16.02.2019 04:15
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycana səfər
 
14.02.2019
THE NEWS, Pakistan
 

  İran-Azərbaycan: yaxın qonşular və regional müttəfiqlər
 
13.02.2019
IRNA, İran
 

  “Azərbaycan ABŞ-dan “təyyarələr və satellitlər” kateqoriyasına aid 197 milyon dollarlıq mal alıb”
 
12.02.2019
Aysor.am, Ermənistan
 

  Azərbaycanın Cibutidəki səfiri Elman Abdullayev ilə - MÜSAHİBƏ
 
12.02.2019
La Nation, Cibuti
 

  Paşinyanla Əliyev Moskvanın məqsədini anlamağa çalışırlar
 
11.02.2019
1in.am, Ermənistan
 

 
 
Mürəkkəb dünyada suveren fondların güvənə biləcəyi sərvətlərdən biri qızıldır

 
 



Bloomberg, ABŞ
07.02.2019


Müəllif: Zülfüqar Ağayev

Beynəlxalq ticarətdə ziddiyyətlərin, geosiyasi risklərin artığı indiki dövrdə Azərbaycanın suveren Fondu üçün qızıldan daha yaxşı “təhlükəsizlik yastığı” ola bilməz.

SOFAZ kimi tanınan Azərbaycan Dövlət Neft Fondu 5 illik fasilədən sonra, 2018-ci ildə qızıl alışını bərpa edib. 2019-cu ildə o, qiymətli metal aktivini təxminən 2 dəfə artıraraq, 100 tona çatdırmağı planlaşdırır. Azərbaycan Dövlət Neft Fondu istiqrazlara, xüsusilə səhmlərə böyük sərmayə qoyuluşuna müsbət yanaşmır. Qurumun icraçı direktoru Şahmar Mövsümovun sözlərinə görə, Fond məhz bu yanaşma nəticəsində ötən il maliyyə itkisilə üzləşməyib.

“Fondumuz kredit riski olmayan işlərə üstünlük verir”, - deyə Ş.Mövsümov “Bloomberg” agentliyinə bildirib: “Geosiyasi prosesləri, böyük güclər arasındakı münasibətlərdə dəyişiklikləri, bunların maliyyə sahəsinə qaçılmaz təsirini gördükdə özünüzü təhlükəsizlikdə hiss etmək istəyirsiniz”.

Ənənəvi olaraq, qızıl ticarət sahəsindəki qeyri-müəyyənlik dövründə hər zaman dayaq rolu oynayıb. Bu arada ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsinin artımının gündəmdə olmadığına eyham vurur. Odur ki, qızıla tələbat artıb.

Qlobal ticarətin zəifləməsi, ABŞ ilə Çin arasında ticarət müharibəsinin uzanması maliyyə bazarlarında qeyri-müəyyənlik yaradıb. Ötən ilin oktyabrından qızıla tələbat bu üzdən də artıb. Nəticədə 2017-ci ilin martından bəri qızıl ilk dəfə, ötən il rübü yaxşı göstəricilərlə başa vurub. Fond bazarındakı volatillik, o cümlədən ABŞ-dakı məlum “şatdaun” da qızıla tələbatı artırıb.

Ş.Mövsümov deyir ki, neftin bir bareli hökumətin düşündüyü qiymətdən, yəni 60 dollardan çox olarsa, SOFAZ bu il daha çox qızıl alacaq: “Amma neftin qiyməti 50 dollara düşərsə, Azərbaycan Dövlət Neft Fondu daha az qızıl almaq niyyətindədir. Lakin bu fərq o qədər də böyük olmayacaq. Söhbət təxminən 5 ton qızılın alınıb-alınmamasından gedir”.

Postsovet məkanında üçüncü böyük neft istehsalçısı olan Azərbaycanın neft-qaz gəlirlərinin idarə edilməsi məqsədilə 1999-cu ildə yaradılmış SOFAZ-ın aktivləri bu gün ölkənin ümumdaxili məhsulunun 80%-dən çoxunu təşkil edir. Ş.Mövsümovun sözlərinə görə, 2019-cu ildə Fondun aktivləri 2,3 milyard dollar artaraq, rekord səviyyəyə, yəni 40 milyard dollaradək yüksələcək.

SOFAZ 2012-ci ildən iqtisadi fəaliyyətini şaxələndirməyə başlayıb. O vaxtdan qurum qızıl, səhm və mülklər alır. SOFAZ-ın əsasnaməsinə görə, o, aktivlərinin 25%-ni səhmlərə yatıra bilər. Ötən il bu göstərici 13-14% olub.

“Ötən il belə qərara gəldik ki, səhmlərə sərmayə qoymaq vaxtı deyil. Nəticədə, yanılmadıq. Çünki 2018-ci il səhmlər üçün çox pis il oldu”, - deyə SOFAZ-ın icraçı direktoru bildirib.

Azərbaycan prezidenti İlham Əliyevin ötən ilin dekabrında imzaladığı fərmana əsasən, SOFAZ-ın investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədəri qızıla yatırıla bilər. Bununla yanaşı, Fondun istiqrazlara və maliyyə bazarına sərmayə qoyuluşu 60%-dən 55%-dək azaldılıb. Fondun ötən ilki qazancı da az olub. Əvəzində, səhmlərə sərmayə qoyuluşunu artırmamaq qərarı SOFAZ-ın ötən il maliyyə itkisilə üzləşməməsinə imkan verib.

“Səhmlərə ciddi sərmayə qoymuş fondlar böyük maliyyə itkisi ilə üzləşib”, - deyə Ş.Mövsümov vurğulayıb. Onun fikrincə, SOFAZ uzun müddətli investor kimi, risk etmək istəyir: “Çünki ölkədəki maraqlı tərəflərin, yəni vətəndaşların və yerli medianın riskli addımlar atmaq istəyi yoxdur”.

İcraçı direktor deyib ki, SOFAZ mülklərə sərmayə qoyuluşundan da uğur əldə edib: “Bu, sabit gəlirin əldə olunması ilə nəticələnib”.

Fond London, Paris, Milan, Moskva, Seul və Tokioda mülklər alıb və indi, daha çox gəlir əldə etmək məqsədilə Avropa, Şimali Amerika və Asiya bazarlarını nəzərdən keçirir. Ş.Mövsümov deyir ki, iqtisadi artımla bağlı perspektivin daha yaxşı olduğu Asiyaya maraq daha çoxdur.

Fond ötən illərdə mülkləri birbaşa alıb: “Bu gün isə SOFAZ mülkiyyət fondları vasitəsilə sərmayə qoyuluşuna üstünlük verir. Çünki mülklərin birbaşa alınmasına daha çox xərc tələb olunur”.

Fondun xaricdən aldığı qızıllar Azərbaycana gətirilir və qurumun Bakının Heydər Əliyev prospektində yerləşən binasında saxlanılır. “Fond qızıl ehtiyatının bir hissəsini nədən xaricdə saxlamır?” sualına Ş.Mövsümov belə cavab verib: “Bu, sırf kommersiya qərarıdır və etibarla əlaqəsi yoxdur. Qızıl sərmayəsinin xaricdə saxlanılması zamanı çox cüzi gəlir əldə olunur. Əgər tariflərdə hətta kiçik dəyişiklik olsa belə, bütün xeyirdən məhrum olacaqsınız. Belə olan təqdirdə qızılı xaricdə saxlamağa nə ehtiyac var? Onu Fondun xəzinəsində saxlamaq daha yaxşıdır”.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Bloomberg


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az