
Actualite-news.com, Fransa
06.12.2018
Müəllif: Ümit Dönməz
Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhanın sözlərinə görə, ölkəsi Rusiya, Azərbaycan və İranla birlikdə informasiya və kommunikasiya texnologiyaları üzrə konsorsium yaradacaq.
Türkiyə, Rusiya, Azərbaycan və İran informasiya və kommunikasiya texnologiyaları üzrə konsorsium yaratmaq haqda razılığa gəlib. Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan bildirib.
“Bu dörd ölkə informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən istər dövlət, istərsə özəl qurumlarının fəaliyyətini daha da genişləndirmək, onlar üçün yeni imkanlar yaratmaq məqsədilə birgə müəssisə qurmaq haqda razılığa gəlib”, - deyə türkiyəli nazir qeyd edib.
Azərbaycan, Türkiyə, Rusiya və İran nazirlərinin Bakıda keçirilmiş dördtərəfli görüşündə yeni müəssisələr, peyk xidmətləri və fiberoptik şəbəkələr və s. sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Turhan hesab edir ki, bu dörd ölkənin coğrafi mövqeyi Avropada, Afrikada və Asiyada kommunikasiya sahəsi üçün çox əhəmiyyətlidir.
Türkiyəli nazir Azərbaycanın paytaxtı Bakıda keçirilən XXIV beynəlxalq “Bakutel-2018” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgində də iştirak edib.
Bakıda o, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul da edilib. Görüşdə prezident Əliyev Azərbaycanla Türkiyə arasındakı ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən nəqliyyat və infrastruktur sahələrində uğurla inkişaf etdiyini söyləyib. İki ölkənin nəqliyyat sahəsindəki əməkdaşlığına xüsusi toxunan İlham Əliyev ötən il istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təkcə region deyil, bütünlükdə Avrasiya məkanı üçün böyük önəm daşıdığını bildirib.
Dövlət başçısı bildirib ki, iki ölkə rabitə sahəsində də əməkdaşlıq edir və Türkiyə şirkətləri uzun illərdir ki, Azərbaycanın bu sektorunda fəaliyyət göstərir. Bununla yanaşı, Əliyev rabitə sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə ümid edir.
Mehmet Cahit Turhan isə iki ölkə arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu, Türkiyə ilə Azərbaycanın bütün sahələrdə birgə layihələri davam edəcəklərini deyib.
Prezident İlham Əliyev ilə türkiyəli nazir Turhan “Bakutel-2018” sərgisi zamanı – Azərbaycan prezidentinin “Turkstat”, PTT, “Turkcell” və “Havelsan” kimi şirkətlərin təmsil olunduğu Türkiyə stendinə baş çəkdiyi zaman bir daha görüşüblər.
(Fransız dilindən tərcümə - WorldMedia.Az)
|