18.03.2019 19:40
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
 
15.03.2019
Kommersant, Rusiya
 

  Essyenin yeni ünvanı Azərbaycandır
 
15.03.2019
Milliyet, Türkiyə
 

  Belarusun Azərbaycana satdığı “Polonez” tipli komplekslər Ermənistanın hər nöqtəsini vurmağa qadirdir
 
14.03.2019
168hours, Ermənistan
 

  Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan yevangelist liderlərə qucaq açdı - VİDEO
 
12.03.2019
CBN NEWS, ABŞ
 

  Politoloq: “Hiss edirəm ki, müharibəyə hazırlıq prosesinin son mərhələsindəyik” - MÜSAHİBƏ
 
12.03.2019
Panorama.am, Ermənistan
 

 
 
Pakayin: “Tehranla Bakı strateji əlaqələr haqda düşünür”

 
 



ISNA, İran
15.03.2019


İranın Bakıdakı sabiq səfiri Azərbaycan xarici işlər nazirinin Tehrana səfərini tərəflərin strateji əlaqələr haqda düşündüyünün göstəricisi sayır: “Ermənistanla Azərbaycan müsbət yanaşarsa, İran xoş niyyətlə Dağlıq Qarabağ münaqişəsinin hər iki ölkənin maraqları naminə nizamlanmasına yardım edə bilər”.

Möhsün Pakayin ISNA-ya müsahibəsində Azərbaycan xarici işlər nazirinin Tehrana səfərini şərh edib: “Azərbaycan İranın mühüm qonşularından biridir. O, bizim qonşuluq siyasətimizin genişləndirilməsində, İranın Şərqə baxış siyasətində önəmli yer tutur. Son aylarda iki ölkə arasında çoxsaylı qarşılıqlı səfərlər olub. İkitərəfli münasibətlərin bütün aspektlərini dərindən bilən Azərbaycan xarici işlər nazirinin Tehrana səfəri də önəmli olmaqla yanaşı, tərəflərin strateji əlaqələr haqda düşündüyünü göstərir”.

Bunun ilk növbədə siyasi səfər olduğunu deyən diplomat hesab edir ki, o, ölkələr arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu, Bakı ilə Tehranın bütün sahələrdə əməkdaşlığa hazır olduqlarını göstərir. “Digər tərəfdən, bu həftə Bakıda iqtisadi əməkdaşlığa dair İran-Azərbaycan birgə komissiyanın iclası keçiriləcək. Şübhəsiz, əməkdaşlığın əsas istiqamətləri iki ölkənin xarici işlər nazirlərinin, həmçinin İran prezidentinin Azərbaycan xarici işlər nazirilə görüşündə də müzakirə edilib”, - deyə sabiq səfir bildirib: “İqtisadiyyatın bir sıra sektorlarında fəallıq müşahidə edilir və bu fəallıq davam etdirilməlidir. Nəqliyyat sahəsində əməkdaşlıq bu istiqamətlərdən biridir. Tərəflər Rəşt-Astara dəmir yolu xəttinin Azərbaycanın dəmir yoluna birləşdirilməsi məsələsini də müzakirə edir. Xoşbəxtlikdən, Rəşt-Astara dəmir yolu xətti ötən həftə istismara verilib. Bu, tərəflərin bu sahədə əməkdaşlığı intensivləşdirməsinə yol açır. Bu dəmir yolu xəttinin birinci fazası Rəşt-Ənzəli marşrutudur. O, Astarayadək uzanacaq. Bu yolla həm Azərbaycan Fars körfəzinə çıxış əldə edir, həm də İran Rusiya və Qara Dənizlə birləşir”.

Ticari əməkdaşlıqdan, tariflər məsələsindən də danışan Pakayinin sözlərinə görə, tərəflər arasında müzakirə edilən məsələlərdən biri də sahibkarlar üçün mal nəqlini asanlaşdırmaq və bu məqsədlə tariflərin azaldılmasıdır. O, müştərək komissiyanın toplantısında bununla bağlı yekun qərarın qəbul edilə biləcəyini söyləyib.

“Bank sektorunda əməkdaşlıq da olduqca əhəmiyyətlidir. İranla Azərbaycanın qonşu ölkələr olduğunu nəzərə alsaq, iki ölkə qarşılıqlı mübadilədə milli valyuta sistemini tətbiq edə, xarici valyutanı dövriyyədən çıxara bilər. Bununla da iranlı iş adamları öz mallarını Azərbaycana manatla göndərə, azərbaycanlı sahibkarlar da bu əməliyyatı rialla həyata keçirə biləcək. Bu təcrübə var və bunu etmək mümkündür. Sadəcə, bunun üçün mexanizmlər müəyyən edilməli, müvafiq sənədlər imzalanmalıdır ki, sonra iki ölkə sahibkarlarının pul köçürmələrində çətinliklər yaranmasın”, - deyə İranın Bakıdakı sabiq səfiri bildirib.

Diplomat fikrini belə davam etdirib: “Xəzər dənizində “Əlborz” adlı müştərək enerji yatağı var. Ötən il bu sahədə əməkdaşlıq haqqında müqavilə imzalanıb və tərəflər bu gəlirli yataqda kəşfiyyat işlərinin aparılması məqsədilə sərmayə qoyuluşu, yaxud investorların tapılması məsələsində əməkdaşlıq edəcək”.

Pakayin iki ölkənin bölgənin təhlükəsizlik məsələlərinə diqqətindən, terrorçuluqla, təkfirçi qruplaşmalarla, narkotik maddələrin qaçaqmalçılığı və insan alverilə birgə mübarizəsindən də danışıb.

Daha sonra diplomat Dağlıq Qarabağ münaqişəsinə toxunub: “Dağlıq Qarabağ münaqişəsi çox uzandı. Problemin həllini öhdəsinə götürmüş və təxminən 25 il əvvəl fəaliyyətə başlamış ATƏT-in Minsk qrupu təəssüf ki, ümidverici nəticələr əldə etməyib. Onun fəaliyyəti qənaətbəxş deyil. Odur ki, münaqişənin fərqli həll yolu axtarılmalıdır”.

Pakayin hesab edir ki, Ermənistanda gedən proseslər bu ölkənin baş nazirinin əvvəlki hakimiyyətə nisbətən, məsələnin həllində daha maraqlı olduğunu göstərir: “İran bunu da nəzərə alaraq, tərəflərin razı olacağı təqdirdə münaqişənin həllində iştirak edə bilər. Tehran böhranın həllinə xoş niyyətlə, hər iki ölkənin milli maraqlarından çıxış etməklə, Azərbaycanın ərazi bütövlüyünün qorunması ilə öz töhfəsini verməyə hazırdır”.

“Bizim həmçinin İran-Azərbaycan-Rusiya, İran-Azərbaycan-Türkiyə, İran- Azərbaycan-Gürcüstan formatlarında üçtərəfli görüşlərimiz olur. Bu üçtərəfli əməkdaşlıq iki ölkənin iqtisadi və təhlükəsizlik kimi müxtəlif sahələrdə əməkdaşlığının daha bir təsdiqidir. Bu, Xəzər dənizində əməkdaşlıqla bağlı imzalanmış sazişlərinin həyata keçirilməsi üçün də qarşılıqlı anlaşmasının olduğunu göstərir”, - deyə sabiq səfir qeyd edib: “Beləliklə, Azərbaycan xarici işlər nazirinin Tehrana səfəri iki ölkə əlaqələrinin inkişaf etməkdə olduğunu, münasibətlərin gələcəyinin parlaqlığını, hər iki tərəfin bu əlaqələrə strateji əhəmiyyət verdiyini təsdiqləyib”.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ISNA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az