18.03.2019 19:36
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
 
15.03.2019
Kommersant, Rusiya
 

  Essyenin yeni ünvanı Azərbaycandır
 
15.03.2019
Milliyet, Türkiyə
 

  Pakayin: “Tehranla Bakı strateji əlaqələr haqda düşünür”
 
15.03.2019
ISNA, İran
 

  Belarusun Azərbaycana satdığı “Polonez” tipli komplekslər Ermənistanın hər nöqtəsini vurmağa qadirdir
 
14.03.2019
168hours, Ermənistan
 

  Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan yevangelist liderlərə qucaq açdı - VİDEO
 
12.03.2019
CBN NEWS, ABŞ
 

 
 
Ermənistanda keçirilmiş parlament seçkisinin Dağlıq Qarabağ münaqişəsinə mümkün təsiri

 
 



La Haine, İspaniya
20.12.2018


Müəllif: Tural Ömərli

Ermənistan Sovet İttifaqından ayrıldığı gündən bu yana tarixində ilk dəfə növbədənkənar parlament seçkisinə gedib. 2018-ci il dekabrın 9-da keçirilmiş seçkidə parlamentdəki 101 yer və növbəti baş nazirin müəyyənləşdirilməsi uğrunda 2 siyasi ittifaq, 9 partiya və müstəqil namizədlər yarışıb. Ölkədə səsvermə hüququ olan 2,7 milyon insan var...

Ermənistanda növbədənkənar parlament seçkisinin keçirilməsinə baş nazir Nikol Paşinyan oktyabrın 16-da vəzifəsindən istefa verməklə yol açmışdı. Əslində isə bu, 43 yaşlı keçmiş jurnalist Nikol Paşinyanın öz hakimiyyətini gücləndirmək məqsədilə qurduğu siyasi oyun idi. Seçki məhz Paşinyanın böyük populyarlıq qazandığı vaxtda keçirilirdi. Köhnə parlamentə nəzarət Paşinyanın rəqibi olan Ermənistan Respublikaçılar Partiyanında (ERP) idi. Odur ki, yeni baş nazir qanunverici orqanı öz iradəsinə tabe edə bilmirdi.

Seçkidə Paşinyanın əsas rəqibləri “Çiçəklənən Ermənistan”, “Parlaq Ermənistan”, ERP, “Daşnaksutyun” partiyaları idi. Parlamentə düşmək üşün partiyaların ən azı 5, siyasi blokların isə 7% səs toplaması tələb olunurdu. Prosesə 20 mindən çox yerli və beynəlxalq müşahidəçi nəzarət edirdi.

Beləliklə, seçkinin qalibi Paşinyanın “Mənim addımım” siyasi bloku oldu. O, seçicilərin mütləq əksəriyyətinin dəstəyini qazandı. İkinci yeri Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyası tutdu.

Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Serj Sarqsyan “məxməri inqilab” adlandırılan xalq üsyanı nəticəsində aprelin 23-də vəzifəsindən istefa verməli olub. Martın 8-də isə hələ Sarqsyanın rəhbəri olduğu ERP-nin çoxluq təşkil etdiyi Ermənistan parlamenti Nikol Paşinyanı baş nazir seçmək məcburiyyətində qalıb.

ERP 20 il idi ki, Ermənistanda hakimiyyətdə idi. Paşinyan bu dövrdə ölkədə yaranmış yoxsulluq, işsizlik və korrupsiyaya etiraz edən xalq kütləsinin qəzəbindən faydalanmaqla polulyarlıq qazanıb. Rəsmi statistikaya görə, hazırda Ermənistan əhalisinin 30%-i yoxsulluq həddindən aşağı səviyyədə yaşayır, əhalinin üçdə biri qazanc dalınca xarici ölkələrə üz tutub. Seçkidə seçici fəallığının cəmi 48% olması da bununla əlaqələndirilir. Bu gün Ermənistan ÜDM-nin 14%-ni xaricdə işləyən insanların ailələrinə göndərdiyi pullar təşkil edir.

Yerevanın xarici siyasətdə də vəziyyəti yaxşı deyil və üstəlik, Paşinyanın bu sahədə ciddi dəyişikliklərə nail olma ehtimalı da azdır. Ermənistan 4 ölkə ilə həmsərhəddir ki, onlardan ikisi – Türkiyə ilə Azərbaycan onunla sərhədlərini bağlayıb. Digər sərhədlərində isə qeyri-müəyyənlikdir. Gürcüstanla şimal sərhədi qonşu ölkədəki siyasi problemlər və ya rəsmi Moskva ilə münasibətlərdəki gərginlik üzündən hər zaman risq altındadır. Odur ki, Ermənistanın dünyaya asan çıxış yolu yalnız İran sərhədidir. Lakin burada da ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar var və bu, Ermənistan üçün həyati önəm kəsb edir.

Bu gün Ermənistan iqtisadiyyatının zəif olmasının əsas səbəbi ölkədəki oliqarxik-monopolist iqtisadi model və Türkiyə-Azərbaycan blokadasıdır. Yerevanın Türkiyə ilə münasibətlərindəki problem isə birbaşa Dağlıq Qarabağ münaqişəsilə əlaqəlidir. Ermənistan Azərbaycana aid Dağlıq Qarabağ bölgəsini illərdir işğalda saxlayır. Bu üzdən də o, özünü təcrid vəziyyətinə salıb.

İşğal edilmiş torpaqlarda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb və nəticədə 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Bu, Azərbaycan və Türkiyənin Ermənistanla sərhədlərini bağlamasına, ticarət əlaqələrini kəsməsinə səbəb olub. Buna baxmayaraq, Ermənistan rəhbərliyi qeyri-qanuni əməllərini ört-basdır etmək üçün bütün bu illər ərzində müharibə şəraitində qalmağı üstün tutub. Beləliklə, dövləti talan edən, korrupsiyaya bulaşmış hakimiyyət illərdir Ermənistana heç nə qazandırmayıb.

Artıq qeyd etdiyimiz kimi, Ermənistanın illərdir dünyaya intensiv və rahat çıxmasına yalnız İran sərhədi imkan verib. İndi isə ABŞ prezidenti Donald Trampın Tehrana tətbiq etdiyi sanksiyalar vəziyyəti qəlizləşdirib. Bununla yanaşı, ABŞ-ın Ermənistandakı sabiq səfiri Riçard Millsin ölkəsinə qayıtması ilə Vaşinqtonun erməni hökumətinə təzyiqləri də açıq hiss olunmağa başlayıb. Bütün bunların fonunda Ermənistanın İranla sıx əlaqələri davam etdirəcəyi gözlənilir. Hər halda, Paşinyan İranla münasibətlərdə heç bir dəyişikliyə getməyəcəyini bəyan edib.

Amma ABŞ Ermənistanın xarici siyasi kursunu bir qədər fərqli görür. Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton Cənubi Qafqaz ölkələrinə bu ilin oktyabrında etdiyi səfər çərçivəsində Yerevanda da olub və orada ermənilərin Bakı ilə razılığa gəlməsinin vacibliyini bəyan edib. Ermənistanda keçirilmiş son parlament seçkisindən sonra Vaşinqton yeni hökumətin Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində vacib addımlar atacağını gözləyir.

Bolton Yerevanda olduğu zaman ABŞ-ın hər iki ölkə ilə hərbi-texniki sahədə əməkdaşlıq edə biləcəyini də deyib. Onun fikrincə, Azərbaycanla Ermənistanın məhz ABŞ-dan silah alması “əlverişli seçim olardı”.

Lakin bu, elə də asan görünmür. Hər halda, Boltonun səfərindən sonra Rusiya ABŞ-ı Moskva-Yerevan münasibətlərini pozmağa çalışmaqda günahlandırıb. Ermənistanın Rusiya ilə hər zaman yaxın münasibətdə olduğu hər kəsə bəllidir. Başqa sözlə, Rusiya ilə strateji əlaqələr Ermənistan üçün prioritetdir. Onun xarici ölkələrlə ticarət dövriyəsinin 25%-dən çoxu Rusiyanın payına düşür. Rusiya Ermənistanın ən böyük iqtisadi tərəfdaşıdır. Bu ölkə iqtisadiyyatına cəlb olunmuş xarici investisiyaların 35%-i də rus investisiyasıdır. Bundan başqa, Ermənistan-Türkiyə sərhədinə yaxın ərazidə Rusiyaya məxsus hərbi baza var və bu, Yerevan üçün çox önəmlidir. Çünki Ermənistanın bu uzun sərhədi təkbaşına qorumaq iqtidarında deyil.

Rusiya hərbiçiləri Ermənistan-İran sərhədinə də nəzarət edir. Bir sözlə, Ermənistanın Türkiyə və İranla sərhədinin Rusiya tərəfindən qorunması Sovet İttifaqı dövründən qalma sistemdir. Bu gün Yerevan ölkə ərazisində Rusiya hərbçilərinin olmasını respublikanın milli təhlükəsizliyinə zəmanət verən mühüm komponent sayır. Bir sözlə, Rusiya Cənubi Qafqazda kifayət qədər təsir gücünə malikdir.

Beləliklə, Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanın xarici siyasətində bir qeyri-müəyyənlik müşahidə olunmaqdadır. “Məxməri inqilab”ın lideri həm Rusiya ilə strateji ittifaqı davam etdirmək, həm də ABŞ və Avropa İttifaqı ilə əməkdaşlıq etmək istəyir. Lakin onun daxildəki opponentlərilə sərt mübarizəsi Moskva ilə münasibətlərinə mənfi təsir göstərir. Məsələn, Yerevanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibi Yuri Xaçaturovun və Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsinə qərar verməsi Rusiyanın çox sərt reaksiyasına səbəb olmuşdu. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu həbslərin siyasi xarakter daşıdığını deyərək, onu pisləmişdi. Hər halda, KTMT-nin baş katibinə qarşı cinayət işinin qaldırılması bütünlükdə təşkilatın imicinə zərbə idi.

Bu arada Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəni birbaşa Paşinyanla həll etmək istəyir. İlham Əliyevin əsas məqsədi Ermənistanla dialoqun pərpa edilməsidir. MDB dövlət başçılarının 28 sentyabr 2018-ci ildə Düşənbədə təşkil olunmuş sammitində iki ölkə lideri arasında görüş də olub. Bununla da, Bakı ilə Yerevan yenidən intensiv əlaqələrə başlayıb.

Hər halda, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün ilk növbədə Azərbaycanla Ermənistanın razılığı lazımdır. Odur ki, belə əlaqələr münaqişənin sülh yolu ilə həlli üçün qarşılıqlı etimadın, uyğun atmosferin yaranmasına imkan verə bilər.

Xatırladaq ki, Azərbaycana 2004-cü ildən etibarən gələn böyük həcmli neft gəlirləri sayəsində ölkənin hərbi büdcəsi durmadan böyüməyə başlayıb. Paralel olaraq, ölkə silah alışını artırıb. 2008-ci ildən isə Azərbaycan hərbi sahədə idxal sistemini köklündən dəyişib. Bu gün o, yalnız keçmiş SSRİ ölkələrindən deyil, İsraildən, Qərb dövlətlərində də silah-sursat alır. Son 10 ildə Azərbaycan ordusunun müasirləşdirilməsinə və silahlanmaya 25 milyard dollara yaxın vəsait xərcləyib. Odur ki, Ermənistan Azərbaycanla bağlı siyasi strategiyasını dəyişmək məcburiyyətindədir.

Ermənistan bölgədə təcavüzkar siyasət yürüdən ölkədir. Onun Dağlıq Qarabağı işğalda saxlaması üzündən tərəflər arasında silahlı qarşıdurma hər an bərpa oluna bilər. Hər halda, bu münaqişə 20 ildən artıq “dondurulmuş” vəziyyətdə saxlansa da, 2016-cı ilin aprelində baş vermiş və yaddaşlarda “4 günlük müharibə” kimi qalmış toqquşmalar real vəziyyəti ortaya qoyub. O vaxtdan tərəflər bir-birini tez-tez atəşkəsi pozmaqda günahlandırır.

Avropa İttifaqı tərəfləri ATƏT-in Minsk qrupunun vasitəşiliyilə aparılan sülh prosesində iştirak etməyə çağırır. Azərbaycan tərəfisə öz növbəsində, Ermənistanın yeni hökumətinin məsələyə konstruktiv yanaşacağına ümid edir. Məsələ ondadır ki, Dağlıq Qarabağda münaqişəsinin həlli üçün yeganə variant Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Regionda davamlı sülhə və sabitliyə yalnız bu halda nail olmaq mümkündür.

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: La Haine


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az