, zərif çalarlar - FOTO

 
 



The Korea Herald, Cənubi Koreya
05.12.2018


Müəllif: Coel Li

Azərbaycanda əsrlər boyu xalça toxunub. Bu, milli irsin formalaşmasında öz rolunu oynayıb. Azərbaycan xalçalarında rənglərin zərif kompozisiyasına, mürəkkəb naxışlar və rəsmlərə rast gəlmək mümkündür. Bunu həm azərbaycanlılar, həm də əcnəbi qonaqlar yüksək qiymətləndirir.

Azərbaycan xalçaları kifayət qədər yüksək standartlara malik olsa da, dünyada çox tanınmır. Məhz bu üzdən Azərbaycanın Cənubi Koreyadakı səfirliyi ölkə xalçalarının tanıdılması məqsədilə Koreya Fondunun Seulda yerləşən qalereyasında sərgi təşkil edib. O, dekabrın 19-dək davam edəcək. Sərgi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr olunub.

Azərbaycanın Cənubi Koreyadakı səfirliyi və Koreya Fondunun birgə təşkilatçılığı, “Azərxalça” ASC-nin və “Silk Way” aviaşirkətinin dəstəyi ilə açılmış sərgi “Xalçalar – Azərbaycanın inciləri” adlanır. Sərgidə Azərbaycanın 9 xalçaçılıq məktəbinə aid 18 xalça nümayiş etdirilir.

“Bu gün tarixi əhəmiyyət kəsb edən tədbirdə iştirak edirik. İnanıram ki, bu tədbir Azərbaycanla Cənubi Koreya arasında mədəniyyət sahəsidə mübadilədə dönüş nöqtəsi olacaq”, - deyə Azərbaycanın Cənubi Koreyadakı səfiri Rəmzi Teymurov sərginin açılış mərasimində bildirib: “Azərbaycanın ənənəvi xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. Bundan əlavə, 1967-ci ildə ölkəmizdə dünyada ilk ixtisaslaşmış Xalça Muzeyi təsis olunub”.

Diplomatın sözlərinə görə, Azərbaycan xalçaları Ağ Evdə, Dövlət Departamentində, həmçinin Luvr Muzeyində, Metropolitan, Boston, Filadelfiya, Viktoriya Albert incəsənət muzeylərində və Ermitajda nümayiş etdirilir.

R.Teymurov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım, ölkənin birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqəti ilə xaricdə Azərbaycan xalçalarının təbliği həyata keçirilir. Başqa sözlə, ölkə xalçalarının dünya miqyasında təbliği və ixracı məqsədilə yeni siyasət yürüdülür.

Daha sonra diplomat Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) haqda danışıb. “1918-ci il mayın 28-də islam dünyasında ilk dəfə parlamentli demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdı. İstiqlal Bəyannaməsi əsasında yaradılmış respublika müstəqilliyini elan etmişdi”, -  deyə səfir bildirib.

R.Teymurovun sözlərinə görə, Rusiya imperiyası dağıldıqdan sonra yaranmış daxili və xarici problemlərə rəğmən, AXC effekli dövlət institutlara qura, vətəndaşlarının hüquqlarını qoruya, beynəlxalq ictimaiyyətin etimadını qazana bilmişdi: “Respublikada qısa vaxtda kişilərlə yanaşı, qadınlara da səsvermə hüququ verilmişdi”.

AXC 1920-ci ildə bolşeviklərin işğalı ilə süquta uğrayıb: “1991-ci ildə Sovet İttifaqının dağılması ilə isə Azərbaycan müstəqilliyini bərpa edib. O, AXC-nin varisidir”.

Koreya Fondunun prezidenti Sihyunq Li xalçaçılığın Azərbaycan xalqının tarixindəki rolundan danışıb: “Xalçalar azərbaycanlıların həm xoş, həm də kədərli günlərinin bir hissəsidir”. Lo deyir ki, azərbaycanlılar qədim zamanlardan bəri bayramlar və ya digər tədbirlər üçün xüsusi xalçalar toxuyur.

S.Li 1992-ci ildən rəsmi diplomatik əlaqələri olan Bakı ilə Seul arasındakı münasibətlərdən də danışıb. Onun sözlərinə görə, Azərbaycanla Cənubi Koreya maliyyə, hüquq, müdafiə sahəsində əməkdaşlıq edir: “İki ölkənin iqtisadi sahədə yaxşı əlaqələri var. Nəqliyyat, informasiya texnologiyaları, tikinti və yaşıl enerji sahəsi iqtisadi əlaqələrdə xüsusi yer tutur. Ümid edirəm ki, Azərbaycanla Cənubi Koreya bir-birini daha yaxşı başa düşmək, gələcəkdə mədəni sahədə daha geniş əməkdaşlıq etmək istiqamətində daha çox çalışacaq”.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The Korea Herald


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az