17.09.2019 16:35
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
MÜSAHİBƏ| Politoloq: “Hiss edirəm ki, müharibəyə hazırlıq prosesinin son mərhələsindəyik”

 
 



Panorama.am, Ermənistan
12.03.2019


Müəllif: Lala Ter-Ğazaryan

Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatından sonra Ermənistanda iki əsas fikir səslənməkdədir. Əksəriyyət artıq erməni diplomatiyasının məğlub olduğunu, həmsədrlərin bəyanatının Yerevan üçün çox düşündürücü olduğunu deyir. Bir qisim isə əslində heç nəyin dəyişmədiyini, narahatlığa əsasın olmadığını düşünür.

Panorama.am həmsədrlərin bəyanatı, erməni tərəfinin buna reaksiyası, bəyanatın səbəbləri və mümkün nəticələri haqda “Voskanapat” analitik mərkəzinin rəhbəri Hrant Melik-Şahnazaryanla söhbətləşib.

- Cənab Melik-Şahnazaryan, Minsk qrupunun bəyanatından sonra bir çoxları narahatlığını dilə gətirir. Fikrinizcə, bu narahatlıq şişirdilmir ki? Hər halda, bəziləri ortada heç bir dəyişikliyin olmadığını deyir...

- Heç bir dəyişikliyin olmadığını deyənlər danışıqlar prosesindən, son illərdə baş vermiş hadisələrdən xəbərsiz olanlardır. Əminliklə demək olar ki, aprel döyüşlərindən sonra vəziyyət dəyişmişdi və 4 günlük müharibənin siyasi məsuliyyəti Azərbaycanın üzərində idi. Amma indi, faktiki olaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar prosesini əvvəlki nöqtəyə qaytarmaq istəyir. Yəni aprel müharibəsinin məsuliyyətini Azərbaycanın üzərindən götürürlər. Onlar prosesi bir neçə il bundan əvvəlki vəziyyətinə qaytarırlar. Halbuki, Ermənistan diplomatiyası vəziyyətin dəyişməsi üçün 6 il iş çalışmışdı. İndi, həmsədrlər bütün bunları bir kənara qoyaraq, Azərbaycanı məsuliyyətdən azad edir.

Aydındır ki, bunun nəticəsində Bakı daha sərt addımlar atmağa, daha sərt siyasət yürütməyə başlayacaq. Başqa sözlə, hazırda vasitəçilərlə Azərbaycan Ermənistana öz siyasi şərtlərini qəbul etdirmək istəyir.

- Bu bəyanatı nəyin nəticəsi hesab etmək olar? Axı baş nazir “DQR”in (dırnaq işarəsi bizə aiddir - WM) danışıqlar prosesində iştirakını təmin edəcəyini deyirdi...

- Mənə elə gəlir ki, Nikol Paşinyan bu bəyanatla çıxış etməkdə bir qədər tələskənliyə yol verib. O, baş nazir postunu tutar-tutmaz, məsələnin incəliklərinə yaxından bələd olmamasına rəğmən, münaqişənin həllinə dair müxtəlif bəyanatlarla çıxış etməyə başladı. Baş nazir “Qarabağ danışıqlar masası arxasına qayıtmalıdır” dedikdə bilməli idi ki, bu məsələ onsuz da münaqişənin nizamlanması prosesinin gündəliyinə daxildir. Vasitəçilər də, Ermənistan tərəfi də hansısa mərhələdə “DQR”in danışıqlara qoşulacağını dəfələrlə bəyan ediblər.

Nəticədə, baş nazir Paşinyan Sankt-Peterburq və Vyana razılaşmalarını liftdə əldə olunan razılaşmalarla əvəzlədi, üstəlik, beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaq üçün Rusiya və Qərblə münasibətlərdə ziddiyyətli manevrlərə başladı. O, həm Rusiya, həm də Qərb ölkələrilə görüşlərində onlara xoş gələcək fikirlər səsləndirirdi.

Bir sözlə, Nikol Paşinyan Azərbaycanla Sankt-Peterburq və Vyana görüşlərində əldə edilmiş razılaşmaları yerinə yetirmədi. Nəticədə elə vəziyyət yarandı ki, Bakı həmin razılaşmaları yerinə yetirmək öhdəliyini üzərindən atmaq imkanı qazandı.

Bundan başqa, Azərbaycan Paşinyanın “DQR”in yox, yalnız Ermənistanın adından danışıqlar aparması faktına söykənərək, Minsk qrupunun həmsədrlərilə müəyyən sövdələşməyə getdi və beləliklə, İlham Əliyev hökuməti Nikol Paşinyanın planlarını iflasa uğratdı.

İndi, Bakı bu kiçik qələbələrin ardından prosesi sürətləndirməyə çalışır. Onlar bilir ki, Paşinyan son anda ya sözündən geri çəkiləcək, ya da danışıqlardan imtina edəcək. Azərbaycan tərəfi Paşinyanın psixologiyasını yaxşı araşdırıb. Onlar bilirlər ki, baş nazir şəxsi nüfuzunu dövlət maraqlarından üstün tutur. Demək, Paşinyan sözündən çətin geri çəkilsin.

Yox, əgər ikinci variant olarsa, istər vasitəçilər, istərsə də Azərbaycan günahı Ermənistanın üzərinə atacaq. Bir sözlə, özümüzü çıxılmaz vəziyyətə salmışıq. İndiki mərhələdə Nikol Paşinyanın dövlət maraqlarını hər şeydən üstün tutması çox vacibdir.

- Həmsədrlərin bəyanatından sonra Ermənistanın Xarici İşlən Nazirliyindən açıqlama verilib. Nazirlik bildirir ki, Vyana və Sankt-Peterburq sammitlərində insidentlərinin araşdırılması mexanizmləri və etimad tədbirləri haqqında əldə olunmuş razılaşmalar gündəlikdə qalır.

- Bilirsiniz, Ermənistan XİN-nin bəyanatı Azərbaycana yox, məhz Minsk qrupunun həmsədrlərinə yönəlməli idi. Çünki bu gün vəziyyəti dəyişdirən həmsədrlərdir. Biz onların sayəsində son illər ərzində əldə etdiyimiz bir çox nailiyyəti itiririk. Amma nazirlik bəyanatdında sadəcə, Azərbaycanın ünvanına ittihamlar səsləndirir və həmsədrlərin anti-Ermənistan mövqeyi haqda heç nə demir. Bu, kifayət qədər tənqidə layiq faktdır.

Zənnimcə, Ermənistan Xarici İşlər Nazirliyinin bu bəyanatında yeganə məqsəd erməni ictimaiyyətinin diqqətini həmsədrlərin bəyanatından yayındırmaqdır. Onlar mövzuları bir-birinə qarışdırmaqla, ictimai rəyə mümkün mənfi təsirləri neytrallaşdırmağa çalışır. Bu, həqiqətən də mənasız və dişsiz bəyanatdır.

Üstəlik, nazirliyin bəyanatından sonra baş nazirinin mətbuat katibi də Minsk qrupunun açıqlamasını “adi və təbii bəyanat” kimi qiymətləndirib. Bunu anlamaq daha da çətindir. Nədir “adi” olan? Fikrimcə, Ermənistanda bu sualı baş nazirin mətbuat katibindən başqa heç kəs cavablandıra bilməz. Bir sözlə, Yerevanın bu cür bəyanatlarla çıxış etməsinin səbəbini anlamaq mümkün deyil.

- Bəs siz necə düşünürsünüz, bu bəyanatların səbəbi nədir? Bəlkə gizli mətləblər var?

- Səbəb məsuliyyətsiz hakimiyyət, onun mövqeyidir. Hakimiyyətə yaxın mətbuatın yazdıqlarını oxuduqda, Paşinyana yaxın siyasi xadimlərin çıxışlarını dinlədikdə aydın olur ki, onlar xalqı danışıqların Robert Koçaryan və Serj Sarqsyanın dövründə müzakirə edilmiş mövzu ətrafında getdiyinə inandırmağa çalışır. Yəni günahı keçmiş hakimiyyətin üzərinə atmağa çalışırlar. Halbuki, əvvəllər indiki təkliflərin ortada olub-olmadığına toxunmadan deyə bilərəm ki, bu, olubsa belə, keçmiş hakimiyyət onu qəbul etməyib. Əksinə, onlar illər ərzində gərgin iş apararaq, təkliflərin dəyişdirilməsinə nail olmuşdular. İndi isə yeni hakimiyyət son illərdə əldə olunmuş nailiyyətləri itirir, üstəlik, bunun məsuliyyətini əvvəlki hökumətin üzərinə atmağa çalışır. Bu, sadəcə məsuliyyətdən yayınmaq cəhdidir.

- Həmsədrlərin bəyanatından sonra bir çoxları yeni müharibə təhlükəsindən də daışmağa başlayıb. Sizcə belə təhlükə realdırmı?

- Fikrimcə, belə təhlükə mövcuddur. Azərbaycan tərəfi müəyyən əraziləri geri qaytarmaqla kifayətlənmək fikrində olmadığını hər zaman bəyan edib. Yəni Bakı bütünlükdə Qarabağ uğrunda mübarizə aparır.

Hesab edirəm ki, hazırda İlham Əliyev hökuməti müharibə üçün siyasi əsas hazırlamaqla məşğuldur. Növbəti mərhələdə onlar dünyaya Ermənistan tərəfinin danışıqlardan imtina etdiyini göstərəcəklər. Bu halda, faktiki olaraq heç kəs Bakını müharibəyə başladığı üçün günahlandırmayacaq – axı qarşı tərəf danışıqlardan imtina edir. Bakı məhz bu məntiqlə hərəkət edir. Bu isə bizim üçün çox təhlükəlidir.

Əlimdə faktlar olmasa da, prosesin gedişatından, mahiyyətindən və intensivliyindən hiss edirəm ki, artıq müharibənin başlanması üçün siyasi razılaşma və ya qərar mövcuddur. Faktiki olaraq, hazırda müharibəyə hazırlıq işlərinin son mərhələsinin şahidi oluruq. Çox təəssüflə deyə bilərik ki, Yerevan qısa müddət ərzində vəziyyətdən çıxış yolu tapmazsa, müharibə qaçılmazdır!

(Erməni dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Panorama.am


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az