18.07.2019 17:33
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Qədim Qobustan: qayaların “oxuduğu” məkan
 
18.07.2019
Titreshahr, İran
 

  FOTOREPORTAJ| Azərbaycana səyahət: qalmalı, yeyib-içməli məkanlar
 
16.07.2019
Masala!, BƏƏ
 

  Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistana mesajdır
 
15.07.2019
TasnimNews, İran
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhər
 
12.07.2019
Parsine.com, İran
 

  FOTOREPORTAJ| Azərbaycan... Od və sevgi ölkəsi
 
10.07.2019
Ən-Nahar, Livan
 

 
 
MÜSAHİBƏ| Hoqland, Qarabağ, “Lavrov planı”, münaqişənin həllinə doğru addım-addım

 
 



Amerikayi Dzayn, Ermənistan
25.02.2019


Müəllif: Arman Tarcmanyan

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sabiq həmsədri, keçmiş diplomat Riçard Hoqlandın “Amerikanın Səsi”nə müsahibəsi.

- Bu gün Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində lər baş verir?

- Bəri başdan deyim ki, mən istefada olan diplomatam və hökumətin deyil, öz adımdan danışıram. Sualınıza gəlincə, prosesdə ümidverici hadisələrin şahidi oluruq. Yerevanda yeni hökumət qurulub. Azərbaycan hakimiyyəti oradakı prosesləri diqqətlə izləyir və qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində addımlar atılır. Hələlik ciddi dəyişikliklər haqda danışmaq tez olsa da, sözsüz ki, ötən illərlə müqayisədə bu il baş verənlər daha ümidvericidir.

- Prosesin sülh müqaviləsinin imzalanması ilə nəticələnə biləcəyi deyilir.

- Ümid edək ki, belədir. Lakin ötən 25 ilə nəzər saldıqda görürük ki, belə vəziyyət əvvəllər də yaranıb. Yəni insanlarda zaman-zaman münaqişənin həll olunacağına dair nikbin fikir formalaşıb, vəziyyətin kəskin dəyişəcəyi düşünülüb, amma son anda imkan əldən verilib. Məhz bu üzdən hesab edirəm ki, nikbin olmalı, lakin çox ehtiyatlı davranmalıyıq.

- Ermənistanın yeni hakimiyyəti maraqlı mesajlar verir, danışıqlar üçün qapıların açıq olduğunu deyir. Bununla yanaşı, o, Qarabağla bağlı daha sərt mövqedən çıxış edir.

- Bu, məni təəccübləndirmir. Yeni baş nazir Nikol Paşinyan yeni nəslin nümayəndəsidir. Onu məhz yeni nəsil seçib. Fikrimcə, Ermənistan vətəndaşlarının Paşinyanı seçməsinin səbəbi ölkələrinin başqa istiqamətdə inkişafını istəmələridir. Bu, yalnız Qarabağ məsələsinə yox, bir çox sahələrə aiddir. Amma burada daha bir vacib amil var. Uzun illərdən sonra ilk dəfə olaraq, Ermənistanın lideri Qarabağdan deyil. Bu üzdən o, çox diqqətli olmalıdır. Əgər Paşinyan ciddi dəyişikliklərə getmək istəyirsə, radikal addımlar atmamalıdır. Bu, addım-addım edilməlidir. Çünki radikal addımların atılacağı təqdirdə Paşinyanı istəməyən qüvvələr onu dərhal vuracaq. Odur ki, addım-addım irəliləmək lazımdır. Bu zaman müxtəlif mesajları daha asan çatdırmaq olur.

- Addım-addım dedikdə hərəkət tərzini nərədə tutursunuz, yoxsa münaqişənin həlli yolunu?

- Bəli, söhbət hərəkət tərzindən gedir. Gəlin Levon Ter-Petrosyanı xatırlayaq. O da illər öncə Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə dair siyasətində köklü dəyişikliklər etmək istəyirdi. Ümumi fikir budur ki, o, çox sürətlə hərəkət etdi və nəticədə vəzifədə qala bilmədi.

- Ötən illərə nisbətən, cəbhə bölgəsində insidentlərin sayı da xeyli azalıb. Bunu da mesaj hesab etmək olar?

- Gəlin bununla bağlı da nikbinliyimizi ehtiyatla ifadə edək. Bu, yaxşı işarədir. Mən qoşunların təmas xəttində baş verən insidentlərin statistikasını izləyirəm və deyə bilərəm ki, həqiqətən də əvvəlki dövrlərə baxdıqda, indi insidentlərin sayı xeyli azalıb. Belə bir təklif də var idi ki, tərəflər təmas xəttindən hərbçiləri geri çəkərək, onların yerinə sərhədçiləri yerləşdirsin. Bu da müsbət irəliləyiş olardı.

Qeyd etdiyimiz qarşılıqlı etimadın addım-addım formalaşmasının vasitələrindən biri də məhz budur. Əgər tərəflər kiçik addımlar atmağa hazırdırsa, sonda əsas məqsədə çatmaq olar.       

- Siz keçmiş həmsədr kimi, münaqişə ilə yaxşı tanışsınız. Bu gün münaqişə tərəfləri böyük güzəştlərə hazır deyil. Fikrinizcə, münaqişəni “dondurmaq”la sülhü təmin etmək olarmı?

- Müxtəlif fikirlər var. Mənim şəxsi mövqeyim ondan ibarətdir ki, əgər Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycan hökumətinin nəzarətinə qaytarılarsa, bu, vacib irəliləyiş olar. Bu, münaqişə tərəflərinə bütün diqqəti Dağlıq Qarabağın özünə yönəltmək imkan verərdi. Amma münaqişə tərəflərindən biri ətraf rayonları hələ də hərbi nəzarətində saxlayır. İlk növbədə bu məsələ həllini tapmalıdır. Buna nail olunması müsbət irəliləyiş olacaq. Bu, mənim fikrimdir.      

- Axı erməni tərəfi qeyd edir ki, həmin rayonlar təhlükəsizlik zonasıdır. Yanılmıramsa, illər öncə prezident Serj Sarqsyan həmin ərazilərin təhlükəsizlik zəmanəti qarşılığında qaytarıla biləcəyini deyirdi…

- Bəli, amma bu, o zaman idi. İndi vəziyyət dəyişib. Odur ki, gəlin nikbin olaq və ümid edək ki, münaqişə tərəfləri – Bakı ilə Yerevan bu imkanı nəzərdən keçirəcək. Çünki nizamlama yolları var. Çoxsaylı beynəlxalq proqramlar və təkliflər ortadadır. Bəzən tərəflərin mövqeyi çox yaxın olur. Ki Vest sammitini xatırlamaq kifayətdir. O zaman münaqişənin həllinin yaxın olduğuna hər kəs inanmışdı. Lakin vəziyyət son anda, ən son saniyədə dəyişdi. Məhz buna görə deyirəm ki, yavaş-yavaş, addım-addım irəliləyən proses lazımdır. Bu prosesin gedişində tərəflər bir-birinə etibar etməyə başlamalıdır. Qarşılıqlı etibar yaranmazsa, uğur əldə etmək mümkün olmaz.

- Digər regional qüvvələrdən danışaq. İran və Rusiya bölgəyə sülhməramlı qüvvələrin mümkün yerləşdirilməsindən narahatlığını bildirir. Fikrinizcə, sülhməramlılara ehtiyac varmı?

- Bu, çox mürəkkəb məsələdir. Sözsüz ki, İran narahatlıq keçirir. Bu məsələ Rusiyanı da narahat edır. Amma əgər regionun digər dondurulmuş münaqişələrinə nəzər salsaq görərik ki, bu, münaqişənin həllini yaxınlaşdırmır.

Konkret olaraq Cənubi Osetiyada Avropa İttifaqının müşahidəçi qüvvələri yerləşdirilib və Rusiya buna razılıq verib. Bu hətta Dağlıq Qarabaş münaqişəsindən də mürəkkəb məsələdir və ondan fərqlidir. Çünki Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkündür. Buna nail olmağın yolları var. Hər halda, sülhməramlıların yerləşdirilməsi gələcəyə aid məsələdir. Bu gün o, aktual deyil. Bu səbəbdən də düşünmürəm ki, bu məsələ kimisə ciddi narahat edir. Əsl məsələ odur ki, regional qüvvələr Dağlıq Qarabağ münaqişəsinin həllini həqiqətən istəyir, ya yox? Düşünürəm ki, İran doğrudan problemin həllini istəyir. Bəs Rusiya? Bu sual açıq qalır.

- Sabiq diplomat kimi, bu sualı siz necə cavablandırardınız?

- Bir daha təkrar edirəm ki, bu mənim şəxsi fikrimdir. Hazırda danışıqlar masası üzərindəki proqram “Lavrov planı” adlanır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu məsələni çox diqqətlə izləyir və onun bütün detalları ilə tanışdı. Dağlıq Qarabağ münaqişəsini birdəfəlik həll etmək üçün təklifləri məhz o hazırlayıb. Lakin mən bu məsələyə yaxşı bələd olan bəzi insanlarla söhbət etmişəm və onlar Kremlin münaqişənin həllinə imkan verəcəyinə şübhə ilə yanaşırlar.

Regionda mövcud olan digər münaqişələrə nəzər salmaq lazımdır: Dnestryanı problem, Abxaziya, Cənubi Osetiya münaqişələri və artıq Ukrayna. Bəziləri hesab edir ki, Kreml bu münaqişələrin həllini istəmir. Çünki bu halda bölgəyə təsir imkanını itirə bilər. Bunu isə Kremldə təbii ki, istəmirlər. Xatırlayırsınızsa, Vladimir Putin bu regionun Rusiyanın xüsusi marağında olduğunu demişdi. Bir neçə o, dəfə hətta regionun Rusiyanın müstəsna maraq zonası olduğunu da bildirib. Bu isə o deməkdir ki, regiona heç bir ölkə müdaxilə edə bilməz. Beləliklə, hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli açarı Moskvanın əlindədir.

- Sizinlə bir məsələni dəqiqləşdirmək istəyirəm. “Lavrov planı” “Madrid prinsipləri”ndən nə ilə fərqlənir?

- Köklü fərq yoxdur. Əsas fərq Dağlıq Qarabağ əhalisi, o cümlədən azərbaycanlı məcburi köçkünlər arasında keçirilməli olan referendum təklifidir. Hazırda layihəni hər iki tərəfin qəbul etməməsinin səbəbi referendumun vaxtı ilə bağlıdır. Tərəflərin bu məsələdə ortaq fikrə gələ bilməsi üçün güclü qarşılıqlı etimad lazımdır. Lakin hazırda həm Yerevan, həm də Bakı referendumun vaxtının dəqiq göstərilməsini istəyir.

- Təşəkkür edirəm. Demək istədiyiniz əlavə nəsə varmı?

- Mənə bu imkanı verdiyiniz üçün təşəkkür edirəm. ATƏT-in Minsk qrupunun həmsədri kimi çalışdığım dövr diplomatik karyeramın ən gözəl dövrlərindən olub. Bu, mənə o vaxtadək məlumatsız olduğum bu məsələ ilə yaxından tanış olmaq imkanı yaradıb. Bir ABŞ vətəndaşı olaraq, Dağlıq Qarabağa da səfər etdim və bu vəzifə mənə çox şey öyrətdi.

Ümid edirəm ki, məsələ, nəhayət, həllini tapacaq.

(Erməni dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Amerikayi Dzayn


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az