18.04.2019 22:23
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan prezidenti deyir ki, “Bir kəmər-bir yol” təşəbbüsü regional sabitlik üçün vacibdir
 
18.04.2019
Xinhua, Çin
 

  Moskva Qarabağ prosesində liderliyini göstərdi: Lavrov niyə fəallaşıb?
 
18.04.2019
1in.am, Ermənistan
 

  Bakı ilə Yerevan Qarabağ danışıqlarını davam etdirməklə bağlı razılığa gəlib
 
17.04.2019
IRNA, İran
 

  Ermənistanla Azərbaycan sülh danışıqlarını davam etdirir
 
17.04.2019
Nouvelles d’ARMÉNIE, Fransa
 

  Dağlıq Qarabağ münaqişəsinin həllində Avropanın liderliyinə ehtiyac var
 
17.04.2019
Eurasia Review, ABŞ
 

 
 
“Paşinyan Əliyevlə görüşdə sanki Karneginin “Dostları necə qazanmalı” kitabının prinsiplərini tətbiq etmək istəyir”

 
 



Aravot, Ermənistan
02.04.2019


Müəllif: Tatev Harutyunyan

Görüş Nikol Paşinyanın Azərbaycan prezidenti ilə danışıqlardan əvvəl qaldırdığı üç vacib məsələnin üzərinə gəlinmədi. Görünür, baş nazir bizə başqa şey deyir, İlham Əliyevlə beynəlxalq ictimaiyyətə başqa. Nikol Paşinyanın bu taktikasının bizim üçün uzunmüddətli pis nəticələri, böyük ziyanı ola bilər”.

Bunu Ermənistan parlamentinin xarici münasibətlər komitəsinin sabiq rəhbəri, Ermənistan Respublikaçılar Partiyasının (ERP) sədr müavini Armen Aşotyan baş nazir Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında keçirilmiş görüşü şərh edərkən deyib. O, təəssüflə bildirib ki, Vyana görüşünün Yerevanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair gündəmilə heç bir əlaqəsi olmayıb.

Armen Aşotyan müxtəlif mənbələrdən aldığı məlumatları, həmçinin həmsədrlərin bəyanatlarını, Nikol Paşinyanın erməni icması ilə görüşdə səsləndirdiyi fikirləri, İlham Əliyevin müsahibələrini təhlil edərək bu nəticəyə gəlib: “Düzdür, görüşün keçirilməsi müsbət haldır, çünki, istənilən görüş hərbi əməliyyatlardan daha yaxşıdır. Amma aparılan danışıqların faydalı iş əmsalı Ermənistan tərəfi üçün çox aşağıdır”. Aşotyan hesab edir ki, Nikol Paşinyan görüşdə Ermənistan Təhlükəsizlik Şurasının iclasında sadaladığı əsas prinsipləri israrla müdafiə etməyib: “O, Stepanakertdə (Xankəndi - WM) Qarabağ ermənilərinin danışıqlar masası arxasına qaytarılması, bu məsələnin gündəmdə saxlanmasl haqda danışırdı. Baş nazirin bu fikirlərini ATƏT-in Minsk qrupunun və Azərbaycanla Ermənistanın xarici işlər nazirlərinin birgə bəyanatı ilə müqayisə etdikdə görürük ki, Vyanada bu haqda heç nə danışılmayıb. Doğrudur, təkbətək görüşdə Paşinyanın bu məsələni qaldırdığını istisna etmirəm. Amma fakt odur ki, Paşinyan görüşdə bu məsələni qaldırıbsa belə, onun “Dağlıq Qarabağ”ın (dırnaq işarəsi bizə aiddir - WM) müzakirələrdə iştirakının təmin olunacağına dair vədi ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanatında əksini tapmayıb. Əksinə, İlham Əliyev görüşdən dərhal sonrakı müsahibəsində deyib ki, Azərbaycan danışıqların formatının dəyişdirilməsilə razılaşmayacaq. Üstəlik, o, bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyən həmsədrləri də tərifləyib. İlham Əliyevin müsahibəsindən, həmçinin Minsk qrupu həmsədrlərinin birgə bəyanatından aydın olur ki, Nikol Paşinyanın bu vədini yerinə yetirməsi üçün heç bir perspektiv yoxdur”.

Armen Aşotyan gündəmdə olan daha bir məsələyə – 3 prinsip və 6 element məsələsinə münasibət bildirib. “Paşinyan Stepanakertdə demişdi ki, tərəflər nizamlamanın 3 prinsipi və 6 elementinə dair öz mövqeyini açıqlamalıdır.   Amma bu məsələ ilə bağlı mətbuatda hər hansı bir informasiya yoxdur. Ya Paşinyan görüşdə bu məsələni qaldırmayıb, ya da ki, hər-hansı səbəbdən onun bu təklifi ikinci plana keçirilib”, - deyə Aşotyan qeyd edib: “İlham Əliyev müsahibəsində bildirdi ki, Azərbaycan tərəfi münaqişənin nizamlanmasının əsası kimi, işğal olunmuş ərazilərin azad edilməsini görür. Ümumiyyətlə, Əliyev həmişə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş 4 qətnaməyə istinad edir”.

Aşotyan hesab edir ki, Vyana görüşündə Nikol Paşinyanın Stepanakertdə səsləndirdiyi daha bir bəyanat diqqətdən kənarda qalıb. Baş Nazir Qarabağda demişdi ki, erməni tərəfi Vyana, Sankt-Peterburq və Cenevrə razılaşmalarını gündəmə gətirəcək, bununla yol verdiyi səhvləri düzəltməyə çalışacaq. Amma baş nazir buna da nail olmayacaq. Yayılan məlumatlardan aydın olur ki, görüşdə bu haqda danışılmayıb.

“ATƏT-in Minsk qrupunun birgə bəyanatında atəşkəs rejiminin möhkəmləndirilməsi, münaqişə tərəfləri arasında etimadın bərpa edilməsi haqqında uzun-uzadı danışılır. Cənab həmsədrlər, cənab Paşinyan, məgər bu məsələlərin hələ də gündəmdə qalmasının səbəbi Vyana, Sankt-Peterburq və Cenevrə razılaşmalarının yerinə yetirilməməsi deyilmi? Bir sözlə, Paşinyanın Stepanakertdə dilə gətirdiyi üç əsas prinsipdən heç biri Minsk qrupunun həmsədrlərinin və xarici işlər nazirlərinin birgə bəyanatında əks olunmayıb. Sənəddə nə “Qarabağ”ın danışıqlara qoşulması, nə münaqişənin həlli prinsipləri, nə də Vyana, Sankt-Peterburq və Cenevrə razılaşmalarının icrasından danışılır”, - deyə Armen Aşotyan bildirib. 

Bununla yanaşə, ERP-nin sədr müavini Ermənistan hökumətinin və Minsk qrupunun Əliyev-Paşinyan görüşünə dair bəyanatları arasında uyğunsuzluq olduğunu da düşünür: “Ermənistan tərəfi Tacikistanın paytaxtında keçirilmiş görüşü şərh edərkən “Düşənbədə əldə edilmiş razılaşma” ifadəsindən istifadə edir. Həmsədrlərin birgə bəyanatında isə “Düşənbədə baş tutmuş söhbət”dən danışılır. Ermənistan hökumətinin yaydığı məlumatda substantiv müzakirələrin aparıldığı haqda heç nə deyilmir. Bu məlumatda Minsk qrupunun həmsədrlərinin bəyanatının əsas prinsiplərə aid olan hissəsi ümumi ifadələrlə əvəz olunub. Belə yerdə məşhur teleaparıcı Kiselyov deyərdi: təsadüf? Düşünmürəm”.

“Nikol Paşinyan erməni icması ilə Vyanada danışıqlarından sonra keçirdiyi görüşdə daha konstruktiv və ədəbli görünməyə çalışırdı. Baş nazir orada Azərbaycan tərəfilə keçirdiyi görüşü müsbət və konstruktiv qiymətləndirdi. Amma təxminən eyni anda müsahibə verən İlham Əliyev özünü çox sərbəst aparır və Azərbaycanın maraqlarına uyğun bəyanatlar səsləndirirdi”, - deyə Aşotyan qeyd edib: “Elə təsəvvür yaranır ki, Nikol Paşinyan İlham Əliyevlə görüşdə Karneginin “Dostları necə qazanmalı” kitabının bəzi prinsiplərini tətbiq etmək istəyir, primitiv üsulla ünsiyyət quraraq, etimad atmosferi yaratmağa, həmçinin məsələyə Azərbaycan tərəfinin mövqeyindən baxmağa çalışır. Bəs İlham Əliyev onun bu səylərini qiymətləndirəcəkmi? Əminəm ki, Paşinyanın bu səylərinə nə siyasi qiymət veriləcək, nə də Azərbaycanın rəhbəri ona təşəkkür edəcək. Beləliklə, Ermənistanın hazırkı rəhbəri dövlətin mənəvi və psixoloji əsaslarını sarsıdır. Təəssüflə qeyd etməliyəm ki, Nikol Paşinyanda Qarabağ münaqişəsinin nizamlanmasına iki yanaşma var. Onlardan biri daxili auditoriya, yəni Ermənistan və Dağlıq Qarabağ əhalisi, ikincisi beynəlxalq ictimaiyyət üçün nəzərdə tutulub. Nikol Paşinyan bizə başqa şey deyir, İlham Əliyevlə beynəlxalq ictimaiyyətə isə başqa”.

(Erməni dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Aravot


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az