26.06.2019 10:04
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
Ermənistan Azərbaycanı niyə hədələyir?

 
 



ROSBALT, Rusiya
06.04.2019


Müəllif: İrina Corbenadze

Bu günlərdə Vyanada Ermənistan baş naziri ilə Azərbaycan prezidenti arasında Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılıb. Nəticədən nə Nikol Paşinyan, nə də İlham Əliyev narazılıq edib.

Vyana görüşündən sonra hər iki lider Rusiya prezidenti Vladimir Putinlə zəngləşib. Rəsmi məlumata görə, Paşinyan Putinə görüşün nəticələri barədə məlumat verib və Rusiya tərəfinə əhəmiyyətli vasitəçilik roluna görə təşəkkürünü bildirib. Rusiya lideri öz növbəsində, Moskvanın gələcəkdə də, o cümlədən ATƏT-in Minsk qrupu formatında nizamlama prosesinə dəstək verməyə hazırlığını təsdiqləyib. Rusiya prezidenti eyni fikri Əliyevlə söhbəti zamanı da təkrarlayıb.

Görünən odur ki, bu yerdə Əliyevlə Paşinyan növbəti görüşə qədər sağollaşmalı və razılaşdıqları kimi, “öz xalqlarını sülhə hazırlamalı”, Ermənistan və Azərbaycan xarici işlər nazirləri, həmçinin Minsk qrupunun həmsədrləri səviyyəsində danışıqları davam etdirməli idilər. Lakin Ermənistanın müdafiə naziri David Tonoyan özünün davakar bəyanatları ilə gözlənilmədən nisbi sakitliyi pozub.

“Amerikanın səsi”nin məlumatına görə, o, Nyu-Yorkun erməni icması ilə görüşündə deyib: “Mən bir nazir kimi bəyan edirəm ki, “sülh əvəzinə ərazilər” formatını başqa formata çevirmişəm. Biz bunun tam əksini edəcəyik: “yeni ərazilər uğrunda yeni müharibə””. O, Azərbaycana heç bir güzəştin edilməyəcəyini, yalnız “bəzi kompromislərin mümkün olduğunu” söyləyib: “Biz bu daimi müdafiə vəziyyətindən çıxacağıq. Hərbi əməliyyatları düşmənin ərazisinə keçirə biləcək hərbi hissələrin sayını artıracağıq”.

Qəribədir! Özü də ikiqat qəribə! Çünki nazirin bu açıqlamasını Paşinyan da təsdiqləyib: “Tonoyan başqa cür desəydi, onu müdafiə naziri vəzifəsindən azad edərdim”. Erməni baş nazir öz nazirinin sözlərinə belə aydınlıq gətilib: “O deyib ki, müharibə olarsa, biz bu müharibədə qələbəyə can atacağıq. Bu bəyanat nizamlama prosesinə heç bir kölgə salmır”. Bununla yanaşı, Paşinyan Tonoyanın bu bəyanatı onunla razılaşdırıb-razılaşdırmadığı haqda suala cavab verməkdən yayınıb. O, müdafiə nazirinin baş nazirə tabe olduğunu deməklə kifayətlənib.

Təbii ki, Paşinyanın öz nazirinin sözlərini belə yozması Azərbaycanı qane etməyib. Bakının yaydığı bəyanatda deyilir ki, erməni tərəfinin son açıqlamaları və hərəkətləri tamamilə qəbuledilməzdir və iki dövlət liderinin Vyanada keçirdiyi görüşə, həmçinin onun nəticələrinə dair qəbul edilmiş birgə bəyanata ziddir. Azərbaycanın Xarici İşlər Nazirliyi hesab edir ki, “belə təxribatçı bəyanatlar çoxillik danışıqlar prosesini və ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması iə bağlı fəaliyyətini sual altına qoyur”. Azərbaycan tərəfi bəyan edib ki, bu təhlükəli ritorikanın mümkün fəsadlarına görə məsuliyyət tam olaraq Ermənistanın üzərinə düşür.

Azərbaycan XİN-nin kifayət qədər yumşaq olan bu cavabı ilə razılaşmamaq mümkün deyil. Lakin maraqlı orasıdır ki, Ermənistanın özündə buna etirazlar eşidilmir. Axı “sulhə hazırlıq” əvəzinə əhaliyə faktiki olaraq müharibəyə hazırlaşmaq və “yeni ərazilər” işğal etmək təklif olunur. Görünən odur ki, bu yeni “strategiya”ya qarşı ilk növbədə müxalifət səfərbər olmalı idi. Lakin bu, baş vermədi. Məsələn, keçmiş hakim Respublika Partiyasının sədr müavini Armen Aşotyan jurnalistlərə bildirib ki, müdafiə nazirinin bəyanatını dəstəkləyir. Onun sözlərinə görə, əgər erməni tərəfinə yeni müharibə sırınarsa (hərçənd, Tonoyan onlara müharibənin sırınması barədə heç nə deməyib), düşmən yeni itkilər verəcək. “Hətta “İsgəndər” raketlərinin istifadəsi də istisna deyil və müharibənin nəticəsi yeni ərazilərin azad edilməsi ola bilər”, - deyə Aşotyan vurğulayıb. 

Burada sual yaranır: söhbət hansı və kimə məxsus ərazilərdən gedir? Azərbaycan ərazilərinin yeni işğal dalğasından? Nə üçün Ermənistan danışıqlar prosesinin ən qızğın çağında belə davakar bəyanatlar verir? Axı bu, danışıqların pozulması kimi qəbul olunur, hərçənd dərinə gedilsə, bəlkə də adi lovğalıqdan başqa bir şey deyil. Üstəlik, belə bəyanatlar təkcə Azərbaycan tərəfindən danışıqların əsas siması olan Əliyevin deyil, həm də əsas vasitəçi sayılan Rusiyanın (oxu - Putinin) və bütün Minsk qrupunun təhqir olunması kimi də anlaşıla bilər – yəni, siz boş-boş danışın, bizim öz planımız var.

Siyasi texnoloq Armen Bədəlyan “Sputnik”lə söhbətində Ermənistanın “yeni taktika”sını “yaxşı və pis polis” oyununa bənzədib. Burada yaxşı polis rolunda baş nazir Paşinyan, pis polis rolunda isə müdafiə naziri çıxış edir. Ekspertin fikrincə, Tonoyanın bu sərt bəyanatı ölkənin ali rəhbərliyi ilə razılaşdırılıb. “Pis və yaxşı polis oyunu beynəlxalq təcrübədə geniş yayılmış metodologiyadır”, - deyə Bədəlyan bildirib. Onun sözlərinə görə, bu taktikanın özünü gələcək danışıqlarda nə dərəcədə doğruldacağını demək çətindir. Eyni zamanda Bədəlyan xatırladıb ki, Ermənistanın əvvəlki hakimiyyətinə ünvanlanan ictimai tənqidin səbəblərindən biri də onların rəsmi Bakının hərbi ritorikasına “zəif” cavab verməsi olub. Odur ki, indiki erməni rəhbərliyi başqa məntiqlə və başqa məcrada hərəkət etməyi qərara alıb. Siyasi texnoloqun fikrncə bu, danışıqlar prosesinin keyfiyyətinə əhəmiyyətli təsir göstərməsə də, Azərbaycan rəhbərliyinə psixoloji təsir göstərə bilər.

Lakin, doğrudanmı Ermənistan rəhbərliyi belə “uşaq bağçası” fəndlərinin səmərə verəcəyinə inanır? Yoxsa onlar hərbi ritorikaya önəm verənər arasında öz reytinqlərini qaldırmaq üçün hər şeyə getməyə hazırdır? Onlar nəyə güvənirlər? Axı bu ölkənin əsas davakarı Tonoyanın da dediyi kimi, Ermənistanın iqtisadi və demoqrafik imkanları Azərbaycanın imkanları ilə müqaisəyə gəlmir. Nazirin sözlərindən belə çıxır ki, o, aldıqları silahların “keyfiyyət üstünlüyü”nə güvənir. Təbii ki, söhbət Rusiyadan alınan silahlardan gedir: Ermənistan Moskvadan yeni 100 milyon dollarlıq silah krediti gözləyir. Alınacaq silahların adları açıqlanmasa da, Tonoyan əmin edir ki, bu, Ermənistana Azərbaycanla silah yarışına girməyə imkan verəcək.

Yarış deyirsiniz, yarış olsun. Lakin, finişə birinci kim çatacaq? Özü də qeyri-bərabər start şəraitində. Erməni nazir bunu da özü üçün həll edib. Ermənistan İctimai Televiziyasının “erməni ordusu düşmənə hücum edə bilərmi?” sualına cavabında Tonoyan deyib: “Niyə də yox?”. Qeyd edək ki, o, bu bəyanatı Əliyevlə Paşinyanın Vyana görüşü ərəfəsində verib və bunun özü də bir nonsensdir.

Bir sözlə, qəribə vəziyyət yaranıb: Ermənistan bir tərəfdən mümkün qədər vaxt udmağa, danışıqlar prosesini və münaqişə bölgəsində nisbi sabitliyi uzatmağa çalışır, digər yandan qıcıq doğuran bəyanatlar səsləndirir. Özü də bu, təkcə Azərbaycanın deyil, bütün vasitəçilərin və ilk növbədə Rusiyanın qıcıqlanmasına səbəb olur. Belə çıxışları bağışlamaq üçün çox böyük siyasi səbr tələb olunur.

Bu yerdə daha bir ciddi məqama diqqət yetirmək lazımdır: Ermənistanın bu davakar ritorikası bu il “Global Firepower” (GFP) reytinqində hərbi gücünə görə Cənubi Qafqaz ölkələri arasında birinci yeri tutmuş Azərbaycana ünvanlanıb. GFP ekspertləri Azərbaycanı 137 ölkə arasında 52-ci yeri layiq görüb. Gürcüstan 85-ci, Ermənistan isə 96-cı mövqe ilə kiayətlənməli olub. Azərbaycanın ən yaxın hərbi müttəfiqi olan Türkiyə reytinqdə 9-cu yerdədir. İlk üçlükdə ABŞ, Rusiya və Çin yer alır.

Bu, o deməkdir ki, Ermənistan Azərbaycandan 44 pillə geridədir. Reytinq müəyyən edilərkən hərbi büdcənin həcmi, tankların, təyyarələrin və digər silahların sayı, ölkənin iqtisadi qüdrəti, təbii resursların özünəyetərliliyi, su hözələrinə çıxışı və s. amillər nəzərə alınır. Əlavə şərhə ehtiyac varmı? Yalnız bir şərh ola bilər: Ermənistan başqalarından daha çox özünü qorxuya salır.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ROSBALT


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az