21.01.2019 06:37
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan əhalini sülhə hazırlamaq haqda razılığa gəldi
 
19.01.2019
Eurasianet.org, ABŞ
 

  “Qara yanvar”ın Azərbaycan tarixindəki önəmi
 
19.01.2019
BRASÍLIA IN FOCO, Braziliya
 

  Nikol Paşinyanın Qarabağ fiaskosu: “Finita la commedia”
 
19.01.2019
1in.am, Ermənistan
 

  “Qara yanvar”: Azərbaycanın azadlıq uğrunda verdiyi qurbanlar
 
18.01.2019
Əl-Fəcr, Misir
 

  Azərbaycan üçün ABŞ hələ də mayak olaraq qalır
 
17.01.2019
TIMES of SAN DIEGO, ABŞ
 

 
 
Regional tərəfdaşlıq yolunu seçmiş Bakı qlobal qarşıdurmalardan uzaqdır

 
 



IRNA, İran
29.12.2018


Azərbaycan 2018-ci ildə İlham Əliyevin yenidən prezident seçilməsilə, regional qonşularla əməkdaşlıq və qlobal qarşıdurmalardan uzaq durmaq siyasətini davam etdirib.

Azərbaycan müstəqilliyini əldə etdiyi andan bu yana 25 ildir ki, regional qonşuları ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Bununla yanaşı, o, hər zaman qlobal qarşıdurmalardan uzaq durmağa çalışıb.

Bu məqalədə Azərbaycanda 2018-ci ildə baş vermiş ən mühüm prosesləri nəzərdən keçirəcəyik.

Azərbaycanda səkkizinci prezident seçkisi

Azərbaycanda növbəti prezident seçkisi 2018-ci il aprelin 11-də 8 namizədin iştirakı ilə keçirilib. Ekspertlər seçkinin nəticəsinin əvvəlcədən məlum olduğunu deyirdi. Həqiqətən də elə olub və 2003-cü ildən ölkəyə başçılıq edən İlham Əliyev yenidən 7 il müddətinə prezident seçilib.

Qeyd edək ki, Azərbaycanda prezident seçilmə sayı ilə bağlı heç bir məhdudiyyət yoxdur.

Bəzi Qərbyönümlü müxalifət qüvvələri, o cümlədən Musavat və Xalq Cəbhəsi partiyaları seçkinin şəffaf keçirilmədiyini iddia edərək, prosesə qatılmayıb. Lakin Azərbaycanda müxalifət partiyalarının çox zəif olduğunu nəzərə alsaq, onların prezident seçkisini boykot etməsi və etiraz aksiyaları keçirməsi seçki prosesinə heç bir təsir göstərməyib.

Dağlıq Qarabağ münaqişəsi

Dağlıq Qarabağın münaqişəsi Azərbaycanın ən böyük problemidir. Son 25 ildə olduğu kimi, 2018-ci ildə də münaqişənin həllilə bağlı danışıqlar prosesində heç bir irəliləyiş əldə olunmayıb. 2016-cı ilin aprelində Ermənistanla Azərbaycan arasında baş vermiş hərbi toqquşma nəticəsində daha da qızışmış problem atəşkəs rejiminin müntəzəm pozulması ilə bu il də davam edib. Üstəlik, Ermənistanda kütləvi etiraz aksiyaları nəticəsində Serj Sarqsyan hakimiyyətinin devrilməsi və müxalifət lideri Nikol Paşinyanın hakimiyyətə gəlişi Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda qeyri-müəyyənliyə səbəb olub. Halbuki, Bakı Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra problemin həllində irəliləyişə ümid etməyə başlamışdı. Lakin Paşinyanın Azərbaycanla bağlı sərt mövqe tutması, kəskin bəyanatlar verməsi bu ümidləri yenidən azaldıb.

Bununla yanaşı, münaqişənin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiyanın bəzi hərəkətləri də Azərbaycan dövləti və cəmiyyətində beynəlxalq vasitəçilərlə bağlı məyusluq yaradıb. Məsələn, qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbəri Bako Saakyanın 2018-ci ilin sonlarında Minsk qrupunun həmsədrləri olan Fransa, ABŞ və Rusiyaya səfərləri Bakının etirazına səbəb olub.

Avropa İttifaqı ilə əməkdaşlıq

Ötən il Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın genişləndirilməsi üçün ciddi addımların atılması ilə yadda qalıb. Tərəflər arasında yeni əməkdaşlıq sazişinin imzalanması üçün Brüsseldə və Bakıda bir neçə görüş keçirilib.

Azərbaycanın əsas ticarət tərəfdaşı olan Aİ ikitərəfli əlaqələrin inkişafı üçün yeni əməkdaşlıq sazişinin imzalanmasını vacib sayır. Bu məqsədlə müzakirələrin aparılması Avropa Komissiyasına və ittifaqın Xarici əlaqələr komitəsinə tapşırılıb. İmzalanacaq yeni sənəd tərəflərin hələ 1996-cı ildə imzaladıqları sazişi əvəz etməlidir. Aİ komissarı Günter Ottingerin sözlərinə görə, tərəflər yeni strateji əməkdaşlıq müqaviləsini 2019-cu ildə imzalamaq niyyətindədir.

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr 1991-ci ildə qurulub və 1996-cı ildə tərəflər arasında siyasi, ticarət, investisiya, qanunvericilik, elm və mədəniyyət sahələrini əhatə edən əməkdaşlıq müqaviləsi imzalanıb.

2004-cü ildə Azərbaycan qurumun “Qonşuluq siyasəti”, 2009-cu ildə isə keçmiş Sovet İttifaqının bir neçə respublikası ilə əlaqələrinin inkişafını nəzərdə tutan “Şərq tərəfdaşlığı” proqramına qoşulub.

“Şərq tərəfdaşlığı” proqramı 2009-cu ildə Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Belarusun daxil olduğu 6 yeni müstəqil dövlətlə siyasi və iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün hazırlanıb.

Rəsmi statistikaya görə, Azərbaycanın xarici ticarət dövriyyəsinin 50%-i Avropa İttifaqının payına düşür və Aİ son bir neçə ildə Azərbaycanda müxtəlif iqtisadi layihələrə 15 milyard dollar sərmayə qoyub. Hazırda Azərbaycanda Aİ üzvü olan ölkələrdən 1500-dən çox şirkət fəaliyyət göstərir.

Beləliklə, Azərbaycanla Aİ arasında danışıqların son mərhələsi 2018-ci ilin dekabrında qurumun böyük nümayəndə heyətinin iştirakı ilə keçirilib. Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, qurumun danışıqlara bu cür geniş nümayəndə heyətilə qatılması Brüsselin Bakı ilə yeni saziş imzalamaqda nə qədər maraqlı olduğunun göstəricisidir. Onun sözlərinə görə, danışıqların növbəti mərhələsi gələn ilin yanvarında keçiriləcək.

“Cənub Qaz Dəhlizi” layihəsinin açılışı

Azərbaycan iqtisadiyyatı əsasən eneri sektoruna əsaslanır. Neft-qaz sənayesilə bağlı fəaliyyət 2018-ci ildə də ölkənin iqtisadi siyasətinin prioritet istiqamətlərindən olub.

“Cənub Qaz Dəhlizi” layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil olunan təbii qazın Avropaya nəqli məqsədilə 2018-ci ilin mayında istismara verilib. “Şahdəniz” yatağının işlənməsinin ikinci fazası çərçivəsində hasil olunacaq qazın onun vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə, Avropaya nəqli nəzərdə tutulur.

“Cənub Qaz Dəhlizi”nə Azərbaycanın təbii qazının ilk partiyasının vurulması mərasimi 2018-ci il mayın 29-da Bakının Səngəçal terminalında baş tutub.

Enerji sahəsində yeni müqavilələr

SOCAR ilə BP arasında Xəzər dənizindəki D230 blokunda kəşfiyyat işlərinin aparılmasına dair müqavilə Azərbaycan prezidenti İlham Əliyevin Britaniyaya 2018-ci ilin aprelində etdiyi səfər zamanı imzalanıb. Ümumiyyətlə, Azərbaycanın Xəzər dənizindəki neft-qaz yataqlarının işlənməsində BP şirkətilə sıx əməkdaşlığı davam edir. Bu şirkət Azərbaycanın Xəzərdəki neft-qaz layihələrində əsas podratçıdır.

Tranzit imkanları

Azərbaycan neftlə zəngin digər ölkələr kimi, dünya bazarlarında qiymətlərin dəyişdiyi şəraitdə neft gəlirlərindən həddindən artıq asılılığın arzuolunmazlığını anlayır. Odur ki, Bakı iqtisadiyyatın qeyri-neft sektorunu da inkişaf etdirməyə, o cümlədən tranzit imkanlarından istifadə üçün olduqca əlverişli olan coğrafi mövqeyindən yararlanmağa çalışır.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması çərçivəsində bir neçə ildir İran və Rusiya ilə əməkdaşlıq edən Azərbaycan 2018-ci ildə də bu layihə ilə bağlı işləri davam etdirib. Elə 2018-ci ildə “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində Azərbaycanın İranla sərhədədək uzanan Bakı-Astara magistralı istismara verilib. Bakını Astara ilə birləşdirən əvvəlki yol köhnə, istifadəyə yararsız, ensiz idi və bu, beynəlxalq daşımalarda yük maşınları sürücüləri üçün böyük problemlər yaradırdı.

Azərbaycan 2018-ci ildə “Şimal-Cənub” dəhlizi layihəsi çərçivəsində Rusiya ilə sərhəd istiqamətində də yeni avtomobil yolunun tikintisinə başlayıb.

Bakı Beynəlxalq Ticarət Limanının açılışı

2018-ci ildə Azərbaycanın iqtisadi sahədə mühüm nailiyyətlərindən biri də Bakı Beynəlxalq Ticarət Limanının istismara verilməsi olub. Xəzərin sahilində, Bakının Ələt qəsəbəsində yerləşən bu beynəlxalq ticarət limanının tikintisinə 2010-cu ildə başlanılmışdı. Onun ərazisi 117 hektardır. Liman ilkin mərhələdə hər il 15 milyon ton yük və 50 min konteyner qəbul etməyə qadirdir. Növbəti mərhələlərdə yüklərin qəbulu və göndərilməsi gücünün ildə 25 milyon tona çatacağı gözlənilir.

Azərbaycan bu beynəlxalq limanın istifadəyə verilməsini də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tamamlanması istiqamətində səylərin bir hissəsi sayır.

Regional əlaqələr

2018-ci ildə Azərbaycan regional əməkdaşlığı inkişaf etdirmək məqsədilə ikitərəfli, üçtərəfli və çoxtərəfli əlaqələrini daha da genişləndirməyə çalışıb. Bu istiqamətdə atılmış mühüm addımlardan biri də İran prezidenti Həsən Ruhaninin Azərbaycana martda etdiyi rəsmi səfər olub.

Səfər zamanı iki ölkə arasında 8 əməkdaşlıq sənədi imzalanıb və iki böyük iqtisadi layihə – İran-Azərbaycan müştərək avtomobil zavodu ilə Astara-Astara dəmir yolu xətti istismara verilib.  

Regional əməkdaşlıq çərçivəsində noyabrda İstanbulda Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Görüşdə iqtisadi əməkdaşlığın geniş spektri, o cümlədən nəqliyyat, enerji, gömrük, ticarət sahələrində, həmçinin siyasi və regional əməkdaşlıq məsələləri müzakirə edilib. Nazirlər bölgədə sülh və sabitliyin qorunmasına yardım etməyin yolları haqda da danışıblar.

Noyabrda isə Azərbaycan prezidenti İlham Əliyev Türkmənistana səfər edib. Səfər çərçivəsində o, türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədovla yüklərin Əfqanıstan, Türkmənistan, Xəzər dənizi və Azərbaycan vasitəsilə Avropaya və əksinə daşınmasını nəzərdə tutan “Lazuli” və ya “Şərq-Qərb” dəhlizinin yaradılmasına dair razılıq əldə edib.

Xatırladaq ki, əvvəlki illərdə, xüsusilə də Türkmənistanın sabiq prezidentinin dövründə Xəzər dənizindəki neft yatağı ilə bağlı fikir ayrılığı Bakı-Aşqabad münasibətlərində sərinlik yaratmışdı. Odur ki, İlham Əliyevin Türkmənistana səfərini iki ölkənin münasibətləri baxımından əhəmiyyətli hadisə hesab etmək olar.

Yenə də Azərbaycanın region ölkələrilə əməkdaşlığı çərçivəsində, Bakı 4 ölkə – Azərbaycan, İran, Rusiya və Türkiyənin rabitə və informasiya texnologiyaları nazirlərinin görüşünə ev sahibliyi edib. Bakıda təşkil olunmuş Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi (Bakutel-2018) çərçivəsində dekabrın 4-də keçirilmiş görüşdə İran, Azərbaycan, Türkiyə və Rusiyanın rabitə nazirləri Məhəmməd Cavad Azəri Cahromi, Ramin Quluzadə, Məhəmməd Cahid Turhan və Konstantin Naskov rabitə və telekommunikasiya sahəsində dördtərəfli əməkdaşlığın genişləndirilməsi yollarını nəzərdən keçiriblər.

Azərbaycanın paytaxtı Bakı 2018-ci ildə bir sıra beynəlxalq və regional konfranslara, o cümlədən Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına, İslam Əməkdaşlığı Təşkilatının gənclər və idman nazirlərinin iclasına, Qlobal Humanitar Foruma ev sahibliyi edib. Bütün bu beynəlxalq və regional tədbirlər İranın fəal iştiraki ilə keçib.

2018-ci ildə Azərbaycan NATO və Rusiyanın yüksək rütbəli hərbi rəhbərliyi arasında iki mərhələli görüşə də ev sahibliyi edib. Bakıda hesab edirlər ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimovla NATO-nun Avropadakı qüvvələrinin komandanı Körtis Skaparrottinin danışıqları məhz Azərbaycanda aparmaları bu ölkəyə olan böyük etimadın göstəricisidir.

Beləliklə, 2018-ci ildə Azərbaycanda baş vermiş mühüm hadisələri nəzərdən keçirən zaman görürük ki, Bakı bu il də balanslaşdırılmış xarici siyasətinə sadiq qalıb, qonşu və regional ölkələrlə əməkdaşlığı möhkəmləndirməyə çalışıb.

Bundan başqa, Bakı son illərdə neft gəlirlərindən asılılığını azaltmağa çalışsa da, 2018-ci ildə də neft və qaz ölkənin əsas gəlir mənbəyi olaraq qalıb.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az