18.04.2019 22:21
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan prezidenti deyir ki, “Bir kəmər-bir yol” təşəbbüsü regional sabitlik üçün vacibdir
 
18.04.2019
Xinhua, Çin
 

  Moskva Qarabağ prosesində liderliyini göstərdi: Lavrov niyə fəallaşıb?
 
18.04.2019
1in.am, Ermənistan
 

  Bakı ilə Yerevan Qarabağ danışıqlarını davam etdirməklə bağlı razılığa gəlib
 
17.04.2019
IRNA, İran
 

  Ermənistanla Azərbaycan sülh danışıqlarını davam etdirir
 
17.04.2019
Nouvelles d’ARMÉNIE, Fransa
 

  Dağlıq Qarabağ münaqişəsinin həllində Avropanın liderliyinə ehtiyac var
 
17.04.2019
Eurasia Review, ABŞ
 

 
 
Bakı... Keçmişin irsilə gələcəyin toxunuşları arasında - FOTO

 
 



Əl-Arabi əl-cədid, Böyük Britaniya
08.02.2019


Müəllif: Ləmis Asi

Azərbaycan ta qədimdən sivilizasiyaların tarixində mühüm həlqə olub. Avropa ilə Asiyanın kəsişməsində, eyni zamanda İpək Yolunun üzərində yerləşməsi tarix boyu saysız-hesabsız karvanın buradan keçməsinə səbəb olub. Elə eyni səbəbdən, Azərbaycan, xüsusilə paytaxt Bakı tarix boyu çoxsaylı hücumlara məruz qalıb, bu da ölkənin kimliyində, sakinlərin mədəniyyətində öz izini buraxıb. 

Azərbaycan bir vaxtlar Osmanlı, Fars imperiyalarının, çar Rusiyasının tabeliyində olub. Bu rəngarənglik bu gün paytaxtın Şərqlə Qərb elementlərini özündə birləşdirən memarlıq abidələrindən də görünür. Məhz bu üzdən qonaqlar Bakını sivilizasiyalara səyahət şəhəri kimi xarakterizə edir: paytaxtın hər tərəfində qədim və yeni mədəniyyətlərin, sivilizasiyaların təsiri hiss olunur. Bununla yanaşı, coğrafi cəhətdən Qafqazın mərkəzində yerləşdiyinə və ərazisində vulkanik dağların olmasına görə Azərbaycana “Odlar yurdu” da adlandırılır.

Bakıya səfər etmək çətin deyil. Xüsusilə ona görə ki, oraya yollanmaq üçün münasib qiymətə viza almaq mümkündür. Səfər xərcləri də azdır.

İçərişəhərin qəsrləri

Qədim dövrlə tanış olmaq üçün Bakının İçərişəhər adlanan ərazisinə yollanmaq lazımdır. Bura tunc dövründə yaradılıb və orta əsrlərdə mühüm siyasi-iqtisadi mərkəz olub. İçərişəhər əhalini basqınlardan qorumaq üçün tikilmiş böyük divarlarla əhatələnib. Divarların bir hissəsi dövrümüzə qədər gəlib çatıb.

İçərişəhərdə Şirvanşahlar sarayı, Qız qalası kimi bir çox tarixi məkanlar var. Şirvanşahlar sarayı Xəzər dənizi sahilinə yaxın yerləşir. Şirvanşahlar dövründən qalmış bu bina ən böyük turizm məkanlarındandır. O, 15-ci əsrdə tikilib. Sarayın ərazisində çoxlu qiymətli eksponatlar, eləcə də şahların məqbərələri bu gün də qalmaqdadır. Bura hər gün turistlərin üzünə açıqdır.

Yaxınlıqdakı Səadət sarayında tam fərqli memarlıq üslubu ilə tanış ola bilərsiniz. Saray orta əsrlər Avropa üslubunda – qotik üslubda inşa olunub. O, unikal memarlığına görə ölkənin ən mühüm turizm məkanlarından sayılır.

Mədəni rəngarənglik

Qədim şəhərdə dini xarakterli mədəni plüralizm müşahidə olunur. Şəhərdə qədim məscidlərlə yanaşı, müxtəlif məbədlər də mövcuddur. Bakıdakı atəşpərəstlik məbədinin tarixisə islamdan əvvəlki dövrlərə gedib çıxır. Məcusilik dininə aid bu məbəd 1975-ci ildə muzeyə çevrilib.

Bibiheybət məscidinə daxil olduqda, insan ülvi ruhaniyyət hiss edir. 13-cü əsrə aid məscid əl-Əqsa məscidinə bənzər memarlıq üslubunda tikilib. Onun divarlarında Quran ayələri yazılıb.

Turistlərin “Azərilmə”yə məxsus dükanına baş çəkmələri də məsləhətdir. Niyə? Çünki bura əllə toxunmuş xalça və digər toxuculuq mallarının satışı üzrə ixtisaslaşmış ən mühüm məkanlardan biridir. Ümumiyyətlə, xalçaçılıq Azərbaycan tarixinin bir parçasıdır.

Bakının Nizami küçəsi də turistlərin üz tutduğu əsas yerlərdəndir. Burada sırayla düzülmüş restoranlarda qonaqlara ən yaxşı milli yeməklər təqdim olunur.

Müasirlik

Bakıda müasirlik özünü əsasən göydələnlərin, müxtəlif yeni tikililərin timsalında göstərir. Nəticədə, paytaxt qədimliklə yeniliyi özündə birləşdirən nümunə təsiri bağışlayır. Bu yeniliyin ən yaxşı nümunəsi “Alov qüllələri”dir. Alov dilləri şəklində tikilmiş 3 göydələn bu gün paytaxtın rəmzlərindən birinə çevrilib. Dünyanın müxtəlif yerlərindən Azərbaycana gəlmiş turistlər ona tamaşa etməyə gedir. Bu göydələnlərdə otellər, restoranlar və müxtəlif ofislər yerləşir.

Bakının müasir memarlıq nümunələrindən biri də Heydər Əliyev Mərkəzidir. O, artıq dünyanın ən məşhur mədəniyyət mərkəzlərindən biridir. Binanın layihəsi məşhur memar Zaha Hadidə məxsusdur. O, “London Design Museum” mükafatına layiq görülüb.

Mərkəzdə daş dövrünə aid qədim, Heydər Əliyevin hakimiyyəti dövrünə aid isə tarixi eksponatlar var. Burada Azərbaycan tarixinin bütün mərhələlərini əks etdirən mədəniyyət nümunələri sərgisi də təşkil olunur.

İstirahət

Bakıya səfər zamanı orada çox yayılmış el hamamlarına da baş çəkmək olar. Bunlardan ən məşhuru Hacı Qaib hamamıdır. O, 15-ci əsrdə tikilib. Eksteryeri və interyeri, isti su hovuzu və s. hamamı mühüm turizm məkanlarından birinə çevirib. O, UNESCO-nun Dünya İrsi siyahısına da daxil edilib.

Bakı hamamlarında müştərilərə çayla Azərbaycan şirniyyatı təqdim olunur. Amma bununçün xüsusi çay evləri də var.

Hacı Qaib hamamının yaxınlığında şəhərin ən məşhur turizm məkanlarından olan Qız qalasını görmək mümkündür. Onu Bakının Eyfel qülləsi də adlandırırlar. Qalanın divarlarını bəzəyən müxtəlif naxışlar ona özünəməxsusluq verir. Arxeoloqların fikrincə, əksər naxışların tarixi 12-ci əsrə gedib çıxır.

Xərclər

Azərbaycanın paytaxtı Bakı yaşayış xərclərinin az olduğu paytaxtlardan sayılır. Turistlər burada o qədər də çox pul xərcləmədən gəzə bilər. Oteldə qalma xərci 50-70 dollardır. 3 ulduzlu otellərdə bu rəqəm daha aşağıdır. Yemək xərcləri də çox deyil. Ən yaxşı restoranda iki nəfərlik yemək 15 dollara başa gəlir.

Tarixi məkanlara getmək, gəzinti kifayət qədər asandır. Şəhər ictimai nəqliyyat – avtobus və metrodan tutmuş, taksi xidməti də daxil olmaqla, yaxşı nəqliyyat şəbəkəsinə malikdir.

Bakının iqtisadiyyatı qaz və kömür kimi təbii sərvətlərlə yanaşı, malik olduğu böyük neft sərvətinə daha çox əsaslanır. Bununla yanaşı, ölkə iqtisadiyyatın şaxələndirilməsi üçün ciddi addımlar atılır. Ötən illərdə ölkədə ciddi inkişaf qeydə alınıb. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, ən əsası sənayeyə, xüsusilə mədən sənayesinə böyük həcmdə xarici kapital cəlb edilib.

Azərbaycan xammal nəqli baxımından da mühüm iqtisadi mərkəz hesab olunur. 2006-cı ildə istismara verilmiş, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan neft borusu 1774 kilometr uzunluğundadır.

Ölkədə kənd təsərrüfatı, heyvandarlıq da sosial inkişafın fəal sahələrindəndir. Azərbaycan rəngarəng iqlim qurşaqları ilə də seçilir. Odur ki, burada son dərəcə müxtəlif növ kənd təsərrüfatı məhsulları bitir. Onlardan ən məşhuru üzümdür.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Arabi əl-cədid


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az