21.01.2019 06:34
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan əhalini sülhə hazırlamaq haqda razılığa gəldi
 
19.01.2019
Eurasianet.org, ABŞ
 

  “Qara yanvar”ın Azərbaycan tarixindəki önəmi
 
19.01.2019
BRASÍLIA IN FOCO, Braziliya
 

  Nikol Paşinyanın Qarabağ fiaskosu: “Finita la commedia”
 
19.01.2019
1in.am, Ermənistan
 

  “Qara yanvar”: Azərbaycanın azadlıq uğrunda verdiyi qurbanlar
 
18.01.2019
Əl-Fəcr, Misir
 

  Azərbaycan üçün ABŞ hələ də mayak olaraq qalır
 
17.01.2019
TIMES of SAN DIEGO, ABŞ
 

 
 
Qobustan: daşların “nəğmə oxuduğu” qədim məkan - FOTOREPORTAJ

 
 



CNN, ABŞ
13.12.2018


Müəllif: Morin O`Hare

Qobustan “quru çay məcrası” adlandırılır. Halbuki, Azərbaycanın şərqində yerləşən bu məkan 40 min əvvəl meşələrlə, yaşıllıqlarla zəngin olub. Sonuncu Buz dövründən sonra buradakı mağaralarda yaşayan insanlar maral, keçi ovlayır, çəmənlərdə dolaşır, qayıqla Xəzər dənizində üzürmüş.

Şərqdən və Qərbdən gəlmiş səyyahlar insan sivilizasiyasının ən qədim məkanlarından biri olan Qobustanda görüşür, əhəng daşından olan mağaralarda məskunlaşırmış. Burada yaşamış nəsillər düz XX əsrədək mağaraların divarlarında öz izlərini qoyublar.

Vaxtilə insanların məskunlaşdığı təxminən 20 məkan bu gün 3 təpədə, Qobustan dövlət tarixi-bədii qoruğunun mərkəzində yerləşir. Açıq səma altındakı bu unikal muzeyin ərazisi 537 hektardır. İndi, bura müasir turistik mərkəzdir.

Bu gün yarımsəhra iqlim tipinə malik Qobustandakı qayalarda 6 mindən çox qayaüstü rəsm var. Onlar petroqliflər kimi tanınır. Zaman keçdikcə burada daha çox petroqlif aşkar olunur.

Qədim incəsənət növü

“Petroqliflər insan sivilizasiyasının ən qədim incənət növüdür”, - deyə qoruğun elmi katibi Rəhman Abdullayev “CNN Travel”ə bildirib: “Qayaüstü incəsənətlə bağlı musiqilər də, rəqslər, rəsmlər də olub. Amma bugünədək divarlarda yalnız petroqliflərı aşkar etmişik”.

İnsanlar Qobustandakı bu məkanlarda minilliklərlə yaşayıb. Onların dini ayinlərib yerinə yetirdikləri yer də bura olub. İnsanlar məhz bu mağaralarda dini ayinlər həyata keçirib, dağlara, əcdadlarına sitayiş edib.

Qayaüstü rəsmlərdə isə döyüşçülər, döyməli qadınlar, həmçinin öküzlər, marallar, keçilər, ov səhnəsi və qurban etmə mərasimi təsvir olunub.

Amma buranın landşaftı tanınmayacaq dərəcədə dəyişib. Qobustanın ilkin floara və faunası iqlim dəyişikliyi nəticəsində məhv olub. Düzdür, əcdadlarımızın burada nələri gördüklərini görə bilmərik, amma nəyə qulaq asdıqlarını eşitmək imkanımız var.

“Nəğmə oxuyan” daşlar

Qobustan dövlət tarixi-bədii qoruğunun girişində rastınıza qaval daşı çıxacaq. O, bu qoruqda tapılmış 4 “nəğmə oxuyan” daşdan biridir. 2 metr uzunluğunda olan bu nəhəng daşa kiçik daşla zərbə vurduqda boğuq, lakin uca səs çıxır. Qaval daşında mikroskopik dəliklər var. Bu qeyri-adi səs məhz həmin dəliklər sayəsində yaranır. Hesab edilir ki, bu mikroskopik dəliklər quru iqlimin və regiondakı qazın təsirilə yaranıb.

Bu gün Qobustanı ziyarət edən qonaqlar bu qədim “musiqi aləti”ndə ifa edə, qədim insanlar kimi müxtəlif ritmlər səsləndirə bilər.

“Hər bir qaval daşının üzərində onların uzun müddət istifadə olunduğunu göstərən izlər var”, - deyə R.Abdullayev bizə qaval daşının mərkəzindəki kasa formasında çökəyi göstərərək izah edir. Səsin effektinin artırılması üçün qaval daşı kiçik daşlardan aralı qoyulub.

Hesab edilir ki, Qobustanın ən məşhur petroqliflərindən birində Azərbaycanın milli rəqsi – Yallı təsvir olunub. Bu rəqsdə insanlar əllərini bir-birinin çiyninə qoyaraq dövrə vurur. Güman ki, qaval daşından da Yallı rəqsi zamanı istifadə olunub.

Dəniz səviyyəsinin dəyişməsi

Qayıqların və balıqların təsvir olunduğu petroqliflər göstərir ki, qədim zamanlarda Xəzər dənizinin səviyyəsi yüksək imiş və Qobustandakı 3 təpə o zaman ada olub. Mezolit dövründə Xəzər dənizi ilə Qara dəniz bitişik imiş. Bu, qədim insanlara Avropanın digər fərqli məkanlarına səfər etmək imkanı verirmiş. Bəzi petroqliflərdə 40 nəfərlik qayıqlar da təsvir olunub.

Üst Pleystosen və Erkən Holosen dövrünə aid olan qayaüstü rəsmlərdə isə öküz, vəhşi at rəsmləri, həmçinin böyük heyvanların kollektiv ovlanması səhnələri var. 11 min il əvvəl – Pleystosen dövrünün sonunda iqlim dəyişikliyi nəticəsində insanların ovladığı heyvanların da növü dəyişib. Həmin dövrə aid petroqliflərdə vəhşi qabanlara, quşlara və marallara rast gəlinir.

Eramızdan əvvəl 4000-ci ildən eramızdan əvvəl 2500-cü ilə qədər uzanan Neolit dövrünün petroqliflərində rəqs, qurban etmə mərasimi və ayinlərdən görüntülər var. Mis dövrünün qayaüstü rəsmlərində artıq əhilləşdirilmiş heyvanlar, maralların saxlanıldığı ağıl və atlara qoşulmuş döyüş arabaları təsvir edilib. Bizim eranın 5-15-ci əsrlərini əhatə edən Orta əsrlərdəki qayaüstü rəsmlərdə islama aid yazılar, müxtəlif tayfaların işarələri və yeni, mürəkkəb ov səhnələri görünür.

Son dövrlərdə Qobustanda 500 yeni qayaüstü rəsm aşkar olunub. Bundan əlavə, burada Mis dövrünə aid “58 xana” oynu da tapılıb. O, qayanın üzərində oyulub.

Hələ Qobustanın bütün ərazisi öyrənilməyib. Odur ki, gələcəkdə burada yeni sirli tapıntıların ortaya çıxacağına şübhə yoxdur.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: CNN


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az