19.10.2019 10:50
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| “Heç yana gedən deyilik, Ermənistanla danışıqlar aparmaq lazımdır”
 
18.10.2019
İzvestiya, Rusiya
 

  Avropa Şurası yəhudi irsinin qorunması qərarını Azərbaycanın rəhbərliyilə qəbul etdi
 
16.10.2019
JEWISH JOURNAL, ABŞ
 

  Ermənistana “öz Banderası” nəyə gərəkdir?
 
15.10.2019
ROSBALT, Rusiya
 

  Moskvadan Bakıya riskli təklif
 
15.10.2019
Lragir.am, Ermənistan
 

  MÜSAHİBƏ| Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qondarma dostluq xartiyaları haqda
 
10.10.2019
Turquie News, Fransa
 

 
 
Afaq Məsudun Azərbaycan ədəbiyyatının şedevrlərindən olan əsərlərinin tərcüməsi çap olunub

 
 



Asiapress, Mərakeş
25.01.2019


Müəllif: Fuad əl-Ğuzeyzir (Mərakeş-Asiya əlaqələri forumunun prezidenti)

Misir Mədəniyyət Nazirliyinin Milli Tərcümə Mərkəzi və Azərbaycan Nazirlər Kabinetinin yanında Tərcümə Mərkəzinin əməkdaşlığı ilə Azərbaycanın tanınmış yazıçısı, ədibi Afaq Məsudun “Şənbə gecəsi və digər hekayələr” adlı kitabı Misirdə ərəb dilində nəşr olunub. Bu, müasir Azərbaycan ədəbiyyatının şah əsərlərindən hesab olunur. Kitabı Ayn Şəms Universitetinin Azərbaycanşünaslıq üzrə mütəxəssisi Əhməd Sami əl-Aydi tərcümə edib.

Bu hekayələr məcmuəsi müasir Azərbaycan ədəbiyyatının istiqamətlərini və inkişafını ifadə edir. Yazıçı Afaq Məsud yaradıcılığında bir sıra psixoloji, ictimai və siyasi problemləri məharətlə nəzərdən keçirib. Məhz bu məharəti ilə o, Azərbaycan tənqidçilərinin diqqətini cəlb edib. Bu zəngin yaradıcılığı oxuyan şəxs hər şeydən əvvəl görür ki, yazıçı kiçik cəmiyyətin – ailənin, eləcə də geniş mənada cəmiyyətin bir parçası və əsas dayağı olan Azərbaycan qadınının problemlərilə xüsusilə maraqlanır.

Müəllif “Şənbə gecəsi” hekayəsində yazır: “…Qalxıb yerinin içində oturdu. Saçları bir-birinə qarışıb boynunun dərisini gicişdirirdi. Fikirləşdi ki, indi qalxıb güzgüdə üzünə baxsa, vahimədən bağrı yarılacaq. Çünki axşamdan kirpiklərində qurumuş vəsmə, indi, Allah bilir, gözünün altına yayılmışdı, onu dəhşət-filmlərin qorxunc personajlarına bənzədirdi…”.

Afaq Məsudun yaradıcılığında “qadın” ana, işçi, yazıçı, həyat yoldaşı, evin başçısıdır. Müəllifin qadına və onun problemlərinə olan diqqətinin səbəbini, ilk növbədə, özünün qadın olması ilə bağlamaq olar. Qadınların problemlərini, onların cəmiyyətdə üzləşdikləri çətinlikləri sidq ürəklə ifadə edə biləcək ən yaxın şəxs məhz qadının özüdür.

“Beləcə, ayaqlarını sürüyə-sürüyə, ləngər vura-vura, saysız-hesabsız uşaqları yedirdəcəkdi, bələyəcəkdi, balaca dırnaqlarını balaca qayçıyla tutub çimdirəcəkdi… qolu sözünə baxmayanda, bələkləri dişiylə qaldıracaqdı, ayaqları heydən düşəndə evin içində dizin-dizin sürünəcəkdi… Onda olsun ki, anasının döşünə süd gələcəkdi, gözünə işıq gələcəkdi, saçları uzanıb topuğuna düşəcəkdi... Ya, bəlkə, tərsinə olacaqdı?.. Anasının gücü, heyi günlərin bir günü, axır ki, tükənəcəkdi… və anası heyi bitmiş vücudu ilə yatağına uzanıb bir daha ordan qalxmayacaqdı… nəfəsini ağır-ağır dərə-dərə, dinməz-söyləməz üzünə zillənib qalacaqdı… O da vicdan əzabından qovrula-qovrula, özünə, öz xudpəsəndliyinə nifrət eləyə-eləyə qalacaqdı…”.

Bəzən Afaq Məsudun qəhrəmanlarının dərin xəyallarda üzərək reallıqdan qaçdıqlarını görürsən. Görürsən ki, qadının nifrət etdiyi ərini itirməsi yemək bişirmək, paltar yumaq, evi sahmana salmaq kimi ailə həyatının yüklərindən azad olmaq deməkdir. “Qəza” hekayəsinin qəhrəmanı da xəbərsiz-ətərsiz itmiş, sübhə qədər evə qayıtmayan ərinin başına qəza gəldiyini, nəticədə onun öldüyünü düşünür. Qara paltarlarını hazırlayır. Fikirləşir ki, ərinin ölümündən sonra o, tam azad olacaq... Afaq Məsud qadının başında dolaşan bu fikirləri və ərinin ölüm xəbərini eşidərkən nə edəcəyini belə təsvir edir: “Deməli, bazarlıq eləməkdən, çöldən gələn palçığı qurumuş kartof-soğanı, yağlı əti yuyub soyuducunun rəflərində yerbəyer etmək kimi iyrənc proseslərdən canı qurtaracaqdı… Bir qutu yumurta alıb qoyacaqdı soyuducuya, qurtardı getdi. Fikirləşdi ki, heyif deyil yumurta?!..”.

Afaq Məsudun hekayələr məcmuəsi “özgələşmə” hadisəsi və onun üç əsas növü – subyektiv, sosial və məkan özgələşməsinə aid misallarla doludur. “Mədəd” hekayəsinə nəzər saldıqda görürük ki, o, qəhrəmanın təkliyə, özünə qapanmağa üstünlük verməsindən, evlənmək istəmədiyindən danışır. Hətta tətil günlərində belə, tək gəzib-dolaşır, kinoya tək gedir, dünyanı yalnız kənardan müşahidə etməklə kifayətlənir. Yazıçı bütün bunları aşağıdakı epizodda aydınlaşdırır: “Mədəd evdə də bu prinsipinə sadiq qalırdı. Evdə keçirdiyi saatlarda da kiminləsə üzbəüz, yanaşı oturub danışmağa, yeməyə marağı, həvəsi olmurdu. Telefona cavab vermək məsələsi isə Mədəd üçün evə dair işlərin ən faciəvisi idi. Hər zəngdə cavab verməli olduğu “necə-nətərsən”lərdən, “can-baş”, “kef-əhval”lardan can qurtarmaqdan ötrü dəstəyi yerinə atmaqdan özünü zorla saxlayırdı. Bəzən dözməyib dəstəyi, o üzündə kimsə danışa-danışa atmalı olurdu… mənasız suallar yığnağına “hm” deyib mızıldanmaqdan zinhara gəlib danışığı kəsir, zəng vuranlarla qanacaqsız davranışına görə sonradan evdəkilərin danlağına qulaq asmalı olurdu”.

Yazıçı Afaq Məsud Azərbaycan ədəbiyyatında parlaq imzalardan sayılır. O, Azərbaycan ədəbiyyatında hekayə janrının rəmzlərindəndir. O, ədib ailəsində doğulub, uşaqlıqdan ədəbi mühitdə böyüyüb.

Afaq Məsud “Üçüncü mərtəbədə”, “Şənbə gecəsi”, “Tək”, “İzdiham”, “Yazı”, “Roman, esse, hekayə”, iki cildlik “Seçilmiş əsərlər” kimi kitabların müəllidifir. Onun əsərləri rus, ingilis, fransız, alman, fars, ərəb, türk və başqa dillərə tərcümə edilib.

Yazıçı Afaq Məsud bir çox qiymətli mükafatlara da layiq görülüb. Türkdilli ölkələr arasında ədəbi əlaqələrin möhkəmlənməsi istiqamətində göstərdiyi uğurlu fəaliyyətinə, teatr sənətinin inkişafında xidmətlərinə görə dəfələrlə TÜRKSOY-un medalı ilə təltif edilib. Həmçinin 2015-ci ildə Türkiyə Mədəniyyət Nazirliyi, TÜRKSOY və Avrasiya Yazarlar Birliyinin təsis etdiyi “Beynəlxalq Səhnə Əsərləri müsabiqəsi”nin qalibi olub. 2017-ci il iyunun 1-də isə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda tərcümə işinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Azərbaycan Tərcümə Mərkəzi Azərbaycan ədəbiyyatının seçilmiş əsərlərini dünya dillərinə tərcüməsilə məşğuldur. Burada məqsəd bu ədəbiyyatı dünyada tanıtmaqdır. Bu fəaliyyət həm də Azərbaycan prezidenti İlham Əliyevin ədəbiyyata və mədəniyyətə göstərdiyi diqqətin göstəricisidir.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

 

Mənbə: Asiapress

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az