18.04.2019 22:17
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan prezidenti deyir ki, “Bir kəmər-bir yol” təşəbbüsü regional sabitlik üçün vacibdir
 
18.04.2019
Xinhua, Çin
 

  Moskva Qarabağ prosesində liderliyini göstərdi: Lavrov niyə fəallaşıb?
 
18.04.2019
1in.am, Ermənistan
 

  Bakı ilə Yerevan Qarabağ danışıqlarını davam etdirməklə bağlı razılığa gəlib
 
17.04.2019
IRNA, İran
 

  Ermənistanla Azərbaycan sülh danışıqlarını davam etdirir
 
17.04.2019
Nouvelles d’ARMÉNIE, Fransa
 

  Dağlıq Qarabağ münaqişəsinin həllində Avropanın liderliyinə ehtiyac var
 
17.04.2019
Eurasia Review, ABŞ
 

 
 
Azərbaycan paytaxtı Bakıya səyahət etmək üçün 10 səbəb - FOTOREPORTAJ

 
 



Bartarinha, İran
26.03.2019


Azərbaycanın paytaxtı Bakı turistlərin sıx-sıx ziyarət etdiyi yeni və sevimli məkanlardan birinə çevrilib. Buranı müasir inkişafla Asiyanın qədim mədəniyyətlərinin valehedici sintezi saymaq olar. Bu gün Bakı müasir göydələnlərilə qədimiliklə yeniliyin qüsursuz kompozisiyasıdır...

Bakı hələ də tam kəşf edilməmiş maraqlı turizm məkanıdır. Burada görməli olduğunuz bir çox yer var. Şəhəri cazibədar edən əsas amillər arasında dadlı yerli təamlar, orta əsrlərə aid gözəl saraylar və qalalar, eyni zamanda müasir arxitekturanı qeyd etmək olar. Əgər Orta Asiyaya səfər etmək niyyətindəsinizsə, bu yazının davamında Bakını da ziyarət edəcəyiniz yerlər siyahısına əlavə etməyiniz üçün səbəbləri göstərilib.

1. Ucuz qiymətlər

Bakı regionun turistlər tərəfindən sıx ziyarət edilən digər şəhərlərilə müqayisədə olduqca ucuz şəhərdir. Burada şəhərin ən yaxşı yerlərində nisbətən aşağı məbləğ ödəməklə qala, gəzə bilərsiniz. Şəhər daxilində gəzinti üçün avtobus və ya metrodan istifadə etmək olar. Bakıda ictimai nəqliyyatdan istifadə xərci 1 dollardan aşağıdır.

2. Təhlükəsizlik

Son illər Bakıya turist axını artır. Lakin Asiyanın digər şəhərlərilə müqayisədə bu rəqəm hələ də kiçikdir. Halbuki, Bakı şəhərində təhlükəsizlik olduqca yüksək səviyyədə təmin olunub. Şəhərdə istər gündüz, istərsə də gecə gəzintisi zamanı heç bir problemlə rastlaşmayacaqsınız. Yerli əhali də çox mehriban və istiqanlıdır. Onlar dillə bağlı müəyyən problemləri olsa da, xarici turistləri təbəssümlə və maraqla qarşılayırlar.

3. Bakının qədim hissəsi

Bakının “Qədim şəhər” adlı hissəsi hündür divarla əhatələnib. Bura yerli əhali tərəfindən İçərişəhər kimi tanınır. Bakı şəhərinin bu hissəsi UNESCO-nun Dünya irsi siyahısına daxil edilib. İçərişəhər şəhər sakinlərinin XII-XVI əsrlərə aid həyatına, yaşayışına qapıdır. Buraya təşkil olunan turlarda iştirak edə, yaxud özünüz oranı sərbəst şəkildə gəzə bilərsiniz.

Şəhərdə az qala hər addımbaşı yerləşdirilmiş çoxsaylı turist köşklərindəki bələdçilərin köməyindən də istifadə etmək olar. Onların təlimatına əməl etməklə, şəhərin bütün bölgələrini heç bir çətinlik olmadan tapa bilərsiniz. Nəticədə bu sevimli şəhərin mədəni keçmişinə valeh olacaqsınız.

4. Qala divarları

Bakının qala divarları XVI əsrədək şəhəri düşmən hücumundan qoruyub. O, ilk dəfə XII əsrdə inşa edilib. Sonralar bu divarlar dəfələrlə dağılıb. XVI əsrdə yerli sakinlər divarı bərpa edib. Eyni zamanda, əsas divardan sonra hündürlüyü bir qədər az olan ikinci hasar da inşa olunub. Nəticədə birinci divarı aşa bilən düşmən qüvvəsi iki divar arasındakı su ilə dolu xəndəyə düşür, nəticədə onu əsir götürmək asanlaşırmış.

Divarın giriş qapısında şəhər gözətçisinin nişanı həkk olunub. Burada bir neçə şir başı, günəş və ay tərəfindən qorunan öküz və s. də var. Qala divarları 25 qüllə və 5 böyük darvazadan ibarətdir. Bələdçinin köməyi olmadan burada yolu tapmaq bir qədər çətindir.

5. Möhtəşəm karvansara

Bakının keçmişindən bəhs edən bir çox dastan var. Çünki şəhər məşhur İpək Yolunun üzərində yerləşir. Əsrlər öncə bütün Asiyadan tacirlər bu yoldan istifadə edib. O zaman şəhərdəki karvansaralar indiki mehmanxana və otelləri əvəz edib. Yol gedən tacirlər istirahət, eləcə də səfərə davam hazırlıqları üçün bu məkanlardan yararlanıb. Maraqlıdır ki, min kilometrlərlə uzanan İpək Yolu üzərində yerləşən karvansaraların memarlıq üslubu bir-birinə çox bənzəyir.

Bakıda XIV əsrə aid iki böyük və məşhur karvansara var. Onlar bu günədək yaxşı qorunub saxlanıb. Bu karvansaralar bu gün də fəaliyyət göstərir. Hazırda bura yaşlı ağacların kölgəsində nahar etmək, dincəlmək üçün ideal yerdir.

6. Qız qalası

İngiliscə “Maiden Tower” adlanan Qız qalası Bakının UNESCO-nun Dünya irsi siyahısına salınmış daha bir tarixi məkanıdır. Qala bənzərsiz zahiri görünüşünə və təyinatına görə arxeoloqları, tarixçiləri heyran edib. Halbuki, bu gözəl tikilinin inşa olunmasının məqsədini hələ də heç kəs dəqiq bilmir. Ola bilsin ki, Qız qalası V və ya VI əsrdə şəhər əhalisi tərəfindən qurulmuş müdafiə strategiyasının bir hissəsidir. Digər ehtimala görə, yerli sakinlər bu qalada ay və digər səmavi cisimlərlə bağlı araşdırmalar aparırmış. Ən uca qala məhz bu səbəbdən də tikilə bilər.

Başqa versiyaya əsasən, bu qala zərdüştlərin məbədi olub. Qalaya yuxarıdan baxdıqda onun buta formasında olduğu görünür. Bu isə zərdüştlər arasında alov və aydınlıq rəmzi hesab olunub.

8 mərtəbədən ibarət Qız qalasının hər mərtəbəsi insanda fərqli təəssürat yaradır. Qalanın zirvəsindən isə Bakı şəhərinin 360 dərəcə göz oxşayan mənzərəsi hər kəsi valeh edir.

Qız qalası həm də memarlıq baxımından şah əsər sayılır.

7. Xanəgah kompleksi

1964-cü ildə arxeoloqlar bu kompleksin yaxınlığında əsrlərdir yerin altında qalmış kilsə və bazar kəşf ediblər. Bakıda olarkən Xanəgah kompleksi abidəsini ziyarət edin. Buradakı bazarın ortasında Səbael qalasından tapılmış bir neçə daş məqbərə də var. Qalanın özü isə hazırda Xəzər dənizinin suları altında qalıb.

Daş qəbirlər bazar ərazisinə illər öncə köçürülüb. Onların haqqında çoxsaylı dastanlar söylənilir. Onların üzərində orada dəfn olunmuş şəxslər haqqında məlumatlar verən rəmzlər də həkk olunub. Məsələn, bir qəbirin üzərinə həkk olunan çəkmə və ayaqqabıların dəfn olunmuş şəxsə məxsus olduğu deyilir.

Bir sözlə, XVI əsrdə bölgə sakinlərinin həyatında önəmli yer tutmuş bu qədim bazarın xarabalıqları sizin üçün maraqlı olacaq.

8. Heydər Əliyev Mərkəzi

Zaha Hadid dünyanın ən məşhur, yaradıcı dizaynerlərindən, müasir memarlarından olub. Bakıda inşa olunmuş Heydər Əliyev Mərkəzi onun bu şəhərin irsinə bağışlanmış hədiyyəsidir.

Mərkəzdə maraqlı beynəlxalq sərgilər təşkil olunur. Lakin Mərkəz adətən yerli, milli-mədəni incəsənət əsərlərinin nümayiş olunduğu məkandır. Binanın zahiri görünüşü sizi heyrətləndirəcək. Daxildə gəzinti isə ən azı gününüzün yarısını aparacaq.

9. Yanardağ

400 ildən çoxdur ki, davamlı yanan bu dağ Bakıya “Odlar yurdu” adının verilməsinə səbəb olub. Yanardağ adlandırılan ərazidə dağlardan birinin ətəyi durmadan alovlanır. Səbəb yerin dərinliyindən səthə sızan təbii qazdır. Səthə sızan qaz hava ilə reaksiyaya girdiyindən alışır. Nəticədə o, əsrlərdir sönmür.

10. “Alov qüllələri”

Bakıda ucaldılmış “Alov qüllələri” alov formasında tikilmiş 3 göydələndən ibarətdir. Fasadı LED işıqlarla bəzədilmiş u göydələnlər Bakıya gözəllik verir. “Alov qüllələri”ni şəhərin hər yanından görmək mümkündür. Lakin onu yaxından görmək istəyirsinizsə, “Venesiya” gölündə qayıq gəzintisinə çıxın. Gecə boyu işıq saçan qüllələr Bakıya gözqamaşdırıcı mənzərə bəxş edir.

Son söz

Son beş il ərzində Bakı şəhərinə üz tutan turistlərin sayı durmadan artır. Lakin şəhər çox sakit və səssizdir. Çoxsaylı turizm məkanlarının olduğu paytaxt sürətlə inkişaf etməkdə və böyüməkdədir. Odur ki, Bakıda istənilən zövqdə olan insanın diqqətini cəlb edəcək məkanlar var. Əgər gecə kafeləri və tarixi abidələr sizin üçün maraqlı deyilsə, şəhərin füsunkar təbiətinin qoynuna gedin. Yerli sakinlərin qonaqpərvərliyi və mehribanlığı da Bakıda istirahətinizin xoş keçməsinə yardım edəcək.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Bartarinha


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az