21.01.2019 06:33
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan əhalini sülhə hazırlamaq haqda razılığa gəldi
 
19.01.2019
Eurasianet.org, ABŞ
 

  “Qara yanvar”ın Azərbaycan tarixindəki önəmi
 
19.01.2019
BRASÍLIA IN FOCO, Braziliya
 

  Nikol Paşinyanın Qarabağ fiaskosu: “Finita la commedia”
 
19.01.2019
1in.am, Ermənistan
 

  “Qara yanvar”: Azərbaycanın azadlıq uğrunda verdiyi qurbanlar
 
18.01.2019
Əl-Fəcr, Misir
 

  Azərbaycan üçün ABŞ hələ də mayak olaraq qalır
 
17.01.2019
TIMES of SAN DIEGO, ABŞ
 

 
 
Dağlıq Qarabağ: ümid işartısı

 
 



L’Opinione, İtaliya
12.01.2019


Müəllif: Domeniko Letizia

Qərb mətbuatının yazdığına görə, Ermənistanla Azərbaycan arasında uzun illərdir davam edən Dağlıq Qarabağ münaqişəsilə bağlı mühüm yeniliklər var.

Azərbaycana məxsus Dağlıq Qarabağ regionunun azərbaycanlı icması ötən ilin dekabrında Bakıda qurultay keçirib. Qurultayda Azərbaycan Xarici İşlər Nazirliyinin gənc əməkdaşı Tural Gəncəliyev icmanın yeni rəhbəri seçilərək, bu postda 68 yaşlı Bayram Səfərovu əvəzləyib.

Bu, regiondakı icmalar üçün son dərəcə əhəmiyyətli xəbər sayıla bilər. Çünki bunun münaqişənin həllinə yönəlmiş diplomatik səylərə təkan verməsi mümkündür. Əslən Qarabağdan olan Tural Gəncəliyev möhtəşəm Azərbaycan musiqisinin beşiyi sayılan Şuşada doğulub. O, uşaqlığını məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun ev muzeyinin yaxınlığında keçirib. Məhz bu ab-hava Gəncəliyevi Şuşada musiqi təhsili almağa ilhamlandırıb.

Lakin 1992-ci ildə Şuşanın işğalından sonra Bakıya köçmüş T.Gəncəliyev orta və musiqi təhsilini paytaxtda davam etdirib. Sonda isə o, peşəkar musiqiçi olmaq yolunu seçməyib. Bakı Dövlət Universitetində bakalavr və magistr dərəcəsi almış Gəncəliyev hüquqşünastdır. 2004-cü ildə Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Məsələləri üzrə Departamentində diplomatik fəaliyyətə başlamış bu gənc sonralar Azərbaycanın Kanada və Çexiyadakı səfirliklərində, eləcə də Amerikada çalışıb.

Gəncəliyev qeyri-hökumət təşkilatları, o cümlədən insan hüquqlarının müdafiəsi sahəsidəki fəaliyyətilə də tanınıb. 2017-ci ildə Vyanada ATƏT-in himayədarlığı təşkil olunmuş İnsan haqları konfransında Dağlıq Qarabağın azərbaycanlı icmasını məhz o təmsil edib.

“Mən 1992-ci ildən qaçqınam. Daha bəsdir. Artıq doğulduğum Şuşaya, uşaqlığımı keçirdiyim evimə qayıtmaq kimi qeyd-şərtsiz hüququmdan yararlanmaq istəyirəm”, - deyə Tural Gəncəliyev Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri seçildikdən sonra verdiyi ilk bəyanatında bildirib. “Facebook” sosial şəbəkəsindəki səhifəsində erməni qoşunları tərəfindən dağıdılmış Şuşa Musiqi Məktəbinin qalıqlarının şəklini paylaşan Gəncəliyev yazıb: “Mən uşaqlığımı burada keçirmişəm, musiqi təhsilimi burada almışam. Biz Azərbaycanın yerlə-yeksan edilmiş bu irsini geri qaytaracaq, onu bərpa edəcəyik”.

T.Gəncəliyev Dağlıq Qarabağ münaqişəsindəki mövcud vəziyətlə bağlı bunları bildirib: “Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında yaradılmış cinayətkar xunta Serj Sarqsyan rejiminin davamıdır. Orada yaşayan erməni əhali, yəni Dağlıq Qarabağ regionunun erməni icması da oyuncaq cinayətkar xuntanın işğalı və nəzarəti altındadır. O, bütün hüquqlardan məhrumdur. Ermənistanda ötən ilin aprelində baş vermiş kütləvi aksiyalar zamanı Ermənistan əhalisi Sarqsyan rejimini devirdi. Bu gün Dağlıq Qarabağ regionunda yaşanan son hadisələr əhalinin bu oyuncaq, cinayətkar rejimdən də bezdiyini göstərir”.

Gənc diplomatın ilk məqsədi bölgənin azərbaycanlı və erməni icmaları arasındakı danışıqlarda bərabərliyin əldə olunması üçün Azərbaycan icmasının rolunu gücləndirməkdir. “Ermənistanla Azərbaycan arasındakı danışıqlar prosesində Azərbaycana məxsus Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları maraqlı tərəflər kimi qiymətləndirilib. Lakin Azərbaycan icmasının qanuni hüquqları bərpa olmadan, eləcə də azərbaycanlılar öz doğma yurdlarına qayıtmadan münaqişə həll edilə bilməz. Serj Sarqsyan rejimi bu iki icma arasında dialoqa mane olurdu. Hesab edirəm ki, hər iki icmanın Azərbaycanın sərhədləri daxilində bərabər tərəflər kimi yaşamasına dəstək verilməlidir”, - deyə Tural Gəncəliyev bildirib.

Bu iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsilə başlayıb. Bir müddət sonra tərəflər arasında müharibə başlayıb və nəticədə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayonunu – ümumilikdə Azərbaycan ərazisinin 20%-ni işğal edib. Ötən dövr ərzində beynəlxalq təşkilatlar erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından tam və qeyri-şərtsiz çıxarılmasını, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasını tələb edən çoxsaylı qərar və qətnamələr qəbul edib. Lakin bu tələblər, o cümlədən BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı müvafiq qətnamələrinin tələbləri hələ də yerinə yetirilməyib.

Bu gün Dağlıq Qarabağın azərbaycanlı icmasına gənc və peşəkar diplomatın rəhbər gətirilməsi göstərir ki, Azərbaycan tərəfi regionun iki icması arasındakı danışıqlarda azərbaycanlı icmasının rolunu gücləndirmək istəyir. Çünki Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsində yalnız erməni tərəfinin mövqeyi əsas götürülə bilməz. Başqa sözlə, Dağlıq Qarabağın gələcək hüquqi statusunun müəyyənləşdirilməsində, etnik təmizləmə nətcəsində regiondan çıxmaq məcburiyyətində qalmış azərbaycanlılar da iştirak etmək hüququna malikdirlər. Bu hüquq təmin edilmədən, problem ədalətli həll oluna bilməz.

Erməni tərəfi hər zaman öz hüquqlarından danışır. Lakin Dağlıq Qarabağın erməni icmasının hüquqları azərbaycanlı icmasının hüquqlarının pozulması hesabına təmin edilməməlidir. Hər halda, bir insanın hüququnun başqa bir insanın hüquqlarının pozulması hesabına təmin olunması yolverilməzdir. Demək, bir etnik qrupun hüquqları da başqa bir etnik qrupun hüquqlarının pozulması hesabına təmin oluna bilməz. Bu, beynəlxalq hüququn və insan haqlarının əsasını təşkil edir.

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: L’Opinione


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az