17.09.2019 16:40
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
İran-Azərbaycan: yaxın qonşular və regional müttəfiqlər

 
 



IRNA, İran
13.02.2019


Azərbaycan ortaq mədəniyyət, din, məzhəb və dil baxımından İrana ən yaxın ölkələrdəndir. Onun 1991-ci ildə müstəqillik əldə etməsindən sonrakı qısa dövr istisna olmaqla, Tehranla Bakı arasında yaxın və genişlənməkdə olan münasibətlər qurulub.

IRNA xəbər verir ki, İran İslam İnqilabının əsas və başlıca prinsiplərindən biri, müsəlman ölkələrilə əlaqələrin inkişaf etdirilməsidir. Bu mənada İranla qonşu, üstəlik şiə ölkəsi olan Azərbaycan Tehranın xarici siyasətində xüsusi əhəmiyyətə malikdir. Azərbaycanla əlaqələrin genişləndirilməsi bu ölkənin müstəqillik qazandığı andan, Tehranın xarici siyasətinin prioritetlərindən sayılıb. Xüsusilə son illərdə ölkə prezidentlərinin, eləcə də digər yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri əlaqələrin bütün sahələrdə inkişafına əhəmiyyətli dinamika bəxş edib.

Azərbaycan İranla ikitərəfli əlaqələri inkişaf etdirməklə yanaşı, beynəlxalq səviyyədə də bizə dəstəkdir. O, Qərbin ədalətsiz sanksiyaları qarşısında hər zaman Tehrana dəstək olub.

Azərbaycan prezidenti İlham Əliyev beynəlxalq səviyyələrdəki çıxışlarında İranın dinc məqsədli nüvə enerjisi əldə etmək hüququnun olduğunu dəfələrlə bəyan edib. O, ABŞ və müttəfiqlərinin ölkəmizə qarşı düşmənçilik addımlarına cavab olaraq bildirib ki, Bakı Azərbaycan ərazisindən İrana qarşı istifadəolunmasına heç zaman imkan verməyəcək.

Beləliklə, bu yazıda İran İslam İnqilabının qələbəsinin 40-cı ildönümü münasibətilə Tehranın qonşusu ilə siyasi, iqtisadi, parlament və mədəniyyət sahələrində əlaqələrinə nəzər salacağıq.

Siyasi əlaqələr

Azərbaycanın XX əsrdə düz 70 il Sovet hakimiyyətinin tabeliyində qaldığını nəzərə alsaq, Tehranla Bakı arasında birbaşa əlaqələrin qurulması 1991-ci ildə, yəni SSRİ-nin dağılmasından sonra mümkün olub. İran Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb. 1992-ci il martın 12-də iki ölkə arasında diplomatik əlaqələr qurulub.

Azərbaycan müstəqilliyin ilk illərində bir sıra böyük çətinliklərlə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi, iqtisadi problemlər, daxili çəkişmələr və ölkə idarəçiliyində təcrübəsizliklə üzləşmişdi. Həmin dövrdə İran yeni müstəqillik əldə etmiş bu ölkəyə hərtərəfli yardımlar etməyə hazır olduğunu bəyan etdi. Lakin Azərbaycanın Qərbpərəst Xalq Cəbhəsi hakimiyyəti İrana, eləcə də Rusiyaya qarşı bəyanatlar səsləndirirdi ki, bu da Tehran-Bakı və Bakı-Moskva əlaqələrini soyutmuşdu.

Lakin Xalq Cəbhəsi iqtidarı rəhbərliyin səriştəsiz siyasəti nəticəsində 1 ildən çox davam gətirmədi. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ müharibəsində ciddi məğlubiyyətləri, Dağlıq Qarabağ və bir neçə ətraf rayonun Ermənistan tərəfindən işğalı xalqın qəzəbinə səbəb oldu və nəticədə Xalq Cəbhəsi hakimiyyəti süquta uğradı.

Hələ Sovet dövrünün təcrübəli siyasətçisi olan, o vaxtlar Naxçıvan Ali Məclisinə sədrlik edən Heydər Əliyev Azərbaycanın müstəqillik əldə etməsindən bir müddət sonra – 1993-cü ilin yayında xalqın tələbilə yenidən Bakıya qayıtdı. Məhz Heydər Əliyevin hakimiyyətə gəlişilə Azərbaycanla İran, eləcə də Rusiya arasındakı əlaqələrdə əsaslı dəyişikliklər baş verdi. Əliyev hələ Naxçıvan Ali Məclisinə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın əsas ərazisindən təcrid olunmuş Muxtar Respublikanın bəzi çətinliklərini İranla yaxın əlaqələr sayəsində aradan qaldıra bilmişdi. O, təcrübəli siyasətçi kimi, İranla münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətinin fərqinə varır, bu istiqamətdə addımlar atırdı.

Heydər Əliyev 2003-cü ilədək davam edən Azərbaycan prezidentliyi dövründə dəfələrlə İrana rəsmi və qeyri-rəsmi səfərlər edib, bu səfərlər çərçivəsində iki qonşu ölkənin müxtəlif sahələrdə əlaqələrinin inkişafı yolları müzakirə olunub, tərəflər siyasi, iqtisadi və mədəni sahələrdə mühüm sənədlər imzalayıb.

Həmçinin İranın sabiq prezidenti Əkbər Haşimi Rəfsəncani Azərbaycanın müstəqilliyinin ilk dövründə, 26-28 oktyabrda böyük siyasi və iqtisadi nümayəndə heyətinin müşayiəti ilə Azərbaycana rəsmi səfər etmişdi.

İran 90-cı illərdə Dağlıq Qarabağ münaqişəsi nəticəsində çoxsaylı problemlərlə üzləşmiş, 1 milyondan artıq vətəndaşının yurd-yuvasından qaçqın düşdüyü Azərbaycana böyük yardımlar da göstərib. Azərbaycanın müxtəlif bölgələrində bir neçə qaçqın düşərgəsinin salınması, qaçqın və məcburi köçkünlər üçün humanitar yardımların göstərilməsi, Bakıda və ölkənin bir neçə rayonunda İmam Xomeyni adına yardım komitəsinin nümayəndəliklərinin açılması və bir neçə il ərzində müharibə qaçqınlarına, ehtiyacı olan şəxslərə davamlı qida, dərman və maliyyə yardımının göstərilməsi İranın yeni müstəqillik əldə etmiş Azərbaycandakı fəaliyyətinin daha bir istiqaməti olub.

İran həmçinin Qarabağ müharibəsi zamanı öz sərhədlərini bir neçə dəfə Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin üzünə açaraq, onları ölüm təhlükəsindən xilas edib.

 İran Azərbaycanın müharibə qaçqınlarına humanitar yardım göstərməklə yanaşı, beynəlxalq platformalarda da hər zaman onun ərazi bütövlüyünü dəstəkləyib, Bakı isə öz növbəsində, Tehranın bu mövqeyini yüksək qiymətləndirib.

2003-cü ildə hakimiyyətə gəlmiş Azərbaycanın hazırkı prezidenti İlham Əliyev Heydər Əliyevin siyasi kursuna, o cümlədən İran İslam Respublikası ilə dostluq-qonşuluq əlaqələrinə sadiq qalıb. Bakı-Tehran əlaqələri İlham Əliyevlə Həsən Ruhaninin prezidentlikləri dövründə əhəmiyyətli dərəcədə inkişaf edib. Onlar ikitərəfli münasibətləri inkişaf etdirməklə yanaşı, regional əməkdaşlığın genişləndirilməsi istiqamətində də birgə səylər göstərib. Bu mənada, 2016-cı ilin avqustunda Bakıda, 2017-ci ilin noyabrında isə Tehranda İran, Azərbaycan və Rusiya prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi regional əlaqələrin möhkəmləndirilməsi baxımından 3 ölkə liderlərlərinin ciddi iradəsinin göstəricisi sayıla bilər.

Ümumilikdə, İranla Azərbaycan ötən illərdə müxtəlif sahələri əhatə edən 150-dən çox əməkdaşlıq sazişi imzalayıb. Təkcə son 4 ildə iki ölkə arasında 40 əməkdaşlıq sənədi imzalanıb. Azərbaycan-İran siyasi əlaqələrinə nəzər salarkən demək olar, artıq tərəflər arasında tam etimad mühiti mövcuddur ki, bu da digər sahələrdə əlaqələrin inkişafı üçün əlverişli imkan yaradır.

Parlamentlərarası əlaqələr

İki ölkənin parlamentləri arasında əlaqələrinin qurulması da Azərbaycanın müstəqilliyinin ilk dövrünə aiddir. Hələ 1991-ci ilin dekabrında Azərbaycan Milli Məclisinin vitse-spikeri Ziyad Səmədzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilk dəfə İrana səfər etmişdi. Səfərdən əsas məqsəd Azərbaycanın dövlət müstəqilliyinin İran höküməti tərəfindən tanınması idi. Nümayəndə heyəti məhz bu səfər zamanı İranın Azərbaycanın dövlət müstəqilliyini tanınmasına, ölkənin regional və beynəlxalq təşkilatlara üzvlüyünə “hə” deməsinə nail olmuşdu. Məhz bu danışıqlar nəticəsində İran höküməti 1991-ci il dekabrın 25-də Azərbaycanın dövlət müstəqilliyini tanıdığını bəyan etmişdi.

Beləliklə, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini elan etməsindən sonra iki ölkə arasında bütün sahələrdə, o cümlədən parlament səviyyəsində əlaqələr möhkəmlənməyə başlayıb. İranın parlament nümayəndə heyətinin Azərbaycana ilk səfəri 1996-cı ilin noyabrında olub. Nümayəndə heyətinə İran parlamentinin rəyasət heyətinin üzvü, Xarici siyasət məsələləri komissiyasının sədri Seyid Rza Əkrəmi başçılıq edib. Səfər zamanı nümayəndə heyəti Azərbaycan prezidenti Heydər Əliyevlə görüşüb və iki ölkənin parlamentlərarası dostluq qrupunun yaradılmasına dair razılıq əldə olunub. Elə həmin səfər çərçivəsində Azərbaycan Milli Məclisində iki ölkənin parlamentləri arasında əlaqələrin genişləndirilməsi məqsədilə dostluq qrupunun yaradılması layihəsi təsdiqlənib.

İran-Azərbaycan parlamentlərarası dostluq qrupu bu gün fəaliyyətini Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyilə davam etdirir.

Ötən illər ərzində İran və Azərbaycan parlamenti sədrlərinin qarşılıqlı və davamlı səfərləri bu əlaqələrin dərinliyini göstərir. Ümumiyyətlə, parlamentlərarası dostluq qruplarının formalaşdırılması, müqavilələrin bağlanılması və təsdiqlənməsi qanunvericilik sahəsilə yanaşı, iqtisadi və siyasi sahələrdə də münasibətlərin genişlənməsinə müsbət təsirini göstərib.

İki ölkənin parlament rəhbərlərinin görüşləri, həmçinin müxtəlif səviyyəli nümayəndə heyətlərinin səfərləri ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına, daha da yaxınlaşmasına, qarşılıqlı etimadın yaranmasına, anlaşma və yaxınlaşmaya yol açıb.

İqtisadi əlaqələr

Azərbaycanın müstəqillik əldə etməsilə, iranlı sahibkarlar və İran məhsulları ən tez Azərbaycan bazarına daxil olub. İranlı sahibkarlar ortaq mədəniyyət və dil, İran məhsulları isə məsafənin qısalığı, daşınma xərclərinin azlığı kimi amillər səbəilə bu bazarda xüsusi mövqeyə yiyələniblər. Lakin bir müddət sonra Azərbaycana başqa ölkələrdən malların gəlməsi, xarici şirkətlərin fəaliyyətə başlaması, keyfiyyət rəqabətinin artması, daxili istehsala xüsusi imtiyazların verilməsi məqsədilə yeni vergi və gömrük qaydalarının tətbiqindən sonra İrandan Azərbaycana idxal çətinləşib. Məsələ ondadır ki, Azərbaycanın müstəqilliyinin ilk illərində iqtisadi çətinliklər və vətəndaşların alıcılıq qabiliyyətinin aşağı olması ilə əlaqədar, bəzi dəllallar oraya İrandan aşağı keyfiyyətli və daha ucuz malları idxal edirdi. Bu, Azərbaycan bazarında İran məhsullarının keyfiyyətinin aşağı olduğu fikri yaratmışdı.

Nəhayət, 2000-ci ildə Azərbaycanda nəhəng İran sənaye məhsulları sərgisinin keçirilməsi, orada demək olar ki, bütün sənaye sahələrinə aid imkanların nümayişi bu mənfi fikri aradan qaldırıb. Açılış mərasimi Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin iştirakilə keçirilmiş sərgidə Azərbaycan xalqı İran İslam Respublikasının real iqtisadi imkanları ilə tanışlıq fürsəti qazanmışdı.

2010-cu ilin martında İran Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib. Bu da öz növbəsində, Azərbaycandan İrana ziyarət, ticarət, müalicə məqsədli səfərlərin əhəmiyyətli dərəcədə artmasına imkan verib.

Bu gün iranlı iş adamları və investorlar Azərbaycanda inşaat və istehsal sahələrində fəaliyyət göstərir. Misal kimi, onların Bakı və Naxçıvan hava limanlarının tikintisində iştirakını, yaşayış binalarının inşası ilə məşğul olduqlarını, mehmanxanaların, Prezident Administrasiyası və Milli Məclis binalarının təmirindəki iştiraklarını göstərmək olar. Bundan başqa, dərman preparatları istehsalı zavodunun açılması, sənaye müəssisələrinin yaradılması, Bakı-Astara magistralının inşasına dair araşdırmaların aparılması da bu əməkdaşlıq sahələrindəndir.

Bununla yanaşı, İranla Azərbaycan iki beynəlxalq layihə – “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Odur ki, nəqliyyat sahəsi də iki ölkənin əməkdaşlıq etdiyi sektorlardandır. İki ölkə arasında hər il on minlərlə yük maşını və avtobus hərəkət edir.

Bir sözlə, son bir neçə ildə istər ikitərəfli, istərsə də regional çərçivədə iki ölkə arasında iqtisadi əlaqələr əhəmiyyətli dərəcədə artıb. Bu əməkdaşlıq çərçivəsində iki ölkə bir sıra ikitərfli və çoxtərəfli layihələr həyata keçirib, bəzi layihələr üzərində isə işlər davam edir. İranla Azərbaycanın regional əməkdaşlıq çərçivəsində həyata keçirdiyi, bölgənin tranzit imkanlarından maksimum istifadə edilməsinə yol açan ən vacib layihələrdən biri “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizidir. Bu layihənin həyata keçirilməsi ideyası ilk dəfə 1993-cü ildə səsləndirilib. 2000-ci ildə isə İran, Rusiya və Hindistan arasında bu beynəlxalq dəhlizin yaradılmasına dair saziş imzalanıb.

Bu beynəlxalq nəqliyyat dəhlizinin istismara verilməsilə, malların daşınma məsafəsi və xərcləri xeyli azalacaq. İran, Azərbaycan və Rusiyanın dəmir yolu şəbəkəsinin birləşdirilməsini nəzərdə tutan “Şimal-Cənub” layihəsi sayəsində Cənub-Çərqi Asiyadan mallar Fars körfəzi vasitəsilə, İran, Azərbaycan və Rusiya ərazisindən keçməklə, Şimali Avropaya daşınacaq. İran, Azərbaycan və Rusiyanın əməkdaşlığı çərçivəsində indiyədək bu layihənin reallaşdırılması istiqamətində əhəmiyyətli işlər görülüb. Məsələn, İran-Azərbaycan sərhədində 8,3 kilometr uzunluğunda yeni dəmir yolu xətti və dəmir yolu körpüsü tikilib, İran Astarasında yeni yük terminalının inşası tamamlanmaq üzrədir, eləcə də Rəşt-Astara dəmir yolu xəttinin inşası layihəsinin icrası istiqamətində işlər davam edir.

İlkin mərhələdə bu dəhliz vasitəsilə hər il 5 milyon ton yükün daşınması nəzərdə tutulur. Növbəti mərhələlərdə bu rəqəm 10 milyon tona çatdırılacaq.

İranıa Azərbaycan ötən illər ərzində elektrik enerjisi mübadiləsi, iki ölkə arasında bir neçə elektrik stansiyasının tikilməsi istiqamətində də xeyli iş görüblər. Rgional iqtisadi əməkdaşlıq çərçivəsində İran, Azərbaycan və Rusiya arasında da enerji şəbəkələrinin uyğunlaşdırılması istiqamətində əməkdaşlıq uğurla həyata keçirilir.

İranla Azərbaycan arasında mühüm iqtisadi layihələrdən biri də Bakının 168 kilometrliyində yerləşən Neftçalada inşa olunmuş müştərək avtomobil zavodudur. Neftçala sənaye zonasında tikilmiş, “İran Khodro” və “Azərmaş” şirkətlərinin müştərək müəssisəsi olan zavodun inşasına 2016-cı ildə başlanılmışdı. O, bu sənaye zonasının ən böyük istehsal müəssisələrindən sayılır. Zavodun istehsal gücü müxtəlif modellər daxil olmaqla, ildə 10 min minik avtomobilidir. “İran Khodro” müəssisədə 25%-lik paya sahibdir.

Zavodda müasir texnologiyalar, avadanlıqlar və texnikalar tətbiq olunur. Müştərək avtomobil zavodunun ümumi dəyəri 24 milyon manatdır. Onun fəaliyyəti Neftçala Sənaye Zonasındakı yardımçı istehsal müəssisələrinin inkişafına da imkan yaradır. Əldə olunmuş razılığa əsasən, zavodun fəaliyyəti üçün nəzərdə tutulmuş sərmayə qoyuluşunun 25%-i “İran Khodro” şirkəti tərəfindən təmin edilib.

Zavod İran prezidenti Həsən Ruhaninin Azərbaycana 2018-ci ilin martında etdiyi səfər zamanı istismara verilib.

İran-Azərbaycan müştərək avtomobil zavodunun direktoru bu yaxınlarda bildirib ki, 2018-ci ildə zavodda mindən çox minik avtomobili istehsal olunub və onların 95%-i də satılıb.

Turizm

İran hökümətinin Azərbaycan vətəndaşları üçün viza rejiminin birtərəfli qaydada ləğvi qərarı bu ölkədən İrana turist səfərlərinin, xüsusilə müalicə və sağlamlıq məqsədilə gələnlərin çoxalmasına imkan verib. Azərbaycan əhalisi hələ 1991-ci ildə müstəqillik əldə etdikdən sonra qonşu İrana ziyarət və ticarət məqsədli səfərlər etməyə başlamışdı. Bu zaman onlar İranın müxtəlif sahələrdə, o cümlədən müalicə, tibb və keyfiyyətli dərmanların istehsalı sahəsində əldə etdiyi nailiyyətlərlə yaxindan tanış olmasına imkan vermişdi. Ümumiyyətlə, İslam İnqilabından sonra İranın müxtəlif sahələrdə, o cümlədən müalicə və səhiyyə, təcrübəli və bacarıqlı tibbi mütəxəssislərin yetişdirilməsi sahəsində inkişafı qonşu ölkələrin vətəndaşlarının müalicə üçün İrana səfər etməsinə səbəb olub. Bununla da ölkədə müalicə turizmi daha da inkişaf edib.

Bununla yanaşı, İranın Azərbaycanla coğrafi yaxınlığı, sərhədyanı bölgə sakinlərinin eyni dildə danışması, İran həkimlərinin xəstəliklərin diaqnozu və müalicəsi sahəsindəki bacarığı, uyğun müalicə qiymətləri, eləcə də İran istehsalı olan keyfiyyətli dərmanlar da Azərbaycandan İrana müalicə məqsədilə gələnlərin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Rəsmi statistikaya görə, 2015-2016-cı illərdə Azərbaycandan İrana səfər edən şəxslərin sayı 1 milyon nəfəri ötüb. Onların 50-60%-i buraya müalicə məqsədilə gəlib.

Azərbaycandan İrana ziyarət səfərlərinin artması nəticəsində, iki ölkə arasında 23 fevral 2016-cı ildə imzalanmış razılaşma ilə Naxçıvan-Məşhəd sərnişin qatarı da fəaliyyətə başlayıb. O, hər həftənin şənbə və cümə axşamı Naxçıvandan Culfa, Təbriz və Tehrandan keçməklə, Məşhəd istiqamətində hərəkət edir. Qatar Məşhədə 30 saata çatır.

Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusları da İran ərazisindən keçməklə fəaliyyət göstərir. Səbəb Dağlıq Qarabağ münaqişəsi nəticəsində Naxçıvanın Azərbaycanın əsas hissəsilə quru əlaqəsinin kəsilməsidir.

Ümumilikdə, İran Azərbaycanla iqtisadi əməkdaşlıq çərçivəsində bu ölkə iqtisadiyyatına 3 milyard dollardan çox investisiya yatırıb. Bu gün 700-dən çox İran şirkəti Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərir.

Mədəni əlaqələr

Azərbaycanın dövlət müstəqilliyini qazanması ilə iki qonşu ölkə arasında mədəni sahədə də münasibətlərin qurulması və möhkəmləndirilməsi üçün misilsiz şərait yaranıb. İki ölkə arasında mədəni əlaqələrin güclənməsinə təkan vermiş əsas amillərdən biri iki ölkə xalqlarının tarixi, etnik, dil və məzhəb yaxınlığıdır. Azərbaycan xalqı SSRİ-nin dağılmasından və müstəqillik qazanmalarından sonra İrana böyük rəğbətlə səfərlər etməyə başlayıb.

Beləliklə, iki qonşu dövlət arasında mədəni sahədə də rəsmi əlaqələr qurulub. 1993-cü ilin oktyabrında və 1994-cü ilin iyulunda İranla Azərbaycan arasında mədəniyyət, elmi və təhsil sahələrində əməkdaşlığa dair 2 saziş imzalanıb. Bu, mədəni əlaqələrin möhkəmləndirilməsi üçün atılmış ilk addımlar idi. 1994-cü ilin dekabrında Bakıda iki ölkə arasında mədəni sahədə əməkdaşlığa dair ilk memorandum da imzalanıb. Bununla da, hər iki ölkədə qarşılıqlı mədəni proqramların həyata keçirilməsinə başlanıb.

İki ölkə ötən illər ərzində mədəni sahədə əməkdaşlığa dair bir çox sənəd imzalayıb: 2002-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyi ilə İranın Mədəniyyət və İslam Orientasiyası Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu; 2004-cü ildə Azərbaycan və İran hökümətləri arasında mədəni əməkdaşlıq haqqında saziş; 2009-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyi ilə İranın Mədəni irs, Əl işləri və Turizm Təşkilatı arasında əməkdaşlıq haqqında memorandum və s.

Ümumilikdə belə sənədləri sayı 30-a çatır. Qarşılıqlı mədəniyyət günlərinin, film həftələrinin, mədəni-incəsənət sərgilərinin keçirilməsi, elm və təhsil sahəsində əməkdaşlıq u sənədlərin nəticəsidir.

İranla Azərbaycanın mədəni sahədə beynəlxalq əməkdaşlığını da uğurlu saymaq olar. Bu əməkdaşlıq nəticəsində iki ölkənin bir sıra müştərək mədəni irsi, o cümlədən Novruz bayramı, kamança və lavaş UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib. Bakı ilə Tehran bu istiqamətdə birgə fəaliyyətini bu gün də davam etdirir.

İranla Azərbaycan arasında mədəni münasibətlərin möhkəmlənməsi xalqlar arasında əlaqələrin genişlənməsinə də təkan verib. Sərhəd- keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsinə dair bu yaxınlarda əldə olunmuş razılaşma da iki qonşu ölkə xalqlarının ictimai əlaqələrinin möhkəmlənməsinə xidmət edən mühüm addımdır.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az