25.05.2019 17:11
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Avropa Liqasının finalı: “Çelsi” - “Arsenal”
 
24.05.2019
RTBF.be, Belçika
 

  Qafqazda müharibə və tərəqqi
 
24.05.2019
24 Horas, Meksika
 

  FOTOREPORTAJ| Bakı: Avropa Liqasının finalı zamanı qalmalı, yeyib-içməli, şopinq etməli məkanlar
 
24.05.2019
INDEPENDENT, Böyük Britaniya
 

  Yay tətili üçün möhtəşəm Bakı çimərlikləri - FOTO
 
24.05.2019
Newsparsi, İran
 

  Mxitaryan Azərbaycanda niyə oynamayacaq?
 
23.05.2019
BESOCCER, İspaniya
 

 
 
Dünyada ilk dağ yəhudiləri muzeyi Azərbaycanda açılacaq

 
 



THE JERUSALEM POST, İsrail
21.02.2019


Müəllif: Seymur Məmmədov (“EurAsiaAz” beynəlxalq ekspert klubunun direktoru, Azərbaycanda fəaliyyət göstərən Vzglyad.az xəbər agentliyinin baş redaktoru)

Azərbaycanda yaşayan müxtəlif xalqlar üçün tarixən ən yaxşı şərait yaradılıb. Onlara əsrlər boyu qarşılıqlı hörmət, dostluq münasibəti göstərilib. Bu xalqlardan biri də azərbaycanlılarla 2500 ildən çoxdur çiyin-çiyinə yaşayan yəhudilərdir.

Ölkəmizdə 3 yəhudi icması yaşayır: dağ yəhudiləri (onların əksəriyyəti Quba rayonundakı Qırmızı qəsəbədə məskunlaşıb), Avropa yəhudiləri və ya aşkenazilər (Bakı və Sumqayıtda yaşayırlar) və gürcü yəhudiləri (əksəriyyəti Bakıda məskunlaşıb). Sovet İttifaqı dağıldıqdan sonra yəhudi icmaları arasında dağ yəhudiləri hakim qrupa çevrilib.

Burada yaşayan yəhudilər qədim zamanlardan bəri azərbaycanlıların sevgisi, qayğısı və dostluğu ilə əhatə olunub. Halbuki, başqa ölkələrdə yəhudilər zaman-zaman ayrı-seçkiliyə, təqiblərə məruz qalıb. Azərbaycanda dövlət yəhudilərə hər zaman hərtərəfli yardım göstərib. 1990-cı illərdə Azərbaycanın ümumilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişilə, onlar dövlətdən dəstək almağa başlayıb. Bu gün isə ölkəmizdə yaşayan yəhudilərə Azərbaycan prezidenti İlham Əliyevinin siyasətilə dəstək verilir.

Məsələn, 2011-ci ilin martında dağ yəhudiləri üçün sinaqoqun tikilməsi yaxşı nümunə sayıla bilər. Bakı və Qubada fəaliyyət göstərən yəhudi məktəbləri haqda çox danışmağa ehtiyac yoxdur. Yalnız onu qeyd edək ki, bu məktəblərdə yəhudi şagirdlərinə özlərini inkişaf etdirməsi üçün bütün şərait yaradılıb.

Yəhudilər ölkəmizin ictimai və siyasi həyatına, həmçinin sosial həyatın digər seqmentlərinə uğurla inteqrasiya olublar. Azərbaycanın yəhudi vətəndaşlarının sevgi və qayğı ilə əhatə olunduğunu, sülh və harmoniya şəraitində yaşadığını aydın başa düşmək üçün Qubada yerləşən Qırmızı qəsəbəni ziyarət etmək kifayətdir. Buranın əsas memarlıq nümunələri sinaqoqlardır. Qırmızı qəsəbənin səliqəli və təmiz küçələri boyunca 2-3 mərtəbəli evlər, dükanlar düzülüb. Bu gün isə onun qədim tarixini bərpa etmək üçün muzeyə də ehtiyac yaranıb. Artıq bu istiqamətdə addımlar atılır. Yaxın zamanlarda “Karçoqi” tarixi sinaqoqunun binasında yəhudi muzeyi fəaliyyətə başlayacaq. Yəhudi muzeyi Qod Nisanov, Zarax İliyev və German Zaxaryev kimi rusiyalı biznesmenlərin təşəbbüsü ilə yaradılır. Tikinti işləri sürətlə getməkdədir.

Sovet dönəmində “Karçoqi” sinaqoqunda kənd təsərrüfatı məhsulları saxlanılırdı. Sovet İttifaqının dağılmasından sonra isə o, baxımsız vəziyyətdə idi. Muzeyin yaradılması təşəbbüsü ibadət evinin bərpası üçün də imkan yaradıb.

“Karçoqi” sinaqoqunun zirzəmisində konfrans zalı, kiçik kitabxana və muzeyin bir hissəsi yaradılacaq. Bu, kvadrat formada olacaq. Mümkün qədər çox eksponatın saxlanılması üçün 2 yarusun yaradılmasına qərar verilib. Otağın hündürlüyü 5 metrdən çox olacaq.

Sinaqoqda muzeyin yaradılması burada əsas eksponatın sinaqoqun qədim binası olacağı anlamına gəlir. Yəni ziyarətçilər Azərbaycandakı bu sinaqoqun qədimdə hansı quruluşa malik olduğunu görə biləcək.

Muzeyin yaradılması təkcə Qırmızı qəsəbədə yaşayan dağ yəhudiləri icmasının irsini qorumaq deyil, həm də Azərbaycandakı bütün yəhudi icmasının irsini qorumaq məqsədi güdür. Muzeydə Qafqaz regionuna aid eksponatlar, xüsusilə lüğətlər saxlanılacaq. Burada cuuri dilində dünyada ən böyük kitabxana yaratmaq təklif olunur. Nəticədə dilçilər bu unikal dili araşdırmağa həvəs göstərəcək. Bu gün dünyada təxminən 100 min insan bu dildə danışır.

İsrailin baş naziri Benyamin Netanyahunun qardaşı, israilli dramaturq İddo Netanyahu 2018-ci ilin sonunda Qırmızı qəsəbəyə səfər etmişdi. O, azərbaycanlıların dağ yəhudilərinin irsinə qayğı və diqqətindən heyran qaldığını demişdi. İsrailli dramaturq azərbaycanlılarla dağ yəhudiləri arasındakı dostluq münasibətlərini xüsusilə vurğulamış, səfəri çərçivəsində 2 sinaqoqu ziyarət etmişdi.

Bu gün Qırmızı qəsəbəyə İsrail, ABŞ, Rusiya və s. ölkələrdən turistlər gəlir. Onların bu kəndə marağı ildən-ilə artır. Burada yaradılacaq muzey isə Qırmızı qəsəbəyə daha çox turistin cəlb edilməsinə yol açacaq.

Bu gün yəhudi turistlər Qırmızı qəsəbəyə sanki kiçik Yerusəlimi görmək üçün üz tutur. Qəsəbədə yəhudi muzeyinin yaradılması israilli turistləri buraya daha çox cəlb edəcək. Muzey dağ yəhudilərinin həyatına, mədəniyyətinə, adət-ənənələrinə, həmçinin Azərbaycanda məskunlaşma tarixinə həsr olunacaq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE JERUSALEM POST


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az