26.06.2019 10:00
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
1919-cu ilin yanvarı, Paris Konfransı. Azərbaycan nümayəndələri bir daha vətənə qayıtmadı

 
 



Eurolatio, Fransa
11.12.2018


Müəllif: Vüsalə Əliyeva

Azərbaycan nümayəndələri gəldi və bir daha geri qayıtmadı… Parisə Sülh Konfransına gələn nümayəndələr “ömürlük” orada da qaldı: Paris arxivlərində unudulmuş tarix. Bu, düz yüz il əvvəl baş verib...

Azərbaycan tarixinin Fransada mühacir həyatı yaşamış görkəmli siyasi xadimi Ceyhun Hacıbəylinin gəlini Paskal Hacıbəyli bizə Büşe ölkəsindən ayrılmağın həyat yoldaşı və ailəsi üçün nə qədər ağrılı olduğu haqda danışır:

“1962-ci ilədək onların Azərbaycanla əlaqəsi olmayıb. Bu, mənim qayınatam Ceyhun bəyi çox narahat edirdi, çünki o, böyük qardaşı Üzeyirlə çox yaxın olub. Artıq bu iki ailə arasında əlaqə yox idi. Azərbaycanın Sovet İttifaqı tərəfindən qəsb edilməsi üzündən ailə Bakıya qayıda bilmirdi. Ceyhun bəy tamamilə antisovet düşüncəli insan idi. O, iki övladını Fransada böyüdüb. Kiçik Ceyhun (oğlu) Bakıda anadan olmuş və Fransaya iki yaşında olarkən gəlmişdi. Həyat yoldaşım Timuçin isə Nitsada doğulub. Bu uşaqlar İl-de-Fransada böyüyüblər. Həmin vaxt onlar hazırda Hacıbəyli ailəsinin üzvlərinin dəfn olunduğu Sən-Klu şəhərində yaşayırdılar.

Müsəlman Şərqində ilk dünyəvi demokratik respublika

Sosial Elmlər üzrə Ali Məktəbin Rusiya, Qafqaz və Mərkəzi Avropa Tədqiqatları Mərkəzinin tədqiqatçısı Georq Mamuliya: “XX əsrin əvvəllərində Qafqazda yeni dövlətlərin yaranması dünya tarixinin böyük maraq kəsb edən macəraları sırasına aid edilməlidir. Bu dövlətlər ilk dövlətçilik təcrübəsini o vaxt əldə edib”.

Beləliklə, birinci müstəqil Azərbaycan Respublikası 1918-ci il mayın 28-də elan edilib. O andan respublika Avropa dəyərlərinə sahib olmaq, ölkəyə mümkün qədər dünyəvilik və demokratiklik gətirmək üçün bir sıra hüquqi tədbirlər həyata keçirməyə başlayıb: milli parlament yaradılıb, qadınlara səsvermə hüququ verilib və s.

Azərbaycan parlamentinin təntənəli açılış mərasimi 1918-ci il dekabrın 7-də vaxtilə Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbi olmuş binasında baş tutub. O zaman qərara alınmışdı ki, Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri parlamentdə təmsil olunsun. Beləliklə, 120 nəfərdən ibarət parlamentdə müsəlman icmasından 80, ermənilərdən 21, ruslardan 10, həmçinin Rus Milli Şurasından 10, alman əhalisi milli təşkilatından 1, Yəhudi Milli Şurasından 1, gürcü komitəsindən 1 və polyak komitəsindən 1 nümayəndə yer alırdı.

Georq Mamuliya deyir ki, Qafqaz dövlətlərinin müstəqilliyinin tanınması yalnız Paris Sülh Konfransı vasitəsilə mümkün idi. 1919-cu il yanvarın 18-də işə başlamış Paris və Versal Konfransı 1920-ci il yanvarın 21-də başa çatıb. O, Parisdə fəaliyyət göstərən səfirlərin konfransına çevrilmişdi. Konfransın proqramı o vaxtadək heç zaman olmadığı qədər geniş olub. Hər şey yenidən qurulmalı idi: Avropanın sərhədləri yenidən müəyyənləşdirilməli, iqtisadi və ticari konturlar yenidən yaradılmalı və s. Bolşevik inqilabından irəli gəlmiş siyasi qeyri-sabitlik də əsas müzakirə mövzusu idi.

Qərb ölkələri hesab edirdi ki, hakimiyyətə bolşeviklərin və ya menşeviklərin gəlməsindən asılı olmayaraq, ruslar hər vəchlə Qafqazı təsir altında saxlamağa çalışacaq. Azərbaycanın gənc respublikanın beynəlxalq aləmdə tanınmasına nail olmaq üçün Parisə yollanmaq qərarına gəlmiş nümayəndə heyəti də istəyinə yalnız Fransaya giriş icazəsi üçün maneələri dəf etdikdən sonra – 1919-cu ilin mayında nail olmuşdu. Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə ölkənin tanınmış siyasi xadimlər və ziyalılar daxil idi...

Paris arxivi, nəhayət…

Azərbaycanda fəaliyyət göstərən media qurumlarından biri Azərbaycan nümayəndə heyətinin 1919-cu ildə Paris Sülh Konfransında iştirakı ilə bağlı sənədli məqalə hazırlamaq məqsədilə müraciət etmişdi. O zaman mən araşdırmalara “Sainte Geneviève” kitabxanasından başladım və bu işi Pompidu Mərkəzində yekunlaşdırdım. Günlərimi məşhur Paris Sülh Konfransı haqda kitablar oxumağa həsr etsəm də, artıq ümidsiz idim və demək olar ki, tükənmişdim. Çünki həmin kitab və sənədlərdə Azərbaycan nümayəndə heyətinin konfransda iştirakı ilə bağlı heç bir məlumata rast gəlinmirdi. Nəhayət, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfransda Georq Mamuliya ilə görüşümdən sonra sən demə, “xəlbirlə su daşıdığımın” fərqinə vardım. O, məni digər mənbələrə – Paris arxivinə, həmçinin müvafiq nazirliyin arxivinə yönəltdi...

Məlum oldu ki, Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin arxivində Azərbaycan nümayəndə heyətinin istər Paris Konfransında iştirak zamanı (1919-cu ilin mayından 1920-ci ilin yanvarınadək), istərsə də AXC-nin işğalından (28 aprel 1920-ci il) sonra hazırladığı bir sıra sənədlər bu günədək qorunub saxlanır. Sənədlərdə əsasən dövlət nümayəndələrinin AXC-nin de-fakto və de-yure tanınmasına, beynəlxalq aləmin tamhüquqlu üzvünə çevrilməsi üçün Qərbin böyük dövlətlərinin razılığının alınmasına istiqamətlənmiş səyləri haqda məlumatlar əksini tapıb.

Əlimərdan bəy Topçubaşovun arxivi Paris Sosial Elmlər üzrə Ali Məktəbinin Rusiya, Qafqaz və Mərkəzi Avropa Tədqiqatları Mərkəzinin kitabxanasında saxlanır. Arxivdə diplomatın həyatının üç dövrü sənədləşdirilib. Birincisi XIX əsrin sonlarından başlayaraq 1918-ci ilədək olan dövrü əhatə edir və onun Rusiya imperiyasının ilk Dövlət Dumasının deputatı, həmçinin “Kaspi” qəzetinin baş redaktoru olduğu zamankı fəaliyyətinə həsr olunub. İkinci dövr Topçubaşovla bağlı bir sıra sənədləri, o cümlədən zamanın tanınmış diplomatları və dövlət xadimlərilə rəsmi yazışmalarını, mübadilələrini əhatə edir. Nəhayət, üçüncü dövr Azərbaycanın bolşeviklər tərəfindən işğalından (28 aprel 1920-ci il) başlayaraq, Ə.M.Topçubaşovun ölümünədək (1934) olan illərə aiddir. Burada onun azərbaycanlı mühacirlərin əlaqələndiricisi kimi fəaliyyətindən bəhs olunur, mühacir təşkilatları ilə əlaqələrini əks etdirən sənədlər saxlanır.

İntellektual müqavimət tarixinin şahidi – “Claridge” oteli

Bu gün “Claridge” oteli tarixi abidə kimi qorunur. Parisdə, Yelisey Çölləri prospekti 7 ünvanında yerləşən “Claridge” otelində vaxtilə çoxsaylı görkəmli şəxsiyyətlər, o cümlədən Marlen Ditrix, Edit Piaf, Jan Qabin kimi məşhurlar qalıblar və müharibə dövründə onlar məhz burada əsl intellektual müqavimətlə məşğul olublar.

1914-cü ildə, Birinci Dünya müharibəsi ərəfəsində tikilmiş otel münaqişə dövründə Silahlanma Nazirliyi tərəfindən istifadə olunub. Bu üzdən onun açılış mərasimi belə, olmayıb.

İkinci Dünya müharibəsi zamanı o, yenidən əvvəlcə Fransa Ordusu, daha sonra alman Vermaxtı tərəfindən istifadə edilib. 1919-cu ilin mayında Parisə gəlmiş Azərbaycan nümayəndə heyəti də Qərbin siyası xadimlərilə çoxsaylı görüşlər keçirmək, mübadilələr aparmaq, bununla da AXC-nin müstəqilliyini tanıtmaq üçün intellektual mübarizəni bu oteldə aparıb.

“Claridge” otelinin direktoru Lotfi Melyani deyir ki, binanın dekorasiyası tarixi görünüşün qorunması ilə modernləşdirilib. “Dünya tarixində bir ilki – yeni dünyəvi müsəlman ölkəsini tanıtmaq niyyətində olan Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransına qatılımaq üçün Fransaya gələn zaman bu oteldə qalıb. Binanın Fransanın tarixi abidəsi kimi tanınmasında bunun da müəyyən rolu var”, - deyə Melyani bizimlə söhbətində bildirib.

AXC-nin de-fakto tanınması

Azərbaycan nümayəndə heyətilə 1919-cu il mayın 28-də təşkil olunmuş görüşdə ABŞ prezidenti Vudro Vilsonun mövqeyi olduqca qəti olub: nə qədər ki, Rusiya məsələsi həllini tapmayıb, Azərbaycanın tanınması gündəlikdə ola bilməz!

Ümumiyyətlə, azərbaycanlıların Paris Sülh Konfransında üzləşdiyi əsas çətinlik nəhəng dövlətlərin Azərbaycanın müstəqillik ideyası ilə bağlı qeyri-müəyyən mövqe nümayiş etdirməsi olub.

“Böyük güclərdən başqa, ayrı-ayrı dövlətlər də Azərbaycan və Gürcüstanın müstəqilliyinin tanınması ilə bağlı fərqli mövqeyə malik idi. Məsələn, Britaniya hökumətini təmsil edən Uinston Çörçil bunun qəti əleyhidarı olub. O, əsas diqqətini bolşeviklərə yönəlmişdi, çünki onlar ingilislər üçün təhdid hesab edilirdi. Birinci Dünya müharibəsində verdiyi ciddi itkilər üzündən nəyin bahasına olursa-olsun menşevikləri dəstəkləyən Fransaya gəlincə, onun məqsədi Almaniyanın sərhədində böyük Rusiya dövlətinin yaranmasına yardım etmək idi. Bütün bunların fonunda Azərbaycan nümayəndə heyət gürcülərlə müqayisədə daha böyük problemlərlə qarşılaşmışdı. Məsələ ondadır ki, Qərb dövlətləri müsəlman ölkəsi olan Azərbaycanla Osmanlı imperiyası arasında bağın olduğunu düşünürdülər”, - deyə Georq Mamuliya bildirir.

Nəhayət, 1920-ci ilin əvvəlində Rusiyada vəziyyətin bolşeviklərin xeyrinə dəyişməsilə rusların Qafqaz regionuna təsiri mövzusu yenidən aktuallaşmışdı. İl Azərbaycan Respublikası və bütünlükdə Azərbaycan xalqı üçün əhəmiyyətli bir hadisə ilə başlamışdı – yanvarın 11-də böyük dövlətlərin Ali Şurası yekdilliklə Azərbaycanın müstəqilliyinin de-fakto tanınması haqda qərar qəbul etmişdi...

Paris arxivindəki sənədlər göstərir ki, bu işdə Azərbaycan nümayəndə heyətinin ciddi xidmətləri olub. Məhz nümayəndə heyəti gərgin keçən görüşlərlə, rəsmi məktublarla skeptik Qərb dövlətlərinin mövqeyini dəyişə bilib və sonda AXC beynəlxalq səviyyədə tanınıb. AXC-nin müstəqilliyi Əlimərdan bəy Topçubaşovun Birinci Dünya müharibəsi müttəfiqlərinin Ali Şurasının üzvləri ilə 1920-ci il yanvarın 10-da Corc Klemanso və Lord Corcun iştirakı ilə keçirdiyi görüşdən dərhal sonra tanınıb.

Azərbaycandan mühacirət: Fransa uğrunda ölmək

Azərbaycan nümayəndə heyətinin sovet Azərbaycanına qayıtmasına 2 amil mane olub: onları gözləyən təqib və başladıqları işi başa çatdırmaq arzusu. Onlar Azərbaycanın müstəqilliyini tanıtmaq üçün mübarizəni son nəfəslərinədək davam etdiriblər...

Bu qrupda nümayəndə heyətinin müşaviri Ceyhun bəy Hacıbəyli (1891-1962) də var idi. Söhbət ilk Azərbaycan operasını, müsəlman Şərqində ilk olan “Leyli və Məcnun”u bəstələmiş Üzeyir Hacıbəylinin (1885-1948) kiçik qardaşından gedir. Sorbon Universitetinin və Paris Siyasi Elmlər Məktəbinin (1910-1915) məzunu olan C.Hacıbəyli yazıçı, jurnalist və musiqişünas kimi tanınırdı. O, iki övladını Fransada böyüdüb. Kiçik Ceyhun Bakıda anadan olsa da, 2 yaşında olarkən Fransaya gəlmiş, Timuçin isə elə Fransada doğulmuşdu.

“Övladlarının da Fransaya gəlməsindən sonra onlar fransız milliyyətini seçməli idilər və belə də olub. Daha sonra, İkinci Dünya müharibəsi zamanı ataları onların qarşısında seçim qomuşdu: müharibəyə getmək və ya getməmək! Lakin övladlar Fransa uğrunda döyüşməyə qərarı vermişdilər”, - deyə Paskal Hacıbəyli Büşe bizimlə söhbətində bildirib. Təəssüf ki, kiçik Ceyhun 1940-cı il iyunun 19-da döyüşlərdə həlak olub. Həmin vaxt o, zabit idi. Timuçin isə İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatının fəalı olub.

Paskal Hacıbəyli deyir: “Bu, əlbəttə ki, ailə üçün böyük dərd, böyük bir ağrı idi. Üstəlik, onların mühacir də olduqlarını nəzərə alsaq, bu vəziyyətdə yaşamaq çox çətin idi. Mühacir həyatı bu ailənin üzvlərini bir-birinə çox yaxınlaşdırmışdı. Bu, mənim həyat yoldaşım üçün də böyük itki idi. Böyük qardaşı ilə arasındakı yaş fərqi az olduğundan, onlar çox yaxın idilər. İndi, ilk dəfə idi ki, onlar bir-birindən ayrılmışdılar. Timuçin zabit deyildi. Bu üzdən də onlar müharibədə eyni yerdə döyüşmürdülər”.

Panteon-Assas Universitetinin hüquq fakültəsində Fransa uğrunda həlak olmuş tələbələrin xatirəsinə abidə qoyulub. Onun üzərində Ceyhun Hacıbəylinin də adı var...

Onlar Fransa tarixinin bir hissəsidirlər

Ceyhun bəy, həyat yoldaşı Zahra Hacıqasımova və iki oğlu Sən-Klu şəhər qəbiristanlığında dəfn ediliblər. AXC nümayəndə heyətinin rəhbəri, birinci Azərbaycan Respublikası parlamentinin sədri Ə.M.Topçubaşov və nümayəndə heyətinin digər üzvləri də həmin qəbiristanlıqda uyuyurlar.

“Sən-Klu xüsusi şəhərdir. Çünki bizim kommunanın tarixində nüfuzlu, mötəbər insanlar olub və onlar bəzən öz həyatlarını riskə atmaqla, Fransa tarixini yaradıb. Sən-Klu qəbiristanlığında uyuyan azərbaycanlı siyasi xadimlər də onların bir hissəsidir”. Bu sözləri AXC-nin 100 illik yubileyi münasibətilə bu insanların 2018-ci ilin mayında təşkil edilmiş anım tədbirində Sən-Klu şəhərinin meri Erik Berdoati söyləyib.

Ümumiyyətlə, Fransa uğrunda canlarından keçmiş insanların xatirəsi hər il noyabrın 11-də anılır. Bu zaman keçmiş döyüşçülər Fransa uğrunda həlak olmuş əsgərlərin məzarlarını ziyarət edir, oraya Fransa bayrağı qoyurlar. Belə məzarlardan biri də kiçik Ceyhunun məzarıdır.

Ə.M.Topçubaşov və ailəsi üzləşdiyi maliyyə çətinliyi ucbatından 1931-ci ildə məhkəmə qərarı ilə yaşadığı evdən çıxarılıb. Bu zaman Topçubaşov sənədlərini özü ilə götürə bilməyib və nəticədə onların uğrunda mübarizə aparmalı olub...

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin üzvü olmuş şəxslərin nəvələri, nəticələri də Fransada doğulub. Ceyhun bəy Hacıbəylinin kiçik oğlu Timuçin 1993-cü ildə 72 yaşında vəfat edib. Timuçinin həyat yoldaşı Paskal Hacıbəyli Büşe deyir: “Fikrimcə, iki, hətta üç mədəniyyətə malik olmaq bəziləri üçün zənginlikdir. İlk baxışdan Timuçin bir fransız idi, o, fransız dilində əla danışırdı, fransız mədəniyətinə yaxından bələd idi. Qısası, o da başqa fransızlar kimi görünürdü. Mənə elə gəlir ki, Timuçin azərbaycanlıların, şərqlilərin qeyr-adi temperamentilə fransızların gözəl tərəflərini özündə uğurla birləşdirmişdi. Onda fransızlara xas sinif ruhu, elitizm yox idi. Bu insan fransızlar kimi, insanı diplomu, maddi vəziyyəti, cəmiyyətdəki mövqeyilə də ölçmürdü. O, insana insan olduğu üçün qiymət verirdi. Timuçin saf ürəyə malik idi. Əvvəlcə onu fransız bilsəm də, yaxından tanıdıqca əcdadlarına, Şərq kökünə məxsus xüsusiyyətlərinin şahidi oldum”.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Eurolatio


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az