26.06.2019 10:03
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
Azərbaycanda dini tolerantlıq

 
 



Əl-Vəsilə, Misir
01.04.2019


Müəllif: Əhməd Abdoh Tarabik

Azərbaycan unikal tolerantlıq, konfessional və milli birgəyaşayış nümunəsidir. Buradakı multikulturalizm mühitində müxtəlif millətlərin nümayəndələri harmoniya, sülh və ictimai sabitlik şəraitində birgə yaşayır. Azərbaycanlılar ölkə əhalisinin 90,6%-ni təşkil edir. Onlarla yanaşı, ölkədə ləzgilər (2,2%), ruslar (1,8%), ermənilər (1,5%), talışlar (1,0%), avarlar (0,6%), türklər (0,5%), tatarlar (4,0%), ukraynalılar (0,4%), saxurlar (0,2%), gürcülər (0,2%), kürdlər (0,13%), tatlar (0,1%), yəhudilər (0,1%), udinlər (0,05%) və digər xalqların nümayəndələri də (0,2%) yaşayır.

Bu gün Azərbaycanda ən çox yayılmış Azərbaycan dili (yeri gəlmişkən, İran əhalisinin 25%-dən çoxu da bu dildə danışır) ilə yanaşı, 13 dildə danışılır.

Bir sözlə, Azərbaycan dünyada müxtəlif konfessiya, millət və mədəniyyət nümayəndələrinin birgəyaşayı baxımından ən tolerant ölkələrdəndir. Ölkə Konstitusiyanın 48-ci maddəsinə görə, Azərbaycan dünyəvi dövlətdir, orada bütün sakinləri üçün bərabər dini etiqad azadlığı təmin olunur. Bu baxımdan Azərbaycan əhalisinin əksəriyyətini təşkil edən müsəlmanlar (onların çoxu şiə məzhəbinə aiddir) ölkə əhalisinin təxminən 4%-ni təşkil edən xristianlar və digər dinlərin nümayəndələrilə birgə, sülh şəraitində yaşayır. Buradakı xristianların əksəriyyəti rus ortodoks, gürcü apostol və erməni kilsələrinə bağlıdır. Onlar katoliklər, lüteranlar, baptistlər, molokanlar, yəhudilər, bəhailər, krişnaçılar, Yəhva şahidləri ilə, eləcə də Şərq ulduzu kilsəsinin, Baraka kafedral kilsəsinin, manixeyizmin, Azərbaycanda qədim tarixi olan zərdüştiliyin (onun müqəddəs ocaqlarından biri Bakıdakı Atəşgahdır) nümayəndələri ilə birgə yaşayır.

Dinlər və mədəniyyətlərarası dialoqda Azərbaycanın rolu

Dünyanın bir çox regionunda gərginlik, zorakılıq, ekstremizm və terror hallarının baş alıb getdiyi bir zamanda Azərbaycan cəmiyyətləri dağıdan, beynəlxalq sabitliyi və sülhü təhdid edən bu təhlükəli problemlərin həllinə öz töhfəsini verir. 2015-ci ildə bu ölkədə “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq” şüarı altına III Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Forum Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin himayəsi, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, ISESCO və BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə təşkil olunmuşdu. Bu beynəlxalq tədbirdə müxtəlif mövzulara toxunulmüşdü: BMT Baş Assambleyası tərəfindən elan edilmiş “ 21 may Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü”, din, miqrasiya, idman, incəsənət, təhsilin mədəniyyətlər və sivilizasiyalar arasında inamın və əməkdaşlığın yaradılmasındakı rolu və s. Forumda “2015-ci ildən sonrakı dünyanın inkişaf proqramında mədəniyyət və davamlı inkişaf”, “Multikulturalizm: Gələcək vəd edən həqiqətlər”, “İpək yolu” təşəbbüsü və bu təşəbbüsün hazırkı dövrdə mədəniyyətlərarası dialoq üçün yaratdığı imkanlar”, “Xalqlar, mədəniyyətlər və sivilizasiyalar arasında tolerantlıq, anlaşma və dialoqun təşviqi naminə bir vasitə kimi turizmin imkanlarından yararlanmaq”, “Təhsil vasitəsilə birgə yaşamağı öyrənmək: Siyasətdən təcrübəyə”, eləcə də “Ortaq təhlükəsizliyin təmini, mədəni mübadilə və ifratçılıqla mübarizə yolları”, “Gənclərin fərqli ifadə vasitələrinin köməyi ilə müxtəlifliyə hörmət və ehtiramı” mövzuları müzakirə edilmişi.

Forum çərçivəsində ISESCO İslam dünyasının Mədəniyyətlə bağlı strategiyasının yerinə yetirilməsi ilə bağlı Məşvərət Şurasının 14-cü iclasını da keçirmişdi. İclasda Məşvərət Şurasına üzv dövlətlərin (Oman, Misir, Tunis, Azərbaycan, Qırğızıstan, İndoneziya, Burkina Faso, Benin, Niger) nümayəndələri, eləcə də VIII İslam Mədəniyyət nazirləri konfransının sədri və İslam Əməkdaşlıq Təşkilatının baş ofisinin yerləşdiyi Səudiyyə Ərəbistanı Krallığı, COMIAC təşkilatına sədrlik edən Seneqal, ISESCO-ya ev sahibliyi edən Mərakeş, İƏT, ISESCO, Şuranın keçən iclasına ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri iştirak edirdi.

Bu gün Azərbaycan Şərq-Qərb, Şimal-Cənub istiqamətlərinin kəsişməsində müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu unikal regionlardan birinə çevrilib. Foruma məhz bu üzdən o ev sahibliyi edib. Azərbaycan həm islam dünyasının, həm də Avropanın müxtəlif təşkilatlarına üzvdür. O, hər iki sivilizasiyanın dəyərlərini mənimsəyib ki, bu da onun mədəniyyətlərarası dialoqda təbii körpü rolunu oynamasına imkan verir.

Azərbaycan hələ 2011-ci ildə I Dünya Mədəniyyətlərarası Dialoq Forumuna da ev sahibliyi etmişdi. O zaman forumda 102 ölkədən 500 qonaq, beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media işçiləri, ekspertlər, alimlər iştirak etmişdilər. Tədbir “Ortaq dəyərlər üzərində birlik və mədəni müxtəlifliyin zənginləşdirilməsi” şüarı altında keçirilmişdi. 2013-cü ildə isə Bakıda “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” şüarı altında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunmuşdu.

Bundan başqa, Azərbaycan 2015-ci ildə III Qlobal Açıq Cəmiyyətlər Forumuna da ev sahibliyi edib. Forum Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) və Madrid Klubunun əməkdaşlığı çərçivəsində baş tutmuşdu. Onun işində 75 dövlətdən 350 nümayəndə, o cümlədən 40-dan çox dövlət başçısı iştirak etmişdi. Toplantıda yeni dünya düzəni və Avropa İttifaqının əsas problemləri, o cümlədən qonşuluq siyasəti, enerji təhlükəsizliyi, etimadın yaradılmasında dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu, yerli, milli və regional inteqrasiyanın təhlükəsizliyin təmin edilməsində əhəmiyyəti və s. müzakirə edilmişdi. Bu forumdan əvvəl isə Albaniyada, Rumıniyada, Bolqarıstanda, Yunanıstanda, Macarıstanda, Yaponiyada, Belçikada, ABŞ-da və başqa yerlərdə hazırlıq iclasları və konfransları keçirilmişdi. 2013-cü ildə Bakıda birinci, 2014-cü ildə isə ikinci forum təşkil olunub.

Dini, milli, ictimai, konfessional tolerantlıq dövlətlərin sabitliyinin, tərəqqisinin, çiçəklənməsinin əsasıdır. Dözümlülük multikultural cəmiyyətlərin milli sərvətdir və tükənməz kapitaldır. Bu gün tolerantlıq nəcib insani zərurətə çevrilib. Bütün dinlər ona çağırır, ilahi hikmət də onu istəyir, insan fitrəti onu şərtləndirir, ictimai quruluş onu vacib edir, sivil cəmiyyətlər onu zəruri sayır, qloballaşma mədəniyyəti onu və bu məsələdə lazım olan nəcib mədəni və sivil dəyərləri qaçılmaz edir.

Tolerantlıq qarşılıqlı ehtirama əsaslanır, kənarlaşdırılma üsullarından və ikili standartlardan imtinaya səsləyir. Başqasını qəbul etmək, plüralizm və fərqlilik bədbinlik və ruh düşkünlüyü üçün səbəb deyil. Eyni zamanda, o, hüquqları güzəştə getmək anlamına da gəlmir. O, başqasının fikirlərinə, mədəniyyətinə, inancına ehtiram deməkdir, dünyada xeyir qüvvələri sivil cəmiyyət qayda-qanunlarını fəallaşdırmağa çağıran güclü stimuldur.

Qloballaşma yalnız o halda daha etibarlı və həmrəy gələcək vəd edir ki, orada bəşəriyyətin nəcib dəyərlərinə ehtiram olsun, əməkdaşlıq mədəniyyəti yayılsın. Bu zaman insan fitrətini eybəcərləşdirən, ağılı öldürən, hürriyyəti əldən alan fikirlərdən imtina edilir.

Ekstremizm və ifratçılıqdan, başqasına nifrətdən uzaq sivil bir dünya yaratmağa maraq nəcib hədəflərdəndir. Bu hədəflərə çatmaq üçün dünyada təhsil, mədəniyyət və elmi müəssisələr, eləcə də hökumət və qeyri-hökumət cəmiyyətləri tərəfindən ciddi təşəbbüslər və fəal cəhdlər tələb olunur. Bunların məqsədi nəsilləri tolerantlıq mədəniyyəti ilə tərbiyələndirmək, sülhü yaymaq, etiqadından, ideoloji, mədəni, milli və etnik mənsubiyyətindən asılı olmayaraq bütün insanlar arasında harmoniya yaratmaqdır.

Azərbaycan qədim əsrlərdən bəri Şərqlə Qərbi birləşdirən körpü rolunu oynayıb. Burada müxtəlif dinlərin nümayəndələri hər zaman harmoniya və sülh şəraitində birgə yaşayıb. Bu gün Azərbaycan multikulturalizm mərkəzinə çevrilib. O, gənc dövlət olmasına baxmayaraq, bu sahədə mühüm nailiyyətlər qazanıb. Ölkədə bu gün də müxtəlif sahələrdə uğurlu islahatlar həyata keçirilir. Burada insanlar ictimai sabitlik şəraitində yaşayır.

Azərbaycanın qlobal səviyyədə dinlər və mədəniyyətlər arasında dialoqun qurulduğu məkana çevrilməsi həm də onun coğrafi mövqeyi, müxtəlif konfessiya nümayəndələrinin əsrlər boyu burada birgə yaşaması ilə bağlıdır. Məhz bu üzdən son illər ölkə bir çox beynəlxalq konfransa ev sahibliyi edib və edir. Bütün bunlar isə Azərbaycan xalqının birliyini gücləndirir, Qafqaz regionunda sülhün, təhlükəsizliyin və tolerantlığın təmin edilməsi, dünyaya yayılması baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanın yaymağa çalışdığı tolerantlıq mədəniyyətinin əhəmiyyəti nəzərə alınaraq, Milli Tolerantlıq Mərkəzi də təsis edilib.

Xristianlıq Azərbaycanda ikinci böyük dindir. Artıq qeyd olunduğu kimi, bu gün xristianlar Azərbaycan əhalinin 3-5%-ni təşkil edir. Onlar öz dini ayinlərini bir neçə böyük kilsədə yerinə yetirir. Misal kimi, Rus ortodoks Kilsəsi, Gürcü Ortodoks Kilsəsi, Roma-Katolik Kilsəsi, Lüteran Protestant Kilsəsi, Erməni kilsəsini qeyd etmək olar. Azərbaycandakı xristianların əksəriyyəti rus, gürcü və erməni əsilli vətəndaşlardır.

Azərbaycan torpaqlarında xristian dininin yayılması tarixi erkən orta əsrlərə gedib çıxır. 252-ci ildə Sasanilər Qafqaz Albaniyasını özlərinə tabe edib. Alban çarı Urnayr xristianlığı IV əsrdə rəsmən dövlət dini elan edib. Sasanilərlə Bizanslıların çoxsaylı hücumlarına baxmayaraq, Qafqaz Albaniyası regionda varlığını IX əsrə qədər sürdürə bilib. Nəhayət, Qafqazın 667-ci ildə, Əməvilər Xilafəti dövründə istila edilməsindən sonra Sasanilərlə Bizanslılar regiondan qovulub, Qafqaz Albaniyası isə xilafətə tabe edilib.

Rus Ortodoks Kilsəsi

Bakıda birinci Rus Ortodoks Kilsəsi Rus-İran müharibəsindən (1804-1813) iki il sonra, yəni 1815-ci ildə tikilib. Rus İmperatorluğu Qacarlar dövlətinə qalib gəlib, nəticədə Qacar dövləti Qafqazdakı ərazilərini, o cümlədən Bakını Rusiyaya güzəştə gedib. Ölkənin böyük şəhərlərinə köçürülmüş ruslara xidmət etməsi üçün müxtəlif rus ortodoks kilsələri tikilib. 1905-ci ildə isə Bakı Yeparxiyası təsis olunub. O, indiyədək bu adla fəaliyyət göstərir.

Ortodoks xristianlar Sovet hakimiyyəti dövründə çox təzyiqə məruz qalıblar. Lakin 1944-cü ildə Bakıda Rus Ortodoks Kilsəsi açılıb. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra isə Azərbaycandakı Rus Ortodoks Kilsəsinin əmlakı geri qaytarılıb və kilsə cəmiyyətdə öz yerini tutub.

Malakanlar

Azərbaycanda malakanların 11 icması yaşayır. Onlar Şərq xristian icmalarıdır. Bu icmalar kilsənin iyerarxik quruluşunu rədd edir, mötədil xristianlıq etiqadına əsaslanırlar. Bu, ilahi və xristian etik baxışıdır. Bu insanlar əxlaqı İsadan götürən mötədil xristian dövlətinin qurulmasını istəyir. Bu gün malakanların Bakı və Şamaxıda rəsmən qeydiyyatdan keçmiş icmaları var. Azərbaycan malakanları icması bu ölkədə ruslarla azərbaycanlılar arasında heç bir ziddiyətin olmadığını deyir: “Burada rus dilinə, mədəniyyətinə və xalqına qarşı heç bir düşmənçilik yoxdur”.

Erməni kilsəsi

Bakıdakı erməni icması XIX əsrin ikinci yarısında Qafqazda mədəni, iqtisadi və siyasi mərkəzlərdən birini təşkil edirdi. Tarixən Azərbaycanın bir neçə kəndində Aysor icmaları da yaşayıb. Bunlardan biri Yaqut kəndi olub. Bu, rus imperiyası hüdudlarında Cənubi Qafqazda yeganə katolik kəldani kəndi idi. 1880-ci ilin əvvəllərində kəndin bir rahibi katoliklərin mitropoliti təyin olunub. Rus hakimiyyəti illərində isə Azərbaycanda Ukrayna, erməni və gürcü katolik icmaları da olub.

Həmçinin Azərbaycanda polyak əsilli vətəndaşlar yaşayır. Onların burada yerləşmə tarixi XIX əsrə gedib çıxır. Bu insanların əksəriyyəti Roma-katolik məzhəbli xristianlardır. Burada onların tarixi kilsələri də fəaliyyət göstərir. Bu, Bakıdakı Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsidir. Ümumiyyətlə, polyak icması Azərbaycanın müasir tarixində mühüm mədəni rol oynayıb.

Azərbaycanda xristian udinlər də yaşayır. Onlar Qafqazın ən qədim xalqlarındandır. Udinlər Qafqaz Albaniyası dövrünə gedib çıxan ənənələrini və dillərini bu gün də qoruyub saxlayır. Şərq ortodoks xristianlarına mənsubdurlar. Onlar Azərbaycanda Alban kilsəsinin nümayəndələridir. Nic kəndi xristian udinlərin mədəni, milli mərkəzi sayılır.

Bundan başqa, Azərbaycanda başqa xristian konfessiyalarının nümayəndələrinə – lüteran və babtistlərə də rast gəlinir. Lüteran protestant məzhəbi burada bir neçə kilsəyə malikdir. Onlardan biri Bakıdakı Xilaskar kilsəsidir. Lüteran protestant kilsəsinin nümayəndələri alman əsilli vətəndaşlardır. Lüteranların ölkəyə gəlişinin də öz tarixi var. Rus hakimiyyət orqanları Bakı ətrafında neftlə zəngin torpaqları özəl investisiya şirkətlərinə satmaq üçün açıq hərrac elan etmiş, bundan az sonra İsveçrə, ABŞ, Britaniya, Fransa, Belçika, İsveç şirkətləri şəhərdə görünməyə başlamışdı. Onlardan sonra buraya çox sayda protestant lüteran tacirləri gəlməyə başlayıb. Bu şirkətlərin əksəriyyəti Neft sarayı adlanan sarayda yerləşiblər. Sonrakı illərdə isə Azərbaycanda yevangelist məzhəbinin nümayəndələrinin sayı artıb.

Papa Fransisk 2016-cı il oktyabrın 2-də Azərbaycana səfər edib. Bundan təxminən 14 il əvvəl – 2002-ci il mayın 22-də isə Papa İohan Pavel Bakıda olub.

Papa Fransisk Bakıdakı Heydər məscidində müsəlmanların, xristianların və yəhudilərin qarşısında çıxış etmişdi: “Çox rəmzi olan bu məkandan ürəyimin səsi bir daha yüksəlir. Allahın xətrinə, zorakılıq olmasın. Qoy onun adı müqəddəs qalsın. Nifrət formaları və insana nifrət üçün vasitə kimi istifadə edilməsin. Allahdan şəxsi mənafelər və subyektiv məqsədlər üçün istifadə etmək olmaz. Hər hansı fundamentalizmə, imperializmə və ya müstəmləkəçiliyə bəraət qazandırmaq üçün onun adından istifadə etmək yolverilməzdir”.

Papa Bakı Sovet hakimiyyəti illərində – 1931-ci ildə dağıdılmış kilsənin yerində tikilmiş və 2007-ci ildə istifadəyə verilmiş kilsəyə də baş çəkmişdi. O, bu kilsədə xristianlar qarşısında etdiyi çıxışında demişdi: “Siz Rəbbin gözündə çox qiymətli azsaylı rəiyyətsiniz. Din burada möcüzələr yaradıb, tolerantlığı və sülhü təmin edib”.

Bir sözlə, xristianlıq Azərbaycan kimliyinin bir hissəsidir. Xristianların öz dini ayinlərini həyata keçirdikləri kilsələr isə müxtəlif millətlər, dinlər və konfessiyalar arasında plüralizmə, tolerantlığa əsaslanan ölkənin mədəniyyətinin bir rəmzidir.

Yəhudi sinaqoqlarının, kilsələrin, məscidlərin və digər dini müqəddəs məkanların qorunması təkcə ölkədə mövcud olan müxtəliflik üçün deyil, həmçinin bunun Azərbaycanın tarixinin və irsinin mühüm bir hissəsi hesab edilməsi üçündür.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Vəsilə


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az