25.05.2019 17:08
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Avropa Liqasının finalı: “Çelsi” - “Arsenal”
 
24.05.2019
RTBF.be, Belçika
 

  Qafqazda müharibə və tərəqqi
 
24.05.2019
24 Horas, Meksika
 

  FOTOREPORTAJ| Bakı: Avropa Liqasının finalı zamanı qalmalı, yeyib-içməli, şopinq etməli məkanlar
 
24.05.2019
INDEPENDENT, Böyük Britaniya
 

  Yay tətili üçün möhtəşəm Bakı çimərlikləri - FOTO
 
24.05.2019
Newsparsi, İran
 

  Mxitaryan Azərbaycanda niyə oynamayacaq?
 
23.05.2019
BESOCCER, İspaniya
 

 
 
Novruz səfəri zamanı Azərbaycanın muzeylərinə baş çəkin - FOTO

 
 



POOLNEWS.IR, İran
05.03.2019


İranın şimal-qərb qonşusu olan Azərbaycan iranlılar arasında ən populyar turizm istiqamətlərindən sayılır. Bu ölkədə, xüsusilə paytaxt Bakıda çox sayda muzey var. Azərbaycana Novruz səfəriniz zamanı bu muzeyləri də ziyarət edə bilərsiniz. Populyar turizm istiqamətinə çevrilmiş Bakıda qədimiliklə müasirliyin sintezini görəcəksiniz.

Bakı çoxsaylı görməli məkanları ilə məşhurdur. Bu, iranlı turistlərin Novruz səfəri üçün məhz Bakını seçməsinə səbəb olur. Burada tarix və etnoqrafiyadan tutmuş, son dərəcə kiçik ölçülü kitablar kolleksiyasının da yer aldığı 30-dan çox muzey var. Bu muzeylərə baş çəkməklə, şəhərin və ölkənin tarixini, mədəniyyətini qiymətləndirə biləcəksiniz. Bir sözlə, Bakıda olarkən muzeyləri də ziyarət edin. Bu, möhtəşəm təcrübə olacaq.

Milli Azərbaycan Tarixi Muzeyi

Milli Azərbaycan Tarixi Muzeyində 300 mindən çox maddi əşya nümayiş olunur. Bu, Azərbaycanın ən böyük muzeyidir. Buradakı orijinal sənədlər bir çox hadisə və faktı özündə canlandırır. Bu muzeydə qonaqlar Zərdüştilik dövrünə, orta əsrlərə və SSRİ illərinə aid eksponatlarla yanış ola bilər.

Azərbaycan Milli İncəsənət Muzeyi

Ən zəngin incəsənət kolleksiyası bu muzeydə nümayiş olunur. O, 1936-cı ildə yaradılıb. Hazırda muzeydə 3 mindən çox eksponat var. Onlar 2 binadakı 60 otaqda saxlanır. Azərbaycan Milli İncəsənət Muzeyində azərbaycanlı, rus və avropalı rəssamların rəsm əsərləri və heykəlləri nümayiş olunur.

“Şərq incəsənəti” adlı hissəsində isə iranlı və türk rəssamların əsərlərini görə bilərsiniz. Bir sözlə, qarşıdan gələn Novruz tətilində Bakıya yollansanız, bu muzeyə, xüsusilə qeyd olunan bölməyə mütləq baş çəkin. Hər halda, iranlı müəlliflərin əsərləri sizin üçün maraqlı olacaq.

Miniatür Kitab Muzeyi

Bakının İçərişəhər adlanan hissəsində yerləşən bu muzeydə kiçik, miniatür kitablardan ibarət kolleksiya nümayiş olunur. Bir vaxtlar orada yalnız şəxsi kolleksiya yer alırdısa, bu gun o, muzeyə çevrilib. Bu muzeyə giriş pulsuzdur. Burada XVI əsrdən tutmuş, keçmiş SSRİ illərinədək geniş dövrə aid kitablar var.

Dünyanın 3 ən kiçik kitabı da bu muzeydədir. Onları oxumaq üçün böyüdücüdən istifadə etmək lazımdır. Miniatür Kitab Muzeyini Bakının ən maraqlı muzeylərindən biri adlandırmaq olar. Azərbaycana səyahət zamanı oraya mütləq baş çəkin.

Azərbaycan İstiqlal Muzeyi

Keçmiş SSRİ tərzinə aid muzeylərə marağı olan şəxslər Azərbaycanın İstiqlal Muzeyini ziyarət etsinlər. Burada XX əsrin əvvəllərindən başlamış SSRİ hakimiyyəti dövründən Azərbaycanın müstəqillik illərinədək istifadə olunmuş siyasi təbliğat vasitələri nümayiş olunur.

Muzeyin bir hissəsi Dağlıq Qarabağ münaqişəsinı aiddir. Buradakı sənədlərin çoxu Azərbaycan və rus dilindədir. Onları anlamaq üçün bələdçi lazımdır. Lakin muzeyə baş çəkməyə dəyər.

Şirvanşahlar sarayı

Şirvanşahlar dövləti bir neçə əsr Azərbaycanın müəyyən hissəsini idarə edib. Şamaxıda baş vermiş zəlzələ onun hökmdarlarını paytaxtı Bakıya köçürməyə vadar edib. Onların yerləşdiyi kompleks bu günədək qorunub saxlanır. O, saray binası, böyük məqbərə, 2 məscid və 1 hamamdan ibarətdir.

XV əsrə aid Şirvanşahlar sarayı UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib. Oranı ziyarət etmək 1-2 saat vaxt tələb edir.

Müasir İncəsənət Muzeyi

XX əsrin ikinci yarısında Azərbaycan incəsənəti avanqard tərzdə olub. Azərbaycanlı rəssamların yaratdığı 800-dək eksponat və heykəl (1960-80-cı illərə aid) Müasir İncəsənət Muzeyində nümayiş etdirilir. Muzeydə təşkil olunmuş sərgilər sırasında özəl kolleksionerlər tərəfindən buraya hədiyyə edilmiş əsərlər – Pikasso və Dalinin əsərləri, eləcə də yerli fotoqrafların əl işlərini görə biləcəksiniz

Atəşgah məbədi

Təqdim edəcəyimiz son muzey şəhərin ən eksklüziv muzeylərindəndir. Bakıdan təxminən 20 kilometr şərqdə Atəşgah məbədi yerləşir. Burada əsrlərdir yerin altından sızan qaz sayəsində əbədi məşəl yanır. Bu məbəd 300 illik tarixə malikdir. Deyilənə görə, yerli xalq min il əvvəldən burada ibadətlə məşğul olub. Məbəddəki otaqları gəzərkən Azərbaycanda və İranda zərdüştlərin ayin tarixilə tanış ola bilərsiniz. Məbədi ziyarət etmək üçün oraya müstəqil şəkildə, yaxud təşkil olunan turlarla yollanmaq olar.

Beləliklə, bu möhtəşəm muzeyi, eləcə də Bakının digər muzeylərini gəzmək üçün Novruz səfərinizi Azərbaycana salın.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: POOLNEWS.IR


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az