18.07.2019 17:33
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Qədim Qobustan: qayaların “oxuduğu” məkan
 
18.07.2019
Titreshahr, İran
 

  FOTOREPORTAJ| Azərbaycana səyahət: qalmalı, yeyib-içməli məkanlar
 
16.07.2019
Masala!, BƏƏ
 

  Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistana mesajdır
 
15.07.2019
TasnimNews, İran
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhər
 
12.07.2019
Parsine.com, İran
 

  FOTOREPORTAJ| Azərbaycan... Od və sevgi ölkəsi
 
10.07.2019
Ən-Nahar, Livan
 

 
 
Həmsədrlər böyük irəliləyişdən danışır: görünməmiş bəyanat!

 
 



Lragir.am, Ermənistan
23.01.2019


Müəllif: Hakob Bədəlyan

ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Zöhrab Mnatsakanyanla Elmar Məmmədyarov arasında Parisdə baş tutmuş görüşdən sonra verdikləri bəyanatda qeyd olunurdu ki, görüşdə bir çox məsələlər müzakirə olunub. Amma bu bəyanatda bir vacib məqam var.

Sənəddə deyilir ki, “həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin mühüm olduğunu qeyd ediblər”. 

Bu cümlənin mənası ətraflı izah edilmir, amma onu dəqiq deyə bilərik ki, bu presedentsiz informasiyadır. Hər halda, bu çox nadir haldır ki, xarici işlər nazirləri səviyyəsində keçirilmiş görüşdən sonra həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılmasına dair birgə layihələrin vacibliyini qeyd edirlər. Ən maraqlısı isə odur ki, bu məsələ Qarabağ münaqişəsinin həllinə dair hər hansı bir razılaşma ilə əlaqələndirilmir.

Bu həm də ona görə maraqlı haldır ki, həmsədrlərin səsləndirdiyi fikri Ermənistanın “müəlliflik hüququnun obyekti” hesab etmək olar. Çünki, belə təşəbbüslə həmişə Yerevan çıxış edib. Siyasi qarşıdurmanın mövcudluğuna baxmayaraq, Yerevan hələ Robert Köçəryanın prezidentliyi dövründə bəyan edib ki, Ermənistan birgə iqtisadi təşəbbüslərin dəstəklənməsinə yönəlmiş siyasət yürüdür. O zaman Robert Köçəryan deyirdi ki, siyasi qarşıdurmanın mövcud olduğu bir şəraitdə gərginliyin azaldılmasına və sabitliyin təmin edilməsinə yönəlmiş iqtisadi metodikanın sınaqdan keçirilməsi mümkündür. Bu tərəflərin çətin siyasi məsələləri bir kənara qoyaraq, regional iqtisadi əməkdaşlıq sahəsində vasitəçilərin köməyilə ümumi ortaq nöqtələr tapmağa cəhd etmələri anlamına gəlir.

Yəni hərbi-siyasi qarşıdurma mövcud olsa da, Ermənistanla Azərbaycan iqtisadi sahədə əməkdaşlıq edir. Amma tabii ki, Azərbaycan məlum səbəblərdən Ermənistanın bu təklifini hər zaman rədd edib. Üstəlik, bu illər ərzində Azərbaycanın yürütdüyü siyasət onu göstərir ki, Bakı öz mövqeyindən dönməyə hazırlaşmır.

Beləliklə, Ermənistan strateji planlarını hazırlayarkən bu amili nəzərə almalıdır və anlamalıdır ki, Azərbaycan güzəştə getmək niyyətində deyil. Başqa sözlə, Bakı Yerevanla iqtisadi əməkdaşlığa razılaşa bilməz.

İndi, uzun illər sonra ATƏT-in Minsk qrupu həmsədrləri regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin vacibliyindən danışır. Bəlkə yeni yaranmış şəraitdə həmsədrlər tərəflərin həmin iqtisadi metodikanın tətbiqinə dair fikrini öyrənməyə çalışır? Bəs Azərbaycan öz mövqeyindən geri çəkilərək siyasi qarşıdurmanı bir kənara qoyub iqtisadi məsələlərin müzakirəsinə keçməyə hazırdırmı? Hər halda, Bakının davranışları və verdiyi bəyanatlar (son zamanlar Azərbaycan tərəfinin bəyanatlarında müəyyən yumşalma meylləri hiss olunsa belə) bunu deməyə əsas vermir.

Məlum olduğu kimi, Azərbaycanın yürütdüyü siyasətin kökündə Ermənistanın təcrid edilməsi, regional iqtisadi layihələrdən kənarlaşdırılması və regionun iqtisadi potensialından Ermənistanın faydalanmasının qarşısının alınmasına yönəlib. Belə olan təqdirdə, həmsədrlərin son bəyanatının mənası nədir? Onlar regionun iqtisadi potensialının reallaşdırılması məsələsində Ermənistana yardım etməyə hazırdırmı?

Onlar Ermənistanın regional əhəmiyyətli layihələrinə yatırım etməklə, Bakıya göstərə bilərlər ki, təklifi rədd etmək mənasızdır və bununla barışmaq lazımdır. Yeri gəlmişkən, Avropa İttifaqının son günlərdə səsləndirdiyi bir bəyanat bu baxımdan diqqətəlayiqdir. Bəyanatda Dünya Bankı ilə birlikdə 13 milyard dollar dəyərində olan iri infrastruktur layihəsinin həyata keçirilməsi nəzərdə tutulduğu qeyd olunur. Bu məbləğdən 700 milyon dolları Ermənistanda İranla dövlət sərhədindən Gürcüstanla dövlət sərhədinə qədər yolun çəkilməsinə, həmçinin Ermənistanın İranla sərhəddə yerləşən sərhəd keçid məntəqəsinin yenidən qurulmasına yönəldilməlidir.

(Erməni dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Lragir.am


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az