18.03.2019 19:42
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
 
15.03.2019
Kommersant, Rusiya
 

  Essyenin yeni ünvanı Azərbaycandır
 
15.03.2019
Milliyet, Türkiyə
 

  Pakayin: “Tehranla Bakı strateji əlaqələr haqda düşünür”
 
15.03.2019
ISNA, İran
 

  Belarusun Azərbaycana satdığı “Polonez” tipli komplekslər Ermənistanın hər nöqtəsini vurmağa qadirdir
 
14.03.2019
168hours, Ermənistan
 

  Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan yevangelist liderlərə qucaq açdı - VİDEO
 
12.03.2019
CBN NEWS, ABŞ
 

 
 
2018-ci ildə Azərbaycan iqtisadiyyatında baş vermiş 5 əsas hadisə

 
 



DND, Pakistan
07.01.2019


Müəllif: Fikrət Doluxanov

2018-ci ildə Azərbaycan iqtisadiyyatında, ölkənin maliyyə sahəsində bir sıra maraqlı hadisə baş verib. Məsələn, vergi sistemində islahatlar, xarici ölkələrlə iqtisadi əlaqələrin genişləndirlməsi və s. Bu yazıda Azərbaycan iqtisadiyyatında ötən il baş vermiş 5 əsas hadisəyə nəzər salacağıq.

1. Vergi sistemində mühüm islahatlar

İstər iş adamları, istərsə də adi vətəndaşlar üçün ötən ilin ən vacib və yaddaqalan iqtisadi hadisələrindən biri ölkənin Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdir. Dəyişikliklər vergi sistemində ciddi yenilikləri nəzərdə tutur. Məcəlləyə edilmiş ən böyük və mühüm yenilik şübhəsiz ki, qeyri-dövlət sektorunda, o cümlədən qeyri-neft sektoruna aid özəl sahədə çalışanların gəlir vergisindən azad edilməsidir. Bundan başqa, dəyişikliklərə əsasən, Azərbaycan hökuməti kiçik və orta sahibkarlıqla məşğul olan müəssisələrə uzunmüddətli vergi güzəştləri də edəcək.

Dəyişikliklər sadələşdirilmiş vergi sisteminin tətbiqini də nəzərdə tutur. Buraya həm güzşətlər, həm də müəyyən məhdudiyyətlər daxildir.

Ümumiyyətlə, Vergilər Nazirliyi vergi ödəyicilərilə bağlı yeni səhifə açmağa çalışır. Yeniliklərə əsasən, vergi ödəyicilərinə şəffaf işləmələri üçün imkanlar yaradılır.

2. Azərbaycanın “Azerspace-2” telekommunikasiya peyki Kuru kosmodromundan orbitə buraxılıb

2018-ci il sentyabrın 26-na keçən gecə “Azerspace-2” peyki orbitə buraxılıb. Bu, Azərbaycanın son 5 ildən artıq müddətdə orbitə buraxdığı 3-cü peykidir.

Bu peykdən 20 il istifadə ediləcək və nəticədə 400 milyon dollar gəlir əldə olunacaq. Gəlirin əldə olunmasına 2019-cu ilin birinci rübündən başlanılacaq. Yeni peyk Azərkosmosun xidmət spektrini və fəaliyyət coğrafiyasını genişləndirməklə yanaşı, “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq.

3. Dövlət borcunun idarə edilməsi üzrə Strategiya

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin yekunlarına həsr olunmuş və 2018-ci ilin yanvarında keçirilmiş iclasında hökumətə xarici borclanmanın və xarici borcların azaldılması ilə bağlı tapşırıq verib. Ötən ilin avqustanda isə dövlət başçısının sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” təsdiq olunub.

2017-ci ilin sonunda ölkənin dövlət borcu ümumdaxili məhsulun 22,8% faizini təşkil edib. Yeni strategiyaya əsasən, 2026-cı ilədək bu göstərici 12%-dək azalmalıdır.

Strategiyaya əsasən, Azərbaycan hökuməti 2018-2025-ci illərdə ümumilikdə 2,075 milyard dollar xarici borc götürməyi planlaşdırır. İqtisadi islahatların keçirilməsi məqsədilə 2018-2025-ci illərdə Asiya İnkişaf Bankından 500 milyon dollar kredit götürülməsi nəzərdə tutulub. Bundan əlavə, “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyətinin inkişafı və Bakı-Yalama dəmir yolunun tikintisi məqsədilə 325 milyon dollar dəyərində kreditinin cəlb edilməsi də planlaşdırılır.

Azərbaycan 1 milyard 250 milyon həcmindəki avrobondlardan da gəlir götürəcək.

4. Azərbaycanda böyük sənaye müəssisələri açılıb

Ötən il martın 29-da Neftçala şəhərində “Azərmaş” avtomobil zavodu fəaliyyətə başlayıb. O, “AzEuroCar”la “İran Khodro” şirkəti tərəfindən təsis edilib. “Azərmaş” avtomobil zavodu Azərbaycanın cənub-şərqində yerləşən Neftçala Sənaye Məhəlləsində yerləşir. Onun yaradılmasına ilkin mərhələdə 15 milyon dollar investisiya qoyulub.

2018-ci ildə zavodda 1500 avtomobil istehsal olunub. 2019-cu ildə bu göstəricinin 3 minə, 2020-ci ildə isə 5 minə çatdırılması planlaşdırılır. “Azərmaş”da 2 modeldə avtomobil istehsal olunur: “Khazar LD” və “Khazar D”. “Khazar LD” avtomobilinin qiyməti 18 min manat, “Khazar D”nin qiymətisə 16 min manatdır. Zavodda istehsal olunan avtomobillər “Avro-5” standartlarına uyğundur.

“Azərmaş” zavodunun strateji hədəflərindən biri avtomobillərin ixracının təşkilidir. Bu məqsədlə onun məhsulları Moskva Beynəlxalq Avtosolonunda nümayiş də olunub.

Ötən il Sumqayıt Kimya Sənaye Parkında da bir neçə müəssisə fəaliyyətə başlayıb. Onlardan biri 48 milyon dollar investisiya hesabına yaradılmış “Tabaterra” tütün fabrikidir. Fabrikdə illik 11 milyard siqaret istehsal olunacaq. Bu, Azərbaycanın daxili tələbatının 80%-nin ödənəcəyi deməkdir.

Ötən il Sumqayıt Kimya Sənaye Parkında 3,5 milyon dollara başa gəlmiş inşaat kimyəviləri zavodu fəaliyyətə başlayıb.

2019-cu ildə bu parkın ərazisində daha 4 müəssisənin açılışı nəzərdə tutulub: “SumPlast” - sənaye istifadəsi üçün polimerdənildə kisə və torbalar istehsal edəcək, “AzerFloat” - termofarmasiya texnologiyası əsasında şüşələr istehsal edəcək, “Nexsus Labs” - məlumatın emalını həyata keçirəcək, “Azerxalça” – təmiz yun hazırlayacaq.

Bu gün Sumqayıt Kimya Sənaye Parkında 18 şirkətin rezident statusu var. Onlardan 9-u artıq fəaliyyətə başlayıb. Bu günədək parkın rezidentləri müəssisələrə 2,2 milyard dollar investisiya qoyub. Yaxın gələcəkdə bu göstərici 3 milyard dollara çatdırılacaq.

5. Azərbaycan ticarət evləri şəbəkəsini artırır, eyni zamanda, şərab evləri şəbəkəsini formalaşdırır

Azərbaycan İqtisadiyyat Nazirliyi 2017-ci ildən etibarən qeyri-neft sektorunda ixracatın artırılması məqsədilə xaricdə “Made in Azerbaijan” brendi ilə ticarət evlərinin yaradılmasına başlayıb. İlk belə ticarət evi Minskdə açılıb.

2018-ci ildə də nazirlik Avropada da ticarət evləri açıb. Məsələn, Kiyev, Riqa, Varşava kimi şəhərlərdə Azərbaycan ticarət evləri fəaliyyətə başlayıb. Bununla da nazirlik məhsullarını Avropa İttifaqı ölkələrinə ixrac etmək istəyən biznesmenlər üçün körpü yaradıb.

2019-cu ildə Azərbaycan İqtisadiyyat Nazirliyi ticarət evlərini daha çox Şərq ölkələrində açmağı planlaşdırır. Xüsusilə, BƏƏ, Qazaxıstan, Çin və Rusiyada ticarət evlərinin fəaliyyətə başlaması nəzərdə tutulub. Bu il ümumilikdə 10 ticarət evinin açılması planlaşdırılır.

Nazirliyk ticarət evlərilə bərabər, şərab evlərinin yaradılmasına da başlayıb. İlk 2 şərab evi Çinin Urumçi və Şanxay şəhərlərində açılıb. Bu il isə Moskvada 2 şərab evinin açılması planlaşdırılır. Azərbaycan şərab evləri növbəti mərhələdə Yekaterinburq və Sankt-Peterburq şəhərlərində fəaliyyətə başlayacaq. Bu gün Rusiya ilə Çin Azərbaycan şərablarının əsas ixrac istiqamətləridir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: DND


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az