18.04.2019 22:20
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan prezidenti deyir ki, “Bir kəmər-bir yol” təşəbbüsü regional sabitlik üçün vacibdir
 
18.04.2019
Xinhua, Çin
 

  Moskva Qarabağ prosesində liderliyini göstərdi: Lavrov niyə fəallaşıb?
 
18.04.2019
1in.am, Ermənistan
 

  Bakı ilə Yerevan Qarabağ danışıqlarını davam etdirməklə bağlı razılığa gəlib
 
17.04.2019
IRNA, İran
 

  Ermənistanla Azərbaycan sülh danışıqlarını davam etdirir
 
17.04.2019
Nouvelles d’ARMÉNIE, Fransa
 

  Dağlıq Qarabağ münaqişəsinin həllində Avropanın liderliyinə ehtiyac var
 
17.04.2019
Eurasia Review, ABŞ
 

 
 
Paşinyanla Əliyev Moskvanın məqsədini anlamağa çalışırlar

 
 



1in.am, Ermənistan
11.02.2019


Müəllif: Aram Sarqsyan

Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycanın prezidenti İlham Əliyev arasında ötən ilin sentyabrında Düşənbədə keçirilmiş ilk qeyri-rəsmi görüşdən sonra başlamış iki ölkə münasibətlərin istiləşməsi prosesi deyəsən, başa çatır. 

Hər halda, ötən ay Parisdə və Davosda keçirilmiş görüşlərdən sonra Ermənistan hökumətinin başçısı, həmçinin xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində “DQR” (dırnaq işarəsi bizə aiddir - WM) nümayəndələrinin iştirakı, Qarabağın statusu və qarşılıqlı güzəştlər haqda daha aydın danışmağa başlayıblar.

Xarici işlər naziri Zöhrab Mnatsakanyan deyir ki, Ermənistan üçün ən prinsipial məqamlar “Qarabağın təhlükəsizliyi və statusu” məsələləridir. Nikol Paşinyan isə “sülh qarşılığında ərazilər” şərtilə danışıqlar aparmadığını bildirir. O, Almaniyadakı erməni icmasının nümayəndələrilə görüşündə daha da irəli gedərək bildirib ki, Azərbaycan qarşılıqlı güzəştlərə hazır olub-olmadığını bildirməyincə, erməni tərəfi bu haqda danışmayacaq.

“Niyə hər kəs güzəştə hazır olub-olmadığımızı bizdən soruşur? Kim deyir ki, bu suala ilk cavab verməli olan bizik? Niyə Azərbaycandan güzəştə hazır olub-olmadığını soruşan yoxdur? Mən bir neçə dəfə, o cümlədən parlamentin tribunasından bəyan etmişəm ki, Azərbaycan qarşılıqlı güzəştlərə hazır olub-olmadığını açıqlamayınca, biz də bu sualı cavablandırmayacağıq”, - deyə Ermənistanın baş naziri bildirib.

Bu bəyanata Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun cavabı özünü çox gözlətməyib: “Cənab Paşinyanın məntiqini anlamaq çətindir. Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında aparılan danışıqların təməlində, məhz Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsi durur”.

“1in.am” bu mövzu ətrafında “Azadlıq” və “Exo Kavkaza” radiolarının siyasi şərhçisi Vadim Dubnovla söhbətləşib.

- Cənab Dubnov, necə düşünürsünüz, Yerevanla Bakı arasında ritorikanın yenidən sərtləşməsi nə ilə bağlıdır?

- Mən buna ritorikanın sərtləşməsi deməzdim. Əksinə, fikrimcə Nikol Paşinyanın bu bəyanatını Ermənistandakı daxili siyasi diskussiyaların tərkib hissəsi hesab etmək olar. Ermənistan hakimiyyəti müəyyən şübhələri aradan qaldırmağa məcburdur, çünki erməni ictimaiyyəti Qarabağ münaqişəsinin həllinə dair gizli planların ola biləcəyini düşünür və bundan narahatlıq keçirir.

Azərbaycanda isə bu gün “Lavrov planı” fəal müzakirə edilir. Mənə elə gəlir ki, tərəflərin son bəyanatlarına məhz bu kontekstdə baxmaq lazımdır. Paşinyan prosesdə təşəbbüsü ələ almağa çalışır. Çünki o, şübhələri dağıtmağa, yaranmış fərziyyələrə, “gizli sövdələşmə” ittihamlarına necəsə cavab verməyə məcburdur. Başqa sözlə, baş nazir özü üçün çox təhlükəli olan müzakirələrə son qoymağa çalışır. Odur ki, “qoy bu suala Azərbaycan cavab versin” deyir.

Düşünmürəm ki, Davosda keçirilmiş saatyarımlıq görüşdə hansısa ciddi razılaşma əldə olunsun. Fikrimcə, bu gün Paşinyanla Əliyev sadəcə fəlsəfi, konkret olmayan məsələlər müzakirə edə bilərlər. Məsələn, qoşunların təmas xəttində zorakılıq hallarının minimuma endirilməsi, 2016-cı ilin aprel toqquşmalarının təkrarlanma risklərinin azaldılması kimi.

Tərəflər Qarabağ münaqişəsinin nizamlanması prosesində Moskvanın məqsədi haqda da danışa bilərlər. Onların Moskvanın Dağlıq Qarabağla bağlı irəli sürdüyü təkliflərə münasibətini anlamaq lazımdır. İlham Əliyevin bu haqda nə düşündüyü Nikol Paşinyan üçün çox maraqlıdır. Əliyev üçün isə Paşinyanın fikri maraqlıdır. Onlar rusiyalı, fransalı və ya amerikalı vasitəçilərin iştirakı olmadan da müzakirə etməyə bir çox mövzu tapa bilərlər. Hətta sevinə bilərlər ki, nəhayət, həmsədrlərsiz də normal söhbət edirlər. Lakin onların konkret nə haqda danışdıqları hələlik məlum deyil. Mən düşünürəm ki, müzakirələrin əsas mövzusu cəbhə bölgəsində gərginliyin azaldılması olub.

Bununla yanaşı, istər Azərbaycanda, istərsə də və xüsusilə, Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələrin intensivləşməsindən məmnun olmayan qüvvələr var. Görünən odur ki, Davos görüşündən sonra bəyanatlarla çıxış edən Nikol Paşinyan məhz bu siyasi qüvvələrin varlığına və fəallığına reaksiya verib.

- Bəzi ekspertlərin fikrincə, Ermənistan və Azərbaycan rəhbərləri arasında vasitəçilərin iştirakı olmadan keçirilən qeyri-rəsmi görüşlər münaqişənin həlli prosesinə mənfi təsir də göstərə bilər.

- Bilirsiniz, vasitəçilərin təşəbbüsləri hər zaman sonda iki ölkə rəhbərləri arasında qeyri-rəsmi görüşlərlə nəticələnir. İndiyədək bu görüşlər adətən nəticəsiz qalıb. Ermənistanın keçmiş rəhbərlərinin dövründə məhz belə olub.

Ermənistanın yeni hakimiyyətinin iştirakı ilə keçiriləcək rəsmi danışıqların nə ilə nəticələnəcəyini isə hələlik deyə bilmərik. Bununla belə, çoxəsrlik diplomatik təcrübə göstərir ki, qeyri-rəsmi danışıqlar hər zaman daha maraqlı olur. Ona görə də düşünmürəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həllinə dair görüşlərin onlarsız keçirilməsindən qıcıqlanır və ya narahat olur. Bir daha deyirəm ki, narahat olanlar Ermənistanın yeni hakimiyyətinin əleyhidarlarıdır. Çünki bu görüşlərdə konkret nələrin müzakirə olunduğunu nə onlar, nə ictimaiyyət, nə də vasitəçilər bilir. Bu, bir tərəfdən həmin qüvvələri narahat edir, digər tərəfdən isə, yeni hakimiyyəti tənqid etmək üçün əsas verir.

- Həmsədrlər müntəzəm olaraq deyirlər ki, bu münaqişəni vasitəçi ölkələr, yaxud beynəlxalq təşkilatlar yox, münaqişə tərəfləri çözməlidir. Yəni, məhz münaqişə tərəfləri öz aralarında razılığa gəlməlidir. Bu fikirlə razısınızmı? Vasitəçilər, ilk növbədə Rusiya üçün Dağlıq Qarabağ münaqişəsi regiona təsir imkanı deməkdir. Bunun fonunda Davos görüşündə hər hansı nəticə əldə etmək istəyi müşahidə etdinizmi? Paşinyan deyir ki, İlham Əliyevlə sadəcə ümumi məsələləri, danışıqlar prosesinin tarixini müzakirə ediblər.

- Fikrimcə, Paşinyanın qrammatik və ya linqvistik mənada belə deməyə hüququ var. Çünki onlar hələlik hər hansi məsələ ətrafında substantiv müzakirələr apara bilməzlər. Bir daha təkrar edirəm, burada iki fundamental amil var. Onlardan biri müharibənin yenidən alovlanması riskinin minimuma endirilməsi, digəri tərəflərin bir-birinin mövqeyini öyrənməsidir.

Fikrimcə, Qarabağ münaqişəsinin nizamlanmasında Parislə Vaşinqton fəallıq göstərməsə belə, Belarus prezidenti Aleksandr Lukaşenkonun dediyi kimi, Moskva 5 rayonun Azərbaycana qaytarılması ideyasını Serj Sarqsyanın qarşısına qoya bilərdi. Bununla yanaşı, Moskvanın Bakı ilə Yerevana nə təklif edə biləcəyi şəxsən mənə aydın deyil. Bəlkə də Rusiya Yerevanı şirnikdirmək üçün Qarabağda sülhməramlı qüvvələrin yerləşdiriləcəyini, daha sonra Qarabağın statusunun müzakirəsinə başlanılacağını deyir. Azərbaycana isə eyham oluna bilər ki, Qarabağda sülhməramlıların yerləşdirilməsinə razılaşacağı təqdirdə, gələcəkdə məsələnin Bakının xeyrinə həll olunması üçün yaxşı imkan yarana bilər.

Hər halda, tərəflərlə ayrı-ayrılıqda danışmaq çox asandır. Amma hər iki tərəf masa arxasında olduqda vəziyyət qəlizləşir.

Mənə “Lavrov planın”ın mahiyyəti də aydın deyil. Odur ki, istər Paşinyan, istərsə də Əliyev Moskvanın nə düşündüyünü dəqiqləşdirmək istəyir. Demirəm ki, onlar ortaq mövqeyə gəlmək istəyirlər. Sadəcə, Rusiyanın mövqeyini bilmək onlar üçün maraqlıdır. Bu təkcə Moskvaya yox, digər həmsədrlərə də aiddir.

İstənilən halda, iki ölkə rəhbərləri uzun illərdən sonra ilk dəfə təkbətək söhbət etmək, bir-birinin mövqeyini anlamaq imkanı qazanıblar. Üstəlik, etiraf edilməlidir ki, bu görüşlərin təşkili üçün vasitəçilər elə də ciddi səy göstərməyib.

(Erməni dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: 1in.am


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az