18.03.2019 19:42
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
 
15.03.2019
Kommersant, Rusiya
 

  Essyenin yeni ünvanı Azərbaycandır
 
15.03.2019
Milliyet, Türkiyə
 

  Pakayin: “Tehranla Bakı strateji əlaqələr haqda düşünür”
 
15.03.2019
ISNA, İran
 

  Belarusun Azərbaycana satdığı “Polonez” tipli komplekslər Ermənistanın hər nöqtəsini vurmağa qadirdir
 
14.03.2019
168hours, Ermənistan
 

  Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan yevangelist liderlərə qucaq açdı - VİDEO
 
12.03.2019
CBN NEWS, ABŞ
 

 
 
Ermənistanda Paşinyan dövrü və Dağlıq Qarabağ problemi

 
 



Anadolu Ajansı, Türkiyə
19.12.2018


Müəllif: Dr. Cavid Vəliyev

Azərbaycan və ona bağlı olaraq Türkiyə Paşinyandan Dağlıq Qarabağ probleminin həlli istiqamətində addımlar atmasını, Türkiyəyə qarşı düşmən mövqeyindən əl çəkərək, sülhə zəmin axtarmasını gözləyir.

Ermənistanda keçirilmiş və region ölkələri tərəfindən də yaxından izlənilmiş parlament seçkisində gözləndiyi kimi, Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku 70%-ə yaxın səslə qələbə qazanıb. Qaqik Sarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası səslərin 10,62, Edmon Marukyanın “Parlaq Ermənistan” partiyası isə 6,3%-ni toplayıb. Beləliklə, onlar müvafiq olaraq ikinci və üçüncü yeri tutub. Ölkəni 10 il idi idarə edən Serj Sarqsyanın Ermənistan Respublikaçılar Partiyası sarsıdıcı məğlubiyyətə uğrayaraq, cəmi 4,7% səs qazanıb. “Daşnaksutyun” isə seçicilərin yalnız 3,9%-nin dəstəyini ala bilib. Bununla da son 2 partiya yeni parlamentdən kənarda qalıb.

Rəhbərlik etdiyi xalq hərəkatının ölkədə hakimiyyəti dəyişməsilə daha da güclü mövqeyə yiyələnmiş Paşinyanın seçkidən qalib çıxacağı məlum idi. Bu, özünü paytaxt Yerevanda sentyabrın 23-də keçirilmiş seçkidə də göstərmişdi. O zaman Paşinyanın dəstəklədiyi Hayk Marutyan 81% yığaraq paytaxtın rəhbəri seçilmişdi.

Nəzərə alsaq ki, Paşinyanın seçkidə qələbə qazanmasını təmin edəcək kadrları, maliyyə resursları və s. yoxdur, onun bu qədər ciddi uğuru əldə etməsinin səbəbləri hələ də mübahisə mövzusudur. Bununla yanaşı, artıq bir çoxlarının diqqəti Yerevanın bundan sonra daxili və xarici siyasətdə atacağı addımlara yönəlib.

Daxili problemlər xarici siyasətdəki səhvlərin nəticəsidir

Erməni xalqı əvvəlki hökumətin yanlış siyasəti nəticəsində alt-üst olmuş sosial-iqtisadi durumunun düzəlməsini, bu istiqamətdə təcili islahatlara başlanmasını gözləyir. Digər tərəfdən, Ermənistanın yeni rəhbərliyi qarşıdakı dövrdə qəliz xarici siyasi problemlərlə də üzləşəcək. Rusiyanın Ermənistanla münasibətlərin olduğu kimi davam edəcəyini gözlədiyi halda, Qərb Yerevanla daha sıx əməkdaşlığa köklənib. Bundan başqa, Azərbaycan və ona bağlı olaraq Türkiyə Paşinyandan Dağlıq Qarabağ probleminin həlli istiqamətində addımlar atmasını, Türkiyəyə qarşı düşmən mövqeyindən əl çəkərək, sülhə zəmin axtarmasını gözləyir.

Ermənistanda baş verənlərin inqilab deyil, “təkamül” olduğunu deyən Ermənistan rəsmilərisə yeni hökumət üçün əsas prioritetin daxili məsələlər olduğuna eyham vurur. Halbuki, bu gün onların daxilindəki vəziyyət elə xarici siyasətdə yol verilmiş səhvlərin nəticəsidir. Lakin Paşinyanın əvvəlki rəhbərliyin daxili və xarici siyasətdə yol verdiyi səhvləri düzəltmək imkanı var. Çünki o, geniş ictimai dəstəyə və parlamentdə çoxluğa malikdir. Başqa sözlə, əvvəlki rəhbərliklə müqayisədə, regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş qərarların qəbulu baxımından Nikol Paşinyanın manevr imkanları daha genişdir. Bu, olduqca əhəmiyyətli məqamdır. Çünki Ermənistanın birinci prezidenti də məhz bu gücə sahib olmadığı üçün devrilmişdi. İkinci və üçüncü prezidentlərə gəlincə, onlar parlamentdə və ya hərbi sahədə lazımi gücə sahib olmadıqlarını bəhanə gətirir, Azərbaycanla sülh danışıqlarını uzatmağa çalışırdılar.

Beləliklə, Paşinyan regional sülh və sabitlik məsələsində irəli addımlar atmaqdan imtinaya hər hansı bəhanə gətirə bilməyəcək. Demək, yaranacaq duruma görə məsuliyyət bütövlükdə onun üzərinə düşəcək. Üstəlik, istər Paşinyan, istərsə də onun xarici işlər naziri Mnasakanyan əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaqlarını deyirlər.

Seçkidən əvvəl MDB-nin Düşənbədə keçirilmiş sammitdə Azərbaycan prezidenti İlham Əliyevlə Nikol Paşinyan arasında atəşkəsin qorunması haqqında şifahi razılıq da əldə edilib. Nəticədə son dövrlərdə təmas xəttində atəşkəsin pozulması nəticəsində təlafat faktları qeydə alınmır.

Digər tərəfdən, yenə də seçkidən əvvəl iki ölkənin xarici işlər nazirləri arasında ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyilə keçirilmiş görüşdən sonra birgə bəyanat da verilib ki, bu da diqqətə layiq hadisə sayılmalıdır.

Bütün bunlara baxmayaraq, əsas məsələ geniş siyasi və ictimai dəstəyə malik Paşinyanın seçkilərdən sonra hansı addımları atacağı ilə bağlıdır. Hər halda, o, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi addımlar atmaq gücündədir. Üstəlik, regional sülh və sabitlik baxımından, bu addımları atmağa məcburdur.

Diaspor və ordunun təsiri

Bu gün Nokol Paşinyanın Dağlıq Qarabağ münaqişəsilə bağlı hansı addımları ata biləcəyini təhlil edərkən bəzi məqamlar mütləq nəzərə alınmalıdır. Məsələn, o, Qarabağ problemi haqda danışarkən deyir ki, “bu, Dağlıq Qarabağda yaşayan ermənilərə aid məsələdir”. Əslində, bu bəyanatda ikibaşlı mesaj var. Birincisi, Paşinyan bununla, Dağlıq Qarabağ ermənilərini Ermənistanın daxili siyasətinə qarışmamağa çağırır. Hər halda, Yerevan daxili siyasətdə onları neytrallaşdırmaq üçün bəzi addımlar atır.

İkincisi, o, bununla açıq mesaj verir: Dağlıq Qarabağ ermənilərinin razılaşmayacağı həll mümkün deyil.

Bu, olduqca əhəmiyyətli məqamdır. Çünki Dağlıq Qarabağda hakimiyyət faktiki olaraq, hərbçilərin və radikal ermənilərin əlindədir. Sülh danışıqlarında irəliləyişə nail olmaq üçün ilk növbədə bu hakimiyyətin dəyişməsi lazımdır.

Əgər bu istiqamətdə hər hansı konkret dəyişiklik nəzərdə tutulmursa, Paşinyanın sülh danışıqlarında hansısa tələ qurmaq niyyətində olduğunu düşünmək mümkündür. Lakin onun əsl niyyətini, eyni zamanda müstəqil qərar verə bilib-bilməyəcəyini zaman göstərəcək. İndiki mərhələdə bu istiqamətdə hər hansı irəliləyişin olması üçün ilk növbədə sülhə qarşı olan diasporun və Qarabağ ermənilərinin razılığı alınmalıdır. Başqa sözlə, Paşinyan hakimiyyətinin də diasporun maddi dəstəyinə ehtiyacının olması, Dağlıq Qarabağda hakimiyyətin radikalların əlində qalması Ermənistanın yeni hakimiyyəti üçün əsas maneədir. O, Serj Sarqsyanı hakimiyyətini devirməsinə rəğmən, Qarabağdakı rəhbərliyi dəyişə bilmirsə, demək, imkanları hələ də zəifdir.

Türkiyə ilə münasibətlər

Ermənistan-Türkiyə münasibətlərinə gəlincə, Paşiınyanın bu haqda indiyədək verdiyi bəyənatlar bu məsələdə Sarqsyandan fərqli düşünmədiyini göstərir. Anlaşılan odur ki, Yerevan yeni dövrdə də bu məsələdə fərqli siyasət yürütməyəcək. Paşinyan seçkidən əvvəlki bəyanatlarda durmadan Türkiyənin ölkəsi qarşısında ilkin şərtlər irəli sürdüyündən danışırdı...

Ermənistanın xarici işlər naziri Mnasakanyan da Türkiyə ilə münasibətlərin normallaşdırılmasına yalını hər hansı ilkin şərt olmadan başlaya biləcəklərini deyir. O, hətta 2009-cu ildə imzalanmış Sürix protokollarının iflasa uğramasına görə Türkiyəni günahlandırır. Amma proses məhz Ermənistanın mövqeyi üzündən dalana dirənmiş, 2018-ci ilin martında isə Serj Sarqsyan protokolları ləğv etmişdi. Halbuki, Ermənistan Konstitusiya Məhkəməsi ortaya tam fərqli mövqe qoymuşdu. Qurum hesab edir ki, Sürix protokolları Ermənistanın Müstəqillik Bəyannaməsində yer almış Türkiyəyə qarşı ərazi iddialarına, həmçinin qondarma soyqırımla bağlı iddialara zidd deyil.

Türkiyənin ilkin şərtlərinə gəlincə, bu, əslində ilkin şərt yox, tələbdir. Ankara hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində haqlı tərəf olan Azərbaycanı razı salacaq nəticə əldə edilməli, Türkiyəyə qarşı ərazi iddialarından, həmçinin qondarma soyqırım iddialarından əl çəkilməlidir.

Əslində bu gün Paşinyanın “keçmişdəki səhvləri təkrar etməyəcəyik” deməsinin bir səbəbi də Türkiyə ilə Azərbaycanın bir çox məsələdə olduğu kimi, bu məsələdə də birgə siyasət yürütməsidir. Məlum olduğu kimi, Ankara ilə Bakı məsələdə yekdil mövqedən çıxış edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Milli Məclisində 2009-ci ildə etdiyi çıxışında dediyi kimi, “Qarabağ problemi Azərbaycanı qane edəcək şəkildə çözülməzsə, sərhədlər açılmayacaq!”. Bu fikir sülhün əsas şərti xarakteri olaraq, bu gün də qəvvədədir!

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Anadolu Ajansı


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az