26.06.2019 10:05
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
Azərbaycanın xarici işlər naziri Ermənistanla müzakirələrdən razı qalıb

 
 



Nouvelles d’ARMÉNIE, Fransa
24.12.2018


Müəllif: Kler

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı Zöhrab Mnatsakanyanla son görüşündən razı qaldığını bildirib. Onun sözlərinə görə, görüş tərəflər arasında nadir sayılacaq “qarşılıqlı anlaşma” ilə başa çatıb.

İki nazir bir müddət əvvəl ATƏT-in Minsk qrupunun amerikalı, rusiyalı və fransalı həmsədrlərinin vasitəçiliyi ilə Milanda bir araya gəlmişdilər. Onların hər ikisi müzakirələri faydalı saydıqlarını deyiblər.

“Düşünürəm ki, erməni həmkarımla son görüşümüz zamanı uzun illərdən bəri ilk dəfə, bir-birimizi anlaya bildik”, - deyə Elmar Məmmədyarov Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus rəhbərlərilə görüşündə bildirib. Bununla yanaşı, o, müzakirələrin detallarını açıqlamayıb. Məmmədyarov deyib ki, o, Dağlıq Qarabağ münaqişəsilə bağlı sülh prosesində “müsbət nəticələr əldə etmək üçün” gələ ay Mnatsakanyanla yenidən görüşəcək.

Məmmədyarovun bu sözlərini şərh edən Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anna Nağdalyan nazirlər arasında yeni görüşün planlaşdırıldığını təsdiqləyib. O, nazirlərin Milan görüşündən sonra Minsk qrupunun həmsədrlərilə birlikdə birgə bəyannamə imzaladıqlarını da söyləyib. “Halbuki, uzun müddət idi belə formatda bəyanatlar qəbul edilmirdi”, - deyə Nağdalyan qeyd edib.

Bəyanatda vasitəçilər yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərləri arasında konkret nəticələrə hesablanmış yüksək səviyyəli intensiv dialoq qurulacağına ümidlərini ifadə ediblər. Sənəddə qeyd olunur ki, Məmmədyarov ilə Mnatsakanyan üzərlərinə münaqişənin sülh yolu ilə həllini təşviq etmək üçün intensiv işləmək öhdəliyi götürüblər.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev MDB dövlət başçılarının dekabrın 6-da Rusiyada keçirilmiş qeyri-rəsmi sammiti çərçivəsində bir araya gəlmişdilər. Onlar qurumun daha əvvəl Tacikistanda keçirilmiş zirvə görüşündə də qısa söhbətləşmişdilər. O vaxtdan münaqişə zonasında atəşkəs rejiminin pozulması halları kəskin azalıb.

“Ümid edirik ki, 2019-cu il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə yeni impuls verəcək”, - deyə prezident İlham Əliyev “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazmışdı.

Ondan təxminən iki saat sonra Paşinyan da “Twitter” hesabı vasitəsilə Qarabağ münaqişəsinin həllinin Ermənistan üçün prioritet olaraq qaldığını bəyan etmişdi.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Nouvelles d’ARMÉNIE


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az