17.09.2019 16:36
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

 
 



The Washington Times, ABŞ
24.03.2019


Müəllif: Monika Krouli

Azərbaycanın paytaxtı Bakıya çatar-çatmaz, ilk növbədə tikinti bumunun şahidi olacaqsınız. Hər yanda tikinti kranı görünür, şəhər boyu yeni binalar tikilir. Bakıda enerji, gənclik və nikbinliklə dolu bir ab-hava var. Odur ki, bu şəhər mənə XX əsrin Texasını xatırladır.

Amma o dövrün Texasından fərqli olaraq, Bakıda “iPhone”lar, “Starbucks” kafeləri və “Uber” də var. Bundan başqa, o dövrdə Texasda neft axtaran amerikalılar dolaşırdısa, bu gün Bakıya beynəlxalq neft şirkətlərinin rəhbərləri axışır. Yeni neft bumu dövründə böyük şirkətlərin rəhbərləri Azərbaycanın əhəmiyyətini yaxşı anlayır.

Bu yaxınlarda Azərbaycanda həmkarım Con Batçeloru müşayiət edirdim. Səfərimizin məqsədi sürətlə dəyişən bu ölkə haqda məlumat toplamaq, həmçinin enerji bumunun regiondakı geosiyasətə təsirilə tanışlıq idi. Amerikalılar vətənlərində enerji resurslarının necə ziyanlı olduğu haqda davamlı məlumat alır. Azərbaycana səfər edən amerikalılara isə bunun əksi deyilir.

Azərbaycanda bütün söhbətlər enerji sektoru – neft, qaz, boru kəmərləri, beynəlxalq neft müqavilələrilə bağlıdır. Hər halda, ölkə ÜDM-nin 41%-ni, ixracın isə 90%-ni neft-qaz təşkil edir.

Azərbaycanda “yeni yaşıl müqavilə” müzakirə edilmir. Orada iqlim dəyişiklikləri haqda təlaşlı xəbərlər verən, avtomobil və təyyarə istehsalına son qoyulmasına çağıran Aleksandiriya Okasio-Kortezes kimi aparıcılar yoxdur.

Beləliklə, Sovet hakimiyyətinin onilliklər boyu sürmüş əsarətindən sonra Azərbaycanda əsasən neft və qazın hərəkətə gətirdiyi kapitalizm formalaşıb. Bu qədim torpaqda köhnə nə varsa, yeni görkəm alır. Marko Polonun İpək Yolu – Asiyadan İrana və Avropaya uzanan qədim ticarət yolu Azərbaycandan keçib. Bu gün isə eyni marşrutla yeni İpək Yolu yaradılır. Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyir ki, bu İpək Yolunda Şərqi Asiyanın iqtisadi mərkəzlərini böyüməkdə və təşəkkül tapmaqda olan Qərb bazarları ilə birləşdirən müasir nəqliyyat və kommunikasiya şəbəkələri üstünlük təşkil edir. Azərbaycan isə qədimdə olduğu kimi, bu gün də bu ticarət yolunun mərkəzi halqasıdır.

Azərbaycan ilk neft quyusunun və neft tankerinin vətənidir. Nobel qardaşları Bakıda nefti hələ 19-cu əsrin sonlarında tapmışdılar. Onların şirkəti məhz bunun sayəsində dünyada Rokfellerlərin “Standart Oil” şirkətindən sonra ikinci böyük neft şirkətinə çevrildi. Nobel qardaşları öz dövrlərini belə, qabaqlayan sosial layihələrə istiqamətlənmiş biznes modeli həyata keçirmişdilər. Onlar gəlirlərinin 40%-i xeyriyyəçilik üçün istifadə ediblər.

Azərbaycanın çətin qonşuların əhatəsində olduğunu nəzərə aldıqda, onun iqtisadi yüksəlişi daha dərin təsir bağışlayır: şimaldan Rusiya, cənubdan İran, qərbdən isə müharibə vəziyyətində olduğu Ermənistan. Amma bəzi qonşularından fərqli olaraq, Azərbaycanda islamçı ekstremizm və onun dağıdıcı təsiri hiss olunmur.

Xəzər dənizinə çıxışının olması isə ölkəyə enerji resurslarının qlobal axını üçün mühüm tranzit və logistika mərkəzinə çevrilmək imkanı verib. 

Azərbaycana səfərim zamanı SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovla görüşdüm, Səngəçal terminalına baş çəkdim. Xəzər dənizinin nəhəng enerji resursları Aralıq dənizi hövzəsinə “səyahət”inə “British Petroleum” şirkəti ilə əməkdaşlıq şəraitində idarə olunan bu terminaldan başlayır. Bu gün ABŞ-ın “Exxon Mobil” və “Chevron” şirkətləri, həmçinin “French Total” kimi beynəlxalq kampaniyalar Azərbaycanın enerji sahəsində fəaliyyət göstərir. Onlar enerji resusrlarının Qərb bazarlarına çıxarılması üzərində çalışır.

“Cənub Qaz Dəhlizi” layihəsi də Səngəçaldan başlayaraq Avropayadək uzanacaq. Bütün bunlar Avropada Rusiyanın enerji mənbələrindən asılılığı azaldır. Bu isə mühüm geosiyasi dəyişikliyə yol açır. 70 il ərzində Sovet İttifaqının tərkibində olmuş Azərbaycan bu gün Avropanın Rusiya qazında asılılığının azalmasında mühüm rol oynayır. Bu, möhtəşəm tarixi dönüşdür.

Enerji sahəsi Azərbaycan iqtisadiyyatı üçün vacib olsa da, bu sektorla kifayətlənmək olmaz. Odur ki, Bakı üçün iqtisadiyyatın şaxələndirilməsi prioritetdir. Bu gün ölkə hökuməti kənd təsərrüfatı sahəsini inkişaf etdirməyə, həmçinin ölkəyə daha çox xarici investisiyanın cəlbinə çalışır. Bu gün hökumət bərpa olunan enerji mənbələrinə, o cümlədən külək enerjisi istehsalına da sərmayə yatırır. Ölkədəki bir çox sənaye müəssisəsinin rəsmiləri ətraf mühitlə bağlı məsələlərə həssas yanaşdıqlarını deyirlər. Regionun enerji resusrlarının böyük hissəsinin keçdiyi yeni Bakı limanı da ekoloji baxımdan çox təmizdir.

Bu gün ABŞ və Qərb ölkələrində solçular enerji resurslarını “çirkin söz”ə çevirib. Azərbaycanda isə bu, qürur mənbəyidir. Çünki o, ölkədə yoxsulluğun azalmasına, iqtisadiyyatın inkişafına yardım göstərir.

Bütün bunlarla yanaşı, iqtisadiyyatı inkişaf edən bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da təzad müşahidə olunmaqdadır. Burada Çar Rusiyası dövrünə aid binalar dəbdəbəli dükanlarla yanaşı dayanır. Azərbaycan yollarında həm Sovet dövrünün “Lada”ları, həm də yeni “Mercedes-Benz”lər şütüyür.

Azərbaycanın coğrafi mövqeyi onun təkcə iqtisadi sahədə böyük aktor olmasına deyil, güclü geostrateji oyunçu olmasına da geniş imkanlar açır. Azərbaycan islam dünyasında ilk demokratik, dünyəvi və parlamentli respublika olub. Dünyada qadınlara seçki hüququ vermiş ilk ölkələrdən biri də Azərbaycandır. Amma dünyanın bu hissəsində sosial və siyasi sabitlik nadir haldır. Bəlkə də bu, Azərbaycanın neft və qazdan daha dəyərli məhsuludur.

Bir sözlə, Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The Washington Times


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az