18.04.2019 22:22
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan prezidenti deyir ki, “Bir kəmər-bir yol” təşəbbüsü regional sabitlik üçün vacibdir
 
18.04.2019
Xinhua, Çin
 

  Moskva Qarabağ prosesində liderliyini göstərdi: Lavrov niyə fəallaşıb?
 
18.04.2019
1in.am, Ermənistan
 

  Bakı ilə Yerevan Qarabağ danışıqlarını davam etdirməklə bağlı razılığa gəlib
 
17.04.2019
IRNA, İran
 

  Ermənistanla Azərbaycan sülh danışıqlarını davam etdirir
 
17.04.2019
Nouvelles d’ARMÉNIE, Fransa
 

  Dağlıq Qarabağ münaqişəsinin həllində Avropanın liderliyinə ehtiyac var
 
17.04.2019
Eurasia Review, ABŞ
 

 
 
Bolton niyə Qarabağ məsələsini Əliyevlə müzakirə edir, Paşinyanla isə yox?

 
 



168hours, Ermənistan
06.02.2019


Müəllif: Araks Martirosyan

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton son günlərdə region ölkələrinin liderlərilə telefon danışığı aparıb. O, bir neçə gün ərzində həm Ermənistanın baş naziri Nikol Paşinyanla, həm Gürcüstan hökumətinin başçısı Mamuka Baxtadze ilə, həm də Azərbaycanın prezidenti İlham Əliyevlə söhbət edib.

Nəzərə alsaq ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədridir, Dağlıq Qarabağ problemi isə hər zaman ikitərəfli gündəmin vacib məsələlərindən olub, erməni tərəfini daha çox Boltonun Paşinyan və Əliyevlə apardığı müzakirələr maraqlandırır.

Boltonun ilk telefon danışığı hələ yanvarın 23-də Nikol Paşinyanla olub. Həmin vaxt Davos İqtisadi Forumu çərçivəsində Nikol Paşinyanla İlham Əliyev arşında saatyarımlıq qeyri-rəsmi görüş də olmuşdu. Paşinyanın sözlərinə görə, onun Boltonla söhbətində Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilməyib. Baş nazir bu haqda özünün “Facebook” səhifəsində yazmışdı: “Az öncə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla telefonla danışdım. Biz regiondakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə etdik. Həm cənab Bolton, həm də mən Ermənistan və ABŞ hökumətləri üçün ikitərəfli münasibətlərin vacibliyini vurğuladıq. Biz ikitərəfli münasibətlərin gələcək inkişafına dair müzakirələri davam etdirmək barədə razılığa gəldik”.

Daha sonra bu telefon danışığı ilə bağlı Bolton da özünün “Twitter” səhifəsində yazıb. Orada da Dağlıq Qarabaş münaqişəsinin nizamlanması prosesi haqda heç nə deyilmir: “Dünən mən Ermənistanın baş naziri Paşinyana zəng edərək, onu bu vəzifəyə yenidən seçilməsi münasibətilə təbrik etdim. Həmçinin dekabrda keçirilmiş seçkinin azad və ədalətli təşkili münasibətilə erməni xalqına təbriklərimi çatdırdım. ABŞ Paşinyanın Ermənistanın gələcək inkişafını və rifahını təmin etməyə yönəlmiş səylərini dəstəkləyir”.

Lakin cəmi bir neçə gün öncə məlum olub ki, Con Boltonun Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı zamanı... Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin perspektivləri müzakirə olunub. “Mən Azərbaycan prezidenti İlham Əliyevlə danışdım. Biz enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməsi də daxil olmaqla, bir sıra ümumi maraq kəsb edən məsələləri müzakirə etdik”, - deyə Trampın müşaviri yazıb.

Bundan sonra Ermənistan parlamentinin deputatı, “İşıqlı Ermənistan” partiyasının üzvü Arman Babacanyan “Facebook” səhifəsində belə bir sualla çıxış edib: “Baş nazirə və ölkəmizin xarici siyasətinə məsul olan şəxslərə belə bir sualım var: Boltonun Paşinyan və Əliyevlə təxminən eyni vaxtda baş tutmuş telefon danışıqlarının məzmunu niyə bu qədər fərqlidir? Bolton niyə Nikol Paşinyanla təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etməyib?”.

Politoloq Ağasi Yenokyan “168 hours”a açıqlamasında bunun səbəbini izah etməyə çalışıb. O, Bolton-Paşinyan söhbətində Dağlıq Qarabağ məsələsinə toxunulmadığına inanmır. Politoloq düşünür ki, söhbət zamanı beynəlxalq və regional vəziyyət müzakirə edilibsə, demək, Dağlıq Qarabağ problemi haqda da danışılıb. Çünki bu münaqişənin həlli bilavasitə regionun təhlükəsizliyilə bağlı məsələdir. “Hər halda, onlar Venesuela prezidenti Maduronun vəziyyətini müzakirə etməzlər”, - deyə Ağasi Yenokyan zarafatla bildirib.

Yenokyan hesab edir ki, telefon danışığı zamanı Qarabağ məsələsinə toxunulub, sadəcə, əvvəldən əldə edilmiş razılaşmaya əsasən, bu, açıqlanmayıb. Politoloqun fikrincə, Nikol Paşinyan ümumiyyətlə, Ermənistan daxilində bu problemin mümkün qədər az müzakirə edilməsinə çalışır. “Bunu görmək çətin deyil. Bilərəkdən bəzi süni məsələlər qaldırılır, nəticədə xalq narahat olmağa başlayır, mətbuatda həmin məsələlərin müzakirəsinə keçir və diqqət əsas məsələdən yayınır. Ola bilsin ki, məhz Paşinyan Boltondan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına dair müzakirələrin gizli qalmasını xahiş edib. Paşinyanın bunu gizli saxlamaq istədiyi faktdır. Bu isə hazırda hansısa gizli proseslərin getdiyini bir daha sübut edir. Razılaşmaların pozulmaması üçün məsələni gizli saxlamağa çalışırlar. Başqa sözlə, diqqəti yayındırmaqla, Qarabağ məsələsini güzəştə getməklə həll etməyə çalışırlar. Fikir verin, Paşinyan Əliyevlə keçirdiyi görüşlərdə belə, Dağlıq Qarabaş məsələsinin müzakirə olunmadığını deyir. Halbuki, Ermənistan və Azərbaycan rəhbərlərinin görüşməsi üçün gündəmində başqa məsələ yoxdur. Əgər Qarabağ məsələsi müzakirə olunmursa, demək, əbəs yerə görüşürsünüz”, - deyə politoloq qeyd edib.

Ağasi Yenokyan fikrini belə davam etdirib: “Görürük ki, Ermənistanda baş vermiş inqilabın ardından, o cümlədən parlament seçkisindən əvvəl və sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar daha intensiv şəkil alıb. Bu isə o deməkdir ki, nəyəsə hazırlıq gedir. Artıq ATƏT-in Minsk qrupu formatı çərçivəsində əldə edilmiş razılaşmaları, həmçinin aprel döyüşlərindən sonra erməni tərəfinin səyləri nəticəsində əldə edilmiş Vyana, Sankt-Peterburq və Cenevrə razılaşmalarını qüvvədən düşmüş hesab etmək olar. Hər halda, həmsədrlərin bəyanatlarında artıq bu razılaşmalar haqda heç nə deyilmir”.

Politoloq Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın “erməni tərəfi Qarabağın statusu və təhlükəsizliyi məsələsində mövqeyindən geri çəkilməyib” fikrinə də münasibət bildirib. Ağasi Yenokyan hesab edir ki, nazirin sözlərinə bir halda inanmaq olardı: Minsk qrupunun həmsədrləri də eyni sözləri desin. Çünki vasitəçilər Paşinyanın hakimiyyətə gəlişinədək bunu deyirdilər.

“Bir sözlə, Qarabağ probleminin həllinə müəyyən hazırlıq gedir. İndiyədək deyilirdi ki, Qarabağda sülhün ən böyük qarantı ona statusun verilməsidir. Amma bu gün “sülh əvəzinə ərazilər” tezisindən danışılır”, - deyə Yenokyan bildirib.

Beynəlxalq münasibətlər üzrə ekspert Suren Sarqsyan isə bir qədər fərqli düşünür. O, “168 hours”a açıqlamasında deyib ki, Bolton Paşinyana məhz parlament seçkisindəki qələbə və baş nazir postuna yenidən seçilməsi münasibətilə təbriklərini çatdırmaq üçün zəng edib: “Yəni məqsəd təbrik etmək olub. Ola bilsin ki, söhbət zamanı başqa məsələlərə də toxunulub. Amma əsas məqsəd məhz təbrik etmək olub. Bu telefon danışığının təşəbbüskarı Boltondur. Azərbaycan prezidentinə də Bolton zəng edib. Amma Azərbaycanda heç bir seçki keçirilməyib, hakimiyyət dəyişikliyi baş verməyib. Demək, Bolton Azərbaycan prezidentinə gündəmdə olan siyasi məsələlərin müzakirəsi məqsədilə zəng vurub. Əminliklə deyə bilərəm ki, əgər Bolton söhbət zamanı Qarabağ probleminə toxunmasa belə, İlham Əliyev bu məsələni qaldırıb. Çünki indiyədək elə bir hal olmayıb ki, Azərbaycan tərəfi bu məsələni müzakirə etmək fürsətini əldən versin. Amma bu, o anlama da gəlmir ki, Bolton Paşinyanla telefon danışığı zamanı Qarabağ problemi haqda danışmaq istəyib, lakin Ermənistanın baş naziri bundan imtina edib”.

Sarqsyan deyir ki, belə telefon danışıqları zamanı adətən ikitərəfli gündəmin ən önəmli məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunur: “Amma Bolton ATƏT-in Minsk qrupunun həmsədri deyil. Bu, onun sahəsi deyil. Minsk qrupunun amerikalı həmsədri ABŞ Dövlət Departamentinin danışıqlar prosesindəki nümayəndəsidir və danışıqlar prosesinin bütün detallarından məhz o, xəbərdardır. Əgər məsələ Dövlət Departamentinin səlahiyyətlərinə aiddirsə, Con Bolton söhbət zamanı sadəcə, danışıqlar prosesini alqışlaya, onu intensivləşdirməyə çağıra bilər. Əminəm ki, Bolton danışıqlar prosesinin detalları ilə tanış deyil. Bu məsələ ilə Dövlət Departamentinin nümayəndəsi Endryu Şeffer məşğul olur”.

Suren Sarqsyan Paşinyanla Boltonun söhbəti zamanı Qarabaş məsələsinin müzakirə olunmadığına inanır. “Əgər Qarabağ məsələsinin müzakirə edilmədiyi xüsusi vurğulayırlarsa, demək, bu, belədir. Mən buna inanıram. Düşünürəm ki, regional təhlükəsizlik və sülh məsələləri ümumi kontekstdə müzakirə edilib. Ayrıca Qarabağ məsələsinə toxunulmayıb”, - deyə o, qeyd edib.

(Erməni dilindən tətcümə - WorldMedia.Az)

Mənbə: 168hours


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az