19.10.2019 10:48
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| “Heç yana gedən deyilik, Ermənistanla danışıqlar aparmaq lazımdır”
 
18.10.2019
İzvestiya, Rusiya
 

  Avropa Şurası yəhudi irsinin qorunması qərarını Azərbaycanın rəhbərliyilə qəbul etdi
 
16.10.2019
JEWISH JOURNAL, ABŞ
 

  Ermənistana “öz Banderası” nəyə gərəkdir?
 
15.10.2019
ROSBALT, Rusiya
 

  Moskvadan Bakıya riskli təklif
 
15.10.2019
Lragir.am, Ermənistan
 

  MÜSAHİBƏ| Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qondarma dostluq xartiyaları haqda
 
10.10.2019
Turquie News, Fransa
 

 
 
Yusif Eyvazov: “Əgər öz səsinə inanırsansa, ondan heç vaxt imtina etmə”

 
 



FORUMOPERA.COM, Fransa
08.02.2019


Müəllif: Kristof Rizu

Yusif Eyvazov təkcə Netrebko demək deyil. 41 yaşlı azərbaycanlı tenor uzun illərlə çəkdiyi zəhmətin bəhrəsini başlayıb. O, fevralın 7-də Parisdə ilk solo konsertini “Gaveau” konsert zalında verəcək (müsahibə konsertdən əvvəl alınıb - WM).

- Azərbaycanda opera populyardırmı?

- Əlbəttə. Azərbaycanda yalnız bir opera məkanı var. Amma biz 19-cu əsrdən böyük lirika ənənəsinə malikik. Opera bir neçə dəfə məhv edilsə də, sonradan bərpa olunub. Amma bu sahədə indi də yeniliklərə ehtiyac var. Bizim dahi Azərbaycan musiqiçiləri Üzeyir Hacıbəyov, Müslüm Maqomayev və digərləri tərəfindən bəstələnmiş lirik əsərlərimiz var.

- Siz həmin əsərləri ifa etmisinizmi?

- Hamısını yox, yalnız ariyaları səsləndirmişəm. Mən “Gaveau” konsert zalındakı konsertimin proqramına Azərbaycan bəstəkarı Qara Qarayevin rus şairi Puşkinin şerləri əsasında yazılmış iki romansını da daxil etmişəm.

- Necə oldu ki, tenor oldunuz?

- Aman Allahım! Bu, çox uzun hekayədir. Mən heç vaxt tenor olmaq haqda düşünməmişəm. Gənc olarkən bir çox digər yeniyetmələr kimi, musiqini sevirdim və sadəcə, pop müğənnisi olmaq üçün təhsil alırdım. Bu, mənim arzum idi. Lakin konservatoriyada klassik partiyalar da ifa etməyə məcbur oldum. Tədricən bu musiqini dinləməyə, onu öyrənməyə başladım və mən ecazkar bir dünya kəşf etdim. Daha sonra Plasido Dominqo, Luçano Pavarotti, Yüssi Byörlinq kimi böyük tenorların səsilə tanış oldum.

- O zaman sizin tessituranızla bağlı şübhəniz olmayıb…

- Xeyr, heç bir şübhəm yox idi. Mən tenor olacağıma inanırdım. Əfsanəvi nusiqiçiləri dinlədikdə öz-özümə dedimki, artıq pop musiqisi ifa etməyəcəyəm. Qərara gəldim ki, həyatımı bu gözəl musiqiyə – operaya həsr edim. Artıq bu sahədə uğur qazanacağımı bilmirdim.

Təhsilin əvvəllində bu sənətə sahib olacağını, ondan irəli gələn öhdəlikləri yerinə yetirə biləcəyini, uğur qazanacağını bilmək mümkün deyil. Odur ki, səhnəyə çıxmaq üçün mənə uzun illər lazım oldu.

- Təqribən neçə il?

- Praktiki olaraq 14 il. Mən 20 yaşımda təhsil almağa başlamışam. O vaxt Azərbaycandakı müəllimim mənə İtaliyaya getməyimi məsləhət görərək dedi: “Əgər opera musiqisi ifa etmək istəyirsənsə, İtaliyaya get, orada yaşa, onların yeməklərini ye, onların dilində danış, onların mədəniyyətindən təsirlən, italyan ol. Çünki ora gözəl “canto”nun (İtalyan operasının qaydalarına uyğun olan ifa tərzi) vətənidir”. Mən əşyalarımı yığdım və Milana yola düşdüm. Opera səhnəsinə çıxmaq üçün mənə düz 14 il lazım oldu. Bəzilərinin səsi təbii olur və onlar təhsillərinin lap əvvəlindən oxumağa başlayırlar. Məndə isə belə olmadı. Əvvəlcə böyük problemlərim oldu. Həqiqətən, tez-tez müəllimlərimi dəyişirdim. Mən böyük müğənnilərlə, məsələn, Franko Korelli ilə oxumuşam. Lakin mənə bu da kömək etmirdi. Çox gənc idim. Bilmirdim nə edim. Bir dəfə mənə Motsartın “Il Barbiere di Siviglia” əsərini verirdilər. Bu partiyalar mənim üçün çox yüngül idi. Əmin idim ki, səsim müəllimlərimin düşündüyü kimi deyil. Lakin heç nə edə bilmirdim.

Beləliklə, uzun illər mübarizə aparmalı oldum və nəhayət, 2010-ci ildə Böyük Teatrda “Toska” operasında ilk addımlarımı atdım. Böyük teatr, böyük orkestr…

- …Və böyük rol!

- Kavaradossi obrazı elə də uzun deyil. Bu, nə Qriyö (Puççininin “Manon Lescaut” operasında obraz), nə də ki, Radamesdir (“Aida” operası).

- Bəs təhsil aldığınız uzun illər ərzində nələr baş verdi?

- Heç nə. Milanda təhsil alırdım və paralel olaraq, pul qazanmaq, qaldığım evin pulunu ödəmək, dinləmələrə getmək xərclərimi qarşılamaq üçün ofisiant, tərcüməçi işləyirdim… Həmin dövr mənim üçün çox çətin oldu, amma bəxtim də gətirdi. Məhz həmin dövrdə səsimi inkişaf etdirməkdə mənə kömək edəcək möhtəşəm insanlarla tanış oldum.

- Əsl səsinizi neçə kəşf etdiniz?

- Mən onu dərhal tapmamışam. Səhnədə ifa etməyə başlayarkən səsim indiki kimi deyildi. Nəticədə, inkişafım uzun çəkdi. Məsələn, üç-dörd il əvvəl mən hələ də axtarışda idim. Daim özümü inkişaf etdirməyə çalışır, bu məqsədlə öz səs yazılarıma qulaq asırdım. Bu gün çoxları mənə çox yaxşı olduğumu desə də, özüm-özümü sorğu-sual edirəm, nəyi dəyişməli olduğumu müəyyənləşdirməyə çalışıram.

- Bəs bu gün nəyi dəyişmək istərdiniz?

- Hələ də daha az enerji sərf etməklə, daha yüksək nəticə əldə etmək istiqamətində çalışıram. Bu, ən əsas və ən əhəmiyyətli məsələdir. Güclü oxumaq, qışqırmaq çox asandır, amma tamaşaçıların istədiyi bu deyil. “Otello”nu, “Il trovatore”ni, “La fanciulla del west”i oxumaq üçün siz heç zaman təbii vasitələrdən kənara çıxmamalısınız. Beləliklə, mən sərhədləri aşmamağa və daha gözəl ifa etməyə çalışıram.

Bəzi ifaçıların – Luçano Pavarottinin, Plasido Dominqonun, Xose Karrerasın təbii gözəl səsləri var. Mən isə öz səsimi özüm gözəlləşdirmişəm. Yəni səsim belə deyildi. Odur ki, elə tərzdə oxumalıyam, səsimə uyğun gəlsin.

- Həyat yoldaşınız Anna Netrebkodan nə öyrənmisiniz?

- Çoxları düşünür ki, mən onunla oxuyuram. Bu, doğru deyil. Onun öz tərzi var, mənim öz tərzim. Bununla yanaşı, səhnədə onunla yanaşı oxumaq mənə çox şey öyrədib: tamaşaçıların diqqətini necə çəkməyi, səhnədə necə hərəkət etməyi, böyük peşəkara necə çevrilməyi. Bunları mən məhz onunla eyni səhnəni paylaşarkən öyrənmişəm.

Debütüm çətin olub. Belə tərəf müqabililə oxumaq özü qeyri-adi hissdir. Təsəvvür edin ki, üstəlik, onun həyat yoldaşısan. Onun yanında diqqət çəkmək asan deyildi. Amma indi hər şey qaydasındadır.

- Bəs siz ona nə öyrətmisiniz?

- O məni sevir və həmişə mənimlə oxumağın rahat olduğunu deyir. Onunla razıyam. Amma ona nə isə öyrətdiyimi düşünmürəm. Çünki o, möhtəşəm ifaçıdır, həqiqətən böyük sənətkardır. Onunla eyni səhnəni bölüşmək möhtəşəm hissdir. Biz həm də bir ailə olduğumuzdan, partiyaları təbii oynayırıq. Məsələn, “Manon Lescaut”ın sonunu ifa edərkən ikimiz də həqiqətən ağlayırıq. O anda zaldakı tamaşaçılar da ağlayır, çünki onlar söhbətin əsl hisslərdən getdiyini duyurlar.

- Aranızda sənətlə bağlı fikir ayrılığı olurmu?

- Əlbəttə. Biz müzakirə edirik və çox vaxt bir-birimizlə razılaşmırıq. Bir çox şeylər var ki, Anna onlar haqqında mənim kimi düşünmür. Bu da yaxşı haldır. Nəticədə, bir-birimizi tamamlayırıq.

- Bəs səhnə əsərlərilə bağlı?

- Mənim üçün səhnə əsərinin müasir və ya klassik olması əhəmiyyətli deyil. Əsas odur ki, mənalı olsun. Əlbəttə, mən klassik əsərlərə üstünlük verirəm. Amma əgər rejissor sizə öz baxışını izah edirsə fikrini əsaslandırırsa, biz onu qəbul edirik.

Düşünürəm ki, ənənələrə bağlanıb qalmaq lazım deyil. Amma bu zaman səhnədə bəzən dəhşətli şeylər hiss edirsən. Təəssüf ki, belə hallar tez-tez baş verir.

- Bəs siz öz fikrinizi tətbiq edə bilməzsiniz?

- Xeyr…

- Hətta bu qədər tanınmanıza rəğmən?

- Biz rejissorla müzakirələr apara, razılığa gələ bilərik. Bəzən rejissor da başa düşür ki, artistlər oynadıqları partiyada özlərini rahat hiss etmirlər. Amma biz dekorasiyanı dəyişə bilmərik. Biz məşqlərə gəldikdə dekorlar artıq qurulu olur. Hər şey artıq hazırdır. Əgər bununla qəti razı deyilsənsə, sənə yalnız çıxıb getmək qalır. Məsələn, Anna Münhendə “Manon Lescaut” əsərinin nümayişi zamanı belə etmişdi. Dəhşət… Mən onunla tamamilə razı idim. Sənətkar sərbəst olmalıdır.

- Deyilənə görə, birlikdə “Ziqfrid”i ifa edəcəksiniz.

- Ziqfrid? Anna ilə mən “Ziqfrid”i deyil, “Tristan və İzolda”nı birlikdə ifa etməyi planlaşdırırıq. Bu da indi üçün deyil, sadəcə bir layihədir. Üstəlik, böyük bir layihədir. Hələ vaxtımız var. Hələ onu öyrənməliyik. Çünki partiyalar çox böyükdür. Güman ki, konsert versiyasının ikinci hissəsindən başlayacağıq. Anna bu yay Beyrutda “Lohenqrin”i ifa edəcək. Mən isə alman repertuarından heç vaxt obraz səsləndirməmişəm. Mən Anna qədər istedadlı deyiləm. O, istənilən dildə yüksək səviyyədə ifa edə bilir. Mən isə hələ daha çox oxumalıyam.

- Bəs fransız repertuarından?

- Əlbəttə! “Karmen” və “Verter” haqda düşünürəm. Bunlar möhtəşəm partiyalardır.

- Bəs rus operasından nəyi heç zaman birgə ifa etməmisiniz?

- Anna bir çox rus operasını ifa edib: “Yevqeniy Onegin”, “Çarın nişanlısı”… Mənə gəldikdə, ilk rus operasını bir neçə həftə əvvəl ifa etmişəm. Böyük Teatrda “Qaratoxmaq qadın” əsərini səsləndirdim. Möhtəşəm musiqidir. Onu ifa etməkdən həzz aldım. Bu, repertuarımda ən üstünlük verdiyim əsərlərdən biridir.

Əlbəttə ki, birlikdə də rus operasından bir nümunə ifa etməyi planlaşdırırıq. Bundan əlavə, apreldə Frankfurtda, iyunda isə Hamburqda keçiriləcək konsertlərimizin proqramını tamamilə rus əsərləri təşkil edəcək – “İolanta” və “Qaratoxmaq qadın” əsərləri.

- Bəs mayda Parisdə?

- Hələ tam dəqiq qərara gəlməmişik. Amma proqram böyük ehtimalla İtaliyaya həsr olunacaq. Fevralın 7-də “Gaveau” konsert zalında ilk dəfə olaraq “Evqeniy Oneqin”dən Lenskinin ariyasını ifa edəcəyəm. Bu konsertin birinci hissəsi tamamilə rus operasına həsr olunacaq, iki opera ariyası ifa ediləcək.

İkinci hissəyə isə İtaliya “canto”su ilə başlayacağam, sonra “Karmen” əsərindən “La Fleur” ariyasını və heç şübhəsiz, “Nessun dorma”nı ifa edəcəyəm. “Gaveau” konsert zalında keçiriləcək konsert mənim üçün çox önəmlidir. Çünki 41 yaşım var və bu, mənim ilk solo konsertim olacaq.

- Birinci?? Həqiqətən birinci?

- Bəli, birinci. Mən heç vaxt solo konsert verməmişəm. Bu, çox çətindir, çünki sən təqribən iki saat ərzində tamaşaçıların diqqətini özünə cəlb etməli, onlara gözlədiklərini verməlisən. Bu, karyeramda önəmli bir mərhələdir.

- Konsertə gənc bir ifaçı da dəvət etmisiniz…

- Bəli, gənc ifaçılara karyeralarına başlamaqda kömək etmək məqsədilə “Facebook”da kiçik müsabiqə keçirdim. Bu gün agent tapmaq və öhdəliklər imzalamaq çox çətindir. 400-dən çox musiqi parçası qəbul etdim. Onların arasından ikisi baritone, ikisi soprano olmaqla, 4 ifaçı seçdim.

Beləliklə, 4 konsertim planlaşdırılır ki, onlardan biri Parisdə, 3-ü isə Almaniyada olacaq. Onların hərəsi bu konsertin birində səhnəyə çıxacaq. Sabah Los-Ancelesdə yaşayan meksikalı bariton Xuan Karlos Heredia bizimlə birlikdə “Don Karlo” duetini ifa edəcək. Onun çox gözəl səsi var. O, Plasido Dominqonun beynəlxalq lirik mahnı müsabiqəsində – “Operalia”da iştirak edib. Gənclərə kömək etmək ideyasını dəstəkləyirəm. Bunu təkrarlamağı da düşünürəm.

- Gənc müğənnilərə hansı mesajı çatdırmaq istərdiniz?

- Heç zaman məqsədlərindən dönməsinlər. Oxumaq çətindir. Siz daim öz üzərinizdə, üstəlik özünüzə qarşı işləməlisiniz. Heç bir mikrofon sizə kömək edə bilməz. Səhnəyə çıxarkən səsinizdən başqa heç nəyiniz olmur. Odur ki, əgər özünə, öz səsinə inanırsansa, ondan heç vaxt imtina etmə!

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: FORUMOPERA.COM

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az